• en
  • ru

HƏYAT FƏALIYYƏTININ TƏHLÜKƏSIZLIYI

Həyat fəaliyyətinin təhlükəsizliyi

Müasir şəraitdə mülki müdafiənin rolu vəzifələri

 

Mövzunu hazırladılar:  biologiya üzrə fəlsəfə doktoru, dosent Zamanova  Sevda Xasay q. 
 baş müəllim Məmmədova Nahidə Məcid q.
 Mülki Müdafiə  və Tibbi biliklərin əsasları, Bədən tərbiyəsi       kafedrası. ADU

 Mülki Müdafiə – dinc  dövrdə və ya müharibə dövründə əhalini (Azərbaycan Respublikası vətəndaşlarının,  Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) və ərazinin (Azərbaycan Respublikası ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir.

Mülki müdafiə (MM) insanın ətraf mühitdə təhlükəsizliyi və sağ­­­lamlı­­ğı­nın qorunması haqqında elmdir. O, təhlükəli və zərərli amilləri aşkara çıxar­ma­lı və eyniləşdirməli, insanın mühafızəsinin metod və vasitələrini, yollarını zə­rər­li və təhlükəli amillərin minimum dərəcəyə qədər azaldılmasını araşdırmalı, dinc və müharibə dövrü baş verən qəza hallarının, fəlakətlərin nəticələrini ara­dan qaldırmaq tədbirləri hazırlamalıdır.    

Mülki Müdafiə sistemi – mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsi həvalə edilmiş müvafiq icra hakimiyyəti orqanlarının, qüvvə və vasitələrin, xüsusi fondların, rabitə, xəbərdarlıq və informasiya təminatlı sistemlərinin məcmusudur.

Mülki müdafiə ölkəmizdə 1961-ci ildə təşkil edilmişdir. Azərbaycan Respublikasının Prezidenti 1992-ci il iyulun 31-də “Azərbaycan Res­publikasının Mülki Müdafiəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə 73 saylı fərmanı və 1998-ci il aprelin 18-də “Mülki müdafiə haqqında Azərbaycan Res­publikası Qanununun tətbiq edilməsi barədə 700 saylı fərmanı imzalanmışdır (21 müddəadan ibarətdir).

  Yeni əsasnaməyə müvafiq olaraq Azərbaycan Respublikasında Mülki müdafiə işinə ümumi rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Azərbaycan Respublikasının Mülki müdafiəsinə respublikanın Baş Naziri bilavasitə rəhbərlik edir və mülki müdafiənin qarşısında duran vəzifələri həyata keçirməyə daim hazır olması üçün məsuliyyət daşıyır.

  Mülki müdafiə tədbirlərinin planlaşdırmaq və həyata keçirilməsinin təşkil etmək, habelə icraya nəzarət məqsədilə Respublika Baş Nazirinin yanında respublika mülki müdafiə qərərgahının rəisi mülki müdafiəyə gündəlik rəhbərlik edir.

Yeni Əsas­na­mə və Qanunda respublikada mülki müdafiənin əsas məqsəd və vəzifələrini habelə döv­lət hakimiyyəti və idarəetmə orqanlarının, ictimai təşkilatların, eləcə də mə­sul şəxslərin və bütün vətəndaşların mülki müdafiə üzrə vəzifələri müəyyən edil­­­­mişdir.

Azərbaycan Respublikasının Mülki müdafiəsi – sülh və müharibə dövrlərində res­publikanın ərazisində əhali və xalq təsərrüfatını təbii fəlakətlərin, həmçinin güc­lü qəzaların nəticələrindən, habelə müasir qırğın vasitələrinin  təsirindən mühafizə məqsədilə dövlət, tə­sərrüfat, hərbi idarəetmə orqanları tərəfindən bütün vətəndaşın iştirakı ilə hə­yata keçirilən sosial və müdafiə tədbirləri sistemidir.

Mülki müdafiə üzrə dövlət funksiyalarını Azərbaycan Respublikasının mülki mü­dafiə sistemi yerinə yetirir. Buraya bütün idarəetmə orqanları, müxtəlif mül­kiy­yət formalarına aid olan birliklər, müəssisələr, idarələr, təşkilatlar və digər ob­yekt­lər, onların qüvvə və vasitələri daxildir. Onlar sülh və fövqəladə hallarda res­pub­li­kanın bütün ərazisində mülki müdafiə tədbirlərinin yerinə yetirilməsini təşkil  edir­lər.

Mülki Müdafiənin məqsədi aşağıdakılardır:

1) fövqəladə halların qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin həyata keçirilməsi;

2) fövqəladə hallar zamanı mümkün olan ziyan və itkilərin həcminin maksimum azaldılması;

3) fövqəladə halların və onların nəticələrinin aradan qaldırılması.

