• en
  • ru

Sosial-siyasi xarakterli fövqəladə hadisələr

Sosial xarakterli Fövqəladə hallar

Mövzunu hazırladılar:  biologiya üzrə fəlsəfə doktoru, dosent Zamanova  Sevda Xasay q. 
 baş müəllim Məmmədova Nahidə Məcid q.
Mülki Müdafiə  və Tibbi biliklərin əsasları, Bədən tərbiyəsi    kafedrası. ADU
                                                                         

Sosial xarakterli FH – müəyyən ərazidə sosial sferada təhlükəli ziddiyətlərin və konfliktlərin nəticəsində yaranan, insan itkisinə, əhəmiyyətli dərəcədə maddi itkilərə səbəb olan, insanların sağlamlığına və ya ətraf mühitə və insanların həyat fəaliyyətinə zərər verən şəraitdir.

İnsanların hər hansı praktiki fəaliyyəti ətraf mühitlə əlaqəlidir və potensial təhlükəlidir. Potensial təhlükə gizli xarakter daşıyır və çətin proqnozlaşdırılan müəyyən şəraitdə özünü göstərir. Onlar həmin şəraiti dərinləşdirərək ekstremal təhlükəyə çevirir. Əgər bu təhlükə lokallaşdırılmasa və ya stabillişdirilməsə o fövqəladə hala çevrilir.
İnsanlar özlərinin yaşamı və inkişafı üçün şərait yaradarkən və öz tələbatlarını ödəyərkən ətraf mühitə təsir edir və onun cavab reaksiyasına-əks təsirə səbəb olur. Bu təsir özü də gedişi boyunca müxtəlif faktorların, o cümlədən sosial faktorların təsirinə məruz qalır. Əgər təhlükə artaraq nəzarətdən çıxarsa, ekstremal vəziyyət yaranır və insan həyatı və ya cəmiyyət real təhlükə ilə üz-üzə qalır.
Sosial təhlükə – cəmiyyətin kəskin dəyişiklikləri olub, xarici şəraitin dəyişməsinə və faciəvi nəticələrə səbəb olan sosial sistemin ani cavab reaksiyası kimi meydana gəlir. Məsələn, inqilablar, hərbi konfliktlər (yerli, regional) və s. Bu sosial xarakterli FH ifrat formasıdır. Sosial quruluşu dağılmaya qarşı apaprır. Sosial təhlükələrdən müdafiə üçün həmin təhlükələrin ləğvinə yönəlmiş profilaktik tədbirlər görülməlidir. Bundan başqa, insanların belə şəraitdə düzgün davranış qaydalarına əməl etməsi üçün müvafiq hazırlığı vacib tədbirlərdən biridir.
Sosial təhlükələrin səbəbi cəmiyyətdə baş verən sosial-iqtisadi proseslərdir.

Sosial-siyasi xarakterli fövqəladə hadisələrin təsnifatı.
Sosial-siyasi xarakterli fövqəladə hadisələr aşağıdakı əlamətlərinə görə təsnif olunur:
a) Sosial-mədəni xarakterli fövqəladə hadisələr, hansı ki, öz növbəsində:
• Peşə əlaməti;
• Dini əlamət;
• Mülkiyyət əlaməti;
• Ərazi əlaməti;
• Qohumluq əlaməti;
• Yaş həddi və digər əlamətlərlə xarakterizə olunur.
b) Siyasi xarakterli fövqəladə hadisələr isə:
• Millətlərarası münaqişələr;
• Narkotik maddə ticarəti;
• Mütəşəkkil cinayətkarlıq;
• «Kölgə» iqtisadiyyatı;
• Dövlət böhranı;
• İnformasiya və digər əlamətlər üzrə xarakterizə olunur.
v) əmələgəlmə səbəblərinə görə
• təsadüfi – konkret şəxslərin və ya sosial qüvvələrin davranışından asılı olmayan təsadüfi şəraitlərlə əlaqədar (ən çox təbii fəlakətlərlə, epidemiyalarla və s. ilə əlaqədardır)
• düşünülmüş – konkret şəxslərin və ya sosial qüvvələrin davranışı ilə əlaqədar təhriklə baş verən (millətlərarası və siyasi münaqişələr və s.)
q) davametmə müddətinə görə
• qısa müddətli (terror aktları, sui-qəsd, bandit basqınları və s.)
• uzun müddət davam edən (inflyasiya, işsizlik, millətlərarası münaqişə, müharibə və s.)
e) insan fəaliyyəti ilə əlaqədar
• iqtisadi böhranlar,
• mütəşəkkil cinayətkarlıq,
• böyük miqyaslı korrupsiya,
• sosial parlayışlar,
• ekstremist siyasi mübarizə,
• terrorizm,
• kəşfiyyatların qarşıdurması,
• hərbi toqquşmalar.
Sosial xarakterli FH həmçinin aşağıdakılar aiddir:
• lokal və regional münaqişələr (millətlərarası, dinlərarası və s.);
• aclıq;
• böyük tətillər;
• kütləvi iğtişaşlar, talanlar, yanğınlar və s.;
• işsizlik;
• Demoqrafik problemlər;
• Cəmiyyətin kriminilizasiyası;
• Urbanizasiya;
• Reket və s.
Sosial xarakterli FH digər mənşəli FH-dən fərqli olaraq proqnozlaşdırmaq çətindir, çünki bu hadisələr cəmiyyətin hərəkətləri ilə bağlıdır və bu proqnozlar çox zaman subyektiv olur. Sosial xarakterli FH baş vermə səbəbləri risk faktorları ilə əlaqədardır. Onların əsasında müxtəlif səbəblərdən ictimai əlaqələr (iqtisadi, siyasi, millətlər arası, dinlər arası) arasındakı tarazlığın pozulması durur. Bu isə ciddi qarşıdurmalara, münaqişələrə və müharibələrə gətirib çıxarır. Onların katalizatorları isə sosial gərginliyə səbəb olan – işsizlik, korrupsiya, kriminal, kütləvi iğtişaşlar, terrorizm aktları, hökumət böhranları, inflyasiya, ərzaqla bağlı problemlər, sosial-məişət şəraitinin pis olması, millətçilik, yerliçilik və s.dir. Hadisələrin əlverişsiş inkişafı zamanı ayrı-ayrı narazılıqlar dalğası birləşərək dağıdıcı gücə malik olur, getdikcə yeni-yeni ərazilərə yayılır, dağıntılar uçqun xarakteri alır.
