• en
  • ru

DƏRMANŞÜNASLIQ. DƏRMAN PREPARATLARI

DƏRMANŞÜNASLIQ.  DƏRMAN   PREPARATLARI

Mövzunu hazırladı: biologiya üzrə fəlsəfə doktoru, dosent  Zamanova  Sevda Xasay q
Məmmədova Nahidə  Məcid q.

 Müasir dövrdə “əczaçılıq elmi” anlayışı dərman vasitələrının alınması, emalı, istehsalı, hazırlanması, keyfiyyətinin yoxlanılması, standartlaşdırılması, saxlanılması və təyinatı üzrə buraxılması məsələlərini öyrənən və bunun izahını verən elmi və təcrübi biliklərı əhatə edir.

Yunanca “pharmakeia”, latınca “pharmacia” dərmanların tətbiqi, işilədilməsi mənasını bildirir; sinonim kimi dərmanşünaslıq nəzərdə tutulur.

Bütün dünyada tətbiq olunan əczaçılıq terminologiyası  latın  və  qədim yunan dilləri üzərində qurulmuşdur. Tibb və baytarlıq sahəsində tətbiq edilən dərman vasitələrinin nomenklatura adlarının əsasını latın dili təşkil edir.

Xəstəliklərin müalicəsi və profilaktikası üçün müxtəlif bitki, heyvan və mineral mənşəli maddələrdən dərman preparatları hazırlanır. Dərman maddələri və dərman xammalı tibbi praktikada işlədilməzdən əvvəl müəyyən üsullarla emal edilir. Bundan sonra dərman maddəsi dərman preparatı adlanır. Hər bir dərman maddəsi özünəməxsus ümumi keyfiyyətə malikdir. Lakin bütün dərmanların bəzi qanuna uyğunluqları mövcuddur. Bunların dərmanın orqanizmə daxil olması, onların orqanizmə toplanması, xaric edilməsi və s. aid edilir.

Dərman maddələrinin təsiri onların dozasından da çox asılıdır. Gözə çarpacaq dərəcədə  təsir göstərən dərman maddəsinin ən kiçik miqdarına hüdudi doza deyilir. Hər bir dərmanın minimal və maksimal dozası olur.

Dərman maddələrinin təsir xarakteri və qüvvəsi onların orqanizmə daxil olma yollarından da asılı olur.

Dərmanların təsiri onların orqanizmdə uğradıqları  dəyişikliklərdən çox asılıdır. Dərmanlar orqanizmdə tərkiblərinə uyğun olaraq müxtəlif dəyişikliklərə uğrayır. Onların təsir qüvvəsi bu dəyişikliklərdən çox asılı olur.

Dərmanların təsir qüvvəsi və xarakteri onların bədəndən xaric olma yollarından da çox asılıdır. Tez xaric olanlar qısa müddətli, gec xaric olunanlar isə uzunmüddətli təsir göstərir.

Dərmanların təsiri üçün ikinci siqnal sisteminin, inamın rolu böyükdür. Dərmanların təsiri insanların cinsiyyətindən və yaşından,  fərdi xüsusiyyətlərindən də çox asılı olur.

Dərman preparatları eyni aktivliyə malik olmalı, standarta uyğun gəlməlidir. Dərman maddələrinin aktivliyi adətən, təsir vahidləri – TV ilə ifadə edilir.
Çox  zaman dərman maddələrinin təkrar daxil edilməsi onların təsirinin azalmasına və ya güclənməsinə səbəb olur.

Dərman maddələri təkrar qəbul edildikdə onların təsirinin artması və ya toplanması  kumulyasiya adlanır.  Belə  maddələr orqanizmdən gec xaric olunur və bəzən orqanizmdə yığılıb qalır.

Bəzi dərmanlar orqanizmdə sensibilizasiya törədir. Sensibilizasiya orqanizmin ekzogen və ya endogen mənşəli antigenlərə (allergenlərə) qarşı həssaslığının yüksəlməsidir ki, bu da allergiyanın əsasını təşkil edir.

