SƏS-KÜYÜN İNSAN ORQANİZMİNƏ TƏSİRİ.
Səsin insana və onun orqanizminə təsiri və ona qarşı tədbirlər son onilliklərdə bütün dünyada ən aktual problemlərdən biri sayılır. Qeyd edildiyi kimi, səs insana istehsalatda (sənaye müəssisələri və bəzi səsli obyektlər), küçədə və evdə təsir göstərir. Yaşayış evində buna çox vaxt zəngin radiotexnika, divarların konstruksiyası və s. səbəb olur.
Sənayenin intensiv artması səs və onun insanlara təsiri haqqında elmin inkişafına səbəb oldu. 1868-ci ildə alman fiziki H.Helmhols (1821-1894) ilk dəfə eşitmə və görmənin fiziologiyasını əsaslandırdı. Həmin vaxtdan etibarən sağlamlığa ziyanlı istehsalatda (dəmirçi, pərçimçi, qazançı) insanlarda ağır eşitmə ilə bağlı müxtəlif
istiqamətlərdə tədqiqatlar aparılmışdır.
Səs, ümumi bioloji qıcıqlandırıcı olub insan orqanizminin bütün orqanlarına və sistemlərinə təsir göstərərək müxtəlif fizioloji dəyişikliklər əmələ gətirir. Bu təsir həm spesifik xarakter (eşitmənin dəyişməsi) daşıyır, həm də qeyri spesifik hadisələr (qan təzyiqinin yüksəlməsi, diqqətin və yaddaşın zəifləməsi, gözlərin yorğunluğu), psixi-fizioloji göstəricilərin (qıcıqlanmanın artması, yuxunun pozulması, həmçinin məktəbə hazırlığın aşağı düşməsi) pozulması şəklində özünü göstərə bilər.
Müxtəlif tezlikli və intensivlikli qeyri-dövrü səslər toplumu-küy adlanır. Əvvəllər küyün insana təsiri öyrənilmirdi. Son zamanlar orqanizmin funksiyalarına səs-küyün təsirini xüsusi elm – audiologiya öyrənir. Müəyyən edilmişdir ki, təbii mənşəli küylər (dəniz dalğasının səsi, yarpaqların, küləyin səsi, çayın şırıltısı və s.) insan orqanizminə xoş təsir edir, onu sakitləşdirir, sağlam yuxu gətirir. İnsan gözlərinə nisbətən qulağı vasitəsilə daha çox informasiya alır. Müxtəlif səslər insana müxtəlif şəkildə təsir edir. Alçaqtezlikli səslər zil, fit və nərilti səsi insanda təşviş və qorxu hissi oyadır. Yüksək tezlikli səslər, məsələn zəng səsi də insan psixikasına pis təsir edir. Lakin tam bir səssizlik də insanın sinir sisteminə mənfi təsir göstərə bilər. Əgər insanı səsdən təcrid edilmiş kameraya salsaq, o öz orqanizminin səslərini – ürəyinin döyüntüsünü, damarlarda qanın necə axdığını, əzələlərin necə yığıldığını və s. dinləməyə başlayacaq.
“Yaz meşəsinin” səsləri, hətta səhrada külək əsimi həyat tonusunu qaldırır. Yarpaqların pıçıltısı, quşların zənguləsi, kolların xışıltısı insana ruhi dinclik gətirir, orqanizmin həyat gücünü bərpa edir. Məsələn, əriyən qarın damcı səsləri ürək ritmini qaydaya salır. Ağacların tacında xəfifcə ses salan ilıq yaz mehinin səsi təngənəfəsliyə dərman sayılır.
Küyün mənbəyi çox müxtəlifdir-bərk, maye, qaz mühitində təzyiqin dəyişməyi və ya mexaniki tərəddüdə səbəb olan hər hansı bir proses-küyün mənbəyi ola bilər. Əmək prosesinin mexanikləşdirilməsi, yeni istehsal aqreqatlarının tətbiq edilməsi, böyük sürətli cihazlardan, aqreqatlardan istifadə edilməsi (mühərriklər, nasoslar, elektrik və pnevmatik alətlər, sentrifuqalar və s.) – bütün bunlar hamısı müxtəlif küylərin yaranmasına səbəb olur. Bundan başqa son illər şəhər nəqliyyatının inkişaf etməsi, artması, intensiv olaraq yüksək mərtəbəli binaların tikintisi, yollarda və məişətdə küyün intensivliyinin artmasına səbəb olur, ona görə də böyük sosial əhəmiyyət kəsb edir.
