Əhalinin daldalanmasının təşkili
Sığınacaqlarda əhalinin yerləşdirilməsi
Mövzunu hazırladılar: biologiya üzrə fəlsəfə doktoru, dosent Zamanova Sevda Xasay q.
baş müəllim Məmmədova Nahidə Məcid q.
Mülki Müdafiə və Tibbi biliklərin əsasları, Bədən tərbiyəsi kafedrası. ADU
Mülkü müdafiənin əsas üsullarından biri mühafizə qurğularından istifadə edilməsidir.
Sülh və müharibə dövrlərində baş vermiş fövqəladə hadisələr zamanı əhalinin sığınacaqlarda yerləşdirilməsi xüsusən böyük şəhərlərdə əhalinin evakuasiya edilməsi mümkün olmadıqda çox böyük əhəmiyyətə malikdir. Təkcə müharibə dövründə deyil, sülh şəraitində də baş verən fövqəladə hadisələrdə əhalinin sağlamlığı və həyatının qorunmasında mülki müdafiənin sığınacaq və qurğularından istifadə olunur.
Mühafizə qurğuları fondunun daha da mükəmməlləşdirilməsi, gücləndirilməsi aşağıdakı yollarla həyata keçirilir.
• Sosial məişət obyektlərinin yerləşdirilməsi üçün şəhərin yeraltı ərazisinin istehsal, təsərrüfat məqsədi ilə və əhalinin mühafizəsi üçün istifadə edilməsi.
• Zirzəmi və digər yeraltı ərazilərdəki sığınacaqların daha da yararlı olması məqsədilə mükəmməlləşdirilməsi üçün qeydiyyata alınmalı, insanların mühafizəsi üçün metropolitenlərdən də istifadə edilməlidir.
• Təhlükəli dövrlərdə çatışmayan qurğular daha sadələri ilə əvəz edilməlidir.
Son dövrlərdə əhalinin mühafizəsi üçün mülki müdafiə vasitələrindən istifadə edilməsi qaydası yaradılmışdır. Sülh dövrlərində bunlardan təşkilatların, müəssisələrin, idarələrin ehtiyacları üçün istifadə edilir. Kimin hansı mülkiyyətində olmasından asılı olmayaraq onların balansında mülki müdafiə vasitələri varsa onları qorumalı və lazım olduğu zaman 12 saat müddətində yararlı vəziyyətə gətirməlidirlər.
Mühafizə qurğularının təsnifatı aşağıdakı xüsusiyyətlər üzrə aparılır:
• Təyinatına görə – texnika və mülkiyyətin qorunması, əhalinin mühafizəsi (sığınacaqlar, radiasiya əleyhinə sığınacaqlar və sadə sığınacaqlar)
• Konstruksiyasına görə – açıq tipli ( xəndək, boşluq), qapalı tipli (sığınacaqlar və radiasiya əleyhinə sığınacaqlar ).
Əhalinin müharibə və sülh dövründə fövqəladə hallar zamanı baş verən təhlükələrdən qorumaq üçün kollektiv mühafizə üsullarından istifadə olunur (mülki müdafiənin mühəndis qurğuları). Əhalinin müharibə və sülh dövründə ən etibarlı mühafizə vasitəsi sığınacaqlar hesab olunur.
Sığınacaqlar insanların qəzalardan, sülh şəraitində baş verən təbii fəlakətlərdən, həmçinin müharibə dövrü üçün xarakter fövqəladə hadisələrin—kütləvi qırğın silahlarının və müasir adi qırğın vasitələrinin zədələyici amillərinin təsirindən qorunmaq üçün nəzərdə tutulub. Sığınacaqlar zəhərləyici maddələrdən və bakterial vasitələrdən, yanğın zamanı alovun, yüksək hərarətin və zərərli qazların təsirindən, partlayışlar zamanı dağıntılardan mühafizə edir. Bir sözlə mühafizə qurğuları insanları FH bütün zədələyici amillərindən qoruyur.
Sığınacaqlarda həyai fəaliyyətini təmin edən qəza-xilasetmə dəstələri və əhalini mühafizə edən məntəqələr yaradılır: ərzaq, ilkin tibbi yardım, zədələnmiş insanları toplayan, isidici və s.
Sığınacaqlar sülh dövründə yaradılır və lazım olan vasitələrlə təchiz olunur.
Şəraitə uyğun olaraq sığınacaqlar binaların daxilində və kənarda quraşdırıla bilər. Daxili sığınacaqlara binaların tərkibində olan zirzəmilər, xaricdə quraşdırılanlara isə binadan kənarda quraşdırılmış sığınacaqlar aiddir.
Sığınacaqların təsnifatı
Sığınacaqlar aşağıda sadalanan xüsusiyyətlərə görə təsnif olunur:
• mühazə xüsusiyyətlərinə görə;
• yerləşdiyi əraziyə görə;
• həcminə görə;
• tikilmə tarixinə görə;
• konstruksiya materiallarına görə;
• elektrik enerjisi ilə təminatına görə;
• filtr-ventilyasiyaların quraşdırılmasına görə;
• sülh şəraitində istifadə məqsədinə görə.
Həcminə görə sığınacaqlar:
• kiçik – 150 insan yerləşən;
• orta ölçülü – 150 – 600 insan yerləşən və
• böyük həcmli – 600-dən çox insan yerləşə bilən növlərə.
150 nəfərdən az tutumu olan sığınacaqlar o halda inşa edilir ki, həm yerli şərait, həm də iqtisadi nöqteyi-nəzərdən sərfəli olsun. 1000-2000 nəfərlik tutumu olan sığınacaqlar inşa edilərkən tikintinin adambaşına maya dəyəri aşağı düşür.
Yerləşdiyi əraziyə görə:
• Tikililərdə (binanın zirzəmi və baza hissələrində)
• Metropolitendə və dağ oyuqlarında
• Kənarda yaradılanlar (bina tərkibində olmayanlar)
Tikildiyi yerinə görə::
• binanın tərkibində tikilənlər və
• binanın xaricində tikilənlər.
Binanın tərkibində tikilənlərə zirzəmiləri, dağ şaxtalarını aid etmək olar.
Tikilmə vaxtına görə:
• sülh dövründə əvvəlcədən tikilənlər və
• boş meydançalarda yaradılan tez tikilən sığınacaqlar.
Tikilmə materiallarına görə:
• meşə materiallarından tikilənlər,
• daş divarlılar,
• dəmir-betonlu (dəmir – betonlular tikiliş növünə görə bir neçə növə bölünür: dəmir – monolit, monolit və dəmir. Geniş yayılan dəmir – monolitlilərdir) və
• parçadan tikilənlər.
Enerji təminatına görə:
• şəhərin elektrik xəttlərilə təmin olunanlar və
• şəhərin elektrik xəttləri ilə yanaşı həm də qoruyucu mənbə ilə təmin olunan.
Filtro-ventilyasiyaların quruluşuna görə:
• sənaye istehsallı ventilyasiya qurğuları və
• sənaye istehsalına uyğunlaşdırılmış sadələşdirilmiş ventilyasiya qurğuları
Sığınacaqların hava təminatı adətən 2 rejimdə həyata keçirilir:
• təmiz vertilyasiya (1-ci rejim),
• süzücü vertilyasiya (2-ci rejim).
• Atom stansiyaları yerləşən rayonlarda, kimyəvi təhlükəli obyektlərdə, mümkün subasma və yanğın zonalarındakı sığınacaqlarda tam və ya hissəvi təcrid rejimi (3-cü rejim) tətbiq edilir.
Sülh dövründə istifadəsinə görə sığınacaqlar bir neçə məqsədlə istifadə olunur:
• istehsalat müəssisəsi kimi;
• anbar kimi;
• təmir briqaların və növbətçi personalın istifadəsi üçün,
• müalicə müəssisələrinin yardımçı məntəqəsi kimi;
• idman, qarajlar, dayanacaqlar, nəqliyyat və piyada tunelləri kimi; kollektorlar kimi.