Sosial xarakterli təhlükələr və FH öz dağıdıcı gücünə görə bəzən təbii, texnogen, ekoloji FH və kataklizmlərdən daha üstün olur. Bəzən bir növ FH öz növbəsində digər növlərin meydana çıxmasına səbəb olur.
Demoqrafik problemlər
Sosial-siyasi xarakterli FH əsas səbəblərindən biri dünyadakı demoqrafik problemlərdir.
Demoqrafiya (yunanca demos —xalq, grapho—yazıram) — əhalinin reproduksiya qanunauyğynluqlarını, onun sosial-iqtisadi xarakterlərdən, təbii şəraitdən, miqrasiyadan asılılığı haqqında elmdir; əhalinin sayını, tərkibini, yerləşməsini öyrənir, həmin göstəricilərdə baş verən dəyişiklikləri, həmin dəyişikliklərin səbəblərini və nəticələrini öyrənir.
Demoqrafik krizis – əhali reproduksiyasının pozulmasıdır. Bu həm əhalinin sayının azalması, həm də sayının artmasıdır. Birinci halda bir ölkədə və ya ərazidə doğumun normal reproduksiyadan aşağı olması, hətta ölüm sayından da az olmasıdır.
Əhali sayının artıqlığı və ya başqa sözlə demoqrafik partlayış dedikdə müəyyən ərazidə əhalinin sayı ilə həmin ərazidəki əhalinin həyati vacib ehtiyatlarla təminatı arasındakı uyğunsuzluq başa duşulur.
İnsanların həyat fəaliyyətində urbanizasiya da mühüm rol oynayır.
Urbanizasiya – şəhərlərin inkişafının və böyüməsinin artması, müəyyən regionda, ölkədə, dünyada şəhər əhalisinin sayının artması, kənd ərazilərinin sosial və xarici görkəminin şəhərlərə xas cəhətlərə malik olmasıdır. Urbanizasiyanın əsas göstəricisi – şəhər əhalisi sayının artmasıdır. Urbanizasiya şəhərlərin sayının artması və onların sıxlığının artması ilə müşayət olunur.
Urbanizasiya cəmiyyətdə mürəkkəb sosial-iqtisadi, texniki problemlər yaradır və əhalinin təhlükəsizliyini sarsıdır. Problemlər ərzaqla, kommunal-məişət sferası ilə, nəqliyyatın inkişafı ilə, kommunikasiya, səhiyyə və s. ilə bağlı ortaya çıxır.
Əhali artımı (inkişaf etmiş ölkələrdə) maliyyə vəsaiti – «demoqrafik investisiyaların” artımı deməkdir. Bunula əlaqədar iqtisadi inkişaf tempi azalır. Belə şəraitdə Yer kürəsi artıq əhalinin lazımi qədər ərzaq məhsulları və lazımi vasitələrlə təmin edə bilmir. Müəyyən müddətdən sonra aclıq, kütləvi xəstəliklər, yaşayış mühitinin deqradasiyası və bununla da əlaqədar əhali sayının kəskin azalması və insan cəmiyyətinin dağılması baş verir.
Bu problemlərin həlli ilə demoqrafik siyasət məşğul olur, bu dövlət orqanlarının və əhalinin say və quruluşunun dəyişikliklərini nizamlayan sosial institutların məqsədəyönlü fəaliyyətidir.
İnsanın fəal texnogen fəaliyyəti nəticəsində planetin bir çox regionunda biosfera dağılmış və yeni yaşam mühiti-texnosfera yaranmışdır. Artıq planetdə ekosistemi pozulmamış az ərazi qalmışdır.
Ərzaq çatmamazlığı
Sosial-siyasi xarakterli FH əsas səbəblərindən biri də dünyadakı ərzaq çatmamazlığı, başqa sözlə aclıqdır.
Aclığın 2 forması vardır –aşkar (mütləq aclıq) və gizli (nisbi aclıq: lazımi qədər qialanmama, qida rasionunda həyati vacib komponentlərin çatmamazlığı və ya heç olmaması). Aclığın hər iki forması ağır nəticələrə səbəb olur: infeksion, psixi və maddələr mübadiləsinin pozulması ilə əlaqədar digər xəstəliklər artır, fiziki və əqli inkişaf pozulur, vaxtından qabaq ölüm baş verir.
Texnoloji dünyada gizli aclıq həm varlı, həm də kasıb ölkələrdə aktual problemə çevrilmişdir. Kütləvi aclıq daha qlobal problemdir və çoxlu sayda insan ölümünə səbəb olur. Adətən kıtləvi aclığın səbəbi təbii iqlim dəyişiklikləridir.
Aclığın təbii səbəbləri məhsuldarlığın çox aşığı həddə düşməsi və epidemiyalar, müharibələr, iqtisadi cəhətdən – müxtəlif sahələrdə düzgün aparılmayan siyasət, məsələn, kapitalizm quruluşunda iqtisadi böhranlar və s.dir.
Dünyada beş yaşa qədər uşuqlar arasında hər il 13 milyona qədər uşaq tələf olur. Onların ölümünə səbəb aclıq nəticəsində qızılca, diareya, malyariya və pnevmoniya (sətəlcəm) kimi xəstəliklərə yoluxmadır.
