• en
  • ru

Fövqəladə hadisələr zamanı əhalinin mühafizəsinin əsas üsulları və prinsipləri

Fövqəladə hadisələr zamanı əhalinin mühafizəsinin əsas üsulları və prinsipləri

 
Mövzunu hazırladılar:  biologiya üzrə fəlsəfə doktoru, dosent Zamanova  Sevda Xasay q. 
 baş müəllim Məmmədova Nahidə Məcid q.
Mülki Müdafiə  və Tibbi biliklərin əsasları, Bədən tərbiyəsi   kafedrası. ADU

Fövqəladə hadisələr və təbii fəlakətlər əhali və xalq təsərrüfatı üçün təhlükə yaradır, insan tələfatına və böyük maddi itkilərə səbəb olur.
Ona görə də bu amillər, fövqəladə hadisələrin qabaqcadan proqnozlaşdırılmasını, profilaktik tədbirlərin hazırlanmasını, mülki müdafiənin təşkil olunmasını, əhalinin hazırlanması və müdafiə olunmasını, maddi sərvətlərin qorunmasının planlaşdırılmasını və təxirəsalınmaz digər tədbirlərin həyata keçirmək tələblərini qarşıya qoyur.
Azərbaycan Respublikası ərazisində mülki müdafiə tədbirlərinin həyata keçirilməsi və fövqəladə hadisələrdən əhalinin mühafizə edilməsi sahəsində əsas tədbirlər, Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş «Mülki Müdafiə haqqında» Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlir Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 saylı qərarı ilə tənzimlənir.
Azərbaycan Respublikasında mülki müdafiə ümumdövlət müdafiə sisteminin tərkib hissəsi olmaqla aşağıdakı prinsiplər əsasında təşkil edilir:
1) ərazi prinsipi (mülki müdafiə tədbirlərinin Azərbaycan Respublikasının bütün ərazisində təşkil edilməsi);
2) fərqli və kompleks yanaşma prinsipi (Azərbaycan Respublikasında mülki müdafiə tədbirlərinin ayrı-ayrı bölgələrin, şəhərlərin, istehsal və sosial təyinatlı obyektlərin hərbi-strateji, iqtisadi və digər xüsusiyyətləri nəzərə alınmaqla planlaşdırılması və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi);
3) kütləvilik və məcburilik prinsipi (mülki müdafiə tədbirlərinin Azərbaycan Respublikasının bütün əhalisini əhatə etməsi və məcburi xarakter daşıması);
4) daimi hazırlıq prinsipi (Azərbaycan Respublikasının mülki müdafiə sisteminin fövqəladə hadisələr zamanı dərhal və səmərəli fəaliyyətə başlamağa hazır vəziyyətdə olması);
5) dərhal xəbərdarlıq prinsipi (baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr haqqında Azərbaycan Respublikasının əhalisinə dərhal məlumat verilməsi);
6) qarşılıqlı əlaqə prinsipi (mülki müdafiənin təmin edilməsində iştirak edən Azərbaycan Respublikasının dövlət orqanlarının və mülki müdafiə qüvvələrinin sıx və uzlaşdırılmış fəaliyyət göstərməsi).
Fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması, mülki müdafiə idarəetmə orqanlarının və müvafiq icra hakimiyyəti orqanlarının birgə fəaliyyəti nəticəsində həyata keçirilir.
Əhalinin, maddi sərvətlərin və ərazinin fövqəladə hadisələr zamanı mühafizə olunması məqsədilə ərazi və sahə idarəetmə orqanlarında, mülki müdafiə tədbirləri planlaşdırılmış şəkildə həyata keçirilir.
Əhalinin mühafizəsinin əsas prinsipləri və üsulları.
Mühəfizənin əsas prinsipləri bunlardır:
• Ölkənin bütün ərazisində mühafizə tədbirlərinin əvvəlcədən hazırlanması və yerinə yetirlməsi;
• mühafizə tədbirlərinin mahiyətinin, həcminin və icrası müddətlərinin diferensial (fərqli) sürətdə, yəni təhlükənin dərəcəsinə müvafiq olmasi;
• əhalinin daha etibarlı mühəfizəsi və xalq təsərrüfatının dayanaqlı işinin təmin olunması üçün MM tədbirlərinin kompleks halında birgə həyata keçirilməsi.
