• en
  • ru

Açıq zədələnmələr. Yaralar

Açıq zədələnmələr. Yaralar
Yer üzərində hər bir canlı, o cümlədən insanlar ömür boyu müxtəlif səbəblərdən zədələnmə və yaralanmalara məruz qalırlar. Dinc şəraitdə yaralar 96 % məişət, nəqliyyat və idman zədələnmələri zamanı törənir. Mexaniki təsirdən dəri və selikli qişaların eləcə də, onların altında yerləşən toxumaların və ayrı-ayrı üzvlərin tamlığının pozulmasına açıq zədələnmələr yaxud yara deyilir. Yaranın 3 əsas əlaməti var:
• ağrı,
• qanaxma,
• yara kənarının aralanması.
Ağrı hissiyatı yara nahiyəsində sinirlərin kəsilməsi və inkişaf edən toxumarası ödemlə sinir uclarının sıxılması nəticəsində meydana çıxır. Yara nahiyəsində ağrıların intensivliyi, davametmə müddəti və bədəndə törətdiyi dəyişikliklər ağrı reseptorlarının çox olmasından (dəri, büzdüm, sümgüslüyü, barmağın ucu) və iri sinir kötüklərinin zədələnməsindən asılıdır.
Qanaxma – zədə təsirindən toxumalardakı qan və linfa damarlarının divarının tamlığı pozulur və damardan axan qan linfa yara kanalı ilə dəri və selikli qişa səthinə axır. Zədələnmiş damarın anotomik qurluşundan və diametrindən asılı olaraq qanaxmanın intensivliyi zəif və ya güclü ola bilər. Məsələn; damar şəbəkəsi çox güclü olan nahiyələrdə (baş, sifət, boyun, əllər) iti alətlə vurulan yaralarda iri və orta damarların divarı zədələndikdə qanaxma güclü olur. Əzilmiş didilmiş yaralarda, hipotoniya vəziyyətində, magistral qan damarları sıxıldıqda qan zəif axır.
Yara kənarının aralanması – yaranın ölçüləri ilə təyin edilir. Yaranın böyük və kiçikliyi dərinin elastik liflərinin istiqamətindən də asılıdır. Dəridə yerləşən kobud lifli toxumalarının istiqamətinə (buna Langer xətti deyilir) paralel törənən kəsiklərdə yara kənarının aralanması kiçik, şaquli törənmiş kəsiklərdə isə yara kənarının aralalanması böyük olur. Dərinin bu xüsusiyyəti nəzərə alınaraq plastik və kosmetik cərrahlıqda kəsiklər langer xəttinə paralel, irinliklər açıldıqda isə yara kənarının aralanmasının geniş olması üçün kəsiklər Langer xəttinə şaquli aparılmalıdır.
Yaraların təsnifatı
Yaralar əmələgəlmə səbəblərinə, toxumaların xüsusiyyətinə, infeksiyalaşma ehtimalına, yara kanalının bədən boşluqlarına görə münasibətinə və s. görə təsnif olunur. Əmələ gəlməsinə görə bütün yaralar məqsədyönlü və təsadüfi yaralara bölünür.
Məqsədyönlü yaralar da özləri 2 qrupa bölünür:
• Tibbi yaralar və
• kriminal yaralar.
Tibbi yaralar – müalicə və diaqnostika məqsədilə aseptik şəraitdə, tam ağrısızlaşdırma ilə aparılır və adətən birincili sağalır.
Kriminal yaralar müharibələr, qəsd, intihar və s. zaman yaranır.
Zədələnmiş toxumaların xüsusiyyətindən, zədələyici alətin növündən və yaraların quruluşundan asılı olaraq yaralar aşağıdakı növlərə bölünür: kəsilmiş, deşilmiş, əzilmiş, cırılmış, didilmiş, çapılmış, dişlənmiş, zəhərlənmiş, odlu silah, qarışıq, kombinə olunmuş və s.
Kəsilmiş yara – iti alətlə (bıçaq, ülgüc, şüşə və s.) törədilir. Belə yaraların ağzı və kənarı hamar olur? ətraf toxumların tamlığı pozulmur. Kəsilmiş yaralarda ağrı az, qanaxma güclü olur. Yara kənarının aralanmasının böyüklüyü kəsici alətin langer xəttinə münasibətindən asılıdır. Dərin kəsilmiş yaralarda iri damarlar, sinirlər və daxili üzvlər zədələnə bilir, səthi yaralar isə daha yüngül olur, birincili cərrahi işləndikdən sonra isə qısa müddətdə sağalır.