(vstroennoe ubejihe)
Yerin altında quraşdırılmış (zirzəmi) sığınacaqlar ona görə etibarlıdır ki, onlar yerin alt qatına davamlı materiallarla tikilir, giriş və qəza çıxışı olur. Çirklənmiş havanın içəri daxil olmaması üçün sığınacaqlar hermetikləşdirilir və filtr-ventilyasiya qurğuları quraşdırılır və hava orada təmizlənir. Insanlar sığınacaqda bir neçə müddət qalırlar, hətta dağılmış sığınacaqlarda belə insanlar bir neçə sutka qala bilərlər. Yanğınlardan, kimyəvi maddələrdən sığınacaqda etibarlı mühafizə sığınacaqları əhatə edən bölgədən, sanitar-gigiyenik qaydalara əməl etməkdən və insanların sığınacaqda rahat yaşamasını təmin edəcək şəraitdən asılıdır.
Ən geniş yayılmış sığınacaqlar istehsal, ictimai və yaşayış binalarının zirzəmi və yarımzirzəmində quraşdırılmış sığınacaqlardır. Həmçinin binalardan kənarda da sığınacaqlar quraşdırılır. Belə sığınacaqlar üstdən və yanlardan torpaqla örtülür. Onlara yeraltı keçidlər və qalereyalar, metropoliten və dağ oyuqları daxildir.
Sığınacaqlar əhalinin çox yerləşdiyi yerlərdə quraşdırılmalıdır. Bütün sığınacaqlar giriş və çöl qapının yanında işarəylə bildirilir. İnsanların daldalanmasının təşkili, planlaşdırılması və təminati müvafiq Mülki müdafiə xidmətlərinə həvalə edilir. Onlar əsas planlaşdırma sənədlərini hazırlayır, sığınacaq və daladalanacaqlara gedən yolları müəyyənləşdirir və yerləşdiriləcək insanlara bu barədə məlumat veririlər. Sənədləri tərtib etməzdən əvvəl qurğuların yerləşdirilməsi və müdafiə sistemləri dəqiqləşdirilir. Qurğuların çatışmazlığında isə digər zirzəmi və yeraltı əraziləri sığınacaq kimi istifadə edirlər. Tez salınan sığınacaqların yerini dəqiqləşdirirlər, əhalinin sayına uyğun sığınacaqlar hazırlanır və insanların fəlakət və ya hər hansı bir silahdan qorunması üçün tez yerləşdirilməsi planlaşdırılır.
Müdafiə qurğularına xidmət üçün obyektdə xüsusi dəstə yaradılır. Həmin dəstənin şəxsi heyəti sığınacaqlara insanların qəbul edilməsinə, istismar qaydalarına düzgün əməl olunmasına və insanların oradan çıxarılmasına nəzarət edir.
İndiki dövrdə müasir kütləvi qırğın silahlarından insanların mühafizəsinin effektivliyi yalnız qoruyucu qurğuların birbaşa insanları qəbul etməsinə hazır olması və texniki sazlığı, mürəkkəb avadanlıqlarla təmin edilməsi ilə deyil, eyni zamanda qoruyucu qurğularda xidmət göstərən heyətin hazırlığından da asılıdır. Qoruyucu qurğuların xidməti heyəti hökmən müxtəlif ekstremal hallarda düzgün qərar qəbul etməyi bacarmalı və yaranan problemləri vaxtında, düzgun aradan qaldırmalıdır.
Sığınacaqlarda insanların yerləşdirilməsinin planlaşdırılması, təşkili və təminatı müvafiq xidmətlər tərəfindən həyata keçirilir. Onlar planlaşdırıcı sənədləri işləyib hazırlamalı, qoruyucu qurğuları sexlər, şöbələr, iqtisadi obyekt xidmətləri arasında paylaşdırmalı, sığınacaqlara giriş marşrutlarını qeyd etməli, sığınacaqlardakı qaydalarla istifadəçiləri tanış etməlidir.
Sənədlərin hazırlanmasından öncə sığınacağın tutumu və mühafizə qabiliyyəti dəqiqləşdirilməlidir. Onlar azlıq təşkil edəndə mühafizəedici xüsusiyyətə malik zirzəmilərdən və digər tikililərdən istifadə nəzərdə tutulmalıdır. Tez qurula biləcək sığınacaqların tikintisi üçün yerlər müəyyən edilməlidir. Sığınacaqlar əhalinin sayına uyğun olaraq bölüşdürülür. Bu zaman onların yaxinlıqdakı evlərdə yaşayan insanlarla dolması nəzərdə tutulur. Başlıca prinsip – sığınacaqlara daxil olmaq üçün az vaxt sərf etmək lazımdır.
Sığınacaqlarda əsas və köməkçi otaqlar olur. Əsas otaqlarda insanlar yerləşdirilir. Köməkçi otaqlara süzücü-vertilyasiya qurğuları yerləşən otaq, sanitar qovşağı, dəhlizlər, ehtiyat elektrik sistemi-dizel qurğusu otağı aiddir, böyük ölçülü sığınacaqlarda ərzaq məhsulları və tibbi məntəqələri üçün otaqlar da olur. Müasir sığınacaqlar— texniki cəhətdən mürəkkəb mühəndis qurğuları, ölçmə cihazları ilə komplektləşdirilmişdir. Sığınacaqlar sığınan insanları nüvə silahının zədələyici amillərinin təsirindən, müasir adi qırğın vasitələrinin, həmçinin, bakterial, zəhərləyici maddələrin təsirindən, güclü təsirli zəhərləyici maddələrin, nüvə enerjisi qurğularında qəzalar zamanı parçalanan radioaktiv maddələrin təsirindən və yanğınlar zamanı yanma məhsullarının və alovun təsirindən mühafizə edir.
Ayrı tikilən sığınacaq
Sığınacaqlar üçün tələblər:
Sığınacaqlar:
• İnsanları nüvə, kimyəvi və bakterial silahların zədələyici amillərindən, yanğının, təbii fəlakətlərin təhlükələrindən qorumalıdır.
• Subasmayan ərazilərdə tikilməlidir.
• Giriş və çıxış qapılarının hər ikisi eyni dərəcədə mühafizə qabiliyyətinə malik olmalıdır, onların dağıntıları zamanı isə qəza çıxışı olmalıdır.
• Çıxışlarda tez alışan və güclü tüstülənən materiallar olmamalıdır.
• Binanın hündürlüyü 2,2 metrdən az olmamalı və döşəmənin yerdən hündürlüyü 20 sm-dən az olmamalıdır.
• Filtroventilyasiya qurğuları havanı zərərli maddələrdən təmizləməlidir və sığınacaqdakı insanları normalara uyğun təmiz hava ilə təmin etməlidir.
Sülh dövründə sığınacaqları istehsal və təsərrüfat məqsədilə istifadə etdikdə onların mühafizə xüsusiyyətləri nəzərə alınmalıdır. Belə sığınacaqların fövqəladə hal rejiminə keçirilməsi üçün mümkün qədər az vaxt sərf edilməlidir.
Sığınacaqda daldalananlar müvafiq sanitar-texniki şərtlərlə təmin olunmalıdır. Bu şərtlərin əsas göstəriciləri aşağıdakılardır:
• karbon qazının miqdarı (1 – 3%)
• tempratur (23 – 31 0S)
• havanın nəmliyi (70 – 80%)
Sığınacağın daxili avadanlıqları
Sığınacaq əsas və köməkçi otaqlardan ibarətdir.
Əsas tə’yinatlı otaqlar:
• İnsanların yerləşməsi üçün otaqlar.
• Tambur.
• Şlüzlar.
Yardımçı tə’yinatlı otaqlar:
• Filtro-ventilyasiya otaqları.
• Sanitariya qovşağı .
• Giriş və çıxışlar.
• Tibb otağı.
• Ərzaq üçün anbar.
Sığınma otaqları (SO) – əhalinin daldalanması və yerləşdirilməsi üçün bir, iki və üçmərtəbəli taxtlar (narlar) yerləşdirilən otaqlardır.