Ananın doyunca qidalanmaması az çəkili və pis inkişaf etmiş uşaqların dünyaya gəlməsinə səbəb olur. Belə uşaqlar inkişafdan qalır, bütün həyatı boyunca xəstəliklərə asanlıqla yoluxurlar. Qidada əsas vitaminlərin və mineralların çatmamazlığı bütün dünyada ağır xəstəliklərin və milyonlarla insanların ölümünə gətirib çıxarır. Hətta bəzi elementlərin yüngül kəsiri belə uşağın inkişafını ləngidə bilər, məktəbdə dərslərin mənimsənilməsini aşağı salır, nəticədə uşaqlar məktəbi atır və savadsızlıq səviyyəsi artır. Lakin ərzaq məhsullarının lazımi qədər istehsalı aclıqdan xilas etmir, çünki ərzaq məhsulları həm də keyfiyyət cəhətdən təhlükəsiz olmalı və qidalı maddələrlə zəngin olmalıdır.
Həyat səviyyəsinin aşağı düşməsi
Daha bir səbəb – həyat səviyyəsinin aşağı düşməsi və bundan irəli gələn nəticələrdir.
Həyat səviyyəsi – əhalinin normal həyat fəaliyyəti üçün maddi və mənəvi təmin edilməsidir.
Yoxsulluq –əhalinin müəyyən hissəsinin və ev təsərrüfatlarının pul, əmlak və digər resurslarla təminatının nisbi olaraq aşağı səviyyədə olmasıdır.
Yoxsulluq problemi dünyada bütün ölkələrdə mövcuddur və onun səviyyəsi ümumi istehsalın inkişaf stadiyasından, fərdin imkanlarından və əhalinin həyat fəaliyyəti şəraitindən asılıdır.
Əsasən, uşaqlı ailələr; tək valideynli ailələr; az təminatlı ailələr; işsizlər; üzvlərindən biri əlil olan ailələr; yaşlılar yoxsullardır. Həmçinin, əhalinin həyat səviyyəsini xarakterizə edən vacib göstərici, əvvələrdə olduğu kimi yenə də mənzillə təminatdır.
İşsizlik-əhalinin aktiv hissəsinin təsərrüfat fəaliyyəti ilə məşğul ola bilməməsidir. Tədqiqatların nəticələrinə görə işsizliyin artımının hər bir faizi adamöldürmə və suisid hallarının dörd faiz artmasına səbəb olur.
İşsizliyin aşağıdakı növləri vardır: məcburi və könüllü.
Məcburi işsizlik zamanı işçi işləməyə qadirdir və işləmək istəyir, lakin iş tapa bilmir.
Könüllü işsizlik zamanı isə işçidə işləmək istəyinin olmamasıdır, məsələn, əmək haqqı aşağı olduğuna görə. Könüllü işsizlik iqtisadi bum zamanı guclənir, böhran zamanı isə aşağı düşür; onun miqyası və davam etmə müddəti işçinin müxtəlif peşə yönümündən, ixtisasından, həmçinin, əhalinin müxtəlif sosial-demoqrafik qruplarından asılıdır.
Qeydiyyata alınmış işsizlik—əhalinin işsiz, lakin iş axtaran, rəsmən qeydiyyata alınmış hissəsidir.
Mariginal (cüzi) işsizlik-əhalinin aztəminatlı (gənclər, qadınlar, əlillər) və aşağı təbəqələrinin işsizliyidir.
Qeyri-sabit işsizlik—müvəqqəti səbəblərlə əlaqədar baş verir (məsələn, işsçilər könüllü olaraq iş yerini dəyişəndə və ya sənayedə mövsümi işlərlə əlaqədar).
Mövsümi işsizlik—iqtisadiyyatin müəyyən sahələrində iqtisadi fəallığın il ərzindəki tərəddüdü ilə əlaqədardır.
Struktur işsizlik—boş iş yerlərinə tələbat olsa da, işsizlərin ixtisas strukturunda həmin yerlərə ixtisas uyğunsuzluğu ilə əlaqədardır. Struktur işsizlik, köhnəlmiş texnologiyalar və peşələrin aradan qaldırılması və istehlak mallarına tələbatla əlaqədar iqtisadiyyatin genişmiqyaslı yenidən qurulması ilə əlaqədar meydana çıxır.
Texnoloji işsizlik—istehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılması ilə əlaqədar işçi qüvvəsinin bir hissəsi artıq olur, yaxud daha yüksək ixtisas səviyyəsinə yiyələnməsi laxım gəlir. İşsizlik problemlərini məşğulluq və məşğulluq sahəsində bövlət siyasəti həll edir.
Cəmiyyətin kriminallaşması
Cinayətkarlıq—dövlət qanunlarına zidd olan ictimai hadisədir, eyni zamanda müstəqil olaraq cəmiyyətə ciddi təsir edir. Adətən, sosial-siyasi və iqtisadi qeyri-stabillik dövründə və ya subyektiv faktorların təsirindən meydana gəlir. Cinayətkarlığın ən təhlükəli və yayılmış növləri aşağızakılardır:
• Qətl;
• Quldurluq, qəsb (reket) və vətəndaşların hüquq və azadlıqlarını pozan digər cinayətlər;
• Silah, parlayıcı maddələrin qanunsuz əldə edilməsi, istehsalı, satışı və ya oğurlanması;
• Narkotiklərin qanunsuz dövriyyəsi;
• Xuliqanlıq;
• Oğurluq;
• Fırıldaqçılıq;
• Rüşvətxorçuluq;
• Qumar;
• Xidməti vəzifəsindən sui-istifadə.
Beləliklə, kriminal təhlükə, cəmiyyətin həyat fəaliyyətinin təhlükəsiliyi üçün ciddi problem yaradır. Onların qarşısını almaq üçün həmin hadisələrin lokallaşdırılması üçün proqramlar işlənib hazırlanmalı; hüquq-mühafizə orqanlarının fəaliyyəti təkmilləşdirilməli; cinayətkarlığın səbəbləri və vəziyyəti, cinayətkar elementlərin gövlət mühafizə orqanlarına müqavimətinə şərait yaradan faktorlar və şərait haqqında düzgün təsəvvür olmalıdır. Bu sahədə təkcə dövlət tədbirləri, hüqüq-mühafizə orqanlarının fəaliyyəti deyil, həmçinin, cinayətkarlığın profilaktikası və əhalinin kriminala qarşı mübarizə aparması böyük əhəmiyyət daşıyır.