Deşilmiş yara – Kəsici səthi kiçik olan iti əşyalarla (nizə, mismar, biz, şiş və s.) törədilir. Bu yaralarda yara kanalı ensiz olur, lakin çox dərinə keçir. Sinirlər kiçik bir sahədə zədələndiyi üçün ağrı az olur. Yara səthi kiçik olur, iri qan damarları adətən sürüşüb kənara çəkildikləri üçün qanaxma zəif olur, lakin dərin toxumalarda qan yığımı (hematoma) müşahidə olunur.
Əzilmiş yara – küt əşyaların toxumalara təsirindən, yıxılmadan, avtomobil qəzası nəticəsində əmələ gəlir. Yaranın kənarı uzun sahə boyu zədələnir, didik-didik qanla örtülmüş olur. Əzilmiş yaralarda zədələnmə sahəsi geniş olduğu üçün ağrılar çox olur, xarici qanaxma çox olmur, yaranın kənarlarında qansızmalar, göyərmə və çürümüş yerlər müşahidə olunur. Əzilmiş yaralar ikincili sağalmaya daha çox meyillidirlər.
Cırılmış yara – çox güclü küt zərbənin iti bucaq altında bədən səthinə təsirindən əmələ gəlir. Geniş sahədə toxuma cırılıb, ayaqcıq üzərəndə yara kənarında dayanır. Cırılmış yaralar bəzən daxildən sınmış sümük qəlpələrinin dəri səthinə çıxması nəticəsində də əmələ gəlir.
Didilmiş yara – digər yaralardan toxumaların böyük sahədə dağılması ilə fərqlənir. Əzələlər, vətərlər parçalanır. Bu yaralar infeksiyalaşmağa daha meylli olub, ikincili sağalır.
Çapılmış yara – balta, xəncər, qılınc kimi alətlərlə vurulan zərbə nəticəsində əmələ gəlir. Sümüklər və daxili üzvlərin zədələnməsi xarakterikdir. Ağrı hissiyatı və qanaxma güclü olur. Zərbə vuran alət küt olarsa, qanaxma zəif olur, lakin toxumalarda çoxlu qansızma baş verir.
Dişlənmiş yaralar – heyvanların yaxud insanların dişləməsi nəticəsində törənir. Diş dibindəki çox saylı mikrobların toxumaya keçməsi yaranın infeksiyalaşması ehtimalını artırır. Dişlənmiş yaralarda yara səthinin kiçik olmasına baxmayaraq infeksion irinli ağırlaşmalara tez-tez təsadüf olunur. Dişlənmiş yaraları sahibsiz itlər törədərsə, quduzluq inkişaf edə bilər, odur ki, belə yaralarda quduzluq əleyhinə zərdab vurulmalıdır.
Zəhərlənmiş yaralar – zəhərli ilan dişləməsi, həşəratların sancması, kimyəvi, radioaktiv çirkləndiricilərin yara keçməsi nəticəsində yaranır. Burada yara əlamətlərindən çox orqanizmə keçən zəhər həlledici rol oynayır.
Odlu silah yaraları – bu növ yaralarda 2 zədələnmə mərhələsi olur: yara kanalı və kanal boyu toxumaların travmatik nekrozu. Odlu silah yaraları güllə, qırma və qəlpə yaralarına bölünür. Odlu silah yaralarının əsas fərqləndirici amili onu törədən güllə və qəlpənin yüksək sürətə malik olmasıdır. Uçmağa başladığı andan güllə və qəlpə hədəfə çatana qədər öz enerjisini müəyyən qədər itirir. Toxumalar daxil olduqdan sonra toxuma müqavimətinə rast gələrək enerjisini toxumalara verərək onları dağıdır. Bəzən toxumlarda müqavimətə rast gəldikdə güllə istiqamətini dəyişir və yara kanalında aralanma əmələ gəlir. Yara kanalının quruluşuna görə odlu silah yaraları üç qrupa bölünür:
1. Deşib keçən odlu silah yaraları – giriş və çıxış dəlikləri olur, gıriş dəliyi çıxış dəliyindən kiçik olur.
2. Kor güllə yaraları – yara kanalının yalnız giriş dəliyi olur. Toxumaların müqavimətinə rast gələn güllə öz kinetik enerjisini tam itirdikdə yara kanalının dibində dayanır.