Bir insan üçün sığınacaqda döşəmənin 0,5 m2 və 1,5 m3 daxili həcmi nəzərdə tutulur. Sığınacaqlarda qorunanların rahatlığı üçün lazımi şərait yaradılmalıdır: uzanmaq üçün ikimərtəbəli taxtlar, aşağıda isə oturacaqlar düzəldilməlidir. Oturacaqların sayı qorunanların 80%-i, taxtların sayı isə – ikimərtəbəli variantda – 20%-i, üçmərtəbəli variantda – 30%-i əhatə etməlidir. Oturacaqların ölçüsü 45×45 sm, taxtların ölçüsü – 0,55×1,8 metr olur.
Sığınacaqda adamların daldalanması üçün nəzərdə tutulan otaqların ayrı-ayrılıqda sahəsi 25 m2-dən, ümumi sahəsi 75 m2-dən az olmamalıdır.
Adamların daldalanması üçün otaqların sahəsi ikimərtəbəli taxtlar qoyularkən hər adam üçün 0,5 m2, üç-mərtəbəli taxtlar qoyularkən isə 0,4 m2 hesablanmalıdır. Otaqlarda daxili havanın həcmi hər adam üçün ən azı 1,5 m3 olmalıdır.
Otaqların hündürlüyü onlardan sülh dövründə nə məqsədlə istifadə ediləcəyindən asılıdır, lakin döşəmədən üst örtük konstruksiyaların ən aşağı hissəsinədək məsafə 3,5 m-dən çox olmamalıdır. Otağın hündürlüyü 2,15 m-dən 2,9 m-dək olan hallarda ikimərtəbəli taxtlar, bundan artıq olanda isə üçmərtəbəli taxtlar qoyulmalıdır. Sülh dövründə istismar şəraitinə görə hündürlüyü ən azı 1,85 m olan binalardan da sığınacaq kimi istifadə etməyə icazə verilir. Belə hallarda burada ancaq birmərtəbəli taxtlar qoyulmalıdır.
Daldalanan adamların oturması üçün oturacaqlar hər adam üçün 0,45 x 0,45 m, yuxarı mərtəbələrdə uzanma yerləri isə 0,55m x 1,8 m hesabı ilə müəyyən edilir. Taxtların döşəmədən hündürlüyü birinci mərtəbədə 0,45 m, ikinci mərtəbədə – 1,4 m və üçüncü mərtəbədə 2,15 m olmalıdır. Ən yuxarıdakı mərtəbədən otağın üst örtüyünə (tavanına) və ya tavan konstruksiyasının aşağı hissəsinədək məsafə ən azı 0,75 m götürülür.
Daldalanan adamların oturması və uzanması üçün yerlər stasionar ola bilər (sığınacaq tikilərkən düzəldilir). Əgər belə taxtlar sığınacaqlardan sülh dövründə təsərrüfat ehtiyacları üçün istifadə etməyə maneçilik törədirsə, onları sığınacağı mühafizəyə hazırlıq rejiminə keçirərkən düzəldirlər. Sığınacağın geniş sahəli otaqlarını 50-75 nəfərlik otaqlara bölmək lazımdır.
İdarəetmə məntəqəsi (İM) – obyektin rəhbər heyətinin MM qərargahının yerləşməsi üçündür. Belə məntəqə ən böyük növbəsində 600 və bundan artıq adam işləyən müəssisələrdə sığınacaqların tikilməsi layihələrində nəzərdə tutulur. İdarəetmə məntəqəsi, adətən, mühafizəli elektrik təchizatı mənbəyinə malik olan sığınacaqlardan birində yerləşdirilir. O iş və rabitə otağından ibarət olur.
Adətən, idarəetmə məntəqəsi sığınacağın giriş yollarından birinin yaxınlığındakı otaqlarda yerləşdirilir və odadavamlılıq həddi bir saatadək olan arakəsmələrlə sığınacağın adamlar yerləşən digər otaqlarından ayırırlar.
İdarəetmə məntəqəsində işləyən şəxslərin ümumi sayı ən çoxu 10 nəfər olur, hər adam üçün 2 m2 sahə hesablanır.
Bəzi iri müəssisələrdə nazirliyin və baş idarələrin icazəsi ilə idarəetmə məntəqələrində işləyənlərin sayı 25 nəfərədək artırıla bilər.
Tibb məntəqəsi (TM) – sığınacaqda daldalanan adamlara ilk tibbi yardım göstərmək üçündür. Daldalanan adamların sayı 900-1200 nəfər olanda tibb məntəqəsinin sahəsi 9 m2 müəyyən edilir. 1200 nəfərdən artıq hər 100 nəfər üçün tibb məntəqəsinin sahəsi 1 m2 artrılır.
Sığınacaqlarda həmçinin hər 500 nəfər adam üçün sahəsi 2 m2 olan bir sanitariya qovşağı nəzərdə tutulur, lakin hər qurğuda ən azı bir belə məntəqə olmalıdır.
Tibb məntəqəsi “Müharibə dövründə MM mühafizə qurğularının istismarı” üzrə təlimata uyğun surətdə avadanlıqlaşdırılır.
Şəkil. Sığınacaqların tibb məntəqəsi üçün apteçka.
Yardımçı tə’yinatlı otaqlar:
Süzgəcli ventilyasiya otağı (SVO) – sənaye tipli (stasionar) süzücü ventilyasiya avadanlığının yerləşdirilməsi üçündür.
Süzgəcli ventilyasiya otağı, adətən, sığınacağın xarici divarlarının yanında, giriş yollarının və ya qəza çıxış yollarının yaxınlığında yerləşdirilir. Bu otağın ölçüləri avadanlığın ölçülərindən və avadnlığa xidmət etmək üçün lazım olan sahədən asılı olaraq müəyyən edilir.
Ən vacib və məsuliyyətli məsələ bayırdakı ehtimal olunan zəhərlənmələr, yanğınlar şəraitində, eləcə də hermetik qurğuda adamların xeyli müddət qalması nəticəsində içəridəki havanın tərkibi pisləşərkən adamların tənəffüsü üçün yararlı hava ilə lazımi miqdarda təmin edilməsidir.
Yaranmış vəziyyət daldalanan adamları uzun müddət (bir neçə sutka) sığınacaqda qalmağa vadar edə bilər. Bu isə ancaq sığınacaqda normal sanitar gigiyena şəraiti olan hallar da, yəni havanın tərkibindəki karbon qazının miqdarı ən çoxu 2%, oksigenin ən azı 15-16%, habelə temperatur ən çoxu 30° S və rütubət ən çoxu 85% olmaqla yolverilən hədlərdə saxlanılarkən mümkündür. Onu da nəzərə almaq lazımdır ki, adam nəfəs alarkən saatda 20-25 l oksigen udur, 20 litrədək karbon qazı, təxminən 90 qram rütubət və 100 kkal istilik yaradır. Bunun da nəticəsində hermetik sığınacaqlarda havanın qaz tərkibi, temperatur və rütubət sürətlə dəyişir.
Havanın tərkibində oksigen və karbon qazının lazımi miqdarını habelə normal temperaturu və rütubəti saxlamaq üçün sığınacağa təmiz havanın verilməsi havaverici və ya hava verici – sorucu ventilyasiya sistemi vasitəsilə təmin olunur. Ventilyasiya sistemi iki və ya üç rejimdə işləyə bilər:
• təmiz ventilyasiya rejimində (I rejim);
• süzücü ventilyasiya rejimində (II rejim);
• içəridəki hava bərpa (regenerasiya) edilməklə tam təcridolunma rejimi (III rejim).
Ventilyatorlar-kənardan sığınacağa hava vermək üçündür. Dizel elektrik stansiyası (DES) olmayan sığınacaqlarda əl elektrik ventilyatorları, DES olan sığınacaqlarda isə elektrik ötürücülü sənaye ventilyatorları tətbiq edilir.
Sığınacaqların təmiz ventilyasiya rejimində FVK-1, FVK-2 süzücü ventilyasiya dəstlərinin tərkibindəki GRV 600/300 əl elektrik ventilyatorları və onlara əlavə olaraq – GRV-72-2 və GRV-72-3 əl elektrik ventilyatorları işlədilir.
Hər bir əl elektrik ventilyatorunun əks-klapanı və hava sərfı göstəricisi var. Süzücü ventilyasiya rejimində FVK-1 və FVK-2 dəstləri GRV-600/300 əl elektrik ventilyatorları ilə birlikdə işə qoşulur.
