• en
  • ru

Sülh və müharibə dövründə yaranmış fövqəladə hallar

Sülh və müharibə dövründə yaranmış fövqəladə hallar

 

Mövzunu hazırladılar:  biologiya üzrə fəlsəfə doktoru, dosent Zamanova  Sevda Xasay q. 
  baş müəllim Məmmədova Nahidə Məcid q.
 Mülki Müdafiə  və Tibbi biliklərin əsasları, Bədən tərbiyəsi    kafedrası. ADU

 
Fövqəladə hadisə (FH) – qəza, fəlakət, təhlükəli təbiət hadisəsi nəticəsində məyyən ərazidə yaranan, insan sağlamlığına və ya ətraf mühitə zərər verən, əhəmiyyətli dərəcədə maddi itkilərə və insan tələfatına səbəb olan və insanların həyat fəaliyyətini pozan vəziyyətdir. Yer səthində və atmosfera qatlarında çoxlu sayda fiziki, fiziki-kimyəvi, biokimyəvi, geodinamik, hidrodinamik və digər proseslər baş verir. Bu proseslər nəticəsində planetin görkəmi daima dəyişir. İnsan həmin prosesləri ya dayandırmaq, ya da həmin proseslərin gedişini dəyişdirmək iqtidarında deyil. O, yalnız həmin proseslərin inkişafını proqnozlaşdıra və bəzi hallarda onların dinamikasına təsir edə bilər.
Son illər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yaranması və bu sahədə bir sıra dövlət sənədlərinin qəbulu ilə bağlı fənnin tədrisində bir sıra dəyişikliklər aparılmışdır. Bununla əlaqədar əsas mövzuya keçməmişdən əvvəl fövqəladə hallar zamanı işlənən terminlər haqqında məlumat verək:
Fövqəladə hal (FH) – insan tələfatına, insanların sağlamlığına və ətraf mühitə ziyan vurmuş, əsaslı maddi itkilərə səbəb olmuş və həyat fəaliyyətini pozmuş qəza, bədbəxt hadisə, təhlükəli təbii hadisə, təbii fəlakət və ya başqa fəlakət nəticəsində müəyyən ərazidə yaranan vəziyyət.
Ekstremal hadisə – proses və ya hadisələrin normadan kənara çıxması.
Qəza – konstruktiv, istehsalat, istismar və ya, texnoloji səbəbdən, eləcə də təsadüfi xarici təsir nəticəsində konstruksiya və ya texniki qurğunun zədələnməsi, sıradan çıxmasına səbəb olan texnogen səciyyəli ekstremal hadisə.
İstehsalat və ya nəqliyyat qəzası – insan tələfatı, əhəmiyyətli maddi ziyan və digər ağır nəticələrə səbəb olan iri qəza.
Təhlükəli təbiət hadisəsi – intensivliyinə, miqyasına və sürəkliliyinə görə insanların həyat fəaliyyəti, itisadiyyat və təbii mühit üçün mənfi nəticələrə səbəb olan təbii fəlakət.
Təbii fəlakət – çox sayda insan tələfatı, əhəmiyyətli maddi ziyan və digər ağır nəticələr törədə bilən təbii qəza hadisəsidir (və ya prosesi).
Ekoloji qəza (ekoloji fəlakət) – yer səthinin, atmosferin, hidrosferin və biosferin vəziyyətinin dəyişməsi (antropogen amillərin təsiri nəticəsində), canlı orqanizmlərin kütləvi qırğını və iqtisadi zərər ilə müşayiət olunan irimiqyaslı fövqəladə hal.
Fəlakət – qəflətən baş verən və faciə (adamların məhv olunması) ilə nəticələnən geniş miqyaslı güclü qəzalara və təbii fəlakətlərə deyilir.
Təhlükə “insan-ətraf mühit” sisteminin yekcins olmaması ilə şərtlənir və onların xarakteristikası üst-üstə düşmədikdə yaranır. Texnogen təhlükələr texniki sistemlərdə qəza, yanğın, partlayış və s. bu kimi formalarda təzahür edir. Bu hadisələrin baş verdiyi ərazidə olan insanlar isə xəstəliklər və müxtəlif ağırlıq dərəcəsi olan zədələr ala bilər. Təhlükənin mənbələri: təbii və antropogen olmaqla iki hissəyə ayrılır.