3. Toxunub keçən yara – güllə dəri, dərialtı toxumalardan keçir. Bəzən hətta boşluqların divarını zədələyir, boşluğa isə keçmir.
Qəlpəli yara adətən çox saylı olur, yara kənarları cırılaraq yaraya paltar hissələri daxil ola bilir.
Qırma yaraları güllə yaralarından fərqli olaraq çox saylı giriş dəlikləri olur. Bütün qırmalar toxumalarda qalır. Yaxın məsafədən atılan qırma yarasında xeyli toxuma zədələndiyindən qanaxma da güclü olur.
Qarışıq yara – törədən amilin təsiri nəticəsində bir neçə yara növü: cırılmış-əzilmiş, kəsilmiş-deşilmiş birgə törənirlər.
Kombinə olunmuş yaralar – mexaniki törənmiş yaralara başqa amillər də təsir göstərərsə (yanıq, donma, kimyəvi maddə və s.) belə yaralar kombinə olumuş yaralar adlanır.
Yara kanalının bədən boşluqlarına münasibətinə görə yaralar daxili keçən və keçməyən olmaqla 2 qrupa bölünür.
Daxilə keçən yara kanalı dəridən başlayıb boşluğu örtən qişaları (beynin sərt qişasını, plevranı, peritonu, oynaq kisəsini) keçib boşluqlara daxil olur. Beləliklə həyati vacib üzvlərin zədələnməsinə səbəb olur.
Daxili keçməyən yaralar isə qorxulu deyil və yaranın birincili işlənməsi ilə sağalır.
Yaralar infeksiyalaşma ehtimalına görə 3 qrupa bölünür: aseptik, infeksiyalaşmış və ilimli yaralar.
Aseptik yaralar cərrahi əməliyyat otağında bütün aseptika qaydaları gözlənilməklə icra olunan cərrahi kəsiklərdir. Aseptika və antiseptika qaydaları gözlənmədən törənən bütün təsadüfi yaralar 3 gün müddətində təzə infeksiyalaşmış yara sayılır. Bu yaralara mikroblar yara törədilən alətlə, ətraf mühitdən, yaralanmışın paltarından, dərisindən keçir. Artıq infeksiyalaşmış yarada çoxlu miqdarda mikroblar, onların toksinləri, nekroza uğramış toxumalar, çoxlu iltihab mənşəli ifrazat və ümumi intoksikasiya əlamətləri artmağa başlayır ki, belə yaralar irinli yaralar hesab edilir.
Yara prosesının kliniki gedişi
Yara törədildiyi andan sağalana qədər yarada yerli və bütünlüklə bədəndə ümumi proseslər gedir. Ümumi reaksiya – yaralanmadan bilavasitə sora ilk 1-3 gün ərzində bədəndə fiziki, kimyəvi, bioloji dəyişiklər yaranır. Simpatik sinir sistemində oyanıqlıq törənir, qanda böyrək üstü vəzin qabıq maddəsinin hormonları artır. Zədəyə cavab olaraq bədən fəallaşır: hərarət artır, əsas mübadilə yüksəlir, zülalların, yağların, şəkərin parçalanması güclənir və bədən çəkisi azalır. Bu proseslər yalnız fəsadlaşmış yaralara aiddir. Ümumi reaksiyadan başqa yara səthindədə dəyişikliklər gedir və yara sağalmaya başlayır.
Yaranın sağalması
Yaranın sağalma prosesi 3 mərhələdə gedir: İltihab mərhələsi, regenerasiya mərhələsi, yara səthində çapıq toxumanın əmələ gəlməsi.
İltihab mərhələsi – ilk 5 gündə yara divarında olan damarlarda dəyişiklər gedir. Yara səthində olan hüceyrələr məhv olur. Kapilyar qan dövranı pozulur. Hüceyrələrə oksigen çatmır, qələvi turşu müvazinəti dəyişir. Turşuluğun artması hesabına damarların keçiriciliyi artır və leykositlər, makrofaqlar damar divarından ətraf toxumaya, yara səthinə keçir. Beləliklə yaranın təmizlənməsinə şərait yaradır. Yara prosesinin fəsadsız gedişində iltihabı proseslər 5-6 günə sönür və regenerasiya mərhələsi başlayır.