Qumar — oynayana qazanc və ya zərər gətirən hər cür şans oyunu, pul ya da maddi dəyəri olan bir şey yatırdılaraq oynanan, qarşılığında qazanana maddi gəlir gətirən oyunlara verilən ümumi addır. İnsan cəmiyyətlərinin ilk zamanlarından bu yana mövcud olan qumar çox dəyişik üsullarla reallaşdırıla bilər.
Qumar, haqsız yerə başqasının malını götürmək, bilə-bilə ortaq şəkildə oğurluq etməkdir. Qumar, ictimai bir fəlakətdir. Qumarda itirilən pulda uşaqların, kasıbların haqqı vardır. Qazanılan pul da qanuni deyil. Qumar yayıldıqca ictimai zərərlər artar. Qumar ailə həyatında nizamsızlıqlara, anlaşılmazlıqlara, laqeydliklərə səbəb olar. Çox zaman əyləncəli vaxt keçirmək üçün seçilən qumar çox zərərli bir oyundur. Buna görə ailələlər dağılır və hətta cinayətlər baş verir.
Sosial təhlükələr
Sosial təhlükələr çoxsaylıdır. Buraya zorakılığın müxtəlif formaları (müharibələr, silahlı münaqişələr, terror aktları, kütləvi iğtişaşlar, repressiyalar və s.), kriminal (banditizm, oğurluq, fırıldaqçılıq, saxtarlıq və s.), insanların fiziki və psixi müvazinətini pozan maddələrin qəbulu (alkoqol, nikotin, narkotiklər, dərman preparatları), suisidlər (özünüöldürmə) və insan həyatına və sağlamlığına zərər verən digər hadisələr aiddir.
Alkoqolizm. Alkoqol – universal zəhərdir, bütün orqanizmə təsir edir, xüsusilə də baş beynə daha çox zərər vurur. Alkoqol bədənin bütün toxumalarında qeyri-bərabər paylanır. Onu ən çox baş beyin udur, çünki, baş beyinin sinir hüceyrələrində böyük miqdarda lipidlər var və alkoqol digər mühitlərlə müqayisədə onlarda daha yaxşı həll olur. Gənc insanlarda beyin damarları daha böyük ölçülüdür (böyüyən hüceyrələri qidalandırmaq üçün), buna görə də beyinə gələn qan çoxdur. Alkoqol beyin hüceyrələrində 90 günə qədər qalır. Ağır alkoqol zəhərlənmələrində bir neçə min hüceyrə məhv olur. Baxmayaraq ki, hər birimizdə beyin hüceyrələrinin sayı 17 milyarddır, bu israf yolverilməzdir!
Alkoqoldan çox istifadə psixi poxğunluqlara səbəb olur. Belə pozğunluqlara alkoqol qarabasmaları, alkoqol sayıqlaması, alkoqol qızdırması, epilepsiya aiddir.
Sərxoşluq və alkoqolizm cəmiyyətə böyük miqyasda iqtisadi, sosial və mənəvi zərər vurur. İnsanlar alkoqoldan sui-istifadə edirlər, nəticədə xəstələnir, iş gününü buraxır, işdə qəzalara və zədələnmələrə səbəb olurlar (məişətdə zədələnmələrin 20%-i, nəqliyyat zədələnmələrinin 46%-i). Sərxoş sürücülərin günahına görə yol-nəqliyyat qəzaları ağır nəticələrə gətirib çıxarır (72,5%). Alkoqolizm nəticəsində törədilən cinayətlər—cinayətlərin böyük faizini–96% təşkil edir.

Tütündən istifadə. Tütün—25-dən artıq xəstəlik üçün risk faktorudur. Nikotin—tütün tüstüsünün əsasını təşkil edir, ən güclü bitki tərkibli zəhərlərdən biridir. Lakin, tütünün zərərli təsiri təkcə nikotinlə məhdudlaşmır. Tütün tüstüsünün tərkibinə 30-dan çox zəhərli maddə daxildir: ammonyak, sianrd turşusu, hidrogen-sulfid, dəm qazı, radioaktiv maddələr, tütün qətranı və onlara bənzər maddələr. Tütün yalnız ondan istifadə edənin orqanizminə deyil, həm də qapalı mühitdə istifadə edilirkən orada olan digər insanlara da mənfi təsir edir. Hesablamalar görə, bir saat tütün istifadə olunan otaqda qalarsa, o sanki 4 siqaret çəkmiş (passiv istifadəçi) kimi olur. Həmin insanlarda nikotin intoksikasiyası (zəhələnməsi) əlamətləri əmələ gəlir: baş ağrısı, mədə bulanması, arıqlama baş verir.

Təbii-sosial təhlükələr
Epidemiya – müəyyən ərazidə, ölkədə infeksion xəstəliklərin kütləvi yayılması nəticəsində xəstələnmə səviyyəsinin armasıdır.
Sosial xəstəliklər—əlverişsiz sosial-iqtisadi şəraiti ilə əlaqədar baş verən və yayılan xəstəliklərdir (zöhrəvi xəstəliklər, vərəm və s.)
Hər il dünyada əhalinin 5%-dən 15%-ə qədəri qrippə yoloxur, qrippdən ölənlərin sayı isə təxminən 2 milyona qədərdir.
Vərəm xəstəliyi haqqında bəzi faktlar:
• Bəşər tarixində vərəmdən ölənlərin sayı 330 milyondan çoxdur.
• Vərəm törədiciləri ilə 2 milyarddan çox insan yoluxmuşdur, yəni yer kürəsində əhalinin üçdən biri; yoluxmuşların 10%-i isə xəstələnirlər.