Tibbi  praktikada olduqca çox dərmanlar işlədilir.  Odur ki, onlar haqqında tam təsəvvür yaratmaq üçün dərmanları oxşar xüsusiyyətlərinə  görə qruplaşdırırlar. Ən geniş yayılmış  təsnifat dərmanların həm farmakoloji təsir xüsusiyyətləri və həm də kimyəvi tərkibi əsas götürülən qarışıq təsnifatdır.

 Sistem prinsipinə əsaslanan təsnifata görə dərmanlar aşağıdakı qruplara bölünür:
1) neyrotrop, yəni mərkəzi və periferik sinir sisteminin funksiyalarını tənzim edən dərmanlar;
2) işlək orqan və sistemlərin (qan dövranı, tənəffüs və s.) funksiyalarını tənzim edən dərmanlar;

3) maddələr mübadiləsini tənzim edən dərmanlar.

Bundan əlavə, ateroskleroz, iltihab, allergiya, blastomogenoz kimi patoloji proseslərə təsir edən, mikrob əleyhinə və parazitlərə qarşı dərman qrupları ayırd edilir. Bütün bu qruplar bir sıra yarımqruplara bölünür.

 

Dərman maddələrin daxil edilmə yolları. Dərman maddələrin effektivliyi, təsir gücü və müddəti onun hansı yolla orqanizmə daxil olmasından asılıdır.

  Xəstəliklərin müalicəsində dərmanlar əsas yer tutur. Dərmanlarla müalicənin 3 əsas növü ayırd edilir:

  1. Etiotrop – səbəbə qarşı təsir dərman maddələrinin bilavasitə xəstəliyin səbəbinin aradan qaldırılmasına yönəldilmiş təsirinə deyilir. (məsələn, malyariya zamanı xəstəliyin törədiciləri olan malyariya plazmoidlərini tələf etmək məqsədilə akrixinin tətbiqi).
  2. Patogenetik müalicə xəstəliyin insan orqanizmində törətdiyi dəyişiklikləri aradan qaldırmaq, ayrı-ayrı üzvlərin və sistemlərin funksiyası pozğunluqlarını bərpa etmək, bütövlükdə orqanizmin müdafiə qabiliyyətini artırmaq nəzərdə tutulur;
  3. Simptomatik– təsir zamanı xəstəliyi əmələ gətirən amilə yox, əlamətə təsir edir. Məs. yuxusuzluqda yuxu dərmanı, yüksək hərarət zamanı qızdırmasalıcı maddələrin tətbiq edilməsi misal ola bilər.

  Yerli və rezorbtiv təsir. Bütün dərmanlar insan bədəninə 2 cür təsir göstərir: yerli və rezorbtiv təsir. Bu bölgü şərtidir. Xaricə işlədilən dərmanlar, əsasən, yerli təsir göstərir. Rezorbtiv təsir isə enteral (mədə-bağırsaq traktından) və parenteral (həzm sistemindən kənar) yolla aşlədilən dərmanların limfaya və qana sorulmasından sonra baş verir. Həmçinin bir sıra dərmanlar reflektor təsiri də göstərir.

Yerli təsir dərman maddələrinin orqanizmin bu və ya başqa toxumasına təmas etdiyi yerdə göstərdiyi təsirdir.

  Rezorbtiv– təsir dərman maddələrinin qana sorulduqdan sonra göstərdiyi təsirdir.

  Birbaşa təsir dərman maddəsi hər hansı bir orqana bilavasitə təsir etdikdə meydana çıxır, uskükotu preparatları ürək əzələsinə btrbaşa təsir edərək, onun tonusunu artırır və yığılmalarını artırır.

  Dolayı təsir – birbaşa təsirin nəticəsidir. Ürəyi xəstə adamlarda ürək fəaliyyətinin zəifliyi nəticəsində şişkinlik meydana çıxır və sidiyin miqdarı azalır. Üskükotu preparatları ürəyin işini və bütünlüklə qan dövranını yaxşılaşdırır, nəticədə öbyrəklərin qanla təchiz olunması güclənir ki, buda öz növbəsində sidiyin miqdarının artmasına səbəb olur.

  Təsir mexanizmi: 1) Dərman maddələri orqanizmə daxil olduqdan sonra təsir göstəriciləri yerlərə daşınırlar. Hər bir dərmanın müəyyən formalı effekti var. Çox vaxt dərmanın 1 yox bir neçə effekti olur. Dərmanların təsiri həmin dərmanın xüsusiyyətindən, daxil olma yollarından, dozasından, orqanizmin vəziyyətindən asılıdır.