Regeneratsiya mərhələsi yaralanmanın 6-14 gününə qədər davam edir, yara toxumasında yeni birləşdirici toxuma hüceyrələri və yeni qan limfa damarları əmələ gəlməyə başlayır.
Çapıq toxumanın əmələ gəlməsi yaralanmadan 15 gün keçdikdən sonra başlayıb 6 aya qədər davam edir. Yara kənarlarından hər tərəfdən epitel örtüyü yara səthini mərkəzinə doğru örtülür.
Yaranın sağalmasına xəstənin yaşı, bədən çəkisi, qidalanması, ikinci linfeksiyanın qoşulması, qan dövranın vəziyyəti, immun sistemin vəziyyəti, yanaşı gedən xronik xəstəliklər və iltihab əleyhinə qəbul edilən dərmanlar xeyli təsir göstərir.
Yaranın sağalma prosesi 3 növ olur: Yaranın birincili, ikincili, uzun müddətdə qartmaq altında sağalması.
Aseptika qaydaları gözlənilən bütün cərrahi və ilk 6 saat ərzində birincili cərrahi işlənməyə məruz qalmış təsadüfi yaralar birincili sağalır. Bu vaxt yaranın dərinliyindən aslı olmayaraq bir-birinə yapışan yara divarlartı arasında boşluq olmur, bir divardan digərinə keçən birləşdirici toxumadan ibarət atmalar yara kənarını yaxınlaşdırır və möhkəmləşdirir.
Yara divarı arasında fəaliyyət göstərən mikroblar, yad cisimlər, nekrotik toxumalar, linfa, qan və qan laxtaları birincili sağalma prosesinin pozulmasına səbəb olur və belə yaralar ikincili sağalırlar. Yaranın ikincili sağalması 3 mərhələdə gedir. Birinci mərhələdə iltihab əlamətləri daha çox olur, yaranın təmizlənməsi ləng gedir. Yaranın dibindən başlayaraq bütün yara səthi boyunca həyat fəaliyyətinin itirmiş toxumalar yaradan qopub bədənə sorulur. Yara səthi ölmüş toxumalardan təmizləndikdən sonra onların yerində böyük boşluq – canlı toxuma çatmamazlığı yaranır. Beləliklə həmin boşluğu dolduran və yaşamağa qabiliyyəti olan yeni dənəvər toxuma əmələ gəlməyə başlayır.
Yaranın uzun müddətə qartmaq altında sağalmasının mahiyyəti – yara səthini qan linfa və toxuma mayesinin qurumasından, zülalın isə pıxtalaşıb qartmaq kimi yara səthini örtməsindən ibarətdir. Kiçik yara səthləri (dəridə sıyrıntı, epidermisin qopması, yanıq) qartmaq altında sağalır. Qartmaq infeksiyanın yara səthinə düşməsinin qarşısını alır, qartmaq altında yara səthi epitel hüceyrələr ilə örtülür və qartmaq öz-özünə aralanıb düşür.
Yaraların müalicəsi:
Bütün yaraların müalicə prinsipi bir qaydada aparılır. Ilk yardım zamanı 3 əsas şərtə mütləq əməl olunmalıdır: travmatik şokun qarşısı alınmalı, qanaxma dərhal dayandırılmalı, yara infeksiyadan mühafizə olunmalıdır.
Yaralanma zamanı travmatik şokuna təhlükə yaranarsa yara üzərinə aseptik sarğı qoyub, zədə nahiyəsində hərəkəti mədudlaşdırmaq, ağrı kəsicilər vermək və yaralını xəstəxanaya çatdırmaq lazımdır. Müalicə orqanizmin bütün sistem və üzvlərinin, xususilə zədələnmiş üzvün funksiyasının bərpasına yönəldilməlidir.
Qanaxmanı dayandırmaq üçün turna qoyulması, barmaqla arteriyanın sıxılması, sıxıcı sarğı qoyulması, yaranaın taponadası, damara sıxıcı qoyulması, müvəqqəti şuntlama və s. metodlardan istifadə olunur.