Mühafizə tədbirlərini əvvəlcədən hazırlanması – hələ dinc dövrdə kütləvi mühafizə qurğuları fondunun (ehtiyatlarının) yaradılmasından və onların istifadəyə daim hazır halda saxlanmasından; əhalinin, o cümlədən fəhlə və qulluqçuların köçürülməsi üçün etibarlı hazırlıq görülməsindən və onların vaxtında köçırılməsindən; əhalinin mühafizəsi üçün həlledici əhəmiyyətli fərdi mühafizə vasitələri ehtiyatlarının yaradılmasından ibarətdir.
Mühafizə tədbirlərinin diferensial sürətlə yerinə yetirilməsi o deməkdir ki, bu tədbirlirin xarakteri və həcmi şəhərlərin və xalq təsərrufatı obyektlərinin siyasi, iqtisadi və hərbi əhəmiyyətindən, həmçinin yerli şəraitdən asılı olaraq müəyyən edilməlidir.
Mühafizə tədbirlərini kompleks halında yerinə yetirilməsi-fövqəladə hadisələrinin nəticələrindən mühafizənin bütün üsul- vasitilərini birgə səmərəli sürətdə tədbiq etməkdən, bunları MM- in əsas vəzifələrinin icra edilməsi üzrə bütün diqər tədbirlərlə əlaqəli sürətdə həyata keçirməkdən ibərətdir.
Əhalinin mühafizəsi üçün keçirilən kompleks tədbirlər. “Əhalinin mühafizəsi” termini altında ərazi, keçirilmə vaxtı, məqsədi, resurs və zərər çəkmiş ərazilərin zərərlərinin azaldılması, əhalinin daha böyük fəlakətlərdən qorunması, texnogen qəzalar, bədbəxt hadisələr və qəzaların azaldılması və yox edilməsi başa düşülür. Əhalinin mühafizəsi tədbirlərinin əsas hissəsinə xəbərdarlıq və fövqəladə hallar tədbiri və operativ vəziyyətdə mümkün ola biləcək faciələrin və təhlükələrdən ardıcıl olmaqla əhalinin xəbərdar edilməsi daxildir. Bu vaxt əhalinin yerləşdirilməsinin əsasını təbii şərait və digər yerli üsullar və həmçinin hazırlıq və mühafizə tədbiri üçün ekoloji imkanı nəzərdə tutulur.
Əhalinin mühafizə tədbirlərininin hazırlıqları yalnız təbii və texnogen hadisələrin mövcudluğu zamanı deyil, həm də ölkəni bürüyən müharibə şəraitində də təşkil olunur. Əhalinin fövgəladə hadisələrdən mühafizəsi üçün aşağıdaki tədbirlər daha vacib əhəmiyətə malikdir:
1) etibarlı xəbərdarlıq sisteminin yaradılması;
2) mühafizə qurğuları ehtiyatlarının yaradılması;
3) kombinasiya üsülu ilə köçürmə tədbirlərinin planlaşdırılması və vaxtında yerinə yetirilməsi, köçürülən əhalini qəbul etmək və yerləşdirmək üçün təhlükəsiz şəhərdənkənar zonaların hazırlanması;
4) əhalinin fərdi mühafizə vasitələri ilə təchiz edilməsi;
5) mühafizə üsullarının əhaliyə ümumi və icbari surətdə öyrədilməsi;
6) ərzaq və suyun radioaktiv, kimyəvi maddələrdən, güclü təsirli zəhərli maddələrdən, bakterial vasitələrdən mühafizənin təmin edilməsi;
7) radiasiya, kimyəvi və bakterioloji müşahidələrin, kəşfiyyat və laboratoriya nəzarətinin təşkili;
8) rejimli tədbirlirin, sanitariya – gigiyena tədbirlərinin və radiasiya əleyhinə tədbirlərin həyata keçirilməsi.
Fövqəladə hadisə təhlükəsi yarandığı barədə xəbərdarlıq edilərkən əhali təhlükənin xarakterindən asılı olaraq aşağıdaki qaydalarla fəaliyyət göstərməlidir;
• kütləvi informasiya vasilərini (radioreproduktoru, radioqəbuledicni) daima şəbəkəyə qoşulu saxlamalı;
• şəhərdənkənar (təhlükəsiz) zonaya köçürülməyə hazırlaşmalı;
• fövqəladə hadisə ehtimalına görə daldalanacağın (sığınacağın) yerini dəqiqləşdirməli, kənd yerlərində radiasiya əleyhinə daldalanacaq düzəltməyə başlamalı;
• fərdi mühafizə vasitələrini, o cümlədən tibbi mühafizə vasitələrini əldə etməli, onları istifadə üçün hazırlamalı;
• radiasiyadan mühafizəyə hazırlıq işlərini davam etdirməlidir.
Köçürülmə haqqında sərəncam elan edilərkən:
• İstehsal fəaliyyətini dayandırmalı (müəssisə müdriyyətinin müvafiq sərəncamına uyğun olaraq);
• Şəhərdən təhlükəsiz zonaya çıxarılması və s. təşkil olunmalıdır.