Dünyanın bir çox ölkələrində (məsələn, Böyük Britaniyada, Rusiyada, Almaniyada və b.) şəhərlərin xüsusi səs-küy xəritələri yaradılmışdır ki, səs-küyün harada normadan artıq olduğunu bilmək mümkün olsun. Bizdə səs-küy xəritəsi barədə 2005-ci ildən düşünürlər, amma hələ hazırlayıb qurtarmayiblar. Lakin başlıca problem təkcə xəritənin yaranmasında deyil. Onun nəticələrinə görə konkret tədbirlər görmək lazımdır. Axı Bakıda səs-küyün səviyyəsinin qalxması hər şeydən əvvəl nəqliyyat axınının artması ilə bağlıdır. Həm də bu təkcə aşağı tezlikli səs səviyyəsi olan iritutumlu maşınlar deyildir. Bu həm də metro, avtomobil nəqliyyatı, ictimai iaşə müəssisələri, istehsalat avadanlıqlarının səs-küyüdür. Bununla necə mübarizə aparmalı? Müxtəlif hallarda yanaşma müxtəlifdir. Məsələn, içtimai iaşəni götürək. Kafe və restoranların sahibləri ventilyasiya qurğularını, bir qayda olaraq, həyətlərə çıxarırlar – vibroizolyasiya və səsin udulması sistemləri olmadığından bundan sakinlər əziyyət çəkirlər. Deməli, bütün belə müəssisələrin rəhbərlərini səsi izolyasiya edən sistemlər quraşdırmağa məcbur etmək lazımdır. Bahadır? Əlbəttə, amma bizim sağlamlığımız ondan da bahadır.
Küyün müəyyən tezliyi və ya spektri hers-lə, intensivliyi – səs təzyiqinin səviyyəsi desibellə (dV) ölçülür.
Eşidilən və eşidilməyən akustik tərəddüdlər aşağıdakı kimi təsnif olunur:
-səs (diapozonu 16 hs-20 khs);
-infraqırmızı (16 hs-ə qədər);
-ultrasəs (20 khs-dən yuxarı).
İnsan tərəfindən eşidilən səs həddinin 2 sərhədi var: aşağı-eşidilənə qədər, yuxarı-ağrı hissiyatı verən (40 desibell həddində).
Gigiyenik nöqteyi-nəzərdən bir neçə xarakteristikaya görə təsnif olunur:
-spektrin xarakterinə görə: fasiləsiz, bir oktavadan geniş və tonal,
-spektrin tərkibinə görə: aşağı tezlikli (400 hs-dən aşağı), orta tezlikli (400-1000 hs), yüksək tezlikli (1000 hs-dən yuxarı),
-vaxt xarakteristikasına görə – daimi (5 desibeldən artıq səs dəyişmir) və qeyri-daimi-səsin səviyyəsi fasiləsiz olaraq dəyişir; impuls küyü-səslənmə müddəti bir və ya bir neçə səs siqnalından ibarətdir (bir saniyədən az müddətə).
Son zamanlar daha güclü səs mənbələri meydana gəlib, məsələn; reaktiv təyyarənin küyü, kosmik raketin küyü.
Küyün səviyyəsi və xarakterindən, onun müddətindən, həmçinin insanın frdi xüsusiyyətlərindən asılı olaraq, küy insana müxtəlif cür təsir ediə bilər.
Səs təzyiqinin səviyyəsi 30-35 desibel həddində olduqda insan üçün adidir, onda heç bir narahatlıq törətmir.
Eyni zamanda küy hətta yüksək olmasa belə insanın sinir sisteminə psixoloji təsir göstərir, xüsusilə də zehni əməklə məşğul olanlara. Yüksək səviyyəli küy yuxusuzluğa, nevroza, ateroskleroza səbəb olur.
85-90 desibel küylərin təsirindən yüksək tezlikli səslərə eşitmə həssaslığı azalır, hətta eşitmə tamamilə itir. Qədim zamanlarda yüksək tezlikli səsin köməyi ilə edam cəzası aparılırdı, belə ki, ölüm hökmü verilmiş adamı kolokolun altında otuzdurub, ölənə qədər zəngi çalardılar. İnsan üçün 150 desibel həddində səs ölümcüldür. İnsanın dözüm həddi isə 80 desibeldir. Müqayisə üçün reaktiv təyyarənin uçuş zolağından 1,5 km aralıda səsi 100 desibel, diskotekalarda isə səs 120 desibel həddindədir. Səs nəinki canlılara, hətta metal konstruksiyalara belə güclü təsir edir, 180 desibel həddində səs metalın yorğunluğuna, 190 desibel səs isə metal konstruksiyaların dağılmasına səbəb olur. Avtomagistrallarda, metro tunellərinin şəhərüstü hissələrində, tramvay və dəmiryolları yaxınlığında səs həddi 75-80 desibeldir. (Yol verilən hədd gündüz-50 desibel, axşam-40 desibeldir.)