• Vərəmin açıq forması ilə xəstələnmişlərin hər biri il ərzində 10-15 adamı yoluxdurur.
• Bütün digər infeksion xəstəliklərdən ölənlərin cəmi qədər vərəm xəstəliyindən ölüm baş verir.
• Zəif inkişaf etmiş ölkələrdə vərəm xəstəliyindən ölüm faizi 26%-dir.
• QİÇS-li xəstələrin üçdən biri vərəmdən ölür.
• Vərəmlə insanlar 15-44 yaşlar arasında xəstələnir, bu isə əhalinin ən çox əmək qabiliyətli hissəsidir; nəticədə xəstəlik mənfi iqtisadi effekti artır.
• Vərəm əleyhi preparatlardan düzgün istifadə edilməməsi nəticəsində 50 milyondan artıq insan vərəmin dərmanlara davamlı forması ilə xəstədir.
Narkomaniya (yunanca – yuxu, bihuşluq, mania – cəzb etmə, ağılsızlıq) — narkotik vasitələrdən istifadə etdikdə yaranan xroniki xəstəlikdir. Narkomaniya – sosial təhlükəli psixi xəstəlik olub, əsası bu və ya digər kimyəvi birləşmələr qəbul etmək yolu ilə mərkəzi sinir sistemində «komfort sahəsi»ni süni olaraq stimullaşdırmaq üçün (şövqləndirməklə) fərdin (şəxsin) qarşısıalınmaz cəhd göstərməsidir. Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyata siyasi proseslərə qarşı laqeydlik yaradır. Cəmiyyətin böhranlı dövründə narkomanlıq artır, sosial munasibətlərə mənfi təsir göstərir.
Narkomaniya orqanizmin zəifləməsinə bədənin arıqlamasına və fiziki gücün tükənməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların- qara ciyər və böyrəyin zəhərlənməsinə gətirib çıxarır. Narkomanlar içərisində ən geniş yayılmış xəstəlik hepatitdir. Ən qorxulu xəstəliklər orqanizmə qan vasitəsilə daxil olur və vena vasitəsilə qəbul olunan narkotiklərdən istifadə edən narkomanlar qan ilə tez-tez yoluxurlar. Rəsmi statistikaya görə son beş ildə Azərbaycanda narkomanların sayı 10 dəfə artıb. Son məlumatlara əsasən respublikada narkomanların rəsmi sayı 22 min nəfərdən artıqdr. Azərbaycanda daha geniş istifadə olunan narkotiklər tiryək, heroin, çətənə, həşiş, ekstazi, kokain. və LSD-dir.
Dünyada 50 milyon narkoman var ki, onların 40-45% qadın və uşaqlardır.
Azərbaycan Respublikası mühüm tranzit məntəqəsidir, xüsusən Əfqanıstandan Rusiya və Avropaya heroin nəqlində Azərbaycan Respublikasında Narkotilk maddələrin daxili istehlakı artmaqda davam edir. Ölkəmizdə tələbələr narkomanların üçdə birindən çoxunu — 30-35% təşkil edir. Heroin istifadəçilərinin əksəriyyəti 64,6%-i iri şəhərlərdə Bakı, Sumqayıt, Gəncə və Lənkəranda cəmlənib.
Narkomanlıq cəmiyyətin özəyi olan ailəni dağıdır qeyri stabil şəraitin yaranmasına səbəb olur. Narkomaniya təhlükəsinə qarşı mübarizəni gücləndirmək məqsədilə Azərbaycan Respublikasının prezidenti 26 avqust 1996-cı ildə “Narkomaniya və narkotika dövriyyəsinə qarşı tədbirlər haqqında” fərman verilmişdir. 1999-cu ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Narkotik vasitələr psixotrop maddələrin qanunsuz dövriyyəsi haqqında” qanun qəbul etmişdir.

Sosial-siyasi təhlükələr
Sosial-siyasi təhlükələr sosial-siyasi münaqişələr zamanı meydana çıxır. Münaqişənin mənbələri: sosial bərəbərsizliklərdir. Bu cəmiyyətdə mövcud olan hakimiyyət, sosial nüfuz, sərvət, təhsil kimi dəyərlərin bölünməsi sisteminin bərabərsizliyidir.
Konflikt – qarşılıqlı əks maraqların, baxışların toqquşmasıdır, kəskin mübahisədir, ağırlaşmalardır, müxtəlif tərkibli və səviyyəli iştirakçıların mübarizəsidir. Münaqişə gedişinə görə iki formada olur:
• Açıq qarşıdurma, toqquşma, mübarizə;
• Gizli münaqişə zamanı açıq qarşıdurma yoxdur, lakin görünməz mübarizə davam edir.
Konfliktli FH cəmiyyətdə baş verən sosial-iqtisadi və siyasi proseslərlə əlaqədardır. Həmin proseslər müharibələrə, inqilablara, terrorizmə və s. bu kimi hadisələrə gətirib çıxarır, yəni, müxtəlif sosial qruplar arasında münaqişə, ayrı-ayrı rayonlarda iğtişaşlar, ictimai dövlət qurumlarını, radio, telestansiyaları tutmaq cəhdi baş verir.
Konflikt—cəmiyyətdə məqsəd, maraq və dəyərlərin ziddiyətlərinə görə tərəflər arasındakı baş verən toqquşmadır.
Silahlı konflikt—ölkələr və ölkədaxili hərbi-siyasi qruplar arasında ziddiyətlərin ən kəskin formada həlli-hərbi güc tətbiqi ilə səciyyələnir.
Müharibə—ölkələr və ya sosial, etnik və digər qruplar arasında silahlı mübarizədir; məcazi mənada müəyyən siyasi qüvvələr arasında siyasi mübarizənin, düşmən münasibətlərinin ən kəskin formada həllidir. Siyasi səbəblərdən qurbanlar ən çox müharibələr nəticəsində alınır.
