• en
  • ru

Kəskin zəhərlənmələr

Azərbaycanda zəhərli ilanlardan ən geniş yayılanı gürzə hesab olunur. Zəhərlənmə sürətlə, demək olar ki, sancmadan dərhal sonra inkişaf edir. Bu zaman zərərçəkənin yaşı, iqlim və s. faktorlar da əhəmiyyət kəsb edir. İlan sancması tarlada işləyərkən və ya təsadüfü ilan ayaqlanmasından baş verə bilər. İlanlar adi halda insanlara hücum etməz və onları sancmağa qalxmaz. Qorxduqları halda və ya ayaqlandıqda, tutulmaq istədikdə özlərini müdafiə etmək üçün insanı sancırlar. İlanlar adətən insanlara qarşı ilk olaraq aqresivlik göstərmirlər. Bir çox hallarda ilan insana özünü qorumaq məqsədi ilə hücum edir. İlan sancması ağır fəsadlardan ta ölümə qədər insanı yaxalaya bilər. İlanlar zəhərinin təsirinə görə fərqlənirlər. Ən təsirli, ölümcül zəhərə görə Kobralar öndə durur. Qafqazda ən geniş yayılan Gürzə və Əfi ilan ən zəhərli ilanlar hesab olunur. Gürzə ilanından sonra daha təhlükəli ilan əfi ilandır.
Yarada diş izi buraxır. Zəhərli ilanlar qısa, quyruqları yumru və başları üçbucaq şəklində olanlardır. Üzərlərindəki pullar daha kiçik və daha çoxdur. Çox parlaq və canlı rənglərdə olurlar. Dişləmə zamanı qan laxtalaması müddəti artır, həddindən artıq qan itkisi olur. Yanma hissi və ağrı olur. Sinir sisteminə və ürəyə təsir edir. İlan sancması zamanı kəskin ağrı, yuxuluq, hətta qıcolma baş verir. Ağrı bütün bədən boyu yayılaraq bədəni iflic edir. Sancma zamanı ilanın görünüşünü yadda saxlamaq lazımdır (sonradan serum vurularkən onun növünü dəqiq bilmək üçün).
İlan sancmasında toxumaların ödemi (şişməsi) və dişlənən yerdə bərk ağrı, limfaangit və limfaadenit, sonra ümumi intoksikasiya (orqanizmin zəhərlənməsi) əlamətləri – başağrısı, hərarətin artması, zəiflik, özündəngetmə halları müşahidə olunur.
Zəhər orqanizmə yeridikcə zəhərlənmə əlamətləri tədricən inkişaf edir:
• İlan çalma yerində güclü ağrı, qızartı, göyərmə və şişkinlik;
• Baş gicəllənmə, baş ağrısı;
• Nəbzin artması;
• Təngnəfəslik;
• Ümumi zəiflik, yuxululuq;
• Ürəkbulanma, qusma;
• Üşütmə, soyuq tər.
• İlan sancmaları üçün xarakterik əlamət 1-2 qanayan nöqtədən ibarət olan yara və güclü ağrının olmasıdır.
“Təcili yardım” gələnə qədər:
• Zərərçəkəni təcili halda, ayaqları bir qədər yuxarı olmaqla uzadın və tam sakitlik təmin edin. Zərərçəkən heç bir halda hərəkət etməməlidir. “Təcili yardım” maşınına qədər onu xərəkdə aparmaq lazımdır!
• İmkan olduqda sancmadan sonrakı ilk 10 dəqiqə ərzində yaradan zəhəri sıxıb çıxarmağa çalışmaq lazımdır. Bunun üçün yara sahəsində dərini elə sıxın ki, oradan bir neçə damcı maye çıxsın.
• Sonra yaranı təmiz su ilə yuyub, yod və ya “zelyonka” ilə dezinfeksiya edin və üzərinə steril sarğı qoyun. Ətraf şişdikdə, sarğını bir qədər boşaltmaq lazımdır.