Sığınacaqlarda hava boruları şəbəkəsi fərqli rənglərlə boyanır: təmiz ventilyasiya rejimi-ağ, filtr-vertilyasiya rejimi-qırmızı rəngdə olur. Havanın resirkulyasiya boruları da qırmızı rəngə boyanır. Filtr-ventilyasiya kameralarında FA (filtr-ventilyasiya) aqreqatları FVA-49 (FVK-1, FVK-2) yerləşdirilir. Həmin aqreqatlar sığınacaqların radioaktiv maddələrdən, kimyəvi zəhərləyicilərdən və bakterial vasitələrdən təmizlənməsini və ventilyasiyasını təmin edir. FV sistemi 2 rejimdə işləyir:
• təmiz ventilyasiya (hava kobud dispers tozdan təmizlənir);
• Filtr-ventilyasiya (hava radioaktiv maddələrdən, zəhərləyici maddələrdən və bakterial vasitələrdən təmizlənir.
Havanın verilməsi ventilyator vasitəsilə həyata keçirilir.
Sığınacaqlarda müxtəlif mühəndis sistemləri quraşdırılır:
• elektrik təchizatı (elektrik xətləri qara rəngə boyanır)
• su təchizatı (su boruları yaşıl rəngə boyanır)
• istilik sistemi (borular qəhvəyi rəngə boyanır).
Sığınacaqların elektrik təchizatı
Sığınacaqların elektrik xəttləri adətən bayırdakı elektrik xəttlərinə qoşulur. Zəruri hallarda ES dizeli ilə müdafiə olunmuş avtomat elektrik sayğaclarından da istifadə olunur. Elektrik xəttlərinin pozulması zamanı isə sığınacaqları işıqlandırmaq üçün elektrik fənərlərindən, batareyalardan, generatorlardan və basqa mənbələrdən istifadə olunur.
Siğınacaqlarda radiostansiya ilə əlaqə yarada biləcək telefon xətti də olmalıdır. Sığınacağın daxilində sığınacağın istifadəsi ilə bağlı vacib sənədlər olmalıdır. Bu sənədlərin tərkibinə sığınacağın quruluşu və sxemi daxildir.
Sığınacaqlarda müəssisələrin idarəetmə məntəqələri ilə telefon əlaqəsi və rayon və ya yerli obyektlərdə radiotranslyasiya şəbəkəsinə birləşdirilmiş reproduktor olmalıdır.
Sanitariya qovşaqları – kişilər və qadınlar üçün ayrılıqda layihələndirilir. Ayaq yolu kabinələrinin iki cərgəsi arasıdakı keçid yolunun eni və ya kabinələr ilə onların qarşısındakı pisesuarlar arasındakı məsafə 1,5 m, ayaqyolunun kənar cərgəsi ilə divar və ya arakəsmə arasındakı məsafə 1,1 m olmalıdır.
Ayaqyoluna giriş özüörtülən qapalı tamburlardan (yuyunma otaqlarından) olmalıdır.
Su təchizatı. Sığınacağın və DES-in su ilə təchizatı xarici su kəməri və ya əlavə su şəbəkəsi hesabına nəzərdə tutulur, hər iki halda su borularının sığınacağa girişlərin də içəridən bağlayıcı armatur və əks-klapan qoyulur.
Qəza və zədələnmə halları üçün sığınacaqdakı qablarda hər adam üçün sutkada 3 l hesabı ilə içməli su ehtiyatının saxlanılması nəzərdə tutulur. Su kəməri sistemi işləyərkən suya tələbat məhdudlaşdırılmır. Su ehtiyatı qablarının tutumu hesablama yolu ilə təyin edilir; bu qablar adətən, axarlı olmalı və iki sutka ərzində suyun tamamilə təzələnməsini təmin etməlidir. Sığınacaqlarda vaqon tipli unitazlar tətbiq edilərkən su ehtiyatını hər adam üçün sutkada 5 l hesablamaq lazımdır.
Sığınacaqlardakı tibb məntəqəsi otaqları su kəməri şəbəkəsindən işləyən əlüzyuyanlarla avadanlıqlaşdırmalıdır. Şəbəkədə su kəsilən hallar üçün səyyar əlüzyuyan cihazlar qoyulmalı və onlar üçün sutkada 10 l hesabı ilə su ehtiyatı nəzərdə tutulmalıdır.
Hər bir sığınacaqda tullantı sularını xarici şəbəkəyə axıtmağa imkan verən kanalizasiya sistemi olur. Mühafizə qurğusu çox dərində yerləşdirilərkən maye vurucu stansiya düzəldilir.
İstilik sistemi.
Sığınacaqlarda istilik sistemi ümumi istilik mərkəzindən (binaların istilik sistemlərindən) həyata keçirilir. Hərarətin tənzimi və istiliyin verilməsini dayandırmaq üçün xüsusi qapadıcı tərtibatlar quraşdırılır.
Sığınacaqların xüsusi otaqlarında kəşfiyyat aparılması üçün komplekt (dozimetrik cihazlar, kimyəvi kəşfiyyat cihazı), mühafizə geyimləri, yanğını söndürmək üçün vasitələr, ehtiyat alətləri, qəza işıqlandırılması, ərzaq ehtiyatı, sanitar vasitələri də yerləşdirilir.
Giriş yolları daldalanan adamların əsas hərəkət istiqamətləri nəzərə alınmaqla sığınacağın əks tərəflərində yerləşdirilməlidir. Tutumu 600 nəfərədək olan sı¬ğı-nacaqlarda qəza çıxış yolu qoruyucu başlıqları şaquli quyu (şaxta) şəklində düzəldilir və lağım vasitəsi ilə sığınacağa birləşdirilir.
Sığınacaqlarda adətən bir-birinə əks istiqamətdə ən azı iki giriş yolu olur (kiçik sığınacaqlarda bir giriş də ola bilər, belə hallarda mütləq ehtiyat çıxış yolu qoyulmalıdır, buna qəza çıxış yolu da deyilir). 300-600 nəfərlik sığınacaqlar üçün birkameralı, 600 nəfərdən çox sığınacaqlar üçün isə iki kameralı tambur-şlyuzlar quraşdırılır.
Sığınacaqlara giriş böyük əksəriyyət hallardaiki şlyuz kameralı (tambur) quraşdırılır; onlar əsas hissədən və biri-birindən hermetik qapılar ilə ayrılır. Girişin bayır tərəfində nüvə silahının zərbə dalğasına davamlı hermetik qapı quraşdırılır. Girişdə tambur önü də ola bilər.
Bina ilə birgə tikilən sığınacaqlarda isə bunlardan əlavə yeraltı lağımla qəza çıxış yolu quraşdırılır. O yeraltı qalereya olub dağıntılara məruz qalmayan əraziyə şaquli çıxışı olur və yuxarı hissəsi davamlı başlıqla örtülü olur (dağıntılara məruz qalmayan ərazi- yaxınlıqda yerləşən binaların hündürlüyünün yarısı üstəgəl 3 metr olan məsafədir). Qəza çıxışı zərbə dalğasına davamlı qapalı hermetik qapılarla örtülür.
Sığınacaqlar güclü yanğınlar və ya güclü təsirli zəhərli maddələrlə zəhərlənə biləcək ərazilərdə quraşdırıldıqda, sığınacaqlarda havanın regenerasiyası ilə tam izolyasiya rejimi nəzərə alınır.
Sığınacaqlarda həmçinin sığınacağın planı, pasportu, istifadə qaydaları və əmlakı haqqında sənədlər, quruluş sxemləri, yoxlama jurnalları olmalıdır.
Sığınacaqlardan istifadə qaydaları.
«Mülki müdafiə sığınacaqlarının qəbulu və istismarı haqqında əsasnamə»yə əsasən sığınacaqlar istifadəyə qəbul edilir.
