• en
  • ru

Qarın yatalağı, A və B paratiflər (Typhus Abdominalis, Paratyphus A et Paratyphus B)

Qarın yatalağı, A və B paratiflər (Typhus Abdominalis, Paratyphus A et Paratyphus B)

Qarın yatalağı, A və B paratiflər (Typhus Abdominalis, Paratyphus A et Paratyphus B) – ağır intoksikasiya, bakteriemiya, yüksək hərarət, nazik bağırsağın limfa sisteminin ağır zədələnməsi, bəzən infeksion toksiki şok, bağırsağın perforasiyası, penetrasiyası və qanaxmaları ilə ağırlaşan kəskin infeksion xəstəliklərdir.
Bu xəstəliklər hətta qədim dövrlərdən, Hippokrat (e.ə. 460-337) dövründən bəri məlumdur. Xəstəlik haqqında ilk təssəvvürlər də Hippokrata məxsusdur. XVIII əsrin əvvəllərinə qədər xəstəlik huşun pozulması ilə gedən qızdırmalı vəziyyətlər – tif (typhos – gr. tüstü, duman) adlandırılırdı.
Bu xəstəliklər yalnız bəzi etioloji və kliniki xüsusiyyətlərinə görə bir-birindən fərqlənirlər. Xəstəliklərin epidemiologiyası, patogenezi, müalicə və profilaktikası üsulları eynidir.
Etiologiyası. Qarın yatalağı Salmonella typhi, A və B paratifləri isə müvafiq olaraq Salmonella paratyphi A və Salmonella paratyphi B bakteriyaları tərəfindən törədilir. Bu bakteriyalar qram-mənfidirlər, endotoksinlərə malikdirlər. Xarici mühit faktorlarına qarşı davamlıdırlar. Ödlü qida mühitində, kəsmikdə, süddə, xamada, ət bulyonunda yaxşı çoxalırlar. Suda və torpaqda bir neçə ay yaşaya bilirlər.
Epidemiologiyası. Qarın yatalağı və paratiflər antroponoz xəstəliklərdir. Xəstəlik mənbəyi xəstə və ya bakteriya gəzdirənlər olur. Xəstə xüsusilə inkubasion dövrün sonu və xəstəliyin kəskin dövründə xeyli yoluxdurucu hesab edilir. Bakteriya sidiklə, nəcislə bəzən ağız suyu, tər və südlə ətraf mühitə xaric olur. Qarın yatalağı və paratiflərdə iki növ bakteriya gəzdirməyə rast gəlinir:
• I növ – tranzitor və ya sağlam bakteriya gəzdirmə (bir aya qədər davam edən müvəqqəti haldır);
• II növ – rekonvalessent bakteriya (gəzdirmə xəstəliyi keçirdikdən sonra yaranır).
İkinci növ bakteriya gəzdirmə də özlüyündə iki yerə bölünür – kəskin (3 aya qədər) və xroniki (3 aydan çox) bakteriya gəzdirmə.
Uzun müddətli bakteriyagəzdirmə qarın yatalağının xroniki forması hesab edilir və orqanizmin immun çatışmazlığı ilə əlaqələndirilir. Mikrobun dəyişilmiş L – forması retikulo-endotelial toxumada qalır, vaxtaşırı adi formaya keçərək (reversiya) bakteriemiya törədir, sidik və nəcislə xaric olur.
Qarın yatalağına yoluxma alimentar yolla, yay-payız ayları baş verir. Yoluxma faktorlarına su, ərzaq məhsulları, uşaqlar arasında xüsusilə süd aiddir. Xəstəliyin su, ərzaq və süd epidemiyaları təsadüf edilir. Ev əşyaları, oyuncaqlar və s. vasitəsilə, məişət-təmas yolu ilə də yoluxma baş verə bilər. Xəstəlikdən sonra davamlı və uzunmüddətli immunitet yaranır. Lakin, xəstəlik residiv və kəskinləşmələr verə bilir. Nadir hallarda insan qarın yatalağı ilə təkrarən xəstələnir.