Təbii təhlükə mənbələrinə zəlzələlər, daşqınlar, kosmik mənşəli – meteoritlər, kometlər, qlobal istiləşmə və s.-ni qeyd etmək olar. Antropogen təhlükə mənbələri dedikdə isə müharibələr, ekoloji və texnogen təhlükələr, şüalanmadan, atmosferdəki zərərli maddə tullantılarından yaranan təhlükələr nəzərdə tutulur.
Texnogen qəza — texnogen obyektdə böyük həcmli qəzalardır ki, nəticədə çoxlu sayda insan tələfatına və hətta ekoloji dəyişikliklərə səbəb ola bilər. Qəza dedikdə, müəyyən şərtlər daxilində insanın həyat fəaliyyətinə zərər vura bilən hadisə və proseslər nəzərdə tutulur.
Texnogen xarakterli fövqəladə hadisələrə iri istehsalat qəzaları, sənaye müəsisələrində partlayışları, enerji sistemlərində, mühəndis və texnogen şəbəkələrindəki qəzaları, hidrotexniki qurğularda, kommunal təsərrüfat obyektlərində qəzaları misal göstərmək olar.
Fövqəladə halların yaranma şərtləri. Bunlar insan fəaliyyəti nəticəsində baş verən qəzalar, yanğınlar, partlayışlar və s-dir. İstehsalatın və xidmət sahələrinin həddən artıq müasir texnika və texnologiyalar ilə dolğunluğu yuxarıda sadalanan qəza və faciələrin sayını kəskin surətdə artırır. Fövqəladə hadisə hər hansı bir prosesin gedişatında normadan kənara çıxma nəticəsində baş verir. Hadisənin inkişaf xarakteri və onun nəticələri isə müxtəlif mənşəli pozulma faktları ilə müəyyənləşdirilir. Bu sistemin fəaliyyətini pozan təbii, antropogen, sosial və ya digər təsirlər ola bilər.
Sosial təhlükələr insanların aşağı mədəni və mənəvi səviyyələri ilə əlaqədar hadisələrdir. Bu hadisələrə sərsərilik, sərxoşluq, alkoqolizm, cinayətkarlıq, siqaret alüdəçiliyi və s. aiddir. Bu təhlükələrin hərəkətverici qüvvəsi həmçinin material vəziyyətin aşağı səviyyədə olmasıdır; pis yaşayış şəraiti, etnik, dini, irqi zəmində münaqişələr və s.
Siyasi təhlükələrə millətlər və dövlətlərarası səviyyədə mənəvi təzyiq, siyasi terrorizm, ideoloji, partiyalararsı, dinlərarası münaqişələr və müharibələr aiddir. Lakin, təhlükələrin böyük əksəriyyəti kombinə olunmuş xarakter daşıyır:
• Təbii-texnogen təhlükələr-istixana effekti, ozon dəliklərinin əmələ gəlməsi, smoq, turşulu yağışlar, toz burulğanları, səhralaşma və insan fəaliyyəti nəticəsində yaranmış digər hadisələr;
• Təbii-sosial təhlükələr-narkomaniya, irsi degenerasiyaya uğramış etnoslar, infeksion xəstəliklərin epidemiyası və pandemiyası, zöhrəvi xəstəliklər (cinsi yolla yoluxan), VİÇ və s.
• Sosial-texnogen təhlükələr-peşə xəstəlikləri, travmatizm, istehsalat fəaliyyəti ilə əlaqədar psixi pozğunluqlar və xəstəliklər, kütləvi informasiya və xüsusi texniki vasitələrlə insanların şüuruna təsirlə yaradılan psixi pozğunluqlar və xəstəliklər, toksikomaniya.
FH əsas zədələyici amilləri
FH baş verməsi və inkişafı üçün müəyyən şərait lazımdır: kimyəvi, bioloji, partlayıcı maddələr istehsal edən, istehsalda yüksək təzyiqdən istifadə edən müəssisələrdə belə təhlükəli amillərin mənbələri mövcuddur. Lakin, mənbənin olması, insanlarin mütləq zərər və ya zədə almalıdır, demək deyil. Zədə və zərər dəyməsinə konkret zədələyici amil səbəb ola bilər.
Zədələyici amil—müəyyən şəraitlərdə insanlara və həyat təminatı sistemlərinə maddi ziyan vuran mühit amilidir.