 Dərmanların aşağıdakı təsir növləri vardır:

  1. Yerli və ümumi təsir.Yerli təsir orqanizmin müəyyən nahiyəsinə, dərmanın işlədildiyi yerə göstərilən təsirdir ki, bu da keyidici, qıcıqlandırıcı, dezinfeksiyaedici və s. olur. Ümumi təsir isə dərmanın qana sorulduqdan sonra bütün orqanizmə  göstərdiyi təsirdir. Dərmanların ümumi və yerli təsir göstərməsi şərti qəbul olunmuşdur. Hər bir dərman yerli təsirlə yanaşı, müəyyən dərəcədə ümumi təsir də göstərir.
  2. Reflektor təsir.Bu təsir dərman maddələrinin hissi sinir uclarına olan təsiri nəticəsində mərkəzi sinir sisteminin iştirakı ilə həyata keçirilir. Reflektor təsir çox tez baş verir, lakin qısamüddətli olur. Məsələn, tənəffüs fəaliyyətinin kəskin zəifləməsində xəstəyə naşatır spirti iylədirlər ki, bu da burun boşluğundakı selikli qişa reseptorlarını qıcıqlandırır, uzunsov beyindəki tənəffüs mərkəzini oyadır və tənəffüs yaxşılaşır.
  3. Bilavasitə və dolayı yolla təsir.Bilavasitə təsir dərman preparatının müəyyən orqana və ya toxumaya birbaşa ilkin təsiridir. Dolayı yolla təsir isə digər orqan və ya toxuma vasitəsilə göstərilən ikincili təsirə deyilir.
  4. Dönən və dönməyən təsir(Əksər dərmanlar dönər təsir göstərir). Dönən təsir müəyyən müddətdən sonra keçib gedir. Dönməyən təsir isə həmişəlik qalır (Belə dərmanlar azlıq təşkil edir).
  5. Əsas və yanaşı təsir.Əsas təsir dərman maddələrinin göstərdiyi müalicəvi təsirdir. Yanaşı təsir isə lazımsız, arzu olunmayan, bəzən də hətta zərərli təsirə deyilir.
    6. Etiotrop və simptomatik təsir.Etiotrop təsir xəstəliyin səbəblərinə və amillərinə qarşı yönəldilmiş təsirdir. Simptomatik təsir isə xəstəliyin simptomlarına, əlamətlərinə qarşı olan təsirdir.
  6. Kombinəedilmiş təsir.Bir neçə dərmanın eyni vaxtda və eyni məqsədlə işlədildiyi zaman verdiyi effektə deyilir. Sinergist dərmanlar eyni istiqamətdə təsir göstərən dərmanlardır. Antaqonist dərmanlar isə bir-birinin əksinə (zidd) təsir göstərir. Bunlardan zəhərlənmələrdə geniş istifadə olunur.

 

  Dərmanları, əsasən, 3 yolla tətbiq edirlər:1) xaricə, 2) enteral, 3) pareneral.

  Enteral yolla dərman maddələri 3 cür qəbul edilə bilər (bu vaxt dərman maddəsi mədə-bağırsaq yolunun selikli qişasından sorulur):

1) peroral- ağız vasitəsilə (məs. həblər)

2) sublinqval- dilaltı

3) rektal- düz bağırsaqla.

  Parenteral yolla:

  1. dərialtı
  2.  əzələ daxili
  3.  vena daxili
  4. inhalasyon.

Dərman preparatları yerli, birbaşa xəstəlik ocağına; onurğa beyni kanalına (endolümbal) – meningitdə, oynaq kisələrinə bunlarda iltihab prosesi olduqda: plevra boşluğuna, bronxlara, traxeyaya və s.-yə yeridilə bilər.

  Dərman maddələri orqanizmə daxil olduqdan sonra qaraciyərdə bir sıra dəyişikliklərə məruz qalırlar. Bu dəyişiliklərdə məqsəd az aktiv və orqanizmdən asan çıxarılan maddələrin əmələ gəlməsidir.