Patogenezi. Orqanizmə düşən qarın yatalağı və paratif bakteriyalarına ilk növbədə mədə-bağırsaq şirələri təsir göstərir. Diri qalmış salmonellalar nazik bağırsaqda selikaltı limfa düyünlərinə – solitar follikullara və Peyer yastıqcıqlarına daxil olaraq limfadenit törədirlər. İnkubasion dövrün axırına yaxın mikroblar limfa sistemindən qan cərəyanına düşür, nəticədə bakteriemiya (bakteriyaların qana keçməsi) baş verir və bunula əlaqədar olaraq, xəstəliyin kliniki əlamətləri meydana çıxır. Qanın bakteriosid təsirindən parçalanan mikroblardan endotoksin azad olur və intolsikasiya getdikcə güclənir. Qan cərəyanı ilə daxili orqanlara yayılan bakteriyalar düşdüyü orqanda spesifik iltihabi proses törədir. Daxili orqanlara çökmüş salmonellalar çoxalaraq təkrar bakteriemiya verə bilər. Kliniki gedişinə görə bu özünü xəstəliyin kəskinləşməsi və remissiyası kimi göstərir. Axacağı olan orqanlar – tər, süd və ağız suyu vəziləri, qaraciyər, böyrəklər mikrobları məhv etməklə yanaşı onların bir hissəsini bədəndən çıxarırlar. Lakin ödlə bağırsağa düşmüş bakteriyalar nazik bağırsaq divarından yenidən qana keçir.
Qarın yatalağına məxsus morfoloji dəyişikliklər bağırsağın və müsariqənin limfa düyünlərində baş verir. İri retikulyar (tifoz) hüceyrələr bir yerə toplanaraq limfa vəzilərində tifoz qranulomalar əmələ gətirirlər. Xəstəliyin müddəti ilə əlaqədar olaraq limfa vəzilərində müxtəlif dəyişikliklər müşahidə olunur:
• birinci həftə ərzində retikulyar hüceyrələr çoxalır və limfa vəziləri şişir
• İkinci həftə limfa vəzilər, bəzən bağırsağın selikaltı əsası və əzələ qatı, hətta seroz qişası da nekroza uğrayır (nekroz mərhələsi).
• Üçüncü həftə – nekrozlaşmış toxumanın qopması nəticəsində bağırsaq divarında xora əmələ gəlir (xora mərhələsi). Xora nahiyyəsindəki qan damarlarının eroziyası nəticəsində güclü bağırsaq qanaxmaları ola bilər. Bağırsağın deşilməsi və peritonit də çox vaxt xəstəliyin məhz III həftəsində müşahidə edilir.
• III-IV həftələr təmiz xora dövrü adlanır. Bu dövrdə xəstə pəhriz və yataq rejiminə daha ciddi riayət etməlidir.
• V-VI həftələr ərzində xora sağalır, həmin nahiyyədə tam regenerasiya və reparasiya baş verir. Adətən xoranın çapıqlaşması bağırsaq mənfəzini daraltmır.
Qarın yatalağına məxsus qranulomalar qaraciyərdə, dalaqda, sümük iliyində və digər orqanlarda da aşkar edilə bilər.
Klinikası. Kliniki xüsusiyyətlərinə görə qarın yatalağının aşağıdakı formaları var:
• Tipik forma
• Yüngül
• Orta ağır
• Ağır
• Çox ağır – hipertoksik
• Atipik forma
• Abortiv
• Ambulator
• Subklinik
Hər hansı orqanın daha çox zədələnməsinə görə (xüsusilə uşaqlarda):
• Pnevmotif
• Nefrotif
• Meninqotif
• Kolitif – variantları mövcuddur.
Qarın yatalağının gizli dövrü 7-25, bəzən isə 4-50 gün arasında tərəddüd edir. Orta hesabla isə 14 gün çəkir. Tipik formada xəstəliyin başlanğıc, kəskinləşmə, sönmə və sağalma dövrləri müəyyən edilir.
Xəstəlik intoksikasiya əlamətləri ilə tədricən başlayır. İlk gündən zəiflik, tez yorulma, baş ağrısı, üşütmə, subfebril qızdırma, iştahanın azalması baş verir. 5-7 gün ərzində qeyd edilən simptomların intensivliyi daha da artır, hərarət
39-40°S-ə çatır. Adinamiya, anoreksiya, inadlı başağrısı, yuxusuzluq, meteorizm, qəbizlik inkişaf edir və xəstəlik kəskin dövrə keçir.
Son illər ərzində qarın yatalağının kəskin başlanması, yəni 2-3 gün ərzində əlamətlərin tam inkişaf etməsi mərhələsinə çatması tez-tez rast gəlinir.