Hər bir sığınacaqda plan, əhalinin təxliyəsi üçün yolların sxemi olur. Bu sənəd sülh zamanı işləniö hazırlanır. Sığınacaqlara dövrü olaraq baxış keçirilən zaman və «Hava həyacanı» siqnalı verilən zaman hermetikliyi yoxlanılır. Bu hermetikliyin dərəcəsi havanın təzyiqinə görə müəyyən edilir.insanlar sığınacaqlarda olan zaman təzyiq göstəricisi 5-7 mm su sütununa bərabər olmalıdır.
Sığınacaqlarda bu tədbirlər əvvəlcədən planlaşdırılaraq həyata keçirilməlidir:
• Sığınacaqlardan kimlərin, nə şəkildə faydalanacağı əvvəldən təsbit edilməlidir.
• Sığınacağın havasını pozmadan işləyə bilən işıqlandırma tərtibatı olmalıdır.
• Sığınacaqlar suvanmamalı və gərəksiz əşya qoyulmamalıdır.
• Çöl ilə xəbərləşmə tərtibatı təmin edilməlidir.
• Yanğınlara qarşı lazımlı tədbirlər alınmalıdır.
• Yeməklərin bişirilməsində qaz sobası seçilməli və o da oksigeni azaltmamaq üçün məcburi hallarda istifadə edilməlidir.
• Hər 25 adama 1 tualet olmalı, tullantıların çölə atılmasında ağzı bağlı qablar və plastik torbalar istifadə edilməlidir.
• Yatmaq üçün ikili, hətta üçlü carpayılar qoyulmalı, bu çarpayılardan oturmaq üçün də yararlanılmalıdır.
• Sığınacağa girərkən kifayət miqdarda qida və sağlamlıq vəsaitləri unudulmamalıdır.
Sığınacaqlara xidmətin təşkili MM sığınacaqlara xidmət dəstələrinin üzərinə düşür. Hər sığınacağa 7 nəfərdən ibarət manqa xidmət edir. Manqanın rəhbəri sığınacağın komendantı olur. Komendant şəxsi heyətlə birlikdə sığınacağı qəbul edir, yoxlamalarda iştirak edir, hermetikliyi və avadanlığı yoxlayır, telefon aparatı və radiotranslyasiya punktunun qurulmasında iştirak edir. Komendant şəxsi heyətlə birlikdə «Hava həyacanı» siqnalı verildikdə aşağıdakılara əməl etməlidir:
• Dərhal sığınacağa gəlməli və şəxsi heyəti postlara yerləşdirməlidir;
• İstilik sistemini söndürmək və təmiz ventilyasiya rejimini açmaq əmrini verir;
• Əhalinin yerləşdirilməsi və daxili qaydalara əməl etməsini təmin etməlidir.
Manqa üzvləri 3 postda xidmət edir (hər postda 2 nəfər)
Post №1 əsas girişdə yerləşir. Əhali sığınacağa gələrkən 1-ci post üzvü əhalini içəriyə buraxır, qaydalara nəzarət edir; 2-ci post üzvü insanların bərabər qaydada yerləşməni təmin edir. Qapıların bağlanması əmri verilən kimi biri qapının yanında keşik çəkir, digəri isə içəridə qaydalara əməl olunmasına nəzarət edir.
Post №2 ventilyasiya qurğularını yoxlayır, işə hazırlayır, komendantın əmri ilə qurğuları işə salır və işinə nəzarət edir.
Post №3 Otaqların işıqlandırılmasını təmin edir, qəza çıxışını bağlayır, tənzimləyici ventilyasiya qurğılarını yoxlayır, lazım olan digər işləri yerinə yetirir.
Sığınacaqlara əhalinin yerləşdirilməsi tez, mütəşəkkil və təlaşsız yerinə yetirilməlidir. Uşaqlı anaları ya ana və uşaq otaqlarında və ya xüsüsi seksiyada yerləşdirmək lazımdır. Qocaları və xəstələri hava verici ventilyasiya boruların yaxın yerləşdirirlər. Sığınacaq dolandan sonra komendantın əmri ilə şəxsi heyət hermetik qapıları və qəza çıxışlarını bağlayır. Gecikənlər xüsusi şlyuz-tamburlardan keçərək içəri buraxılır.
Mühafizə qurğularında gündə 2 dəfə şəxsi heyət və yuxarı yaş qruplarına daxil olan insanlar tərəfindən yığışdırılır. Qurğulara və texnikaya xidmət isə şəxsi heyət tərəfindən həyata keçirilir. «Mühafizə qurğusunu bağlamaq» əmrindən sonra qapılar bağlanır və sığınacaq təmiz ventilyasiya rejiminə keçirilir.
«Kimya həyacanı» və «Bakterial yoluxma» siqnalından sonra hava təchizatı filtr-ventilyasiya rejiminə keçirilir.
Nüvə partlayışı baş verərsə, ventilyasiya sistemi tamamilə bağlanır, 1 saat tam izolyasiya rejimi işə salınır, şərait öyrənildikdən sonra şəraitə uyğun rejim işə salınır. Sığınacaqda olan insanlar komendantın bütün tələblərinə əməl etməli və qaydalara əməl olunmasına kömək etməlidir. Sığınacağa gələnlər özləri ilə polietilen bağlamada 2 günlük ərzaq ehtiyatı, tualet ləvazimatı, həmçinin lazımi şəxsi əşyalar, sənədlər və fərdi mühafizə vasitələri(əleyhiqaz və ya respirator) gətirməlidirlər.
Sığınacaqlara asanlıqla alışan, güclü ətirverici maddələri, iri əşyaları, ev heyvanlarını gəimrmək olmaz, lazımsız səbədən gəzmək olmaz, möhkəm danışmaq, səs salmaq, siqaret çəkmək, kerosin lampalarını, şamları ehtiyac olmadan yandırmaq olmaz. Sığınacaqlardakı insanlar aşağıdakılara əməl etməlidir:
• daxili qayda-qanunlara, komendantın və şəxsi heyətin bütün əmrlərinə əməl etməlidirlər;
• Fərdi mıhafizə vasitəlirini istifadəyə etməyə hazır vəziyyətdə saxlamalıdırlar;
• Sakitliyə riayət etməli, təlaş etməməli və daxili qayda-qanunları poxmamalıdır;
• Təhlükəsizlik texnikasına əməl etməlidirlər;
• Xidməti qruplara qəzalar zamanı və qəzaların aradan qaldırılması zamanı kömək etməlidirlər;
• Otaqlarda təmizliyə riayət etməlidirlər.
Sığınacaqlarda istirahət növbə ilə təşkil olunur. İlk növbədə faşlı insanlar, uşaqlar və xəstələr istirahət edir. Sığınacaqlarda söhbət etmək, ucadan kitab oxumaq, radioqəbuledicilərdən istifadə məsləhət görülür. Komendantın icazəsi olmadan sığınacaqdan çıxmaq olmaz. Sığınacaqlardan çıxmaq üçün komendanta müvafiq göstəriş verilərsə, ya da sığınacağın qəzalı vəziyyətdə olması zamanı şəxsi heyətin rəhbərliyi altında həyata keçirilir.
Əgər sığınacaq dağılarsa, komendant kənardan kömək gözləməməli və sığınacaqlardakı insanların köməyi ilə təxliyəni təşkil etməlidir. Təxliyə aşağıdakı ardıcışşıqla həyata keçirilir: əvvəlcə bir neçə nəfər bayıra çıxır, sonra zədələnmişləri, qocaları və uşaqları, daha sonra isə qalan insanları çıxartmağa kömək edirlər.
Sığınacaqlarda daima normal sanitar-gigiyena şəraitinə əməl edilməlidir.
Bütün mühafizə qurğuları həmişə insanları qəbul etməyə hazır olmalıdır. Sülh dövründə sığınacaqlar müəyyən təsərrüfat məqsədləri üçün istifadə olunur.
