• en
  • ru

ANATOMİYA HÜCEYRƏLƏR

ANATOMİYA

İnsan anatomiyası elmi tibbi-bioloji («bios»-həyat, «logos»-elm deməkdir) elmlərdəndir.
Anatomiya yarmaq, təşrih etmək mənası verən yunan sözü «anatemno»-sözündən götürülmüşdür. Anatomiya elmi insan orqanizminin xarici formasından, daxili quruluşundan, inkişaf və mənşəyindən bəhs edən elmdir.
Anatomiya fiziologiya ilə vəhdət təşkil edir və bir-birilərini tamamlayır.
İnsan anatomiyası hüceyrənin quruluşunu öyrənən sitologiya və toxumaların strukturunu araşdıran histologiya ilə ayrılmaz vəhdət təşkil edir. Orqanların, toxumaların, hüceyrələrin quruluşunu bilmədən onların funsiyalarını öyrənmək qeyri mümkündür.
İnsan anatomiyası elmi makroskopik və mikroskopik olmaqla 2 yerə bölünür. Bundan əlavə təsviri, müqayisəli, sistematik, plastik, cərrahi, topoqrafik, eksperimental, dinamik, funksional, yaş anatomiyaları və s. mövcuddur.
Müasir texnikanın inkişafı sayəsində insanda endoskopiya metodu ilə orqanların funksional anatomiyasını, elektrorentqenoqrafiya, tomoqrafiya, kompyüter tomoqrafiyası, rentgenodensimetriya və s. metodların köməyi ilə də insan orqanizminin struktur elementləri öyrənilir.
Orqanizmin xəstəlikləri zamanı orqanlarda, toxumalarda, hüceyrələrdə gedən struktur və funksional dəyişiklikləri öyrənən elm patoloji anatomiya və patoloji fiziologiya adlanır.