Xəstəliyin başlanğıc dövründə bir sıra obyekriv dəyişikliklər müşahidə edilir. Xəstənin dərisi solğun və isti olur, dili ərplə örtülü olur, dalaq və qaraciyər böyüyür, nisbi bradikardiya, meteorizm, palpasiyada iliosekal nahiyyənin ağrılı olması müşahidə edilir. İlk günlər leykositoz, 3-4 gündən sonra leykopeniya, limfositoz və aneozinofiliya müşahidə olunur, EÇS bir qədər yüksəlir.
Təxminən birinci həftənin sonu xəstəlik kəskin dövrə keçir. İlk növbədə qarın yatalağı üçün səciyyəvi olan daimi qızdırma əyrisi – febris continua müəyyən edilir. Hərarət 39-40°C-ə çatır, səhər və axşam qızdırmaları arasında olan fərq bir dərəcədən artıq olmur. Bəzən qızdırma dalğavari xarakter ala bilər. Yaşlı və zəif şəxlərdə qızdırma subfebril səviyyədə qalır.
Xəstəliyin 8-10-cu günləri qarının dərisində, bəzən döş və ətraf nahiyyələrdə rozeola səpgisi görünür. Səpkilər çəhrayı rəngli, kənarları hamar olur, barmaqla basdıqda itir. Adətən hər xəstədə 6-8 ədəd rozeolyar səpki aşkar edilir. Səpkilər 3-5 gündən sonra itir və endogen bakteriemiyaya uyğun olaraq yeni səpgilər əmələ gəlir. Rozeola (ölçüsü 2-3mm olur) dəri səthindən hündürə qalxır (roseola elevata). Nadir hallarda, xəstəliyin ağır – hemorragik formalarında səpgi rozeolyar-papulyoz, rozelyar-hemorragik xarakter daşıyır.
Xəstəliyin kəskin dövründə həzm sistemində ciddi pozuntular müşahidə edilir. Belə ki, xəstənin dili quruyur, dilin üzəri və kökü nahiyyəsi qalın bozumtul-qəhvəyi ərplə örtülü olur. Dilin ucu və kənarları (dişlərə toxunan nahiyyəsi) təmiz (ərpsiz) olur, follikullar nəzər çarpır (tifoz dil). Daha ağır hallarda dilin üzərində qansızmalar, çatlar, qara rəngli (tünd) ərp müşahidə olunur (fuliginoz dil). Xəstədə dodaqlar quruyur, qabıqlanır, damaq badamcıqları böyüyür və qızarır, bəzən xəstəliyin 2-3-cü həftəsində badamcıqlar üzərində xora əmələ gəlir (Dyüge anginası). Xəstələrin çoxunda köp və qəbizlik olur. Palpasiyada sağ qalça çuxuru nahiyyəsinin ağrılı olması, orada qurultu, bəzən həmin nahiyyədə müvafiq perkutor səsin kütləşməsi müşahidə olunur (Padalka simptomu). Xəstələrin qaraciyəri və dalağı böyüyür, həmin orqanların bir neçə funksional pozuntularına da rast gəlinir.
Tənəffüs sistemində olan dəyişikliklər xəstəliyin ilk günündən diffuz bronxit, sonralar isə pnevmoniya, bəzən plevritlə özünü biruzə verir.
İlk günlərdə ürək-qan damar sistemində də funksional-morfoloji pozuntulara rast gəlinir. Nəbzin hərarətə nisbətən seyrək olması – nisbi bradikardiya, onun ikiləşməsi – dikrotiya adətən arterial hipotenziya ilə birlikdə rast gəlinir.
Sinir sisteminin pozuntuları qarın yatalağının klinikasında əsas yeri tutur. Endotoksin mərkəzi , xüsusilə vegetativ sinir sisteminə güclü təsir göstərməklə qarın yatalağına xas bir neçə əlamətlər törədir. Bunlardan əsasən tifoz vəziyyəti göstərmək lazımdır. O xəstəliyin yüksək qızdırma dövrü baş ağrısı, yuxusuzluq, əzginlik, adinamiya, huşun pozulması, sayıqlama, ağır hallarda psixoz və koma ilə təzahür edir. Bakteriya və onun toksini sinir sistemində üzvi dəyişikliklər – mono və polinevrit, ensefalit, seroz və ya irinli meningit də əmələ gətirə bilər.