  Dərmanların xaricə tətbiqi dedikdə isə həmin maddələrin dəri, selikli qişalar (göz, burun, qulaq və s.) və yara səthində işlədilməsi nəzərdə tutulur. Xaricə çox vaxt yağda həll oluna bilən dərmanlar işlədilir. Çünki belə dərmanlar piy vəzilərinin və tük follikularının çıxacaqlarından bədənə sorula bilir. Bu maddələr, əsasən, yerli, qismən isə rezorbtiv və reflektori təsir göstərir.

  Dərmanlar orqanizmdən aşağıdakı yollarla xaric olunur:

1) böyrəklər vasitəsilə,

2) mədə-bağırsaq vasitəsilə

3) ağ ciyərlərlə,

4) tərlə, tüpürcəklərlə, süd vəzi il əv s.

  Dərmanlrın formaları.

Dərman preparatları formaca:

1) bərk (tab, draje)

2) maye

3) yumşaq  formada olur.

Bərk dərman formaları. Daxilə qəbul etmək üçün – 1) tabletka, tozlar, 2) draje, yığıntılar, həblər.

Maye dərman formaları – (məhlullar, inyeksiyalar, damcılar, emulsiyalar, dəmləmələr, bişirmələr, cövhərlər, şirələr, miksturalar yaxud qarışıqlar və s.).

Yumşaq dərman formaları – (məlhəmlər, linimentlər, pastalar, plastırlar, şamlar, kürəciklər, çubuqcuqlar və s.).

  Tozlar – (pulveres) bərk dərman maddəsi olub, daxilə və xaricə işlətmək üçün təyin edilir. Tozlar 2 yerə bölünür: 1) sadə tozlar – bunların tərkibində tək bir dərman maddəsi olur. 2) mürəkkəb tozlar – 2 və daha artıq dərman maddəsinin qarışığından ibarətdir.

  Tabletlər– (tabulettas) bunlar yuvarlaq, yastı və 2 tərəfi qabarıq və ya oval şəklində olur.

  Həblər– (pilülas) qşədim dərman maddəsidir, hazırda həblər az işlədilir.

  Yığıntılar– otların, güllərin yarpaqlarından, köklərindən hazırlanır. Bunu xəstələrə dəmləmə, bişirmə hazırlamaqdan ötrü yazırlar.

  Mayelərə  duru dərman formalarına məhlullar, sular, damcılar, spirtli məhlullar, dəmləmələr, bişirmələr və emulsiyalar aiddir. Duru dərman formaları ancaq distilə suyundan hazırlanır.

  Məhlul – (solutio) duru dərman forması olub, 2 komponentdən–həll olmuş dərman məddəsindən və həlledicidən ibarətdir.

 Dəri altına, əzələ daxilinə, vena daxilinə yeritmək üçün hazırlanan inyeksiya məhlulları  ampulalarda, yaxud şüşə tıxacla enli boğazlı qablarda steril dərman forması şəklində olur.

  Ampulalar sterilizə olunmuş hazır dərman məhlullarını uzun müddət saxlamaq üçün tətbiq olunan müxtəlif ölçü və formaya malik şüşə borucuqlardan ibarətdir.

  Mikstura (mixtura) xaricə və daxilə işlətmək üçün 2-dən artıq tərkib hissəsinə malik olan duru dərman forması mikstura adlanır.

  Damcılar  bu qatılaşdırılmış duru dərman forması olub, məhlulların və miksturaların bir növüdür.

  Dəmləmə  duru dərman forması olub, kövrək və boş quruluşa malik dərman xammlarından alınan Sulu çıxarışdır. Dəmləmələri hazırlamaq üçün çox vaxt otdan, yarpaqlardan istifadə olunur.

  Bişirmə –  duru dərman forması olub, davamlı bitgi xammalarından alınan sulu çıxarışdır.

  Yumşaq dərman formaları. Yumşaq dərman formalarına məlhəmlər, pastalar,  plastırlar  aiddir.

  Məlhəm xaricə  işlətmək üçün istifadə olunan yumşaq  dərman forması olub, insan bədəninin temperaturunda yumşalmalıdır. Duru məlhəm (linimenta) xaricə işlənən qatı mayedir.