Sığınacaqlar hazır vəziyyətə gətirilməzdən əvvəl hazırlıq işləri görülür. İlk növbədə giriş yolları təmizlənməli, yol göstərən işarələr, «Giriş»-işıq siqnalları quraşdırılır. Bütün giriş-çıxışlar açılır, havalandırılır. Sülh dövründə orada saxlanan bütün əmlak, avadanlıqlar çıxarılır. Mühəndis-mexniki qurğular fəaliyyətə hazır vəziyyəti gətirilir. Ventilyasiya, istilik sistemləri, su və enerji təchizatı, radio-əlaqə, söndürücü qurğular(kranlar, klapanlar, açarlar) yoxlanılır. Yatacaqlar, oturacaqlar qurulur, su bakları doldurulur, 3 günlük ərzaq ehtiyatı hazırlanır. Dizel elektrik stansiyaları 3 günlük yanacaq-yağlayıcılarla təmin olunur. Eyni zamanda mühafizə-hermetik qurğular yoxlanır, lazımi avadanlıqlarla komplektləşdirilir.
Sığınacaqlar zədələnən zaman xilasetmə işlərinin təşkili və yerinə yetirilməsi.
Nüvə zədə ocağında xilasetmə işlərini yerinə yetirmək üçün əvvəlcə dağıntılar arasından keçid yolları salınır. Bu işlər maksimal qısa müddətə aparılmalıdır ki, xilasetmə dəstələrini zədələnmiş əraziyə keçidini təşkil etmək mümkün olsun. İşə başlamazdan əvvəl sığınacağa gedən və ya yaxınlıqdakı zədənmiş su, qaz kəmərləri, elektrik və kanalizasiya şəbəkəsi bağlanır. Həmin şəbəkələr həm sığınacaqlardakı, həm də xilasetmə dəstələrinin üzvləri üçün əlavə təhlükə mənbəyidir.
Ventilyasiya qurğuları sıradan çıxarsa sığınacağın divarında dəlik açılır, zərərli maddələrdən təmizlənmiş hava kompressorlar vasitəsilə içəriyə vurulur. Sığınacağın yerləşdiyi binadan asılı olaraq onların açılması aşağıdakı üsullarla aparılır:
• əsas girişin yolları təmizlənir;
• qəza çıxışlarının qapadıcılarının üzəri dağıntılardan təmizlənməlidir;
• dağılmış sığınacaqların divarlarında çıxışların açılması;
yeraltı sığınacaqların divarlarında çıxış dəliklərinin açılması.
Sığınacağın əsas girişinin dağıntılardan təmizlənməsi qəza çıxışı olmayan hallarda və binaların dağılma xarakterindən asılı olaraq aparılır. Bu zaman əvvəlcə ağır konstruksiyalar avtokranlar vasitəsilə təmizlənir, sonra isə kiçik dağıntı parçaları təmizlənərək, qapılar açılır.
Əgər qəza çıxışı varsa yenə də əvvəlcə texniki vasitələrlə qapadıcı qapaqların üzəri təmizlənir, snra açılır və insanlar təxliyə edilir.
Şəraitdən asılı olaraq sığınacaqlardan insanların çıxarılması üçün digər üsullardan da istifadə edilə bilər. Məsələn, sığınacağın qonşu hissəsində yerləşən tikililərdən istifadə edərək, divarda dəlik açılır və həmin tikilidən çıxış təşkil olunur. Sığınacağın hansı yalla açılması xilasetmə dəstəsinin komandiri tərəfindən müəyyən edilir. O, ən məqsədəyönlü vasitədən istifadə edir, eyni zamanda sığınacaqda olan insanların köməyindən də istifadə edilir.
Təxliyə zamanı əvvəlcə müstəqil çıxa bilməyənlər və uşaqlar çıxarılır, lazımi hallarda zədələnmişlərə ilkin tibbi yardım edilir.
Əgər lazım gələrsə insanlar fərdi mühafizə vasitələrində təxliyə edilir.
Radiasiyaəleyhi daladalanacaqlar, təyinatı, quruluşu, istifadə qaydası və insanların onlarda davranış qaydaları.
Hətta sülh dövründə belə insanların həyatı və sağlamlığı üçün potensial təhlükəli bir sıra obyektlər vardır. Atom elektro stansiyaları, radioaktiv maddələrlə işləyən labaratoriyalar və s. belə obyektlərə aiddir. Belə obyektlərdə işləyən personalı mühafizə etmək üçün radiasiyaəleyhi daldalanacaqlardan (RƏD) istifadə edilir. Bu cür mühafizə qurğuları adətən yerin altında yerləşir, lakin bu şərt deyil. Lazımi mühafizə şəraiti yaradılarsa onlar istehsalat müəssisələrinin birinci mərtəbələrində və ya zirzəmilərində yerləşə bilər.
RƏD planlaşdırıldışda binanın tikildiyi material, mərtəbələrin sayı və bir sıra digər amillər nəzərə alınır.
Şəhər əhalisininin RƏD-də yerləşdirilməsi onları radioaktiv zədələnmədən mühafizə edir. Kənd yerlərində və çox da böyük ərazisi olmayan şəhərlərdə nüvə silahının tətbiq edilməsə belə RƏD mütləq inşa edilir və ya quraşdırılır.
Radiasiya əleyhi daladalanacaqlar radioaktiv zəhərlənmədən başqa, həmçinin işıq şüalanmasından mühafizə edir, zəibə dalğasının təsirini azaldır, nüfuzedici radiasiyanını təsirini əhəmiyyətli dərəcədə aşağı salır, duru halda olan kimyəvi zəhərləyici maddələrin səpələnməsindən, hissəvi olaraq kimyəvi və bioloji aerozollardan mühafizə edir.
Radiasiya əleyhi daldalanacaq kimi ilk növbədə binaların zirzəmiləri, evlərin yeraltı anbarları, tərəvəz saxlanan anbarlar, yeraltı dağ-mədən mağaraları, yaşayış evlərinin və istehsalat müəssisələrinin otaqları istifadə edilə bilər, lakin əvvəlcədən məqsədəuyğun xüsusi şərait yaradılmalıdır.Müxtəlif bina və tikililər nüfuzedici radiasiyanın təsirni müxtəlif səviyyədə azaldır: taxia evlərin birinci mərtəbələri 2-3 dəfə; daş evlərin birinci mərtəbələri 10 dəfə; çlxmərtəbəli evlərin yuxarı mərtəbələri (ən üst mərtəbə istisna olmaşla) 50 dəfə; çoxmərtəbəli evlərin zirzəmilərinin orta hissəsi 500-1000 dəfə azaldır. Ən əlverişli yer daş binaların əsas divarları ilə əhatə olunmuş dəhlizlərdir.
Radiasiya əleyhi daldalanacaqlar sülh dövründə hazırlanır. Düşmən tərəfindən hücum təhlükəsi olarsa o zaman kütləvi olaraq sadə tipli radiasiya əleyhi daldalanaqlar – qapalı səngər, tranşeya, əlaltı vasitələrdən tikilir.
Kənd yerlərində RƏD həm kənd əhalisi, həm də təxliyyə olunmuş əhali nəzərə alınaraq inşa edilir. Bu işlərə əmək qabiliyyəti olan bütün əhali cəlb olunur.
Bütün daldalanacaqlar və şəraitə uyğunlaşdırılmış mühafizə vasitələri sığacaqlar kimi göstərici nişanlarla qeyd olunur.
Şəkil. Çoxmərtəbəli binanın zirzəmisinin Rəd-ə uyğunlaşdırılması
RƏD verilən əsas tələblər
RƏD-in proyektinin hazırlanması mürəkkəb və məsuliyyətli işdir. Əsas diqqət onun yerləşəcəyi yerin və avadanlığın seçilməsinə verilməlidir. Onlar radioaktiv şüalanmanın təsirini 500-1000 dəfəyə qədər azaltmalı, kimyəvi təhlükəli obyektlərdə qəzalar zamanı mühafizə etməli, bir sıra təbii xarakterli FH: tufan, boran, qasırğa və s. zamanı insanların həyatını xilas etməyə yardımçı olmalıdır. Ona görə də onları insanların iş və yaşayış yerlərinə yaxın inşa etmək lazımdır.
RƏD 20 kPa izafi təzyiqə davam gətirməlidir. Azərbaycan Respublikasında fəaliyyət göstərən nomativ sənədlərə görə RƏD aşağıdakı parametrlərə cavab verməlidir:
• Optimal yerləşmə, yəni daldalanacağa ehtiyacı olan insanların ən sıx yerləşdiyi ərazidə olmalıdır.