Küyün təsirindən baş verən əsas şikayətlər: küt xarakterli baş ağrıları, başda ağırlıq hissi, küy, baş gicəllənməsi, əsəbilik, tez yorulma və s. Yüksək səsin təsirindən insanda qana çoxlu adrenalin, xolesterin, şəkər ifraz olunur, qan damarları sıxılır, nəbz tezləşir və s. Aparılan tədqiqatlar göstərir ki, ürək-damar xəstəliklərinin səbəbləri arasında küy, nikotindən sonra ikinci yeri tutur. Yüksək səs və küyün təsirindən elektroensefaloqrammanın xarakteri dəyişir, insanın anlama və zehni iş qabiliyyətinin itiliyi azalır, həzm pisləşir. Şiddətli səs-küyüq təsirindən yalnız qulaqda (ağrı, karlıq) deyil, digər orqanlarda və bütün bədəndə patoloji hallar (qıcolma, iflic, yorğunluq, yaddaşın zəifləməsi, huşun itməsi və s.) törənir. Ultrasəs bədənə mexaniki, termik və kimyəvi təsir göstərir; qravitasiya (maye mühitində çoxlu mikroskopik qovuqcuqların əmələ gəlməsi) nəticəsində toxumaların dağılmasına səbəb olur.
Həkimlərin fikrincə, gecə səs-küyü insan orqanizminin fiziki və psixi təsirinə qarşı müdafiə qabiliyyətini zəiflədir, onlarda yorğunluq yaradır və bədənin digər xəstəliklərə qarşı müqavimətini azaldır, ürək-damar xəstəliklərinin geniş yayılmasına səbəb olur. Səsin təsir effekti genetik və orqanizmin əldə etdiyi xüsusiyyətlərdən asılıdır. Bəzi adamlar səsə qarşı xüsusi hissiyata malikdir.
• Səsin ürək-damar sisteminə təsiri. Səs ürək-damar sistemi stresinin potensial faktoru sayılır. Aviasiya və nəqliyyat səsi həm gündüz, həs də gecə vaxtları bütün dünyada qəbul edildiyi kimi, qan təzyiqinə təsir göstərir. Böyük Britaniyada nəqliyyat səsinin təsiri qiymətləndirildikdə ürəyin işemiya xəstəliyi 66-77 dBA səviyyədə 1,1 təşkil edildiyi aşkar olunmuşdur. Alman alimlərinin «hadisə nəzarət» metodu ilə apardığı tədqiqatlar göstərdi ki, 60-80 dBA səviyyəsində səs miokard infarktının əmələ gəlməsi riskini yaradır. Magistral nəqliyyatının və aeroportun yüksək səviyyədə səsinin təsiri nəticəsində uşaqlarda sistoloji və diostoloji qan təzyiqinin yüksəlməsi müəyyən edilmişdir.
Bir sıra mənbələrdən yaranan səsin gündəlik təsiri fizioloji sistemlər bərpa olunduğu istirahət dövründə əhalinin sağlamlığına pis təsir göstərə bilər.
Fasiləsiz yüksək səs qan təzyiqinin qalxmasına, ürək döyüntüsünün qısalmasına, qan damarlarının daralmasına, qanın əzələlərə, beyinə və digər orqanlara verilməsinin güclənməsinə səbəb olur. Səsin təsiri nəticəsində beyin maddələrində adrenalinin və noradrenalinin ayrılması arta bilər. Məlum olduğu kimi, adrenalin ürəyin fəaliyyətinə təsir göstərir, sərbəst turşu və qanın ayrılmasına şərait yaradır. İnsanda belə effektin yaranması üçün onun qısa müddət ərzində 60-70 dBA səviyyəsində səsə məruz qalması kifayət edir.