Müharibə öz mahiyyətinə görə, bu və ya digər dövlətlərin (sosial qrupların) öz siyasətini zorakı vasitələrlə davam etdirməsidir.
Hərbi təhlükə başlayan andan regionda hərbi vəziyyət—təcavüzü dəf etmək üçün şəraitin yaradılması – tətbiq edilir. HV (hərbi vəziyyət) dövründə insanların hüquq və azadlıqları məhdudlaşdırılır. Həmin ərazidə məhsulların istehsalı dövlətin, hərbi qüvvələrin ehtiyaclarının ödənməsi üçün səfərbər edilir.
Beləliklə, hərbi münaqişələr—mürəkkəb siyasi-iqtisadi fenomendir; ziddiyətlərin üsi-üstə yığılaraq vaxtında həllini tapmaması ilə əlaqədardır. Hərbi münaqişələr zonasında davranış qaydalarını bilmək və həmin qaydaları təcrübədə tətbiq edə bilmək belə hallarda sağ qalmağa imkan verir.
Ölkələr arasındakı hərbi münaqişələrlə yanaşı ölkə daxilində də hərbi-siyasi münaqişələr iğtişaşlara səbəb olur, getdikcə daha geniş miqyas alaraq sosial fəlakətlərə gətirib çıxarır.
Sosial iğtişaşların yayılma sürətini və potensial dağıdıcı gücünü insanların həyat şəraiti müəyyən edir. Həyat şəraiti nə qədər pis olarsa, sosial naracılıq səviyyəsi o qədər yüksək olur, onun qarşısını almaq bir o qədər çətin olur. Ən pis halda açıq narazılıq dalğaları getdikcə birləşir, dağıdıcı gücü artır, yeni-yeni ərazilərə yayılır. Daha sonra hər şey «pis-daha pis» sxemi üzrə inkişaf edir.
Həyatdakı qeyri-stabillik narazılıq və etirazlara səbəb olur. Etiraz hərəkata gətirib çıxarır. Hərəkat isə həyat fəaliyyətini təmin edən infrastrukturanı dağıdır, əhalinin vəziyyəti daha da pisləşir. Bu da öz növbəsində yeni etiraz dalğalarına səbəb olur, proseslər idarəolunmaz hal şəklini alır.
Kütlənin əhvalını sabitləşdirmək üçün iddiaları və onlara nail ola bilmək yolları arasında tarazlıq yaratmaq lazımdır. Əks halda «neqativ enerji» sıçrayışı baş verir. Bu hal kortəbii və ya düşünülmüş hadisə formasına alır və ictimai sakitlik üçün ciddi təhlükə yaradır.
Terrorizm
Terrorizm (lat. terror-qorxu, vahimə) — haqqında birmənalı tərif mövcud olmasa da, mütəxəssislərin əksəriyyətinin gəldiyi qənaət budur ki, o, siyasi, dini, ideoloji, iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni zorun, gücün, hədənin tətbiq olunması formasıdır.
Terrorizm bu siyasi ekstremizmin bir formasıdır, müəyyən məqsədlərə çatmaq üçün ən amansız zorakılıq metodlarından istifadə edir, hətta insanların fiziki məhv edilməsindən belə çəkinmir. Terrorizm ekstremizmin təzahürlərindən biri olmasına baxmayaraq, ekstremizmin digər formalarından onunla fərqlənir ki, bir qayda olaraq terrorizmin bütün təzahürləri hüquqa ziddir.
Göründüyü kimi, terrorçuluq cinayətkarlığın ən təhlükəli formalarından biridir. Həmin təhlükəlilik transsərhəd formalardan törədilən terrorçuluğa da aiddir.
Terrorizm ayrı-ayrı şəxslər, qruplar tərəfindən həyata keçirilir. Onlar terrorizmin dövlət siyasəti rütbəsinə yüksəlmiş ölkələrdə müəyyən siyasi hərəkatın və ya ölkənin maraqlarını ifadə edirlər. Terrorizm – siyasi problemlərin antihumanizm üsulu ilə həll edilməsidir. O, ayrı-ayrı siyasi xadimlərin ambisiyalarını təmin etmək üçün bir vasitə kimi, yaxud da mafioz strukturların, kriminal günyrnın öz məqsədlərinə çatması üçün bir alət kimi istifadə edilə bilər.
Terrorizmin 3 əsas növü var: siyasi, dini və kriminal.
Dünyada ən yayılmış terror aktları aşağıdakılardır:
• Dövlət və ya sənaye obyektlərinə basqın—bu maddi itkilərə səbəb olur, eləcə də, hədə-qorxunun və güc nümayışinin səmərəli vasitəsidir;
• Dövlət müəssisələrinə və ya səfirliklərə basqın (girov götürülməsi ilə müşayət olunur və ciddi ictimai rezonansa səbəb olur);
• Təyyarələrin və ya digər nəqliyyat vasitələrinin qaçırılması (siyasi mitivasiya-həbsxanadan yoldaşlarının azad edilməsi; kriminal motivasiya-girovun müqabilində pul tələb edilməsi);
• Zərərçəkmişə qarşı zorakılıq (hədə-qorxu və ya təbliğat məqsədilə);
• Adam oğurluğu (siyasi güzəştlər və ya məhbusların azad edilməsi üçün siyasi şantaj; özünü maliyyələşdirmə forması);
• Siyasi qətl (bu terror mübarizə aparılmasının ən radikal vasitəsidir; terroristlərin fikrinə görə qətl-xalqı tiranların zülmündən azad edir);
• Partlayışlar və kütləvi qırğınlar (psixoloji təsir, qorxu və insanlarda qeri-müəyyənlik hissi yaratmaq üçün nəzərdə tutulmuşdur).
Terrorizmə qarşı mübarizə. Terrorizmlə mübarizənin əsasını aşağıda sadalanan prinsiplər təşkil edir:
• Qanunçuluq;
• Terror fəaliyyətilə məşğul olmanın mütləq cəzalandırılması;
• Terrorçulara minimal güzəştlər;
• Anti-terror əməliyyatlarının taktiki üsulları və həyata keçirilməsi, heyət barədə minimal məlumatların verilməsi və s.