ORQANİZM – TAM BİR VƏHDƏT TƏŞKİL EDİR

Orqanizmdə hüceyrələr, toxumalar, orqanlar və orqanlar sistemi vəhdət halında işləyir. Onların uzlaşmış işi 2 üsulla tənzim olunur: humoral üsul (humor latınca maye deməkdir) – orqanizmi maye mühitlərindən (qan, limfa, hüceyrəarası maye) keçən kimyəvi maddələr vasitəsilə və sinir sistemi vasitəsilə.
Funksiyaların humoral tənzimi: kimyəvi maddələr hüceyrələrdə, toxumalarda, orqanlarda və bütün orqanizmdə gedən son dərəcə müxtəlif prosesləri tənzim edir. Bu maddələrin bir çoxunun cüzi miqdarı müəyyən fizioloji təsir göstərir. Buna görə də onlara bioloji fəal maddələr deyilir. Bioloji fəl maddələri orqanizmin bir çox hüceyrələri hazırlayır.
Bu maddələrin bir qismi çox tez parçalanır. Buna görə də hüceyrəarası mayeyə buraxılıb ancaq qonşu hüceyrələr təsir edir. Digər bioloji fəal maddələrin təsiri isə nisbətən uzunmüddətli olur.
Orqanizmdə bioloji fəal maddələr hazırlayan xüsusi orqanlar vəzilər -vardır. Bunlr iki cürdür. Bəzi vəzilərin axacaqları olub, maddələr bu axacaqlardan bədənin, orqanların boşluqlarına, yaxud dərinin üzərinə ifraz olunur. Bunlara xarici sekrksiya vəziləri deyilir. Xarici sekrksiya vəzilərinə göz yaşı, tər, ağız suyu, mədənin vəziləri və s. aiddir.
Ayrıca axacaqları olmayan və bioloji fəal maddələri özlərindən kecən Qana ifraz edən vəzilərə daxili sekrksiya vəziləri deyilir. Bunlara hipofiz, qalxanabənzər vəzi, çəngələbənzər vəzi, böyrəküstü və başqa vəzilər aiddir.
Daxili sekresiya vəzilərinin buraxdığı bioloji fəal maddələrə hormonlar deyilir. Hormonlar qanla orqanizmin hər yerinə aparılaraq bir çox orqanlar sisteminin funksiyalarına və bütün orqanizmin həyat fəaliyyətinə təsir edir. Hormonlar maddələr mübadiləsi, böyümə və inkişaf proseslərini tənzimləyir.
Bəzi hormonlar hər hansı orqanlar sisteminin funksiyalarına daha çox təsir edir. Bu cür orqanlara hədəf orqanlar deyilir. Hədəf orqanların hüceyrə membranı həmin hormonlara çox həssas olur. Məsələn, cinsiyyət hormonları çoxalma orqanları sisteminin böyüməsini və inkişafını sürətləndirir. Başqa hormonlar, məsələn, böyrəküstü vəzilərin buraxdığı adrenalin eyni zamanda bir çox orqanların funksiyalarını dəyişir qanda adrenalin artdıqda ürəyin işi güclənir, qan damarları daralır, bədənin temperaturu qalxır və qanda qlükozanın miqdarı artır.
Daxili sekresiya vəzilərinin hamısının işi biri-birilə sıx əlaqədardır. Hər hansı bir vəzini çox və ya az hormon buraxması başqa vəzinin funksiyasını gücləndirir yaxud zəiflədir.
Vəzilərin bəzisi eyni vaxtda həm xarici, həm də daxili sekresiya vəzisi işini görür. Mədəaltı vəzi, habelə cinsiyyət vəziləri bu cür vəzilərə aiddir.
Beləliklə, bioloji fəal maddələr orqanizmin funksiyalarını tənzimləyir: gücləndirdikdə-oyadır yaxud zəiflətdikdə tormozlayır. Bu maddələr hüceyrələrin, toxumaların, orqanların, orqanlar sisteminin fəaliyyətini idarə edir.
Funksiyaların sinir tənzimi: baş beyin və onurğ beyni sinirlər vasitəsilə bütün orqanlarla əlaqədardır. Baş beyin orqanların işini elektrik siqnalları – sinir impulsları ilə tənzimləyir, bu impulslar sinir hüceyrələrinin membranları ilə ötürülür. Orqanizmə sinir sistem idə bioloji fəal maddələr kimi təsir edir, yəni orqanizmin funksiyalarını oyadır, yaxud tormozlayır. Orqanizmin funksiyaları xarici və daxili mühit şəraitindən asılı olaraq dəyişir. Baş beyin mühit şəraitinin dəyişməsi barədə daim məlumatlar alır. Baş beyində bütün orqanlar arasında ikibaşlı rabitə vardır: siqnallar orqanlardan baş beyinə və ondan orqanlara gedir. Bu cür ikibaşlı rabitə sayəsində baş beyin orqanların işini orqanizmin tələbatına görə qurur.
Sinir və humoral tənzim bütün orqanlar sisteminin biri-birilə əlaqəsini və uzlaşıb işləməsini təmin edir. Buna görə də orqanizm tam bir vəhdət kimi işləyir.
Sinir sistemi və bioloji fəal maddələr orqanizmin daxili mühitinin sabitliyini və orqanizmin bütün funksiyalarının davamlılığını təmin edir. Bu özünütənzimləmə yolu ilə əldə edilir. Özünütənzimləmə ondan ibarətdir ki, orqanizmin daxili mühitinin tərkibi hər hansı şəkildə pozularsa, sinir və humoral proseslər işə başlayıb onu əvvəlki vəziyyətə salır. Məsələn, qanda şəkərin (qlükozanın) miqdarı artdıqda sinir və humoral tənzim mexanizmləri işə başlayıb onu azaldır. Ürəyin işinin zəifləməsi və qan təzyiqinin aşağı düşməsi sinir-humoral mexanizmlər işə salır ki, bunlar da ürək-damar fəaliyyətini qaydaya salır, yəni ürəyin işini gücləndirir və qan təzyiqini qaldırır.
Funksiyaların özünütənzimləməsi hüceyrə səviyyəsində də gedir. Məsələn, hüceyrədə həddindən çox zülal əmələ gələrsə, onun sintezi yavaşıyır.