  Pastalar (pastae) qatı məlhəmlərdir.

  Plastırlar (emplastra) bədən temperaturunda yumşalırlar. Plastırların tərkibinə dərman maddələrindən başqa yağlar, mum, parafin, vazelin, qətran daxil olur.

  Şamlar (Suppozitoriya) bədənin təbii boşluğuna yeritmək üçün tətbiq olunan yumşaq dərman formasıdır.

  Dərman maddələrinin təkrar daxil edilməsi.  Çox zaman dərman maddələrinin təkrar daxil edilməsi onların təsirinin zəifləməsinə səbəb olur, lakın ayrı-ayrı hallarda əks reaksiya baş verir, yəni təsir güclənə bilər. Təkrar dərman qəbulu zamanı dırmanların təsir xüsusiyyəti orqanizmdə artır ki, buna kumulyasiya deyilir. Kumulyasiya ya dərman maddələrinin orqanizmdə toplanmasından, ya da orqanizmdən dərmanların xaric olması zəifləyəndə baş verir.

  Eyni dərman maddələrinin təkrar qəbulu zamanı orqanizmin cavab reaksiyasının azalmasına adətetmə deyilir. Adətetmə ilə birlikdə düşkünlük adlanan digər bir hadisədə inkişaf edə bilər. Yaxşı əhval ruhiyə törədən xoşagəlməz duyğuları azaldan əhvalın müvəqqəti yaxşılaşmasına səbəb olan dərmanların təkrar qəbul edilməsinə göstərilən və qarşısı alına bilməyən cəhd düşkünlük adlanır. Sinir sisteminin bu vəziyyətini eyforiya adlandırırlar. Məs. yuxu dərmanlarının qəbulu.

 Tibb bacısı bilməlidir ki, hansı dərmanları  bir vaxtda vermək olmaz.  Bəzi dərman preparatlarına qarşı orqanizmin göstərdiyi mənfi reaksiyaları çox vaxt dozanı  azaltmaqla, yaxud müalicənin ilk günlərindən sonra tez aradan götürmək mümkün olur. Bu reaksiyaları orqanizmin bu və ya başqa dərman maddəsini götürməməsindən  fərqləndirmək lazımdır, belə ki, orqanizmin dərman maddəsini götürməməsi anafilaktik şok kimi ağır dərəcəli ağırlaşmalara səbəb olur.

Orqanizm bəzi preparatlara alışır, hətta dərmandan asılı olur. Narkotik maddələrdən istifadə ağır xəstəliyə – narkomaniyaya səbəb olur, bu preparatların təyin edilməsinə və tətbiqinə ciddi nəzarət olmalıdır.

Bir sıra dərman preparatları orqanizmdən yavaş çıxır, yaxud orqanizmdə toplanır (kumulyasiya),  odur ki, belə preparatların (üskükotu preparatları) dozalarını təyin edəndə bunu nəzərə almaq, bəzən dozanı azaltmaq lazımdır.

Dərman maddələrinin dozasını bədənin çəkisindən və yaşdan asılı olaraq təyin edirlər. Birdəfəlik doza – bir dəfə qəbul etmək üçün, yüksək birdəfəlik doza – dərmanı bir dəfədə qəbul edilən ən böyük miqdarı, sutkalıq doza dərman maddəsinin sutka ərzində qəbul edilən ən böyük miqdarıdır.

Tibb bacısı dərman maddələrinin dozalarını bilməlidir.

Tibb bacısı preparatın zəhərlənmə əmələ gətirən toksik və ölümcül dozasını bilməlidir.

Tibb bacısı həkimin icazəsi olmadan xəstəyə dərman verə bilməz, belə ki, hətta adi dərman, məsələn, işlətmə dərmanı, ağrıkəsən dərman müəyyən hallarda ağır nəticələrə səbəb ola bilər (apendisitdə, uşaqlıqdankənar hamiləlikdə işlətmə dərmanı və s. kimi). Dərman qəbulundan sonra xəstənin özünü pis hiss etməsini yaxud hər hansı səbəbə görə dərmandan imtina etməsini tibb bacısı dərhal həkimə xəbər verməli və özü heç nəyi dəyişməməlidir.