Radioaktiv zəhərlənmə zonalarında tələfatı mümkün qədər azaltmaq məqsədilə burada radiasiyadan mühafizəsinin müəyyən rejimlərinə və əhalinin düzgün davranış qaydalarına riayət olunmalıdır. Hər hansı bir səbəbdən radioaktiv zəhərlənmə zonasında qalan adamlar bütün hallarda tənəffüs üzvlərini və bədənin səthini qoruyan fərdi mühafizə vasitələrindən istifadə etməlidirlər. Zəhərlənmə zonasına girmədən əvvəl Aİ – 2 fərdi aptekçəsindəki radiasiya əleyhinə dərman həblərini qəbul etmək lazımdır; radioktiv maddələrlə çirklənmiş açıq sahələrdə xörək yemək, su içmək, papiros çəkmək, uzun müddət dayanmaq, dincəlmək və s. qadağandır. Zəhərlənmə zonasından çıxandan sonra qismən sanitariya təmizlənməsi keçirmək, həmçinin paltarları, ayaqqabıları, fərdi mühafizə vasitərini qismən və ya tam dezaktivasiya (deqazasiya) etmək, sonra isə dozimetrik nəzarətdən keçmək lazımdır. Bu tədbirlərin yerinə yetirilməsi radioaktiv zədələnmələrin səviyəsini xeyli azaltmağa imkan yaradır.
Radioaktiv zəhərlənmə zonalarında mühafizə rejimləri üzrə tövsiyələr konkret şəraitdən (mülayim, güclü və ya çox təhlükəli zəhərlənmə zonaları yarandığından) asılı olaraq müəyyən ediləcəkdir. Məsələn, mülayim zəhərlənmə zonasında (A zonası) əhali açıq sahələrdə qalmamalıdır. Mühafizə qurğularında qalma müddəti bir neçə saat (6 saatadək) ola bilər, bundan sonra isə adi yaşayış binalarına qayıtmağa icazə verilir. Bu zaman binalardan çöldə, açıq yerlərdə 4 saatdan artıq qalmaq olmaz. Bu cür məhdudlaşmalardan ibarət rejim bir sutkadan sonra sona yetir.
Güclü zəhərlənmə zonasında (B zonası) 1-3 sutka mühafizə qurgularında daldalanmaq lazımdır, lakin bundan sonra 4-cü gün adi yaşayış evlərinə qayıtmağa icazə verilir, binalardan çöldə qalma müddəti sutkada 3-4 saatadək məhdudlaşdırılır.
Müəssisələr, idarələr, o cümlədən MM –in tibb xidməti MM qərargahı tərəfindən müəyyən xüsusi rejim üzrə işləyir; açıq sahələrdə aparılan işlər bir neçə gün müddətində dayandırılır.
Təhlükəli zəhərlənmə zonasında (V zonası) adamlar mühafizə qurğularında 3 sutka, bəzən isə daha artıq qalmalıdırlar, ancaq 5 sutkadan sonra adi yaşayış binalarına qayıtmağa icazə verilir.
Çox təhlükəli zəhərlənmə zonasında (Q zonası) şüalanma dozalarının gücü çox yüksək olur və uzun müddət adamlar üçün xeyli təhlükə törədir. Belə zonada adamlar ən azı 6 sutka ərzində mühafizə qurğularında qalmalıdılar, adi yaşayiş binalarına 6 – 7 sutkadan sonra qayıtmağa icazə verilir; ilk imkan olan kimi (normadan artıq şüalanmaya yol vermədən) adamları bu zonadan köçürmək lazımdır.
Kimyəvi və bakterioloji zəhərlənmə ocaqlarında isə daha ciddi mühafizə rejimləri qoyulur.
Belə rejimlə əlaqadar olaraq, məsələn, kimyəvi zəhərlənmə zonasında qalmış adamlar dərhal mühafizə qurğularında daldalanmalı, yaxud fərdi mühafizə vasitələrin – əleyhiqazı, dərinin mühafizə vasitələrini qeyməli, lazımı hallarda antidotlardan istifadə etməlidilər; imkan tapıb qismən sanitariya təmizlənməsi keçirməli, sonra isə zəhərli ərazidən çıxmağa çalışmalıdırlır. Zəhərlənmiş zonadan kənarda onlar tam sanitariya təmizlənməsindən keçir, eyni zamanda paltarları, ayaqqabıları və fərdi mühafizə vasitələrini deqazasiya edirlər. Zəhərlənmiş sahələrdə fərdi mühafizə vasitələrini çıxarmaq, xörək yemək, su içmək, papiros çəkmək, uzun müddət qalmaq qadağandır.
Bakterioloji (bioloji) yoluxma zonasında isə, adamlar kimyəvi zəhərlənmə zonasında gördükləri tədbirlərdən əlavə həmçinin tam sanitariya təmizlənməsindən keçməli, paltarları və ayaqqabıları dezinfeksiya etməlidirlər.
Fövqəladə hadisələr zamanı əhalinin mühafizənin əsas üsulları:
• mühafizə qurğularında daldalanmaq;
• fərdi mühafizə vasitələrindən istifadə etmək;
• iri şəhərlərdən və təhlükəli sahələrdən əhalini təhlükəsiz zonaya köçürməkdən ibarətdir.

35