Qarın yatalağına qarşı peyvənd olunmuş şəxslərdə xəstəlik atipik və klinik əlamətləri xeyli yüngül olaraq müşahidə olunur. Belə şəxslərdə xəstəlik uzun sürən gizli dövrdən sonra kəskin başlayır, qısa müddət davam edir və heç bir ağırlaşma vermir.
Diaqnozu. Qarın yatalağının kliniki diaqnozunda xəstəliyin intoksikasiya ilə başlanması, tez bir zamanda qızdırmanın daimi xarakter alması, yuxunun və iştahanın pozulması, adinamiya, və eləcə də xəstəlik üçün xarakter olan
“tifoz dil”, “tifoz hal”, “rozeola səpgisi”, hepatolineal sindrom, sağ qalça çuxuru nahiyyəsinin ağrılı olması və palpasiyada qurultu səsi əsas götürülür.
Erkən diaqnoz üçün ən əlverişli üsul qanın əkilməsidir. Əkilmiş kulturada salmonellaların aşkarlanması diaqnozu təsdiq edir.
Müalicəsi. Etiotrop müalicə levomisetinlə, ampisillinlə aparılır. Yetkin şəxlərdə gündə 2-2,5q levomisetin 5-6 saatdan bir bütün qızdırma dövrü və normal tempraturun ilk 3 günü ərzində verilir. Bundan sonra levomisetin
7-8 gün, yəni normal hərarətin 10-11-ci gününə qədər içilməlidir. Antibiotiklərə qarşı rezistentlik olduqda isə vena daxili biseptol və ya nitrofuran preparatları təyin edilir.
Son illərdə salmonellaların antibiotiklərə qarşı davamlı olduqlarını nəzərə alaraq kompleks (kompleks antibiotikoterapiya) müalicə üsullarından istifadəyə üstünlük verilir. Bu məqsədlə sulbasin (ampisillin+sulbaktam) gündə 2-3 dəfə normal hərarətin 3-cü gününə qədər təyin edilir. Bundan başqa xəstəlik zamanı sefalosporinlərdən və ftorxinolonlardan çox istifadə edilir (salmonellalar bu preparatlara qarşı daha həssasdırlar). Belə ki, gündəlik 3-4 dəfə olmaqla siprofloksasin 750 mq, norfloksasin 400 mq, xloramfenikol 750 mq, gündəlik 2 dəfə olmaqla kotrimoksazol 800-1600 mq, gatilox 400 mq 10-15 gün müddətinə təyin edilir.
Xəstəlikdən sonra davamlı immunitetin yaranması üçün antibiotiklərlə birlikdə 0,3ml×3dəfə 7gün Vitamin B6 (piridoksin), 0,5ml×4 dəfə 10 gün metilurasil, 0,25ml×3dəfə 7 gün levomizol, timolin, T- və B-aktivin təyin edilir.
Profilaktikası. Qarın yatalağı və paratiflərlə yoluxmuş şəxlər mütləq qospitalizasiya olunmalıdırlar. İnfeksiya ocağında tamamlayıcı dezinfeksion tədbirlər aparılmalıdır. Bundan başqa əsas diqqət ərzaq müəssisələrində işləyən şəxlərdə bakteriyagəzdiricilərin vaxtında aşkar edilməsinə yönəldilməlidir. Köməkçi üsul kimi peyvənd və faqoprofilaktika da təklif edilir.
A paratifi: 8-10 günlük qısa inkubasiya dövründən sonra kəskin başlayır. Ilk günlər dispepsiya əlamətləri – ürəkbulanma, qusma, ishal, meteorizm əlamətləri üstünlük təşkil edir. Xəstənin üzü qızarır, dodaqda və burunda herpetik səpgilərə rast gəlinir. Xəstəlik orta ağır, bəzən yüngül, ya xeyli ağır formalarla özünü göstərir. Tifoz vəziyyət olmur, ağırlaşmalara təsadüf edilir. A paratifi daha tez-tez residiv verir.
B paratifi: Üşütmə, yüksək hərarət, əzələ və sümüklərdə ağrıilə kəskin başlayır. İnkubasiya dövrü qısa olub, 5-10 gün çəkir. Bəzən başlanğıc dövrdə üşütmə, tərləmə və qastroenteritə rast gəlinir. B paratifi yüngül və orta ağır formalarla təzahür edir. Tifoz vəziyyət adətən təsadüf edilmir. Residiv və ağırlaşmalarına görə xəstəlik 3-4 həftəyə qədər davam edə bilər.

23