Dərmanlardan ehtiyatlı olun!

Bəzən dərman maddəsini müalicə təsiri eyni olan və orqanizmin daha yaxşı götürdüyü başqa bir dərmanla əvəz etmək lazım gəlir. Bəzi xəstələr müəyyən dərmanların onlara düşmədiyini bildirirlər. Odur ki, xəstə özü bunu həkimə deməyibsə tibb bacısı deməlidir. Orqanizmin götürmədiyi bəzi dərman preparatlarını tətbiq etməzdən əvvəl sınaq qoyurlar. Bunun üçün dərman maddəsini  kiçik dozada  yeridirlər. Reaksiya əmələ gəlməsi həmin preparatın (yod preparatları, rentgen-­kontrast maddələr, serumlar və s)  xəstəyə verilməsinin məsləhət olmamasını göstərir.

 Alman alimləri apardıqları tədqiqatların nəticələrinə görə bu qənaətə gəliblər ki,  həkim məsləhəti olmadan kapsulları açaraq, içmək təhlükəlidir. Çünki, bəzi dərmanlar əzildikdə hava ilə reaksiyaya girərək, zəhərə çevrilir və buna görə də mütəxəssislər kapsulların içini açıb, suya qataraq, içməyi də qadağan edib.

Alimlərin sözlərinə görə, dərmanlar əzərək istifadəsi zamanı zəhərə çevrilməsə belə mədəyə zərər verir və bundan əlavə əvvəlki kimi effekt vermir.
Aparılan tədqiqatlarda xəstələrə verilən əzilərərk zədələnmiş dərmanların həm də demək olar ki, faydasız olduğu məlum olub. Bu səbəbdən də həkim məsləhəti olmadan dərmanları əzərək istifadəsini qadağan ediblər.

Dərmanların düzgün seçilməməsi və ya tətbiq edilməməsi ilə əlaqədar xəstəliklər arasında ən çox, deyildiyi kimi, dərman allergiyaları təsadüf edilir. Xatırlayaq ki, allergiya artıq nə vaxtsa orqanizmə yeridilmiş (və ya qəbul edilmiş) və onu zərərli maddələrin təsirindən mühafizə edən sistemlərin müəyyən dərəcədə yenidən qurulmasına səbəb olmuş maddələrin təkrar yeridilməsinə qarşı orqanizmin qeyri-normal reaksiyasıdır. Bu yenidən qurulma nəticəsində orqanizm həmin maddənin təkrar yeridilməsinə qarşı şiddətli reaksiya verir, həmin reaksiya ilə əlaqədar xəstəlik əlamətləri müxtəlif mənşəli allergik xəstəliklərin, o cümlədən, dərman allergiyasının mahiyyətini təşkil edir.