• Səsin əsəb sisteminə təsiri. Assosiativ reaksiyaların tədqiqatlarının nəticələri göstərdi ki, əlverişsiz akustik şəraitdə yaşayan şəxslərdə mərkəzi əsəb sisteminin funksional vəziyyətinin dəyişməsinin ilkin əlamətləri görünür. Təyyarə tərəfindən yaranan nisbətən az intensivlikli səs (50-60 dBA) yalnız elektrokortikal reflekslərin şərti qıcıqlandırıcısı deyil, həm də orqanizmə digər təsirlərin siqnalı ola bilər. Bundan başqa, uçan təyyarələrin saatlıq təsiri və daim davam edən səs 70 dBA səviyyədən yüksək işləyən aviasiya mühərriklərinin səs-küyü mərkəzi əsəb sisteminin funksional vəziyyətində davamlı oyanma yaranmasına səbəb olur.
Beyin qabığına daxil olan səs zamanı qıcıqlanma orada gedən əsəb proseslərini dəyişdirir. Əgər səs çox güclü olarsa və ya uzun müddət təsir göstərərsə, beyin qabığının hüceyrələrində həddindən artıq həyəcan başlayır. Bu zaman əsəb hüceyrələrinin iş fəaliyyətinin hüdudu pozulur və bu hüceyrələrin qıcıqlandırmaya cavab reaksiyasının xarakteri dəyişir.
Bir sıra kliniki müşahidələr göstərir ki, səs qıcıqlandırıcıları kənar edildikdə hipertoniya xəstələrində arterial qan təzyiqi normaya düşür. Zehni əməklə məşğul olan adamlarda məişət səslərinin təsirindən qan təzyiqi yüksəlir. Bir sıra hallarda stenokardiya tutmasının məişətdə qəflətən səs qıcıqlanması arasında əlaqə aşkar edilmişdir.
Hətta ana bətnində olan körpə də səsin zərərli təsirindən mühafizə oluna bilmir.
Nəzarət olunmayan səs insanın dərk etmə fəaliyyətinə böyük ziyan vura bilər, onun həyəcanını artırar, vəzifəsini yerinə yetirərkən strategiyasını dəyişə bilər, ona diqqəti azalar.
Səsin yuxuya təsiri. Yuxu prosesində insan orqanizminin bütün sistemi bərpa olunur. Səsin daim təsiri zamanı belə funksiyalar, yəni beynin aktivlik funksiyası və yuxu zamanı ürək-damar sistemi üçün dinclik dövrünün təmin olunması pozulur. Yuxunun keyfiyyətinin aşağı düşməsi gündüz vaxtı insanın fəaliyyətinə pis təsir göstərə bilər.
Məişət səsi yuxunu xeyli pozur. Fasiləli və qəflətən olan səslər, xüsusən axşam və gecə saatlarında hələ təzə yuxuya getmiş adamlara səs olduqca pis təsir göstərir. Bu, təzə yuxuya gedən adamın «hipnoz» fazası vəziyyətində olması ilə izah edilir.
Yuxu vaxtı qəflətən olan səs (yük maşınının gurultusu, radionun ucadan səsi) çox vaxt, xüsusən, uşaq və xəstələrdə qorxu yaradır.
Səs yuxunun davamiyyətini və dərinliyini azaldır. Səsin xronoloji konfiqurasiyası, müxtəlif intensivlikli səslərin əvəzlənməsinin mühüm rol oynadığı aşkar edilmişdir. Belə ki, nəqliyyatın qeyri-bərabər hərəkəti intensiv və eyni qaydada hərəkətindən yuxunu daha çox pozur.
Müxtəlif adamlar yuxu vaxtı səsə eyni cür reaksiya vermir. Səs təsirinə reaksiya insanın yaşı, cinsi və sağlamlığından asılıdır. Belə ki, 70 yaşlı adamların eyni intensivlikdə olan səsdən 72%-i, 7-8 yaşlı uşaqların isə cəmi 1%-i oyanır. Uşaqların oyanması üçün intensiv səsin hüdudu 50 dBA, yaşlılar üçün 30 dBA hesab olunur, ahıl yaşlılar səsin daha aşağı intensivliyində oyanır.
Səs yuxunun müxtəlif mərhələlərinə təsir göstərir. Belə ki, yuxunun yuxugörmə ilə müşayiət olunan paradoksal mərhələsi, ümumi yuxu dövrünün 20%-dən az olmur; yuxunun bu mərhələsinin qısalması əsəb sisteminin və zehni fəaliyyətin ciddi pozulmasına səbəb olur. Dərin yuxu mərhələsinin qısalması hormonal pozuntulara,
depressiyaya və digər psixi pozuntulara səbəb olur.