Azərbaycan Respublikası Mülki müdafiəsinin əsas vəzifələri  aşağı­da­kı­lar­dır:

  • fövqəladə halların nəticələrindən əhalinin və xalq təsərrüfatının mühafizə edil­məsi;
  • sülh və müharibə dövrlərində adamların həyatı, sağlamlığı üçün təhlükə ya­ran­dığı barədə və belə şəraitdə davranış qaydaları haqqında əhalinin vaxtında xəbərdar edilməsi;
  • fövqəladə halların nəticələri aradan qaldırılması məqsədi ilə xilasetmə və di­gər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi;
  • mülki müdafiə sistemi rəhbər heyətinin, idarəetmə orqanları və qüvvələrinin föv­qəladə hallarda mühafizəyə və fəaliyyətə hazırlanması, habelə müvafiq mühafizə və fəaliyyət üsullarının əhaliyə öyrədilməsinin təşkili;
  • sülh və müharibə dövrlərindəki fövqəladə hallarda xalq təsərrüfatı sa­hə­lə­ri­nin, müəssisələrin, idarə və təşkilatların sabit fəaliyyətinin təmin olunmasına yö­nəl­­dilmiş tədbirlərin, xüsusən mülki müdafiənin mühəndis-texniki və digər təd­bir­lə­­rinin hazırlanmasında, həyata keçirilməsində iştirak etməkdir.

Sadalanmış vəzifələrin hamısı vacibdir və kompleks həll edilməlidir.

Fövqəladə hadisələrin qarşısının alınması – fövqəladə hadisələrin baş verməsi  təhlükəsinin maksimum azaldılmasına, belə hadisələr baş verəcəyi hallarda isə insanların və onların sağlamlığının qorunmasına, ətraf mühitə vurula biləcək ziyanın və maddi itkilərin həcminin azaldılmasına yönəldilən və əvvəlcədən həyata keçirilən tədbirlər sistemidir.

Fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması – insanların həyatının xilas edilməsinə və sağlamlığının qorunmasına, ətraf mühitə vurulan ziyanın və maddi itkilərin həcminin azaldılmasına, fövqəladə hadisələrin yayılmasının qarşısının alınmasına yönəldilmiş və fövqəladə hadisələr zamanı həyata keçirilən qəza xilasetmə tədbirləri və digər təxirəsalınmaz işlərdir.

Mülki Müdafiə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

«Mülki Müdafiə haqqında» Azərbaycan Respublikasının qanununa, «Mülki Müdafiə haqqında» Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 aprel tarixli 700 nömrəli fərmanına müvafiq olaraq mülki müdafiə tədbirlərinin planlaşdırılmasının siyasi, iqtisadi, müdafiə əhəmiyyətini və digər amilləri nəzərə alaraq respublikanın ərazisi zonalara, şəhərlər mülki müdafiə üzrə qruplara aid edilir, təsərrüfat obyektləri isə mülki müdafiə üzrə dərəcələrə bölünür.

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi və FH Nazirliyinin təqdimatı əsasında zonalar, şəhərlərin qrupları və obyektlərin dərəcələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

Mülki Müdafiə üzrə zonalar bu qaydalara 1 nömrəli əlavəyə uyğun olaraq müəyyən edilir.

Mülki Müdafiə üzrə şəhərlərin üç qrupu: birinci qrup (I qrup), ikinci qrup (II qrup), üçüncü qrup (III qrup) şəhərlər bu qaydalara 2 və 3 nömrəli əlavələrə uyğun olaraq müəyyən edilir.

Ən mühüm təsərüffat obyektlərinə mülki müdafiə üzrə belə dərəcələr verilir:

  • xüsusi əhəmiyyətli (XƏ),
  • birinci dərəcəli (I dərəcəli) və
  • ikinci dərəcəli (II dərəcəli) obyektlər.

Mülki Müdafiə üzrə dərəcələr belə obyektlərə verilə bilər:

  • fəaliyyətdə olan, inşa edilən, yenidən quraşdırılan və layihələşdirilən vacib sənaye, nəqliyyat, energetika və rabitə müəssəsinə;
  • xüsusi konstruktor bürolarına: neft-qaz mədənləri idarələrinə;
  • dövlət əhəmiyyətli nadir mədəni sərvətlərə malik olan obyektlərə (arxiv, muzey, kitabxana, şəkil qalereyası);
  • material və ərzaq bazalarına; su kəməri təsərrüfatına və digər dövlət əhəmiyyətli obyektlərə.

Z O N A L A R

  1. Bakı zonası Bakı şəhərinin 11 rayonu və Apşeron rayonu.
  2. Gəncə zonası Gəncə və Naftalan şəhərləri, Ağstafa, Qazax, Tovuz, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şəmkir, Xanlar, Goranboy, Samux rayonları.
  3. Sumqayıt zonası Sumqayıt şəhəri, Dəvəçi, Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı rayonları.
  4. Mingəçevir zonası Mingəçevir şəhəri, Ağdaş, Yevlax, Qax, Ucar, Balakən, Zaqatala, Oğuz, Şəki rayonları.
  5. Şirvan zonası Şirvan şəhəri, Haciqabul, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala rayonları.
  6. Naxçivan zonası Naxçivan Muxtar Respublikasının bütün rayonları.
  7. Ağdam zonası Xankəndi şəhəri, Ağdam, Ağcabədi, Bərdə, Zərdab, Tərtər, Xocavənd, Xocalı, Şuşa rayonları.
  8. Cəbrayıl zonası Cəbrayıl, Zəngilan, Qubadlı, Laçin, Fizuli rayonları.
  9. Şamaxı zonası Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Göyçay, Kürdəmir, Qobustan rayonları.
  10. Lənkəran zonası Lənkəran, Astara, Lerik, Yardımlı, Biləsuvar, Cəlilabad, Masallı rayonları.