Mənbələrinə görə aşağıdakı növlərə bölünür:
• Fiziki və həmçinin energetik mənbəli (zərbə dalğası və ya su dalğaları, elektromaqnit, akustik, ionlaşdırıcı şüalanma, yüksək sürətlə hərəkət edən və ya yüksək hərarətə malik obyektlər);
• Kimyəvi (insan orqanizminə, fauna və floraya neqativ təsir edən, korroziyaya, həyat mühiti obyektlərinin dağılmasına səbəb olan kimyəvi elementlər, maddələr, birləşmələr);
• Bioloji (heyvnlvr, bitkilər, mikroorqanizmlər);
• Sosial (insan kütləsi);
• Psixofizioloji (fiziki gərginlik—statik və dinamik; əməyin monoton olması, emosional gərginlik).
Konkret zədələyici amilin insan orqanizminə təsirinin nəticələrinə görə isə amillər zərərli və təhlükəli növlərə bölünür.
Zərərli amillər—insanın əhval-ruhiyyəsinin pisləşməsinə, əmək qabiliyyətinin aşağı düşməsinə, xəstəliklərə və hətta ölümə səbəb olan həyat mühiti amilləridir.
Təhlükəli amillər—zədələnmələrə, yanıqlara, donmalara, həmçinin, orqanizmin və ya ayrı-ayrı orqanların digər zədələnmələrinə və hətta qəflətən ölümə səbəb olan amillərdir.
M-2.1 Fövqəladə vəziyyətlərin təsnifatı

Əgər, ehtimal olunan bütün fövqəladə hadisələri cəm halında götürsək, onda onları iki növə ayırmaq olar.
• Münaqişəli;
• Münaqişəsiz fövqəladə hadisələr.
Münaqişəli fövqəladə hadisələrə:
• hərbi toqquşmalar;
• ekstremist siyasi mübarizə;
• sosial partlayışlar;
• milli və dini zəmində olan münaqişələr;
• terrorizm;
• tüğyan edən cinayətkarlıq və sairələrini aid etmək olar.
Münaqişəsiz fövqəladə hadisələr:
• təbii;
• texnogen;
• ekoloji xarakterli
İdarə üzrə, mənsubiyyətinə görə:
• Tikintidə;
• Sənayedə;
• Mənzil və kommunal məişət sahələrində;
• Kənd təsərrüfatında;
• Meşə təsərrüfatında;
• Nəqliyyatda (hava, su, yerüstü və yeraltı) olur.
Yaranma mühitinə görə; texnogen; təbii; ekoloji; sosial-siyasi; hərbi.
Mümkün nəticələrin miqyasına görə: lokal; obyekt; yerli; regional; Dövlət əhəmiyyətli (milli miqyaslı); qlobal.
Əsasını təşkil edən hadisələrin xüsusiyyətlərinə görə: yanğın; qəza; parlayış; zəlzələ; hava şəraiti ilə əlaqədar.
Gözlənilmədən baş verir. FH vaxtında proqnozlaşdırılması düzgün fəaliyyət göstərməyə, çoxlu itkilərin qanrşısını almağa, hətta FH baş verməsinin qarşısını almağa imkan verir.
FH yayılma sürətinə görə: qəfil baş verə bilər, tez bir sürətdə yayıla bilər və ya rəvan xarakter daşıya bilər. Hərbi konfliktlər, texnogen xarakterli FH və qəzalar, təbii hadisələr birinci iki növə, ərtaf mühitin çirklənməsi, subasmalar isə üçüncü növə aiddir.
Fəaliyyətin davametmə müddətinə görə: qısa və uzun müddətə davam edən FH.
FH xarakterinə görə: qəsdən və təsadüfən baş verən FH.
Fövqəladə hadisələrin miqyasına və nəticələrinin ağırlığına görə təsnifatında zərərçəkmiş insanların, həmçinin həyat fəaliyyəti pozulmuş insanların sayı, dəymiş maddi ziyanın həcmi, zədələyici amillərin təsir sərhədləri nəzərə alınır.
Lokal (qismən) hadisələr – iş yerndən (iş sahəsindən), mənzildən kənara yayılmır. Zərərçəkənlərin sayı 10 nəfəri keçmir, yaxud 100-dən artıq insanın həyat fəaliyyəti pozulur.
Obyekt miqyaslı hadisələr – sənaye obyektində, bina və ya qurğu hüdüdlarında məhdudlaşır. Zərər çəkən əhalinin sayı 10 nəfər qədər, həmçinin həyat fəaliyyəti pozulmuş insanların sayı 10-100 arası qədər olur.