• Zədələnmiş ətrafı (ayağı və ya qolu) hərəkətsiz vəziyyətdə fiksə etmək lazımdır. Sınıqlarda olduğu kimi, ətrafa şin qoyulur və ya zədələnmiş ətraf sağlam ətrafa bağlanır. Bu yolla zəhərin orqanizmə yayılma sürəti azalır.
• Sarğının üzərinə, zəhərin sorulma sürətini azaltmaq üçün, paketə qoyulmuş buz və ya soyuq kompres qoymaq lazımdır.
• Zərərçəkənə çox miqdarda maye (çay, su), antihistamin və ağrıkəsici dərmanlar verin.
Əgər xəstənin vəziyyəti çox ağır deyilsə, onu təcili olaraq maşında xəstəxanaya çatdırmaq lazımdır. Lakin bir çox ağır hallarda xəstənin xəstəxanaya müstəqil surətdə aparılması xeyli təhlükəli ola bilər! Yaxşısı budur ki, zərərçəkəni xəstəxanaya “təcili yardım” briqadası çatdırsın! Xəstəxanada zərərçəkənə xüsusi zərdab vurulacaq və s.
Zəhərin uzun müddət ərzində təsir etməsi və vaxtında düzgün tibbi yardımın göstərilmədiyi təqdirdə zərərçəkəndə əvvəlcə həyacanlılıq, daha sonra isə əzginlik, dərinin avazıması, nəbzin sürətlənməsi, başgicəllənmə, kəskin zəiflik, arterial təzyiqin enməsi, huşun itirilməsi, tənəffüsün və ürək döyünməsinin dayanması ilə müşayət olunan şok başlaya bilər. İlan sancması zamanı heç bir halda yaranı yandırmaq (isti bir şeylə və s.), bu yerdə dərini kəsmək, jqut qoymaq, zərərçəkənə alkoqol içkiləri vermək olmaz!
İLAN SANCMASI ZAMANI İLK TİBBİ YARDIM
Zərərçəkənin taleyi çox vaxt düzgün və vaxtında göstərilən yardımdan asılıdır. Xəstə arxası üstə uzadılır. Maksimum çalışmaq lazımdır ki, ilan sancan nahiyə tərpənməsin, çünki zəhər yayıla bilər. Zəhəri sorub çıxarmaq yaxşı fikir deyil, çunki ağızdan zəhər qana keçə bilər. Amma başqa heç bir çıxış yolu yoxdursa, ilan sancmasından dərhal sonra 10-15 dəqiqə müddətində bunu etmək olar. Əgər yaradan qan gəlirsə, qanın öz axarı ilə yaradan axıb yerə tökülməsini gözləmək lazımdır. Bundan sonra parçanı duzlu su ilə isladıb yaraya qoyulmalıdır. Duzlu su yaradakı zəhərin sovrulmasına kömək edir. İnfeksiyanın yaraya keçməməsi üçün yaranın ətrafına yod da çəkmək olar. İlanvə ya əqrəb sancan şəxsə çoxlu maye: su, süd, ayran, çay, kofe və s. içirtmək lazımdır. Bu yolla xəstənin qan təzyiqinin düşməsinin qarşısı alınır. Bütün aparılan tədbirlər aşağıda verilən ardıcıllıqla həyata keçirilməlidir: zərərçəkənin sakitləşdirilməsi, yaranın işlənməsi, immobilizasiya, təxliyə.
Zərərçəkənin sakitləşdirilməsi. Zədələnmiş şəxsi uzadaraq, ona rahat şərait yaradın və zəhərin yayılma sürətini zəiflətmək məqsədi ilə hərəkətsiz qalmağın vacibliyini başa salın.