ŞƏHƏRLƏRİN QRUPLARI

1 qrup − Bakı şəhəri

2 qrup − Sumqayıt şəhəri

3 qrup − Gəncə şəhəri, Mingəçevir şəhəri,  Şirvan şəhəri,  Naxçivan şəhəri.

Fövqəladə hadisələrdən müdafiəyə respublikanın bütün əhalisi hazırlanır.

Bu zaman 6-17 yaşlı şəxslərə – sülh və müharibə dövrlərindəki fövqəladə hadisələrdən mühafizə üsulları, 17 yaşından yuxarı şəxslərə isə, bundan əlavə belə hadisələrin nəticələrini aradan qaldırmaq üzrə fəaliyyət qaydaları da öyrədilir.

Fövqəladə hadisələrdən müdafiə qaydalarının və mülki müdafiənin əhaliyə öyrədilməsi respublikanın bütün ərazisindəki nazirlik, komitə, idarə, müəssisələrin, təşkilatların rəhbərləri tərəfindən təşkil edilir, kadrların hazırlanması sistemində işçilərin əsas vəzifələri ilə yanaşı mülki müdafiə üzrə vəzifələr də nəzərə alınmaqla, fərdi və fasiləsiz yerinə yetirilir.

İşçilər fəaliyyətə hazırlanarkən onlara «Mülki müdafiə» mövzularının öyrədilməsi nəzərdə tutulur, həmçinin təhlükəsizlik texnikası üzrə ilkin təlimat proqramlarına, müəssisədə  işin xüsusiyyətləri nəzərə alınmaqla mülki müdafiə məsələləri də daxil edilir.

Kollektiv və fərdi əmək müqaviləsi, digər müqavilələr bağlanarkən bunlarda mülki müdafiəyə hazırlığın təşkili üzrə işəgötürənin və əmək kollektivinin vəzifələri müəyyən olunur.

Dövlət və qeyri-dövlət təhsil müəssələrində şagirdlərin, tələblərin və dinləyicilərin mülki müdafiə hazırlığı proqramları, mövzuları və tədris saatlarının miqdarı müvafiq nazirlik, dövlət komitələri, baş idarələr, təhsil müəssisələri tərfindən yerli xüsusiyyətlər nəzərə alınmaqla işlənib hazırlanır və Azərbaycan Respublikasının FH Nazirliyi ilə razılaşdırılır.

Qeyd etmək lazımdır ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatı – hökumətlər arası humanitar təşkilatdır.  Həmin təşkilat 1972-ci ildə yaranıb. Hər il 1 mart Mülki Müdafiə günü kimi qeyd edilir və konkret bir mövzuya həsr olunur.

Mülki Müdafiə – həyatı, gələcək nəsillərin və ətraf mühitin təhlükəsizliyini təmin edir.   Mülki müdafiə və tibbi biliklərin əsasları fənni uzun illərdir ki, respublikamızın müxtəlif ali məktəblərində tədris olunur.  Mülki müdafiə və tibbi biliklərin əsasları fənninin proqramı Azərbaycan Respublikasının “MM haqqında” qanununa, AR Nazirlər Kabinetinin  20.12.1992-ci il tarixli, 700 və 703 saylı qərarlarına, AR Təhsil və Səhiyyə Nazirliklərinin və MM Qərargahının 18.02.1995-ci il tarixdə birgə təsdiq edilmiş “Ali məktəb tələbələrinin MM üzrə tibb bacıları və sanitar təlimçilərinin hazırlanması haqqında” təlimata əsasən hazırlanmışdır.

Mülki müdafiə fənni tələbələrə insanların sağlamlığına mənfi təsir edə biləcək fövqəladə halların növləri, onların baş vermə səbəbləri, gedişatı və nəticələri haqqında məlumat verir. Tələbələr baş verə biləcək FH zamanı davranış qaydalarını öyrənir.  Son illər qeyd olunan fövqəladə halların durmadan artması fənnin əhəmiyətini və aktuallığını bir daha sübut edir.

Dünya statistikası göstərir ki, son iyirmi ildə qəzaların sayı iki dəfə artmışdır.  İrimiqyaslı fövqəladə halların təsirini bütün bəşəriyyət öz üzərində onilliklər boyu hiss edir (misal üçün Çernobıl qəzası). Dünyanın bütün qitələrində minlərlə potensial təhlükəli obyektlərdən istifadə olunur. Bu cür obyektlərdə fövqəladə hal baş verəcəyi halda ətraf mühitə fəlakətli ziyan dəyə bilər, hətta planetimizdə həyat məhv olar.