Bütün dərmanlar allergiya törətmir və allergiya bütün şəxslərdə inkişaf etmir. Lakin hazırda məlumdur ki, adamların çoxu (16%-dək) penisillin preparatlarına, antibiotiklərə qarşı həssasdırlar, bəzi vitamin preparatlarına (B6, B12 vitaminləri), sulfanilamidlərə, zərərsiz kimi görünən və çox tətbiq edilən aspirinə (asetilsalisil turşusu) və bir çox digər dərmanlara qarşı yüksək həssaslıq göstərirlər.
Allergik reaksiya preparat qəbul edildikdən və ya yeridildikdən bir müddət sonra, bəzən demək olar ki, dərhal (xüsusən əzələyə və ya venaya yeritdikdə), bəzən isə bir neçə saatdan və ya gündən sonra meydana çıxır. Dərman allergiyasının (hər hansı digər allergiya kimi) əlamətləri çox müxtəlifdir. Bunlar, bədənin müxtəlif sahələrində yerləşən ağrısız və ya qaşınma hissiyyatı törədən müxtəlif xarakterli və ölçülü dəri səpgilərindən — ləkələrdən, düyüncüklərdən, qabarcıqlardan ibarət ola bilər, dərinin az və ya çox geniş sahələri ekzema tipində zədələnə bilər, adətən, üzün və boyunun aşağı hissəsində dərinin və dərialtı toxumanın ödemi mümkündür. Çox vaxt tənəffüs yolları selikli qişasının katarı təsadüf edilir ki, bu da öskürək, bəzən xəstənin dəsmalı burnundan çəkməyə macal tapmadığı güclü zökəmlə birlikdə kəskin respirator xəstəlik kimi gedir. Xoşbəxtlikdən, allergiyanın xüsusilə ağır əlaməti olan bronxial astmanın boğulma tutmaları az-az baş verir. Müxtəlif şəxslərdə eyni dərman müxtəlif xarakterli allergik reaksiya törədə bilər, eyni zamanda müxtəlif dərmanlar yeritdikdə törənən allergik reaksiya tamamilə eyni cür aşkar ola bilər.
Təsadüfi deyil ki, həkimlər dərman preparatı təyin edərkən, adətən, dərmana xəstənin necə dözdüyünü soruşurlar. Xəstə preparatın onda hər hansı qeyri-normal reaksiya törətdiyini söylədikdə həkim onu digəri ilə əvəz edir. Preparat xəstəyə ilk dəfə təyin edilirsə, həkim minimal dozalardan başlamağa çalışır və xəstənin vəziyyətinə nəzarət edir. Preparatın mənfi təsir göstərdiyi aşkar olduqda onu kəsib, başqası ilə əvəz edir. Əlbəttə, elə müstəsna hallar olur ki, xəstənin vəziyyəti həkimin müəyyən riskə getməyə və xəstənin yaxşı dözəcəyinə əmin olmadan  preparatı  təyin etməyə məcbur edir. Bəzi dərmanlar, xüsusən ağızdan və uzun müddət qəbul edilənlər arasında disbakterioz halı törədə bilər. İnsanın bağırsaqlarında çoxlu miqdarda olan mikrobların tərkibinin dəyişilməsi belə adlanır.  Bağırsaqlarda yaşayan mikrobların adi yığımı nəinki zərərli deyil, hətta orqanizmə  müəyyən fayda  da verir. Çünki bir tərəfdən həzm proseslərində iştirak edir, digər tərəfdən isə orqanizmə lazım olan və bəzən qida ilə kifayət miqdarda daxil olmayan vitaminləri hasil edir. Disbakterioz həzmin pozulması və vitamin aclığı ilə aşkar ola bilər ki, bu da zəiflik hissi, iş qabiliyyətinin azalması, bəzən əsəbilik, yuxunun pozulması ilə müşayiət olunur. Disbakterioz ən çox apteklərdə reseptsiz satılan və məlumatı olmayan şəxslərin səbəbli-səbəbsiz həvəslə qəbul etdiyi antibiotiklərin və sulfanilamid preparatlarının (digər penisillin, tetratsiklin, sulfidimizin, ftalazol və s.) işlədilməsi nəticəsində inkişaf edir.
Bir sıra dərmanlar, deyildiyi kimi, əlavə təsirlərə malikdir ki, bunlar haqqında da, adətən, dərmanın qabına qoyulmuş təlimatda məlumat verilir. Əlavə təsirlər həmin dərmanı qəbul edən xəstələrin heç də hamısında baş vermir, lakin aptekdən reseptsiz alınmış preparatı qəbul etməyə başlayarkən bunları nəzərə almaq lazımdır. Bəzən belə olur ki, xəstələr guya tez müalicə olunmaq üçün dərmanları həkimin təyin etdiyi və ya təlimatda göstəriləndən artıq dozadaqəbul edirlər. Bu, dərmanların orqanizmdə toplanmasına və zəhərlənməyə səbəb olur ki, onun da əlamətləri dərmanın xarakterindən, sağlamlığın və əhvalın pozulmasından asılı olaraq çox müxtəlif ola bilər.

Dərmanlarla müalicə dövründə alkoqol işlədilməsi, xüsusən sərxoş vəziyyətdə dərman qəbulu ağır nəticələr verə bilər. Lakin alkoqol dərmanların əlavə təsirini (bəzən bir neçə dəfə), onlardan bəzisinin zəhərliliyini artırır. Belə ki, alkoqol sərxoşluğu fonunda yuxu dərmanının qəbulu şiddətli ayılmaya səbəb ola bilər Asetilsalisil turşusu ilə bir vaxtda spirtli içkinin qəbulu xora xəstəliyinin kəskinləşməsi təhlükəsini bir neçə dəfə artırır.