Qlobal ciyanətkarlıq—müasir dünyanın daha bir kəskin sosial problemidir. Hər il dünyada qeydə alınmış cinayətlərin miqdarı təxminən 5% artır. Son zamanlarda ağır cinayətlər xüsusilə sürətlə artır (qətl, zorakılıq və s.).
Cinayətkar qruplaşmalar—cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş şəxslərin icması olub, ciddi qayda və cinayət aktlarının planlaşdırılması ilə fərqlənirlər, bir və ya bir neçə rəhbəri olur. Onların fəaliyyətini araşdırarakın məlum olmuşdur ki, belə dəstələrdə olan iştirakçıların sayı 5-10 nəfərdən 20-30 nəfərədək olur, cinayətlər adətən, yerli səviyyədə törədilir.
Belə qruplaşmaların xarakter cinayət əməlləri aşağıdakılardır: reket, quldurluq, sifarişlə qətl, xuliqanlıq, narkotik alveri və s. Cinayətkar dəstələrin inkişafının müəyyən mərhələsində cinayət yolu ilə qazanilmiş gəlirin leqallaşdırılması üçün ticarətin təşkil olunması, daşınmaz əmlak əldə edilməsi, vergidən yayınma kimi hallar da ortaya çıxır.
Professional cinayətkarlığın ən təhlükəli növü mütəşəkkil cinayətkarlıqdır. Müməşəkkil cinayətkarlıq müəyyən qrup şəxslərin şüurlu, sistemli, təkrarlanan cinayət fəaliyyətidir. Bu fəaliyyətin bir və ya bir neçə elementi (məqsəd, vasitə, əldə edilmə prosesi, nəticə) cinayət tərkibli olur.
Mütəşəkkil cinayətkarlıq cinayətkar ünsürləri birləşdirir, onlara nəzarət edir, rnların fəaliyyətini stumullaşdırır, cinayət fəaliyyətini daha fəal aparmağa məcbur edir. Kriminoloqlara görə mütəşəkkil cinayətkarlığın 3 əsas əlaməti var.
Mütəşəkkil cinayətkarlığın əmələ gəlməsi cinayət aləmində inkişafın yeni etapıdır. Müasir mafiya fəaliyyətini əsas biznes qanunlarına uyğun qurur, buna görə də onlar ictimai həyatın ayrılmaz hissəsinə çevrilmişddir. Birinci əlamət-güclü iyerarxiyaya, ciddi nizam-intizama, sabit cinayət ənənələrinə malik insanların birləşərək sistemli olaraq cinayət fəaliyyəti ilə məşğul olmasıdır. İkinci əlamət—iqtisadi maraqdır. Qanunun sistemli olaraq pozulmasının əsas məqsədi zənginləşmə, kapitalın yığılmasıdır; bu cinayət yolu ilə əldə edilmiş kapitalın leqallaşdırılması ilə (çirkli pulların yuyulması) əlaqədardır. Üçüncü əlamət-korrupsiyadır. Mütəşəkkil cinayətkarlığın ayrılmaz hissəsi—korrupsiyadır.
Mütəşəkkil cinayətkarlıq öz fəaliyyətini gizlətmir, dövlətin reaksiyasına korrupsiya ilə mane olur. Korrupsiyanın səviyyəsi iqtisadi vəziyyətlə sıx bağlı olan cəmiyyətin mədəni səviyyəsindən asılıdır. Mütəşəkkil cinayətkarlığın qeyri-mütəşəkkil cinayətkarlıq ilə eyni kökləri vardır.
Korrupsiyanın səviyyəsini aşağı salmaq üçün hökumət orqanlarının fəaliyyətini tənzimləmək lazımdır. Bunun üçün hüqüq normalarını sadələşlirmək, aydın və ictimaiyyətin başa düşdüyü formaya salmaq lazımdır. Məmur qanunun yerinə yetirilməsini təmin etməlidir, bu zaman onun şəxsi iradəsinin təzahürü imkanları minimum olmalıdır. Korrupsiya ilə mübarizənin ən səmərəli yolu—onun baş verməsi və inkişafına mane olan şəraitin yaradılmasıdır.
Mafiya – kollektiv və sistematik olaraq cinayətkarlıqla məşğul olan iyerarxik təşkil olunmuş cinayətkar qruplardır. Erkən mərhələlərdə mafiya təşkilatları dövlətdə gölgə iqtisadiyyatı rolunu oynayırdılar. Qanunsuz mallar bazarı (narkotiklər, «canlı mal», silah, əntiq əşyalar, oğurlanmış maşınlar və s.) yalnız Birinci Dünya müharibəsindən sonra formalaşmağa başladı, lakin bütün mafiya təşkilatları XIX əsrin ortalarından fəaliyyət göstərirdilər.
Reket – quldurların fiziki və maddi zərər təhdidi edərək «xərac» toplamasıdır. «Xərac» torlayarkən cinayətkar qruplar iş adamlarını digər cinayəikar qruplardan və ya tək fəaliyyət göstərən ciqayətkarlardan müdafiə etməyə təminat verirlər. Sabit ödəniş haqlarını təmin etmək üçün, reket dəstələri öz müştəriləri arasında əmlak mübahisələri (borc öhdəlikləri, müqavilə razılaşmaları) məsələlərini həll etmək məqsədilə öz üzərlərinə ali arbitr rolunu götürməyə çalışırlar. Reket – qanunsuz iş və ya adətən mütəşəkkil cinayətkarlığın hissəsi kimi çalışan sxemdir. Bura
• Rüşvətxorluq
• Uşaqların cinsi istismarı
• Qanunsuz qumar
• Mütəşəkkil cinayətkarlıq daxildir…
Qara bazar (dəllal bazarı)—ölkədə bütün malların və xidmətlərin satışı ilə bağlı gölgə iqtisadiyyatının bir hissəsi olub, ya hüquqi satış predmeti (məsələn, insanlar, intim xidmətlər və s.) ola bilməz, ya da dövriyyəsi (silah və sursat, narkotik vasitələr) məhdud ola bilər. Adətən, qara bazar, qaçaqmalçılıqla sıx bağlı olur və mütəşəkkil cinayətkarlıq tərəfindən nəzarət edilir.