Fövqəladə hallar Nazirliyi

Təbii və texnogen səciyyəli fövqəladə halların baş verməsinin qarşısının alınması və nəticələrinin aradan qaldırılması, əhalinin tələf olması və maddi itkilərin azaldılması məqsədilə istər dünya miqyasında (BMT), istərsə də dövlətlər səviyyəsində fövqəladə halların proqnozlaşdırılması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün xüsusi strukturlar yaradılır. Azərbaycan Respublikası da bu baxımdan istisna deyil. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il  1182 №-li sərəncamına əsasən əhalinin təbii fəlakətlərdən, texnogen xarakterli qəzalardan və yanğından qorunması, belə hadisələrin nəticələrinin aradan qaldırılması məsələlərini həll edən, habelə mülki müdafiə sahəsində dövlət siyasətini həyata keçirən, xilasetmə və bərpa işləri üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, digər müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi təsdiq edilmişdir.

Nazirliyin əsasnaməsinə uyğun olaraq FHN

  • mülki müdafiə,
  • əhalinin və ərazilərin təbii (geofiziki, geoloji, meteoroloji, hidroloji, dəniz-hidroloji, təbiət yanğınları və s.) və texnogen xarakterli (yanğınlar, partlayışlar, bina və qurğuların uçması, kimyəvi, radioaktiv və bioloji təhlükəli maddələrin tullantısı ilə əlaqədar qəzalar, elektroenergetika sistemlərində, həyat təminatlı kommunal sistemlərdə, təmizləyici qurğularda, hidrodinamik qurğularda, neft və qaz hasilatı və emalı obyektlərində, magistral boru kəmərlərində qəzalar, nəqliyyat qəzaları və s.) fövqəladə hallardan qorunması,
  • fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması,
  • yanğın təhlükəsizliyinin,
  • su hövzələrində insanların təhlükəsizliyinin və kiçik həcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin,
  • sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin,
  • tikintidə təhlükəsizliyin təmin olunması,
  • dövlət material ehtiyatları fondlarının yaradılması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayan, bu sahələrdə idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən,
  • fövqəladə halların yaranma ehtimalı böyük olduqda, yaxud baş verdikdə çevik reaksiya verilməsini, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır.

Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 Nazirliyin Regional mərkəzləri: Bakı RM;  Sumqayıt RM;  Şimal-Qərb RM; Şimal RM;  Gəncə RM; Aran RM;  Muğan RM; Qarabağ RM; Cənub RM.

Fövqəladə hallar baş verən ərazilərdə əhalinin fövqəladə hadisələrdən mühafizəsi tədbirləri dövlət orqanları, müəssisələri, Azərbaycan Respublikasının dövlət orqanları tərəfindən təşkil olunur.                                                                                           

Fövqəladə hadisələrdən əhalinin mühafizəsində dövlət əsas rol oynayır və bu tədbirdə bütün mülki müdafiə dəstələri, dövlət orqanları iştirak edir.                                      

Əhalinin mühafizəsi kompleksinə aşağıdakı tədbirlər aiddir:

  • Mümkün Fövqəladə hadisələrin proqnozlaşdırılması və onun nəticələrindən əhalinin xəbərdar edilməsi.
  • Ətraf mühitin vəziyyətinin müşahidə edilməsi və onun nəzarətdə saxlanılması.
  • Fövqəladə halların baş verməsindən əhalinin qabaqcadan xəbərdar edilməsi
  • Təhlükəli bölgə və rayonlardan əhalinin evakuasiya edilməsi.
  • Mühəndis, tibbi, radiasiya və kimyəvi mühafizə.
  • Insanların sağlamlığı üçün təhlükə yaranmış ərazilərdə əhalinin mühafizəsi üçün xüsusi tədbirlərin təşkil olunması.
  • Əhalinin mühafizəsi üçün qəbul olunmuş tədbirlərdən, proqnozlaşdırılan və baş verən fövqəladə hadisələrdən dəqiq və operativ, mütəmadi surətdə  xəbərdar edilməsi.
  • Fövqəladə hallarda əhalinin mühafizəsi üçün keçirilən tədbirlərdə təşkilatların, müəssisələrin, orqanların və FHN-in birgə fəaliyyəti.
  • Fövqəladə hallar baş verən rayonlarda və zərərçəkmiş ərazilərdə təxirəsalınmaz tədbirlərin təşkil olunması.
  • Fövqəladə hadisələr baş vermiş ərazilərdə suyun və ərzağın mühafizəsi.
  • Fövqəladə hadisələr baş verən hallarda maliyyə və material ehtiyatlarının yaradılması.

 Fövqəladə hadisələr zamanı idarəetmənin təşkili

 FH komissiyası Respublikanın inzibati-ərazi bölgüsünə və sahə idarəetmə orqanlarının strukturuna müvafiq olaraq ərazi üzrə respublikanın şəhər, rayon və digər yaşayış məntəqələrini, istehsalat sahələri üzrə bütün nazirlikləri, baş idarələri və hər cür sosial obyektlərini əhatə edir. İdarəetmə orqanları:

1) rəhbər orqanlar;

2) gündəlik idarəetmə orqanları;

3) ətraf mühitə və təhlükə potensiallı obyektlərə nəzarət və müşahidə edən qüvvə və vasitələr.