Yaranın işlənməsi. Zəhərin sorulması əməliyyatını yaraya tibbi banka qoymaq ilə həyata keçirmək mümkündür: İlk saniyələrdə yara sahəsini qalın büküş şəklində elə sıxın ki, yaradan zəhərin ilk damcısı xaric olsun; Tibbi bankanın içində kibriti yandırıb yaranın üzərinə elə basın ki, dişlək yeri bankanın mərkəzində qalsın. Bu tədbir zəhərin bir hissəsini sorub çıxarır. Bankanı 15 dəqiqə saxlayın; Zəhər sorulduqdan sonra yaranı tənzif salfetlə təmizləyib sarğı qoyun;
Tibbi banka olmadıqda:
• Zəhərin ilk damcısının xaric olması üçün yara sahəsini qalın büküş şəklində sıxın;
• Yara yerini yod və ya brilliant yaşılı məhlulunda isladılmış tənziflə təmizləyin;
• Daha sonra yeni steril salfeti leykoplastırla ətrafa fiksə edin;
• Zərərçəkənə çox miqdarda maye (çay, su) verin;
• Dişlək yerindən yuxarı sıxıcı əşyaları (qol saatı, üzük və s.) kənar edin. Sıx geyimləri boşaldın.
Bu tədbirlərdən sonra sancılmış yerə soyuq şey qoyulur, daxilə, əgər varsa, Dimedrol (0.05 qr) verilir. Sonra xəstə təcili xəstəxanaya (daha yaxşı olar ki, toksikologiya şöbəsinə) çatdırılmalıdır. Burada ona həmin ilanın zəhərinə qarşı serum vurulur və başqa tədbirlər həyata keçırılır.
Sancma zamanı sonradan serum vurularkən onun növünü dəqiq bilmək üçün ilanın görünüşünü yadda saxlamaq lazımdır.
İmmobilizasiya
İmmobilizasiya (ətrafın tam hərəkətsizləşdirilməsi) zəhərin bədənə yayılma sürətini zəiflədir və şinlər, yaxud əlaltı vasitələrlə (taxta parçası, qalın ədyal və s.) aparılır.
• Zərərçəkənə mütləq üfüqi vəziyyət verin. Zərərçəkən heç bir halda hərəkət etməməlidir.
• Zədələnmiş ətrafa şin qoymaqla hərəkətsizləşdirin və ya zədələnmiş ətrafı sağlam ətrafa bağlayın;
• “Təcili tibbi yardım” maşınına qədər onu xərəkdə aparmaq lazımdır!
Təxliyə
• Təcili tibbi yardım briqadasını çağırmaq mümkün olmadığı təqdirdə zərərçəkəni vaxt itirmədən, uzanmış vəziyyətdə ilan zəhərinə qarşı zərdab olan tibb müəssisəsinə çatdırın;
• Təxliyə zamanı zərərçəkənə orqanizmin zəhərlənməsini azaltmaq məqsədi ilə maye içirdilməsi vacibdir.
Zərdab vurulana qədər aşağıdakıları həyata keçirmək əks göstərişdir:
• Turnadan istifadə etmək;
• Hərəkət etmək;
• Qida, alkoqol içkilər, kofe, rəngli sərinləşdirici içkilər qəbul etmək;
• Yaranı yandırmaq, kəsmək və deşmək;
• İsidicilərdən istifadə etmək;
• Dərman qəbul etmək;
• Qoyulmuş sarğıları çıxartmaq.
Əgər zərərçəkəndə ilan dişlərinin izi görünürsə, lakin zəhərlənməyə xas əlamətlər yoxdursa, zərərçəkən yenə də hospitalizasiya edilməlidir.
Ehtiyat tədbirləri.
• Təhlükəli sahələrdə (meşə, çöllük, daş karxanası və s.), xüsusi ilə gecələr ehtiyatlı olmalı;
• Rezin materialdan hazırlanmış uzunboğaz çəkmələrdən istifadə etməli, bədənə yapışmayan köynək və şalvar geyinməli;
• Uzun çubuqla təhlükəli yerlər yoxlanılmalıdır.