Yerli hadisələr – ancaq yaşayış məntəqəsinin, təkcə bir şəhərin və ya kənd təsərrüfatı müəssisəsinin ərazisində özünü göstərir. Zərərçəkmiş insanların sayı 10-dan 50 nəfərə qədər, həyat fəaliyyəti pozulan insanların sayı 100-dən çox, ancaq 300-dən çox olmur.
Regional fövqəladə hadisə – bir neçə sənaye və ya kənd təsərrüfatı rayonlarını, bütünlüklə şəhəri və onun ətraflarını əhatə edir. Zərər çəkən əhalinin sayı 50-500 arası, həmçinin həyat fəaliyyəti pozulmuş insanların sayı 500-1000 arası olur.
Dövlət əhəmiyyətli (milli miqyaslı) fövqəladə hadisələr – respublikanın xeyli ərazilərini əhatə edən, lakin dövlətin inzibati sərhədlərindən kənara çıxmayan hadisələrə deyilir.
Qlobal fövqəladə hadisələr – bir ölkənin ərazisində məhdudlaşmır və qonşu dövlətlərində ərazilərinə yayılır.
Qəbul edilmiş bu təsnifat təcrübədə FH-in səbəbləri və miqyasını qiymətləndirməyə, FH nəticələrini aradan qaldırmaq üçün lazımi qüvvə və vasitələri, maliyyə, müvəqqəti və digər mənbələri müəyyən etməyə imkan verir.
Fövqəladə halların inkişafında beş mərhələ mövcuddur:
• normadan kənara çıxmaların üst-üstə yığılması;
• fövqəladə halların təşəbbüslü ortaya çıxması;
• fövqəladə hal prosesi;
• qalıq faktorların təsiri;
• fövqəladə halların ləğv edilməsi.
Mövzu-2.2 Texnogen mənşəli fövqəladə hallar
Əsasən texnogen xarakterli FH-da texnogen faciələrin əsas səbəbi adətən insan faktorudur və bu da aşağıda göstərilən bütün səbəblərdə özünü biruzə verir:
• istehsalatın həddən artıq yüklənməsi;
• istehsal edilmədə konstruktiv səhvlər;
• avadanlığın xeyli köhnəlməsi;
• personalın səhvi (məsələn, təhlükəsizlik qaydalarına əməl etməmək);
• insanların birgə fəaliyyəti zamanı informasiyanın təhrif edilməsi;
• Ayrıca elektrik stansiyalarında uzun müddətdə enerjinin kəsilməsi ilə nəticələnən qəzalar;
• Elektrik enerji qovşaqlarında istehlakçı və ərazilərin təchizində uzunmüddətli fasilə ilə nəticələnən qəzalar;
• Nəqletmə elektrik kontakt qovşaqlarının sıradan çıxması;
• Həyat təminatlı kommunal sistemlərdə qəzalar: kanalizasiya sistemlərində; istilik xətlərində; su təchizatı sistemlərində; kommunal qaz xətlərində.
• Sənaye müəssisələrinin çirkab sularının təmizlənməsi qurğularında (çirkabın 10 tondan artıq birdəfəlik tullanışı);
• Sənaye qazlarının təmizlənməsi qurğularında çirkləndirici maddələrin kütləvi tullanışı.
Yuxarıda sadalananlardan başqa texnogen qəza və fəlakətlərin əsas səbəbləri aşağıdakılardır:
• Texnoloji avadanlığın, nəqliyyat vasitələrinin və əsas istehsal fondlarının köhnəlməsi
• təhlükəli və zərərli amillərin aşkar edilməsi və nəzarəti üçün cihazların aşağı keyfiyyətli olması və ya hasilatının kifayət qədər olmaması;
• sənayedə, nəqliyyatda, energetikada, kənd təsərrüfatında, həmçinin idarəetmə sistemlərində təhlükəsizliyə təminat sisteminin texnoloji cəhətdən etibarsızlığı;
• istehsalat standartlarının olmaması, zərərli və potensial təhlükəli istehsalat müəssisələrində işləyən peşəkarların məsuliyyət və səlahiyyətinin aşağı olması;
• yanğın, parlayış, kimyəvi, radiasion, bioloji təhlükəli maddələrin və texnologiyaların istifadə edilmə miqyasının artması;
• mümkün insan və maddi itki zərərlərini azaltmaq, qəza və fəlakətlərin qarşısının alınması tədbirlərini həyata keçirərəkən əlaqələndirilmənin olmaması;
• zərərli istehsalat və potensial təhlükəli obyektlərinin yaşayış zonalarına və həyat təminatlı sistemlərə yaxın yerləşməsi;
• potensial təhlükəli istehsalat və digər obyektlərinin vəziyyətinə nəzarətin lazımi səviyyədə olmaması;
• əhali və iqtisadiyyat obyektlərində işləyənlər üçün fərdi və kollektiv mühafizə vasitələrinin istehsal həcminin kəskin azalması
• Potensial təhlükəli obyektlərdə qəza baş verdikdə yerli xəbərdarlıq sistemlərinin olmaması.