Fövqəladə halların nəticələrini aradan qaldırmaq üçün qüvvə və vasitələr, rabitə və xəbərdarlıq sistemi və digər lazımi maddi-texniki vəsaitlər müəyyən edilmişdir.

MM üzrə respublikamızın qanununa əsasən, mülki müdafiə dəstələri (qüvvələri) ərazi-istehsalat prinsipi üzrə Naxçivan Muxtar Respublikasında, rayonlarda, şəhərlərdə, obyektlərdə və yaşayış məntəqələri üzrə yaradılır.

Yeni  qanuna və  Əsasnaməyə müvafiq olaraq Azərbaycan Respublikasında Mül­ki Müdafiə işinə ümumi rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti hə­ya­­ta keçirir. Azərbaycan Respublikasının Mülki Müdafiəsinə respublikanın Baş Na­zi­ri bilavasitə rəhbərlik edir və mülki müdafiənin qarşısında duran  vəzifələri  hə­ya­ta keçirməyə daim hazır olması üçün məsuliyyət daşıyır.

Mülki müdafiə tədbirlərini planlaşdırmaq və həyata keçirilməsini təşkil etmək, ha­belə icraya nəzarət məqsədilə Respublika Nazirlər Kabinetində fəaliyyət göstərən Föv­qəladə Hallar Nazirliyi yaradılmış və bu nazirlik digər sahələrlə yanaşı (yanğından mü­hafizə işi, dənizdə xilasetmə və s.) mülki müdafiəyə gündəlik rəhbərlik edir.

Yerlərdə mülki müdafiəyə bilavasitə aşağıdakılar rəhbərlik edirlər:

  • Naxçıvan Muxtar Respublikasında – Muxtar Respublikanın Baş Naziri;
  • şəhərlərdə, rayonlarda, kənd və qəsəbələrdə-müvafiq icra hakimiyyəti başçıları və onların nümayəndələri;
  • təsərrüfat birliklərində və obyektlərdə – onların rəhbərləri və sahibkarları.

Mülki müdafiənin vəziyyəti üçün həmin şəxslər tam məsuliyyət daşıyırlar və bu onların vəzifə borcuna daxildir.  Onlar rəhbərliyi qərargah, xidmətlər və başqa döv­lət orqanları vasitəsilə yerinə yetirirlər.

Mülki  müdafiə  tədbirlərini planlaşdırmaq, həmin plandan irəli gələn vəzifələrin yerinə yetirilməsini təşkil etmək və onların icrasına nəzarət üçün yerlərdə mülki mü­da­fiə qərargahları yaradılır. Mülki müdafiə sistemində təsərrüfat obyektləri (mü­əs­si­sə­lər) mühüm  yer tutur. Təsərrüfat obyektləri (müəssisələr)  mülki müdafiənin təş­ki­lin­də vacib rola malikdir və əsas mərhələdir.

Bütün  mülki müdafiə tədbirlərinin bünövrəsi məhz burada qoyulur. Obyekt dedikdə  idarə, müəssisə, təhsil müəssisəsi və digər müəssisələr nəzərdə tutulur.

Obyektdə (məktəblərdə, universitetlərdə) mülki müdafiənin təşkil edilməsi və vəziyyəti üçün bu obyektin rəhbəri (direktor, rektor)  məsuliyyət daşıyır. Mülki mü­da­fiə tədbirlərinin yerinə yetirilməsi barədə müəssisə rəhbərinin əmr və  sərəncam­la­rı­nı obyektin bütün vəzifəli şəxsləri hökmən icra etməlidirlər.

Obyektlərdə mülki müdafiə – fəhlə, qulluqçu, gəncləri, tələbələri (şagirdləri) qa­baqcadan müasir qırğın vasitələrindən mühafizəyə hazırlamaq, obyektin fövqəladə hal­larda sabit işləməsi üçün şərait yaratmaq və vaxtında xilasetmə və digər tə­xi­rə­sa­lın­maz işlər (X və DTİ) görmək, təbii fəlakət və istehsalat qəzalarının nəticələrini ləğv  etmək üçün yaradılır.

Obyektin rəhbərinə mülki müdafiə üzrə kömək göstərmək məqsədilə onun müavinləri  (köçürmə, mühəndis  texniki hissəsi, maddi-texniki təchizat, qərargah üz­rə və s.) olur.

Obyektin mülki  müdafiə  rəhbərliyinin yanında mülki müdafiə Qərargahı ya­ra­dı­lır; Qərargah mülki müdafiənin idarəetmə orqanı olub, obyektdə mülki müdafiə mə­sələləri üzrə bütün əməli fəaliyyətin təşkilatçısıdır.  Qərargah,  mülki müdafiə üzrə ştat­lı  işçilərdən və öz əsas işindən ayrılmayan vəzifəli şəxslərdən təşkil edilir.