Qara bazar nümunələri:
• Narkotik ticarət;
o Butleqerlik—spirli içkilərin qadağası dövrundə spirli içkilərin ticarəti. Spirtli içkilərin qadanğan olunduğu və ya məhdudlaşdırıldığı müsəlman ölkələrində aparılır, narkitik ticarətə aiddir;
• Oğurlanmış incəsənət əsərləinin ticarəti;
• Silah ticarəti;
• Pirat məhsulları və ya xaker proqramları ticarəti;
• Saxta sənəd ticarəti;
• Nadir heyvan növləri ticarəti;
• Yayılmasına qadağa qoyulmuş ölkələrdə brakonyerlik yolu ilə istehsal olunan qara və qırmızı kürü ticarəti;
• İnsan alveri;
• Sutenyorluq;
• Transplantasiya məqsədilə insan orqanları ticarəti;
• Yayılmasına qadağa qoyulmuş pornoqrafiya və erotik materiallar ticarəti;
• Müharibə dövründə ərzağın kart sistemi ilə bölüşdürülməsi tətbiq olunmuş ölkələrdə qara bazar.
İnsan orqanları ilə ticarət—transplantologiyanın inkişafı ilə əlaqədar insan orqan və toxumaları ilə qanunsuz dövriyyəsidir. Mütəşəkkil cinayətkarlığın yeni formasıdır.
“İnsan alveri” güc işlətmə və ya güc işləyədiləcəyi ilə hədələmə və digər formada məcburiyyət, oğurlama, fırıldaqçılıq, aldatma, hakimiyyətdən və ya köməksizlikdən sui-istifadə yolu ilə, yaxud başqa şəxsə nəzarət edən şəxsin razılığını pul və ya fayda verməklə alma yolu ilə insanların istismar məqsədi ilə cəlb edilməsi, daşınması, başqasına verilməsi, gizlədilməsi və ya əldə edilməsi deməkdir. Istismar ən az başqa şəxslərin fahişəliyinin istismarını və ya cinsi istismarının digər formalarını, məcburi əməyi və ya xidmətləri, köləliyi və ya köləliyə bənzər adətləri, asılı vəziyyəti və ya bədən üzvlərinin çıxarılmasını əhatə edir. (Birləşmiş Millətlər Təşkilatının Transmilli Mütəşşəkil Cinayətkarlığa qarşı konvensiyanı tamamlayan insan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, kökünün kəsilməsi və cəzalandırılması haqqında Protokol, Maddə 3)
İnsan alveri anlayışını müəyyən edən əsas elementlər:
• fəaliyyət (insanların cəlb edilməsi, daşınması, başqasına verilməsi, əldə edilməsi),
• vasitələr (güc işlətmə və ya güc işləyədiləcəyi ilə hədələmə və digər formada məcburiyyət, oğurlama, fırıldaqçılıq, aldatma, hakimiyyətdən və ya köməksizlikdən sui-istifadə yolu ilə, yaxud başqa şəxsə nəzarət edən şəxsin razılığını pul və ya fayda verməklə alma yolu) və
• məqsəd (istismar yolu ilə maddi və ya digər gəlirin əldə edilməsi).
Qaçaqmalçılıq—dövlət sərhədlərindən qanunsuz olaraq malların, qiymətli sərvətlərin və digər predmetlərin gömrük qanunvericiliyinin pozulması ilə keçirilməsidir.
Narkobiznes—milli və beynəlxalq hüquq normaları ilə qadağan olunmuş ən təhlükəli cinayət fəaliyyətidir: buraya narkotik maddələrirn istehsalı, saxlanması, daşınması və satışı aiddir. Narkobiznesi müəyyən dərəcədə beynəlxalq terrorizm ilə müqayisə etmək olar, yeganı fərqi odur ki, terroristlər insanları silahla öldürürlər, narkotik tacirləri isə insanları narkotik vasitələri ilə məhv və ya şikəst edirlər.
Əhalinin təhlükəsiz həyat fəaliyyətini təmin etmək üçün aşatıdakı tədbirləri yerinə yetirmək lazımdır:
1. Əhalinin əsas gəlir mənbəyi kimi əmək fəaliyyətinin bərpa olunması, istehsalın inkişafının stimulu və əmək fəaliğının artırılmasının təmin olunması.
2. Yeni vergi qanunvericiliyi sisteminin tətbiqi ilə gəlirlərin ədalətli bölüşdürülməsi, əhalinin real gəlirləri üzərində effektiv nəzarətin tətbiqi ilə.
3. Yaşayış şəraitinin, tibbi xidmətin, təhsil almaq imkanlarının təkmilləşdirilməsi.
4. Məşğulluq siyasətinin aparılması ilə bir tərəfdən kütləvi işsizliyin qarşısının alınması, digər tərəfdən isə izafi işçi gücünün azad olmasına mane olmamaq.
5. Ailələrin maddi vəziyyətinin qeydiyyata alınması ilə ehtiyacı olan vətəndaşlara sosial yardımın gücləndirilməsi və müavinətlərin təyin edilməsi.
6. Uşaqların həyat şəraitinin yaxşılaşdırılması.
7. İşsizlik, xəstəlik, digər sosial və professional risklər zamanı qazancın itirilməsi hallarında vətəndaşların müdafiəsinin vacib mexanizmi kimi sosial təhlükəsiziyin rolunun artırılması.
Əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması hər bir mütərəqqi cəmiyyətin əsas məqsədidir.

31