• Əsas zədələyici amillərin təsirin lazımi dərəcəyə qədər azaldan quruluşa malik olmalıdır. Bu paramert hər RƏD üçün fərdidir.
• Keçid dəhlizlərinin lazımi dərəcədə olması, belə ki, onlar nə qədər kiçik olarsa əlaltı vasitələrlə onları qapatmaq asan olur.
• Yeraltı suların səviyyəsi. RƏD su basmaması üçün elə yer seçmək lazımdır ki, yeraltı suların axma səviyyəsi 20 sm-dən çox olmasın.
RƏD tikililərdə tranzit qaz, su istilik sistemi xətləri olmamalıdır. RƏD-da minimal yol verilən hündürlük olmalıdır. Bir mərtəbəli RƏD hündürlük 1,9 m-dən az olmamalıdır; iki mərtəbəli RƏD 2,2 m, 3 mərtəbəli isə 2,8 m hündürlüyündə olmalıdır. Daldalanan hər insana düşən sahə 0,5 m2 düşür.
Daldalanacağa giriş daldalanacağın üfiq oxuna 900 bucaq altında olmalıdır. Girişin sayı daladalanan insanların sayından asılı olur. Qalan hallarda isə ən azı 2 girişi olmalıdır. Girişin eni 0,8 m-dən çox olmamalıdır. 50 nəfərlik RƏD-də bir giriş olur, qəza çıxışının qapadıcı qapağının (lyuk) ölçüsü 0,7×1,5m olur.
Çirkli paltarların saxlanması üçün otaq girişlərin birində təşkil edilir.
Hər bir RƏD üçün vacib təşkili hissələrindən biri ventilyasiya sistemidir. Ventilyasiya ya təbii, ya da məcburi qaydada aparılır. Ventilyasiya sistemlərinin filtrasiyaedici elementlərinin iş kofisienti 0,8-dən az olmamalıdır.
Mühafizə xüsusiyyətlərinə görə RƏD növləri:
• sülh dövründə sənaye konstruksiyalarından inşa edilmiş RƏD;
• hücum təhlükəsi zamanı əlaltı vasitələrdən inşa edilmiş RƏD;
• təsərrüfat tikililərində quraşdırılmış RƏD;
• yaşayış binalarında quraşdırılmış RƏD.
RƏD zəiflətmə kofisiyenti yer səthindən 1 m məsafə ilə daxildəki səviyyə ilə müqayisə olunur. Kofisiyent tikinti materialından, sıxlığından, qalınlığından, şüalanma enerjisindən asılıdır.
RƏD maksimal tutumu—1000 nəfər, minimal isə—50 nəfərədək olur. RƏD-də aşağıdakılar mütləq olmalıdır:
• Ventilyasiya;
• İşıqlandırma;
• Su ehtiyatı (günə-3 litr).
Təbii ventilyasiya hava çəkici şaxtalar vasitəsilə təmin olunur. Hava verilməsi üçün dəlik otağın aşağı hissəsində, havanın çıxması üçün isə sorucu şaxta yuxarı hissədə quraşdırılır.
Yaşayış evlərində isə ventilyasiya kanalları və tüstü bacalarından istifadə edilir.
50 nəfərlik RƏD-də sadə tipli məcburi ventilyasiya quraşdırılır. Bu zaman adambaşına düşən hava miqdarı 3 m3/saat planlaşdırılır (əl ventilyatorları vasitəsilə).
RƏD daldalananların tənəffüs üzvlərini torpağa düşən radioaktiv tozdan mühafizə edir (nüvə silahı partlayışı zamanı və ya atom stansiyasında qəza zamanı yaranan radioaktiv aerozol buludundan çöküntü), radioaktiv aerozol və qazlardan çox zəif dərəcədə mühafizə edir. Bundan başqa RƏD filtrləri GTZM (güclü təsirli zəhərləyici maddələr) mühafizə etmir. Ona görə də hava radioaktiv qazlar, aerozollar ilə, GTZM ilə çirkləndikdə RƏD-da tam izolyasiya rejimi tətbiq edilir, daldalananlar isə fərdi mühafizə vasitələrindən istifadə edirlər.
İstilik sistemi binanın istilik sistemi ilə ümumi olur, lakin yerli olaraq söndürmək üçün qurğu olur. Soyuq havalarda insanların yerləşdirilməsinə qədər RƏD-də tempratur göstəricisi 100 S olmalıdır.
Su təchizatı ya ərazidəki su kəmərindən, ya da binanın ümumi kəmərindən çəkilir, adambaşına su sərfi bir gündə 25 litr hesablanır. Su kəməri olmadıqda RƏD-də adambaşına gündə 2 litr hesabı ilə içməli su bakları yerləşdirilir.
Kanalizasiya sistemi olan binalardakı RƏD-də kanalizasiya tullantılarının ümumi sistemə axıdılması ilə normal tualet şəraiti yaradılır. 20 nəfərə qədər tutumu olan daladalanacaqda belə imkan yoxdursa, xüsusi səyyar qablardan istifadə edilir.
Radiasiya əleyhi daldalanacaqlar xüsusi işarələrlə işarələnir və onlara gedən yollara istiqamətverici nişanlar qoyulur.
RƏD-də davranış qaydaları:
• Rəd-də olan insanlar yerli mülki müdafiə qərargahı tərəfindən qoyulmuş davranış qaydalarına ciddi surətdə əməl etməlidirlər;
• Daldalanacaqdan müstəqil çıxmaq qadağandır;
• Girişdəki qapı və pərdə, həmçinin ventilyasiya qurğusu zədələnmə başlanan andan ilk 3 saat müddətinə bağlanmalıdır;
• RƏD-də sadə tipli hava vericilər varsa, onlar periodik olaraq işə salınır;
• Güclü külək zamanı əgər külək giriş istiqamətindədirsə qapıları və ventilyasiya qurğusunu açmaq olmaz;
• Döşəmə periodik olaraq su ilə nəmləndirilir;
• Əgər bayıra çıxmaq lazım gələrsə, fərdi mühafizə vasitələrini geyinmək, qayıtdıqda isə kənarda üst paltarı, baş örtüyünü və ayaqqabıları silkələyib çırpmaq və astaca soyunub, tamburda qoymaq lazımdır;
• hava sorucu kanal açıq olduqda giriş qapısını açmaq olmaz;
• giriş qapısını bağladıqdan 15-20 dəqiqə sonra, toz çökdükdə hava sorucu kanalı açmaq olar;
• daldalanacaqda qaldıqdan 2-3 gün sonra orada olan bütün əşyalar və bütün hər şeyin səthi nəm əsgi ilə silinir;
• yemək yedikdə və su içdikdə qapıları və ventilyasiya qurğularını açmaq olmaz;
• ərzağı və suyu radioaktiv toz düşməməsi üçün qablaşdırmaq lazımdır;
• Rəd-də papiros çəkmək olmaz;
• Kerosin lampalarından, şamlardan istifadə etdikdə onları hava çəkən yerlərə yaxın qoymaq lazımdır;
İnsanların daldalanacaqlarda qalma müddəti yaranmış radiasiya şəraitindən asılı olaraş mülki müdafiə qərargahı tərəfindən müəyyən olunur.
Yeraltı və yerüstü tikililərin radiasiya əleyhi daldalanacağa uyğunlaşdırılması və sadə tipli sığınacaqların inşa edilməsi.
Evlərin zirzəmilərini radiasiya əleyhi daladalanacağa çevirmək üçün onları əlavə dayaq və balkalarla gücləndirmək, bitişmə yerlərini yonqarla, torpaqla 25-30 sm hündürlükdə örtmək lazımdır. Zirzəmiyə girişdə hermetik qapılı tambur, içəridə oturmaq və dincəlmək üçün skamya və taxt düzəldilir. Təbii ventilyasiya məqsədilə hava verilməsi və çıxması üçün qapalı dəliklər düzəldilir. Aşağı dəlik döşəmədən 50 sm hündürlükdə yerləşməlidir. Hava çıxan baca tikintidən 1,5-2 metr hündürlükdə yerləşir. Yuxarı hissədə dəlik parça filtr, aşağı hissədə tozun çökməsi üçün cib quraşdırılır.