 MM qərargahlarının ümumi vəzifələri və onların təşkili quruluşu

 Azərbaycan Respublikası MM sistemi qarşısında bir sıra vəzifələr durur. Bu vəzifələri həyata keçirmək üçün, Nazirliklərdə, Komitələrdə, Baş idarələrdə, təsərrüfat obyektlərində, tədris müəssələrində və s. MM qərargahları yaradılır. Bütün tədbirlərin vaxtında və dəqiq həyata keçirilməsində MM qərargahının rolu böyükdür. MM qərarğahları Mülki Müdafiənin əsas İdarəetmə orqanı olub, MM-ə üzrə əsas tədbirlərin hazırlanmasını planlaşdırır.

Qərargahlar həmçinin nəqliyyat təminatı, yol-körpü, yanğından mühafizə, hidrometeoroloji, texniki və maddi təminatı, habelə inzibati təsərrüfat və komendant xidmətini, gizli idarəetmə işlərini və s. təşkil edir.

MM qərargahları aşağıdakı kimi təşkil edilir:

  • Azərbaycan Respublikası Fovqəladə Hallar Nazirliyinin tərkibində Mülki Müdafiə qoşunlarının komandanlığı, onun Mülki Müdafiənin təşkili Baş idarəsi və onun qoşun hissələri (2006-cı il 29 dekabr tarixli, 511 nömrəli qərarla FHN-nin sərəncamına keçmişdir);
  • Şəhər (rayon) İcra Hakimiyyəti başçısının aparatı nəzdində şəhərin (rayonun) MM qərargahı;
  • Yerlərdə – idarənin müvafiq şöbəsi (bölməsi, xidməti, qrupu) hüququna malik MM qərargahları;
  • Nazirliyin (dövlət komitəsinin, baş idarənin) – MM qərargahı;
  • Birliyin (idarənin, təşkilatın, müəssisənin, digər təsərrüfat obyektinin) nəzdində MM qərargahı yaradılır.

Regional  şöbələr  bilavasitə MM işinin təşkili baş idarəsinin rəisinə tabedirlər və bütün inzibati rayonları  əhatə edən müvafiq rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir,  Şirvan, Agdam, Cəbrayıl, Şamaxı, Lənkəran) Mülki Müdafiə orqanlarının fəaliyyətini əlaqələndirir və ona nəzarət edirlər. (Bütün regional mərkəzlərdə 9 qoşun növü (alay, tabor) yerləşir. Bakıda 3 alay yerləşir).

Fövqəladə hadisələr dövrlərində Mülki Müdafiə üzrə müxtəlif və vacib vəzifələri qısa müddətdə və mütəşəkkil surətdə yerinə yetirmək üçün onların icrasını əvvəlcədən planlaşdırmaq tələb olunur.

Mülki müdafiə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi fövqəladə hadisələr dövründə obyektdə MM vəzifələrinin yerinə yetirilməsi üçün görüləcək işlərin həcmi, ardıcıllığı və icra müddətləri müəyyən edilən sənədlərə deyilir. Bu plan  fövqəladə hadisələr zamanı qarşıya çıxan vəzifələri yerinə yetirmək üçün fəaliyyət planıdır, yəni belə hallarda mülki müdafiənin idarə edilməsi üçün əsas sənəddir.

Hazırda MM sistemində, o cümlədən itehsalat və sosial təyinatlı obyektlərin əksəriyyətində Mülki Müdafiə planları tərtib edilir.

Fövqəladə hadisələr dövrü üçün istehsal və sosial MM planı hər il yanvar ayınin 1-nə MM qərargahının rəisi tərəfindən dəqiqləşdirilir və bu barədə plandakı duzəliş vərəqəsində qeydlər edilir.

MM qərargahının əsas vəzifələri

  • rayonun mülki müdafiə planını işləyib ha­zır­lamaq və onun yerinə yetirilməsini təşkil etmək;
  • əhalini, xalq təsərrüfatı is­teh­sa­lı­nı qorumaq və zərər çəkmiş şəhərlərə yardım göstərmək üçün mülki müdafiənin dö­yüş hazırlığını daim təmin etmək;
  • əhaliyə mülki müdafiə siqnalları vasitəsilə xəbər ver­mək və dəstələrin, xidmətlərin arasıkəsilmədən idarə olunmasını təmin etmək;
  • kəş­fiyyatı təşkil etmək və ona müntəzəm rəhbərlik etmək;
  • əhalinin və xalq tə­sər­rü­fa­tı istehsalı obyektlərinin nüvə, kimyəvi, bakterioloji və adi silahlardan, sülh ma­hiy­yətli FH-dan mühafizəsinə dair tədbirləri işləyib hazırlamaq və həyata keçirmək;
  • mül­ki müdafiə xidmətləri və dəstələri şəxsi heyətinin hazırlığını təşkil etmək və onun keçirilməsinə nəzarət etmək;
  • rayonun ərazisində yerləşən obyektlərin mülki mü­dafiə hazırlığına nəzarət etməkdir.