————————————————————————————
Əqrəb sancması:

Zəhərin gücü əqrəbin quyruğundaki boğuq sayı ilə düz mütənasibdir. Zəhər sinir sisteminə və ürəyə təsir edir. Ağız suyu ifrazatı artır. Sancılan bölgədə ağrı, yanma və keylik olur. Əqrəb sancan adama spirt verilməməli və yara bağlanmamalıdır.
Əqrəblər, iqlimi quru olan ərazilərdə geniş yayılmışdır. Onlar sərin və nəm olan yerlərdə məskunlaşır (məsələn, daşların altı, zibillik, ağac qabığı və s). Onlar ən çox axşam tərəfi və gecə daha fəal olur. Əqrəb sancması zamanı aşağıdakı əlamətlər özünü büruzə verir:
• Sancma nahiyəsində iz;
• Ağrı;
• Sancılmış yerin suluqlaması, şişməsi;
• Ürəkbulanma və qusma;
• Çətin nəfəsalma və ya udqunma;
• Çox tərləmə və ağızdan selik axma;
• Əzələ qıcolması və ya qarında ağrı.
Əqrəb sancması baş vermişsə, dərhal həkim çağırmaq lazımdır. Həkim gələnə qədər yaranı yuyub, üzərinə soyuq kompres qoyulmalıdır. Burada ilk şərt həkimə çatdırana qədər əqrəbb sancmış nahiyəni tərpətməmək, həmçinin xəstəni hərəkət etməməyə qoymamaqdır. Digər tərəfdən, yaranın yuxarı hissəsini dəsmalla baglamaq və yaraya dəsmala bağlanmış buz parçası qoymaq lazımdır. Belə etdikdə, buz orqanizmə zəhərin daxil olması prosesini ləngidir. Əgər tənəffüs çatışmazlığı baş verərsə, xəstəyə süni tənəffüs verilməlidir.
Arı sancması
Bir qayda olaraq yayın ilk günlərindən bal və çöl arılarının akvivləşmə dövrü başlayır. Bu həşaratların sancması zamanı kəskin ağrı, ödem və güclü allergiya əmələ gəlir və vaxtında köməklik göstərilməsə ölüm də müşahidə oluna bilir. Arı sancması zamanı arının qarnının qutaracağında neştər vasitəsilə yaraya zəhər yeridilir. Bal arıları adətənn neştəri yarada saxlayır. Çöl arıları bir qayda olaraq sancdıqda neştəri qoruya bilirlər. Sancma zamanı qısa müddətli ağrı və yanma, sonra isə ödem və allergiya baş verir. Birinci növbədə tikanı çıxarmaq, sonra isə yaraya soyuq əşya qoymaq lazımdır. Xəstəyə çoxlu maye içirtmək lazımdır. (Spirtli içki olmaz). Arı sancması zamanı allergiya 2% insanlarda təsadüf edilir. İlk sancmada allergiyanın olub-olmamasını ödemin həcminə əsasən bilmək olar. Allergiya zamanı dərhal həkimə müraciət etmək lazımdır. Anaflaktik reaksiya olduqda səpmə bütün bədənn boyu yayılır və baş ağrısı, ürək döyüntüsü, üzdə ödem, şişmə, temperatur, qusma halı baş verir. Təcili yardım gələlnə qədər histamine əleyhinə (Suprastin, dimedrol) 1-2 həb vermək, ürək çatışmazlığı və boğulma olsa qapalı ürək masajı etmək lazımdır. “Kvinke” ödemi (dəri, dərialtı toxuma və selikli membranların məhdud qəfil şişkinliyi) olarsa dəri altına histamin əleyhinə (Dimedrol, Suprastin) yeritmək lazımdır. Risk qrupuna 12 yaşdn yuxarı şəxslər və qadınlar daxildir. Arı sancması kütləvi (3-20) olarsa daha təhlükəli vəziyyət yarana bilər.