Yaranın infeksiyalşmasının qarşısını almaq üçün ilk yardım göstərilərkən bütün aseptika və antiseptika qaydalarına əməl olunmalı, yaranın kənarları antiseptiklərlə (yod, spirt) silinməli yaranın üzərinə aseptik sarğı qoyulmalıdır.
Yaralanmalar zamanı təxirəsalınmaz tədbirlərdən biri də kəskin tənəffüs çatmamazlığının qarşısının alınmasıdır. Yaralar zamanı tənəffüs yolunun qusuntu kütləsi, qan laxtası, seliklə mexaniki qapanması tənəffüsün pozulmasına, hipoksiyaya və ölümə səbəb ola bilər. Ona görə də tənəffüs yolu onu qapayan mexaniki səbəblərdən azad edilməlidir.
Yaraların yerli müalicəsində yara kənarları aralanmalı, yara boşluğuna yığılan möhtəviyyat, ölmüş toxumalar xaric edilməlidir. Bu məqsədlə yaraya yağlı məlhəm və antiseptiklər deyil, suda həll olmuş, antiseptiklərlə isladılmış tənzif parça yeridilməlidir. Regeneratsiya mərhələsində yara səthini örtən yeni dənəvər toxumanı qorumaq və onun inkişafını sürətləndirmək üçün məlhəmli sarğılardan (sintomisin, solkoseril, Vişnevski ) istifadə olunur.
Çapıqlaşma mərhələsində isə əmələ gələn epitel hüceyrələri məlhəmli sarğıların köməyi ilə əlavə zədələrdən qorunmalı və fiziki amillərin köməyi ilə möhkəmləndirilməlidir.
Fiziki amillərlə müalicə
Ilkin mərhələdə yarada olan kəskin iltihab əlamətlərini, ödemi, ağrını azaltmaq, leykositlərin faqositar aktivliyini artırmaq məqsədilə yara səthinə yüksək tezlikli və ultrabənövşəyi şüalar verilməlidir.
Antibiotiklər, agrıkəsicilər və fermentlər elktrofarez və fonoforez vasitəsi ilə təyin edilməlidir.
Epitelizasiyanı sürətləndirmək üçün yara səthinə ultrabənövşəyi şüalar və lazer şüalandırılması lazımdır.
Damarların genişləndirilməsi yeni sınır liflərinin inkişafı və çapığın ölçülərinin azalması üçün yara maqnit sahəsinin təsiri vacibdir.
Xəstələrin hiperbarik oksigen kameralarında 1-2 saat saxlanılması yara dərinliyində regenerasiyanı sürətləndirir.
Yaraların ümumi müalicəsi bir neçə istiqamətdə aparılır. Bunlara antibakterial müalicə, intoksikasiya əleyhinə müalicə (venadaxilinə izotonik məhlullar, toksinləri bədəndən xaric olunmasını sürətləndirmək üçün sidikqovucular, plazmasorbsiya və s.) immun sistemin möhkəmləndirilmasi, simptomatik müalicə (analgetiklər, hərarəti salan dərmanlar) aiddir. Əgər orqanizmdə yanaşı gedən xronik xəstəlik varsa (məs: şəkərli diabet) onlara qarşı mübarizə də labüddür.

Terminlərin izahı

Peritonit-Periton qişasının (qarın boşluğunun daxildən, qarın boşluğu orqanlarını xaricdən örtən qişa) iltihabı xəstəliyi
Plevrit-Plevranın (döş qəfəsini daxildən, döş qəfəsi üzvlərini xaricdən örtən təbəqə) iltihabı və onun boşluğunda maye əmələ gəlməsi ilə müşayət olunan iltihabı xəstəlik
Osteomielit-Sümük və sümük iliyinin iltihabı xəstəliyi
Ödem-Hüceyrəarası mayedə normadan artıq qan plazmasının toplanması
Hematoma-Qanın damar xaricinə çıxaraq, toxuma arasına, orqan və boşluqlara toplanması
Hemorragik maye-Eksudat mayesinin tərkibində qanın olması
Uremiya-Qanda sidiyin müəyyən olması
Travmatik nevrit-Travma nəticəsində periferik sinir liflərinin zədələnməsi
Amputasiya-Ətrafın, yaxud hər hansı digər orqanın periferik hissəsini kəsilməsindən ibarət cərrahi əməliyyat

26