Mülki müdafiə dəstələri (qüvvələri).  Mülki müdafiə xidmətlərinin, qüvvələrinin vəzifələri

 Mülki müdafiə qüvvələri – fövqəladə halların nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsi və başqa vəzifələri icra etmək üçün yaradılır.

Mülki müdafiə qüvvələri mülki müdafiənin qoşun hissələrindən, ştatlı qəza-xi­lasetmə dəstələrindən, hərbiləşməmiş mülki müdafiə dəstələrindən, həmçinin na­zirliklərin, baş idarələrin və icra hakimiyyəti başçılarının tabeliyində qalmaqla təsərrüfat obyektlərinin bazasında yaradılan və mülki müdafiənin xüsusi tapşırıqlarının yerinə yetirilməsinə cəlb olunan müxtəlif təyinatlı qüvvələrdən, müxtəlif dəs­tələrdən, təşkilatlardan və idarələrdən ibarətdir.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları (2006-cı il 29 dekabr tarixli, 511 nömrəli Fərmanı ilə) mülki müdafiə tədbirlərini yerinə yetirən, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması ilə bağlı çevik reaksiya verilməsini, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin görülməsini təmin edən qurumdur.

Mülki müdafiə qüvvələrinin əsasını – hərbiləşdirilməmiş dəstələr təşkil edir. Hərbiləşdirilməmiş dəstələr – xüsusi texnika və avadanlıqla təchiz edilmiş, zədələnmə ocaqlarında xilasetmə və digər təxirəsalınmaz tədbirləri yerinə yetirmək üçün öyrədilmiş insanlardan ştata uyğun olaraq qruplaşdırılır (dəstə, komanda, briqada, drujina, manqa, məntəqə).

Bunlar sülh və müharibə dövrlərinin ehtimal olunan fövqəladə halların nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsinə cəlb olunan mülki müdafiə qüvvələrinin sayca ən böyüyüdür.

Mülki müdafiə dəstələri (qüvvələri) hələ, sülh dövründə ayrı-ayrı təsərrüfat obyektlərində yaradılır.  Dəstələr adamlarla, əsyalarla, texnika və  nəqliyyat vasitələrilə, habelə, təchizat normasına uyğun, digər avadanlıqlarla idarə və təşkilatların daxili imkanları hesabına təchiz olunurlar.

Hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinə Azərbaycan Respublikasının vətəndaşı olan, 18 yaşından 62 yaşadək kişilər, 18 yaşından 57 yaşadək qadınlar cəlb edilirlər.

Birinci və ikinci qrup əlillər, hamilə və 8 yaşınadək uşağı olan qadınlar, həmçinin 3 yaşadək uşağı olan orta və ali tibb təhsilli qadınlar dəstələrə cəlb olunmurlar.

Mülki müdafiənin xidmətləri yerli şəraiti, həll edilən məsələlərin həcm və xü­susiyyətlərini, xidmət yaratmaq üçün lazımi maddi bazanın, qüvvə və va­si­tə­lə­rin olmasını nəzərə almaqla müvafiq icra hakimiyyəti başçılarının qərarı və ob­yekt rəhbərlərinin əmrləri ilə yaradılır.

Mülki müdafiənin əsas xidmətləri bun­lar­dır:

  • rabitə və xəbərdarlıq;
  • tibbi;
  • yanğından mühafizə;
  • ictimai asayişi mühafizə;
  • sı­ğı­nacaq və daldalanacaqlar;
  • mühəndis; avtomobil nəqliyyatı;
  • maddi-texniki təc­hi­zat;
  • ticarət və energetika;
  • xüsusi riskli xilasetmə xidməti;
  • kimya və radiasiyadan mühafizə və s.

Mülki müdafiə dəstələri tabeliyinə və məqsədinə görə aşağıdakı növlərə bölünür:

1.Tabeliyinə görə – ərazi dəstələri və obyekt mülki müdafiə dəstələrinə bölünürlər.

2.Yerinə yetirdikləri vəzifələrə görə – obyektlərdə ümumi məqsədli mülki müdafiə dəstələri, xidmət dəstələri (xüsusi məqsədli dəstələr), kimyəvi təhlükəli obyektlərdə isə ixtisaslaşdırılmış dəstələr yaradılır.

Ümumi məqsədli MM dəstələri – zədələmə ocaqlarında xilasetmə işləri aparmaq, təbii fəlakətlərin və istehsalat qəzalarının nəticələrini aradan qaldırmaq üçün nəzərdə tutulur. Yığma komandalar (qruplar), xilasetmə dəstələri (komandaları, qrupları),  yığma mexanizasiya dəstələri (komandaları) ümumi məqsədli dəstələr sayılır.

Mülki müdafiə xidmət (xüsusi təyinatlı) dəstələrinə – kəşfiyyat, tibbi yardım, yanğınsöndürmə, rabitə, dozimetrik və kimyəvi nəzarət və s. dəstələr aiddir.