HÜCEYRƏLƏR
Hüceyrə haqqında elm sitologiya adlanır. Sitologiya – hüceyrələrin quruluşunu, kimyəvi tərkibini, hüceyrədaxili funksiyaları, hüceyrələrin çoxalma və inkişafını və s. öyrənir.
Müasir hüceyrə nəzərriyyəsinə aşağıdakı müddələr daxildir.
1. Hüceyrə bütün canlı orqanizmin quruluş və inkişafının əsas vahididir.
2. Bütün birhüceyrəlilərin və çoxhüceyrəli orqanizmlərin hüceyrələri öz quruluşuna, kimyəvi tərkibinə, həyat fəaliyyətinin əsas təzahürlərinə və maddələr mübadiləsinə görə oxşardır.
3. Mürəkkəb çoxhüceyrəli orqanizmlərdə hüceyrələr yerinə yetirdikləri funksiyalarına görə ixtisaslaşaraq toxumalar əmələ gətirir.
4. Hüceyrələrin çoxalması onların bölünməsi yolu ilə gedir.
Orqanlar toxumalardan ibarətdir, sinir və humoral sistemlərin tənziminə tabedir.
Hər hansı bir hüceyrə 3 hissədən ibarətdir: qılaf, sitoplazma, nüvə.
Hüceyrə qılafı – xarici qatdan və plazmatik membranadan ibarətdir. Xarici səthi – qlikokalis adlanır, müxtəlif polisaxarid və zülalardan ibarətdir. Plazmatik membranın tərkibi zülal və lipidlərdən ibarətdir. Xarici mühitdən hüceyrəyə su, ayrı – ayrı ionlar şəklində duzlar, qeyri – üzvü və üzvü maddələr daxil olur, mübadilə məhsulları və sintez olunmuş maddələr çıxarılır (daxil olma faqositoz və pinositoz adlanır).
Sitoplazma – hüceyrələrin daxili yarımmaye mühitidir. Nüvə sitoplazmada yerləşir. Sitoplazmanın bütün daxili zonası saysız – hesabsız kiçik kanal və boşluqlarla doludur – buna endoplazmatik şəbəkə deyilir. Endoplazmatik şəbəkənin 2 tipi – dənəvər və hamar tipi məlumdur. Dənəvər şəbəkədə – ribosomlar yerləşir – bunlarda zülal sintez olunur. Hamar şəbəkədə isə lipidlərin, karbohidratların sintezi gedir.
Sitoplazmada həmçinin mitoxondrilər yerləşir. Bunlarda ATF sintez olunur, bu isə enerji mənbəyi sayılır.
Hüceyrələrin çoxunda, xüsusən sinir hüceyrələrində Holci aparatı yerləşir. Bu orqanoiddə hüceyrələrdə istifadə olunan yağlar və karbohidratlar sintez olunur.
Lizosomların daxilində zülalları, yağları, karbohidratları, nuklein turşularını parçalayan fermentlər vardır.
Nüvə – hüceyrələrin əksəriyyətində bir nüvə vardır. Bundan başqa çoxnüvəli hüceyrələr ayırd olunur.
Hüceyrələrin həyatı 2 dövrü əhatə edir; bölünmə, və 2 bölünmə arasında interfaza adlanan dövr.
Hüceyrəlrin həyatının müxtəlif dövrlərində nüvənin quruluşu və funksiyaları müxtəlifdir. Bölünməyən hüceyrənin nüvəsində nüvə pərdəsi, nüvəcik, xromosomlar vardır. Nüvəciklər ancaq bölünməyən hüceyrələrdə formalaşır, onlarda RNT sintez olunur. Xromosomlar nüvənin ən mühüm tərkib hissəsidir. Xromosomlar nazik tel formasında olur. Bu tellər bir – birinə sarılmış olur. Yalnız interfaza dövründə DNT sintez olunur, nəticədə hər bir xromosom ikiləşir, sintezin sonunda hər bir xromosomun molekul tərkibinə 2 DNT daxil olur.
Məhz interfaza dövründə, nüvədə fasiləsiz RNT sintezi, sitoplazmada zülal, karbohidratlar, yağların sintezi gedir, hüceyrələr böyüyür.
Lakin elə hüceyrələr var ki, onlar bölünmür, interfaza bir neçə il davam edir, belə hüceyrələrə sinir hüceyrələri aiddir.