İlk yardım. Arının iynəsinin steril bir iynə ilə çıxarılması lazımdır. İynə çıxarıldıqdan sonra buz tətbiq edilə bilər. Həşarat sancan zamanı ilk yardım göstərmək üçün iynənin sancılan yerdə olub-olmadığını yoxlamaq lazımdır. Əgər iynə varsa, zəhərlənmənin inkişafının qarşısını almaq üçün iynəni dırnaqla dəridən çıxarmaq lazımdır. Çox zaman zəhər kisəciyi iynəyə birləşmiş olur. Ona görə də iynəni sıxmaqla çıxartmaq olmaz. Çünki, zəhər kisəciyinin yırtılması zəhərlənmənin sürətli inkişafına səbəb olur. Sonra zədələnən yeri sabunla yuyub təmiz qalması üçün sarınır. Ağrı və şişməni azaltmaq üçün soyuq kompres qoyulur. Periodik olaraq allergik reaksiyaların olub-olmaması yoxlanılır. Arı sancan nahiyəyə isə palçıq və ya qatıq sürtmək səhvdir. Əslində bu üsul yaraya mikrob sala bilər. Yaxşı olar ki, parçanı qida sodasının əridildiyi suda isladıb, həmin nahiyəyə kompres qoyulsun. Əgər arı ağzın içindən sancıbsa , dərhal buz qoyulmalı və xəstə şiş, tənəffüs yolunda tıxanma yaranmamış təcili xəstəxanaya çatdırılmalıdır.

Böcək sancmaları
Xüsusilə bahar və yaz aylarında torpaqda çalışan işçilər ya da gəzinti edən kəslər böcək sacmalari ilə qarşılaşır. Hətta bəzən evimizin balkonunda oturarkən ya da yolda gedərkən belə böcək dişləməsi ilə üz-üzə gələ bilərik. Bu səbəblə nə etməmiz lazım olduğunu bilməliyik. İlk etməmiz lazım olan sakit olmaq və çaxnaşma etməməkdir. Əgər çox böyük bir allergiyanız yoxdursa böcək sancması çoxda təhlükəli bir hadisə deyil.
Həşərat sancmalarının allergik əlamətləri:
Həşərat sancan bölgədə şişmə, qızartı, qaşıntı, kolik şəklində qarın ağrısı, qusma, sinədə sıxılma hissi, nəfəs almada çətinlik, halsızlıq, xırıltılı tənəffüs, dildə şişmə ola bilər. Bu əlamətlər, ciddi allergik reaksiya olduğunu göstərir. Nəbzin sayılmasının çətinləşməsi və qan təzyiqinin düşməsi, şüur bulanıqlığı və ürək dayanması həyatı təhdid edən əlamətlərdəndir.
Həşərat sacmalarinda ilk yardım
Hörümçək sancısı:
Zəhərli hörümçəklər qum saatı şəklində kiçik və qara olurlar. Ayrıca başlarında qırmızı xal olar. Sancdıqlarında sinir sisteminə təsir edər. Qarın hissəsində ağrılar olur. Yaraya əl vurulmamalıdır. Yaranın üstün parça bağlanmalıdır və buz tətbiq olunmalıdır.
Gənə yapışması: Üzərinə yağ damladılaraq, bir maqqaşla saat istiqamətinin tərsinə çevrilir.
Zəli yapışması: Sulu çirkli qanı əmdiklərindən faydalıdırlar. Siqaret və ya hər hansı bir istilik mənbəyi ilə uzaklaşdırılırlar.
Böcək Sancmaları müalicəsi
Lokal reaksiya- Böcəyin sancdığı yerdə kiçik bir şişlik varsa buzla kompres etmək, sabunlu suyla yumaq kifayətdir.

17