00Nəqliyyat qəzaları.
• Avtomobil yollarında (böyük yol qəzaları);
• Körpülərdə, dəmiryol keçidlərində və tunellərdə;
• Dəmiryolunda—sərnişin qatarlarında və metro keçidlərində, yük qatarlarında;
• Aviasiya və kosmik;
• Su nəqliyyatında—çay və gəmi sərnişin gəmilərində;
• Magistral boru kəmərlərində.
Müasir dövrdə nəqliyyatda baş verən istənilən qəza insan həyatı və sağlamlığı üçün potensial təhlükə təşkil edir. Texniki inkişaf insanlar üçün hərəkətdə rahatlıq və sürəti təmin etməklə bərabər, özü ilə əhəmiyyətli dərəcədə çoxsaylı təhlükələr də gətirmişdir. Nəqliyyat qəzasının növündən asılı olaraq, çox müxtəlif, eləcə də insan həyatı üçün təhlükəli zədələr, yanıqlar almaq olar.
Dəmir yolu nəqliyyatında qəzalar. Dəmir yolu nəqliyyatında qəzaların əsas səbəbi yollardakı, hərəkət vasitələrindəki, siqnalizasiya, mərkəzlə əlaqə və blokirovka qurğularındakı nasazlıqlar, dispetçerin səhvi, maşinistlərin diqqətsizliyi və səhlənkarlığıdır.
Daha çox hərəkət vasitələrinin relslərdən çıxmasına, toqquşmasına, keçidlərdə maneələrlə qarşılaşma, bilavasitə vaqonlarda baş verən yanğın və partlayış hallarına rast gəlinir. Bununla belə qatarla hərəkət təyyarə ilə hərəkətdən 3, avtomobillə hərəkətdən isə 10 dəfə təhlükəsizdir.
Yanğın və partlayışlar. Texnogen xarakterli fövqəladə halların ən geniş yayılmış növü yanğınlar və partlayışlardır ki, bunlar da aşağıdakı obyekt və müəssisələrdə baş verir:
• sənaye obyektlərində;
• tez alışan, yanan və partlayan məhsulların istehsal olunduğu, saxlandığı və emal olunduğu obyektlərdə;
• nəqliyyatda;
• şaxtalarda, dağ mədənlərində, metropolitenlərdə;
• yaşayış, sosial-məişət və mədəniyyət təyinatlı binalarda və tikililərdə.
Yanğın – maddi sərvətlərin məhv olması və insanların həyat və sağlamlığının zərər çəkməsinə səbəb olan nəzarətdən çıxmış yanma prosesidir. Yanğının əsas səbəbləri bunlardır: elektrik sistemlərindəki nasazlıqlar, texnoloji rejimin və yanğın təhlükəsizliyi qaydalarının pozulması (siqaret çəkmə, açıq yanma, istismara yararlı olmayan cihazlardan istifadə və s.).
Yanğının əsas təhlükəli amilləri istiliyin şüalanaraq yayılması, yüksək temperatur, tüstünün zəhərləyici təsiri (yanma məhsulları: hidrogen oksid və s.) və tüstülənmə nəticəsində ətrafı görmənin çətinləşməsidir.

Partlayış – qısa zaman kəsiyində müəyyən məhdud bir ərazidə böyük həcimdə enerjinin ayrılması ilə müşayiət olunan yanğındır. Partlayış səs sürətindən də yüksək sürət ilə partlayış zərbə dalğasının (5 kPa-dan artıq təzyiq ilə) yaranmasına və yayılmasına səbəb olur ki, bu da ətrafdakı əşyalara mexaniki təsir göstərir.
Partlayışın əsas zərbə endirici amilləri hava zərbə dalğası və müxtəlif əşyaların, texnoloji cihazların və partlayıcı qurğuların sınması ilə onların hissələrinin uçması ilə yaranan qəlpə sahəsidir.