Yüksək təhlükəli obyektlərdə (AES, kimyəvi maddələrdən istifadə edən və s.) – ixtisaslaşdırılmış dəstələr yaradılır.

Hazırlıq dərəcəsinə görə hərbiləşməmiş dəs­tə­lə­rin bir hissəsi yüksək hazırlıqla saxlanılır (6-8 saat), qalan dəstələr isə gündəlik ha­zır­lıqda olurlar (24 saat).

Mövcud qanunvericiliyin  icrası ilə əlaqədar, şəhər, rayon, qəsəbələrdə, habelə, təyinatından və mülkiyyət formasından asılı olmayaraq, adətən, sülh və müharibə  dövrlərinin ehtimal olunan fövqəladə hadisələrinin nətiticələrini aradan qaldırmaq və digər təxirəsalınmaz işləri görmək üçün, aşağıda adları qeyd olunan MM dəstələri yaradılır:

  • MM xilasetmə dəstələri (komandaları, qrupları);
  • MM kəşfiyyat qrupları (manqaları);
  • Radiasiya, kimyəvi müşahidə postları;
  • MM rabitə komandaları;
  • MM sanitar drujinası (dəstələri);
  • MM yanğınsöndürmə komandaları (manqaları);
  • MM içtimai asayişin mühafizə komandası (manqaları);
  • Kənd təsərrüfatı heyvanlarını və bitkiləri mühafizə komandaları (qrupları) və s.

Kənd yerlərindəki müalicə – profilaktika, rayon və şəhərlərin tibb müəssisələrinin bazasında:

  • ilk tibbi yardım dəstələri;
  • ixtisaslaşdırılmış təcili tibbi yardım dəstələri (briqadaları);

Şəhər, rayon Gigiyena və Epidemiologiya, Sanitar İnspektorluğu Mərkəzlərinin bazasında isə:

  • epidemiya əleyhinə dəstələr;
  • epidemioloji kəşfiyyat qrupları, həmçinin, digər mühüm əhəmiyyətli istiqamətlər üzrə, o cümlədən də, bütün növ nəqliyyat-kommunikasiya xətləri üzrə, MM qüvvələri yaradılır.

MM dəstələri istehsalat prinsipi əsasında, tam komplektləşdirilərək, təlimə cəlb edilirlər.

Xilasetmə dəstəsi (komandası, qrupu) – 2 və daha çox komandadan (qrupdan, manqadan) ibarət olub, obyektin əsas mülki müdafiə dəstəsi sayılır. Xilasetmə dəstəsinin şəxsi heyəti zədələnmiş adamları axtarmaq, ucqunlar altından, dağıdılmış  sığınacaq və binarardan çixarmaq,  həkimə qədər (ilk tibbi yardım) yardım göstərmək, habelə, onları zədələnmə ocağından təxliyyə etmək üçün nəzərdə tutulur.

Xilasetmə dəstəsi (komandası, qrupu) bir iş növbəsi (8-10 saat) ərzində, aşağıdakı işlərdən birini görə bilər:

  • zədələnmiş 1700-2000 (800-1000, 200-350) nəfəri zədələnmə ocağından çıxarıb 250-350 m məsafəyə daşımaq;
  • qismən dağılmış xəndək və ya qazma tipli 60-120 daldalanacağın üstünü açıb sökmək;
  • 18-36 sığınacaq və zirzəminin üstünü açıb sökmək.

Həmin işləri yerinə yetirmək üçün, dəstə (komanda), adətən, mühəndis texnikası, o cümlədən də, kənd təsərrüfatı texnikası, habelə xüsusi məqsədli dəstələr və avadanlıqlarla gücləndirilir.

Kəşfiyyai qrupu – 3-5 manqadan ibarət olur.

Kəşfiyat qrupu – adamların, texnikanın, əmlakın, ərzağın, alafin və suyun zəhərlənməsinə və ya səviyyəsinə nəzarət etmək, o cümlədəndə, digər işlərədə cəlb oluna bilər.

Zərərsizləşdirmə komandası– 2 və daha çox qrupdan (manqadan) ibarət olub, ərazini, tikintiləri və texnikanı zərərsizləşdirmək üçün nəzərdə tutulur.

Sanitar drujinası (dəstəsi) – 4-5 sanitar manqasından (drujinasından) ibarət olub, kütləvi zədələnmə ocağında zərər çəkmiş adamlara ilk tibbi yardım göstərmək üçün, nəzərdə tutulur.

Dəstə (drujina) bir iş növbəsində (10 saat ərzində):

  • Axtarışsız və daşınmasız 2000 – 2500 nəfərədək zədə almışa ilk tibbi yardım göstərə bilər.

Mülki  müdafiə  ərazi-istehsalat prinsipi üzrə  təşkil edilir. Bu, o deməkdir ki, mül­ki müdafiənin bütün tədbirləri həm icra hakimiyyəti xətti üzrə, həm də istehsalat və  təsərrüfat  fəaliyyətinə  rəhbərlik edən nazirlik və  idarələr xətti üzrə planlaşdırılır və  yerinə yetirilir.

Yüklə