TOXUMALAR

Eyni inkişafa, quruluşa və funksiyalara malik hüceyrələr sistemi -toxuma adlanır. 4 əsas toxuma növü var; epiteli, birləşdirici, əzələ və sinir toxumaları.
Epiteli toxuması – insan və heyvan orqanizmində bədənin bütün səthini, boşluqların səthini, daxili orqanların səthini örtür və həmçinin vəzlərin tərkibinə daxildir. Orqanizmlə xarici mühit arasında mübadilə prosesində iştirak edir, müdafiə funksiyasını, sekresiya funksiyasını, sorulma (bağırsaqda), ifraz (böyrəkdə), qazlar mübadiləsində (ağ ciyərlərdə) iştirak edir. Ən yüksək regenerasiya qabiliyyətinə malikdir.
Hər bir toxuma hüceyrə, hüceyrəarası və ya ara maddədən təşkil olunmuşdur. Morfoloji və fizioloji xüsusiyyətlərinə görə toxumalar 4 əsas qruppa bölünür: 1) epitel toxuma, 2) birləşdirici xomuma, 3) əzələ toxuması, 4) sinir toxuması.
Epitel toxuma – vəzifə cəhətcə 2 yerə bölünür: 1) örtük epiteli. 2) vəzi epiteli.
Örtük epiteli: hüceyrənin formasına görə kubabənzər, yastı, hüceyrənin yerləşməsinə görə təkqatlı və çoxqatlı olur. Təkqatlı epitel bədəndən olan boşluqların divarını, tənəffüs yollarını, həzm üzvlərin böyrək kanalcıqlarını və uşaqlığın divarını örtür.
Çoxqatlı yastı epiteldən dərinin epidermis qatı və dəri törəmələri əmələ gəlir. Vəzi epiteli şirə ifraz etməsilə fərqlənir, məsələn: ağız suyu, mədə şirəsi, sidik və s. ifrazetmə qabiliyyətinə malikdir.
Birləşdirici toxuma: Bu toxuma ara maddədən, liflərdən, hüceyrələrdən təşkil olunub, biri-birilə birləşərək üzvlərin əsasını stromasını təşkil edir. Birləşdirici toxumaya sümük və qığırdaq toxuma, qan və limfa toxuma, xüsusi birləşdirici toxuma aiddir. Sümük və qığırdaq orqanizmin istinadını təşkil edir. Sümük toxuma öz sərtliyi ilə başqa toxumalardan fərqlənir. Qığırdaq toxuması elastikliyi ilə ondan fərqlənir. Qan və limfa toxuma maye toxumadır, qidalndırıcı vəzifəsi vardır.
Əzələ toxuması: Əzələ tellərinin yığılma xüsusiyyəti ilə başqa toxumalardan fərqlənir. Əzələlərin yığılması orqanizmin aktiv hərəkətini təşkil edir.Əzələ toxuması 2 yerə bölünür: saya əzələ toxuması və eninə zolaqlı toxuma. Saya əzələ toxuması qeyri iradi liflərdən təşkil olunub, dammar divarında, daxili üzvlərdə, eninə zolaqlı əzələ toxuması isə iradi liflərdən təşkil olunub skelet əzələlərdə, dildə, dodaqda təsadüf edilir.
Sinir toxuması: Ən yüksək inkişaf dərəcəsinə çatmış ali toxumadır. Quruluşca sinir toxuması sinir hüceyrələrindən təşkil olunmuşdur. Sinir hüceyrəsi sinir toxumasının əsas elementi olub cisimdən, bir uzun çıxıntıdan aksondan və bir neçə və bir neçə qısa çıxıntıdan dentritdən təşkil olunmuşdur. Sinir hüceyrəsi neyron adlanır. Çıxıntıların miqdarına görə 3 növ sinir hüceyrəsi ayırd edilir:
1) bir çıxıntılı 2) iki çıxıntılı 3) çox çıxıntılı sinir hüceyrələri.
Sinir toxuması oyanmanı qəbul edir və qığıca qarşı cavab reaksiyası yaradır.

49