Şəkil. Bir mərtəbəli evin zirzəmisinin Rəd-ə uyğunlaşdırılması
Yuxarı hissənin üzərinə kiçik ölçülü dam örtülür.
Evlərin yarımzirzəmilərinin və yerüstü anbarlarının radiasiya əleyhi daldalanacağa uyğunlaşdırılması zirzəmilər kimi aparılır. Ayrıca yerləşən və yeraltında yerləşən anbarın üzərinə əlavə 60-70 sm hündürlüyündə torpaq qatı örtülür və giriş qapısı kipləşdirilir.
Yeraltı tikintilər olmadıqda yerüstı binalar RƏD-ə uyğunlaşdırılır. Bu zaman divarlar, pəncərələr və digər açıq dəliklər bərkidilir, örtülür, tavannın üzəri əlavə qatla örtülür, lazım gələrsə dayaq və balkalarla möhkəmləndirirlər.
Ən etibarlı radiasiya əleyhi daladalanacaq yeraltı sığınacaqlardır. Onlarda insanlar uzun müddət qala bilərlər, lazım gələrsə hətta müvəqqəti yaşayış məskəni kimi də istifadə edilir. yeraltı sığınacağın tikilməsi üçün ən əlverişli yer yarğanların ətəklərində və vadilərdə inşa edilməsidir. Bu zaman girişin quraşdaralması asan olur və yeraltı sulardan və yağış sularından etibarlı mühafizə təmin olunur.
Yeraltı sığınacağın tikinti ardıcıllığı üstü örtülü sadə sığınacağın tikintisi kimi aparılır. Əvvəlcə yeri müəyyənləşdirilir, sonra dərinliyi 2-3 m, eni 2 m kotlavan (çuxur) qazılır. Divarlarını taxta döşəmələrlə, ağac dayaqlarla və ya əlaltı vasitələrlə gücləndirirlər. Divarların araları gil qatı ilə doldurulur. Üstü dəmir-beton plitələr, taxta döşəmələr və s. materiallar ilə örtülür. Onun üzərinə hidrlizolyasiya məqsədilə qalınlığı 20-25 si olan yumşaq gil qatı və ya xüsusi qat örtülür, daha sonra onun da üzərini 60-80 sm hündürlüyündə torpaq qatı ilə örtürlər. Ətrafında su drenaji üçün xəndək qazılır. Giriş pilləli olur, tambur və 2 qapı quraşdırılır. Yeraltı sığınacağın dibində su drenaji xəndəyi qazılır. Daxili divarlarında 2 yaruslu taxtlar, su bakları və tualet üçün xüsusi avadanlıq quraşdırılır.
Yeraltı sığınacaqlar sadə tipli ventilyasiya ilə təmin olunur. Lazım dələrsə, isitmək üçün soba qoyulur. Tikinti materialları olmayan ərazilərdə faşin adlanan mateialdan istifadə edilir. Faşin qamış, saman, qarğıdalı, günəbaxan saplaqlarından hazırlanır. Bərk qrunt üzərində qövsvarı, qumlu torpaqlarda halqavarı faşinlərdən istifadə edilir.
Tez bir müddətə ayrıca tikili kimi quraşdırılan radiasiya əleyhi sadə daladalancaqlar üçün aşağıdakı yığma konstruksiyalardan istifadə edilir:
• dəmir-beton (çərçivə formasında olan; böyük diametrli dəmir beton borular, bloklar, balkalar və s.);
• ağac materiallardan (çadır tipli qurğu; taxta çərçivə və s.).
Sadə sığınacaqlar
Müasir silahlardan ən etibarlı mühafizə vasitəsi sadə sığınacaqlardır. Onlar zərbə dalğasının və radioaktiv şüalanmanın təsirini zəiflədir, işıq şüalanmasından və dağılan binaların qırıntılarından mühafizə edir, bilavasitə paltara və dəriyə radioaktiv, zəhərləyici və yandırıcı maddələrin düşməsinin qarşısını alır. Sadə sığınacaqların iki növü olur: üstü açıq və üstü örtülü.
Sadə açıq sığınacaqlar – üstü açıq yarğanlardır, dərinliyi 180-200 sm, eni yuxarı hissədə 100-120 sm, dibində 80 sm-dir, giriş sığınacağın şaquli oxuna 900 meylli olur. Sığınacağın uzunluğu hər adama 0,5 m hesabı ilə müəyyən edilir.
Üstü örtülü sadə sığınacağın dərinliyi 2 m-ə qədər, eni yuxarı hissədə 1-1,2 m, aşağı hissədə -0,8 m olur, tutumu isə 10-50 nəfər olur. Belə sığınacaqlar bir-birinə düz bucaq altında nisbəti ilə yerləşir.
Zərbə dalğasının zədələyici təsirini zəiflətmək üçün sadə sığınacaqlar kəsik-kəsik və ya ziqzaq xət üzrə qazılır. Nəzərə almaq lazımdır ki, örtülü sadə sığınacaqlar belə zəhərləyici və bakterioloji vasitələrdən mühafizəni təmin etmir.
Onlardan istifadə etdikdə fərdi mühafizə vasitələrini geyinmək lazımdır: açıq növlərdə həm tənəffüs üzvlərini, həm də dərini mühafizə vasitələrini, qapalı növlərdə isə yalnız tənəffüs üzvlərini mühafizə vasitələrini geyinmək lazımdır.
Açıq sığınacaqların inşa edildiyi yer seçildikdə möhkəm torpaq və örtük olmayan yerlərə üstünlük verilir. Şəhərlərdə onları parklarda, bulvarlarda, böyük məhəllələrdə, kənd yerlərində isə bağlarda, tərəvəzlərdə, səhralarda inşa edilir. Partlayış təhlükəli sexlərin və anbarların, güclü təsirli zəhərləyici maddələr olan çənlərin, yüksək gərginlikli elektrik xətlərinin, magistral qaz, istilik və su kəmərlərinin yaxınlığında inşa etmək olmaz.
Onlar üçün yer seçdikdə həm də ərazinin relyefini, yağıntıların xarakterini, sürüşmə zonalarında olmamasını, subasan əraziləri nəzərə almaq lazımdır. Sığınacaqlar arasında məsafə 10 metrdən az olmamalıdır.
Üstü örtülü sığınacaqların üzəri hidroizolyasiya olunur. Bu məqsədlə 2 qat tol, ruberoid, xlorvinil plyonkalardan istifadə edilir. Onlar olmadıqda 15-20 sm qalınlığında yumşaq gil qatı ilə örtülür. Onun da üzərindən 80 sm hündürlüyündə əvvəlcədən qazılmış torpaq tökülür. Giriş bir və ya iki tərəfdən pilləkənlə olur. Girişdə hermetik qapı və tambur quraşdırılır, əsas hissədən qalın parça ilə ayrılır. Ventilyasiya üçün 3 metr hündünlüyündə hava bacası quraşdırılır, üzəri dam örtüyü ilə örtülür.
Divar boyunca oturmaq üçün skamyalar, su bakı üçün xüsusi yer quraşdırılır. Dibində su drenajı üçün xəndək qazılır.
Divarlarda ərzaq və su üçün oyuqlar quraşdırılır. Döşəmə ya taxtalarla örtülür, ya da torpaq kimi qalır.
Sadə sığınacağa girişin uzunluğu 2-2,5 metr və pilləkənli olur. Zərbə dalğasının təsirindən və radioaktiv maddələrin içəriyə keçməsinin qarşısını almaq üçün qapılar və qoruyucu tərtibatlar (qalxan) quraşdırılır.
Taxta materialların alova davamlı olması üçün odadavamlı tərkibli qarışıqlar (62%-yanmış əhəng, 32% su, 6% xörək duzu) ilə örtülür.
Belə sığınacaqların ventilyasiyası üçün girişin əks tərəfində hava çəkici baca quraşdırılır; bacanın bayıra çıxan hissəsi 150-200 sm hündürlüyündə olmalıdır. Sığınacağın daxilində mütləq işıqlandırma olmalıdır.
Sadə sığınacaqların inşa edilməsi qısa müddətə aparılmalıdır.