Qadınların hamiləlik dövründə qəbul etdikləri bir sıra dərmanlar dölün orqanizminə keçib anadangəlmə inkişaf qüsuru törədə bilər. Bunlara bəzi antibiotiklər, hormonal preparatlar, yuxu dərmanları, qusmağı kəsən və bir sıra digər dərmanlar aiddir. Gənc qadının bir xəstəliyi varsa, qabaqcadan, hamiləlik baş verməzdən əvvəl müalicə olunmaq çox vacibdir. Hamilə qadın özbaşına heç bir dərman qəbul etməməli, xəstələndikdə isə həkimin göstərişlərinə ciddi əməl etməlidir. Həkim çoxlu dərman preparatlarından ən təhlükəsizlərini seçər və ya tamamilə dərmansız keçinməyə imkan tapar.

Uşaq əmizdirən qadın da ehtiyatlı olmalıdır, çünki bir çox dərmanlar döş südü ilə uşağın orqanizminə keçə bilər. Uşaqların preparatlara qarşı xüsusilə həssas olduğunu nəzərə çatdırmaq lazımdır. Uşaqların əlinə düşən hər bir şeyin dadına baxmaq meylini və toz dərmanı, yaxud həb şəklində olan bir çox preparatlarda əsas, yaxud aşqar kimi şəkərdən istifadə edildiyini nəzərə alaraq dərmanları uşaqların əli çatmayan yerlərdə saxlamaqda ehtiyatlı olmaq lazımdır.
Əmək (xüsusən zehni) fəaliyyətini kəsməyən ambulator xəstələrin sinir sisteminə və psixikasına təsir edən preparatlar, xüsusən hər cür sakitləşdirici vasitələr (trankvilizatorlar), yuxu dərmanları reaksiyaların sürətini, diqqətin gərginləşdirilməsi və cəmləşdirilməsi qabiliyyətini azaltmaqda onların əmək qabiliyyətinə təsir göstəriləcəkdir. Belə olduqda əzələlərin boşalması hərəkətlərin koordinasiyasının (uzlaşmasının) pozulması müşahidə edilə bilər. Bu zaman bir dəfə qəbul edilmiş dozanın təsirini bir neçə saat hiss etmədikdə də təsir davam edə bilər. Bunu ilk növbədə nəqliyyat sürücüləri unutmamalıdırlar, çünki reaksiyanın yavaşıması, diqqətin zəifləməsi bir an belə olsa da, qərarın gec qəbul edilməsi fəlakətə səbəb ola bilər. Nisbətən az dərman vardır ki, bunları həkim məsləhətini gözləmədən müstəqil qəbul etmək mümkündür və hətta lazımdır. Bunlara haqqında danışdığımız vitamin preparatları aiddir. Lakin burada da dozanın həddən artıq olmasından ehtiyat etmək və hər bir dərman qabında olan təlimata ciddi riayət etmək lazımdır.

Tibbidə həddən artıq sayda tətbiq edilən dərmanlar (5000-dən artıq dərman məlumdur) böyük nemət olub, bəşəriyyətə əvvəllər xəstələrin çoxunun ölümünə səbəb olan bir çox xəstəliklərin öhdəsindən gəlməyə imkan verir. Sulfanilamid preparatlarının, bunların ardınca — antibiotiklərin müalicəvi xüsusiyyətlərinin kəşfi, hormonal preparatların işlənib hazırlanması tibb tarixində əsl mənada yeni era olub, onların təsirlərini bir neçə dəfə artırmışlar. Bununla bərabər, demək olar ki, məqsədyönlü  işlədilməyən və ya artıq dozada tətbiq edilən hər bir dərman orqanizmi zəhərləyə bilər.

Bölərək qəbul edilən dərmanlar orqanizm  tərəfindən sürətlə sorulmadığından iflic və ürək xəstəliyi kimi ağır fəsadlar meydana çıxır. Çünki hər dərman xüsusi olaraq orqanizm tərəfindən sorulma sürətinə malik olduğundan dərmanı böldükdə bu “sürət“ pozulur və bundan da orqanizm ciddi ziyan çəkir.

65