50 dBA intensivlikli səsin təsirindən yuxuya getmə müddəti bir saat və daha çox uzanır, yuxu çox səthi (ötəri) olur, oyandıqdan sonra isə adam özünü yorğun hiss edir, başı ağrıyır, çox vaxt isə ürəyi döyünür.
Əmək günündən sonra normal istirahət olmadıqda, işdən sonra olan yorğunluq aradan götürülmür, tədricən xroniki süstlüyə keçir və bir sıra xəstəliklərin (əsəb sisteminin pozulması, hipertoniya xəstəliyi) əmələ gəlməsinə səbəb olur.
Həkimlər hesablayıblar ki, 2011-ci ildə səs-küy nəticəsində ürək-damar xəstəliyinə tutulanların 3 faizi dünyasını dəyişib. Həkimlər insanları səs-küydən uzaq olmağa, əsəblərini qorumağa çağırırlar.
Ultrasəs-spektrin tezliyinə görə klassifikasiyası: aşağı tezlikli, yüksək tezlikli
Yayılmasına görə hava və kontakt ultra səs ayırd olunur.
Aşağı tezlikli ultra səs havada yaxşı yayılır. Onun orqanizmə təsiri intensivliyindən və təsir etdiyi səthin ölçülərindən asılıdır. Uzun müddət sistematik olaraq təsir etdikdə nəzərə çarpan bioloji effekt törədir: sinir, ürək-damar, endokrinoloji sistemlərdə, eşitmə və vestibulyar analizatorlarda funksional dəyişiklik törədir.
Yüksək tezlikli ultrasəs təsirindən sümüklərin strukturunda dəyişiklik baş verir, ətrafların kapillyar qan dövranı pozulur, insanlarda bronxial astma xəstəliyi əmələ gəlir. Məktəb yaşına qədər olan uşaqlar arasında tədqiqatlar aparılan zaman müəyyən edilmişdir ki, yüksək səs şəratində böyüyən uşaqların psixikasının adaptasiya imkanlarının inkişafı ləngiyir, yaşıdları ilə müqayisədə dərsi mənimsəmə qabiliyyəti aşağı olur, ali məktəblərə qəbul göstəriciləri geri qalır.
İnfraqırmızı – 16-20 hs-dən aşağı tezlikli akustik spektrin hissəsidir. İstehsalat şəraitində aşağı tezlikli küy və vibrasiya ilə eyni vaxtda əmələ gəlir. 110-150 db səviyyəsində təsir mərkəzi sinir sistemi, tənəffüs sistemi, vestibulyar analizatorda dəyişikliklərə səbəb olur: xarakterik baş ağrısı, diqqətin yayılması, əmək qabiliyyətinin aşağı düşməsi, yuxululuq, qorxu hissi yaranır və s. səbəb olur. Güclü külək, qasırğa, ildırım, günəşdə partlayışlar insanın həm emosional, həm də fiziki vəziyyətində dəyişikliklərə səbəb olur – bu infraqırmızı səs dalğalırı ilə əlaqədardır. Zəlzələlər, partlayışlar, sürüşmələr zamanı eşidilməyən infraqırmızı səs dalğaları insanda həyəcan, qorxu hissi yaradır, hətta bəzi tezlikli infraqırmızı səs dalğası insanda psixi xəstəlik (dəlilik) yaradır. Bundan başqa infraqırmızı səs dalğalarının mənbəyi şəhərlərdə aparılan tikintilər, istehsalat müəssisələri, kompressor stansiyaları, mobil telefon ötürücüləri, şəhəri işıqlandırma trasformatorları, hündür mərtəbəli binalarda liftlərin küyü və s. də ola bilər.
Böyük şəhərlərdə səsdən qulaq tutulması bəlkə də kimlərəsə normal görünə bilər, ancaq yüksək səs-küy insan sağlamlığına ziyandır. Məsələn, yaşayış evlərində, evlərin ətrafında səs-küy norması 45-55 desibeldir. Bundan artıq səs-küy, vibrasiya insanın əhvalına, iş qabiliyyətinə pis təsir göstərir, onda aqressiyanı artırır, eşitmə qabiliyyətini zəiflədir.
Küydən müdafiə-istehsalatda işləyən əhalinin küyün xoşagəlməz təsirindən müdafiəsi məqsədilə istehsal müəssisələrinin planlaşdırma, tikilməsində və istismarı etaplarında, maşın və avadanlıqların quraşdırılması zamanı kompleks olaraq təşkilati, texniki və tibbi tədbirlər görülməlidir.