Yanğın və partlayışlar müasir dünyada irimiqyaslı maddi ziyan, insan ölümü, ətraf mühitə ziyan və s. ilə nəticələnən ən geniş yayılmış fövqəladə haldır. Özünün kimyəvi təbiətinə görə bu, qeyri-nəzarətsiz yanmanın müxtəlif növləridir.
Bakı və Sum¬qayıt neft emalı və neft kimyası müəssisələri, neft-qaz mədənləri və neft ba¬za¬ları xüsusən təhlükəlidir.

Güclü təsirə malik zəhərli maddələrin istehsalı və tullanması zamanı baş verən qəzalar (və ya tullanma təhlükəsi olan qəzalar). Bu, sənayedə və nəqliyyatda böyük miqdarda olan və dağıdılması zamanı (obyektlərdə qəza vaxtı) atmosferdə asan yayılan və insanların kütləvi zəhərlənməsinə gətirib çıxaran zəhərli kimyəvi maddələrdir. Güclü təsirli zə¬hər¬li maddələr (GTZM) istehsal edilən, işlədilən və daşınan kimyəvi təhlükəli ob¬yek¬tlərdə qəzalar daha fəlakətlidir.
Qəza nəticəsində təhlükəli kimyəvi maddələr ilə zəhərlənmə – həmin maddələrin tənəffüs, qidalanma orqanları vasitəsi ilə orqanizmə, eləcə də dəriyə, selikli qişaya düşməsi ilə baş verir. Zədələnmənin xarakteri və ağırlığı aşağıdakı əsas faktorlar ilə təyin olunur: toksik (zəhərləyici) təsirin forma və xarakteri, zəhərlənmənin dərəcəsi, zərərçəkmiş obyektdə (ərazidə) kimyəvi maddələrin konsentrasiyası və insana təsir müddəti.
Əlamətləri:
• qıcıqlanma – öskürək, boğazda göynəmə və ağrılar, gözlərin yaşarması və ağrıması, sinədə ağrılar, başda ağrılar;
• mərkəzi sinir sistemi fəsadlarının çoxalması – baş ağrıları, baş gicəllənmələr, məst olma, qorxu hiss etmək, ürək bulanması, qusma, eyforiya vəziyyəti, hərəkətlərin koordinasiyasının pozulması, yuxusuzluq, ümumi süstlük, apatiya və s.

Radiasiya qəzası– radioaktiv məhsulların atılması, yaxud layihədə onların təhlükəsiz istismarı üçün nəzərdə tutulmuş ərazidən kənarda ion şüalanması ilə nəticələnən və əhalinin şüalanması və ətraf mühitin çirklənməsinə səbəb olan, nüvə-enerji qurğuları, yaxud cihazlarının təhlükəsiz istismar qaydalarının pozulmasıdır.
Belə qurğuların əsas zərərverici amilləri radiasiya təsirləri və radioaktiv çirklənməyə səbəb olmasıdır. Qəza partlayış və yanğınlarla müşayiət oluna bilər.
İnsana radiasiya təsiri müxtəlif orqanların həyati funksiyalarının pozulmasına (əsas etibarı ilə qan dövranının, əsəb sisteminin, mədə-bağırsaq orqanlarının) və ionlaşdırıcı şüalanmanın təsiri altında şüa xəstəliklərinin inkişafına səbəb olur. Radiasiyanın təsiri zamanı şüa xəstəliyi inkişaf edərək orqanizmin genetikasını pozur. Radiasiyanın təsiri canlı orqanizmlərin məhvinə gətirib çıxarır.
Radioaktiv şüalanma alfa-, beta- və qamma- ionlaşdırma şüalanmasının qarşılıqlı fəaliyyətinə gətirib çıxarır və qəza zamanı şüalanma müxtəlif radioaktiv materialların və əşyaların (məsələn qrunt) yaranmasına səbəb olur.
Şüalanma radioaktiv maddələrdən istifadə edən müəssisələrin fəaliyyəti, nüvə qurğularında qəzalar və radioaktiv tullantıların emalı və basdırılması ilə məşğul olan təşkilatların fəaliyyəti ilə bağlıdır.

Bioloji təhlükəli maddələrin tullanması (və ya tullanma təhlükəsi olan) ilə nəticələnən qəzalar. Bioloji təhlükəli maddələr kiçik miqdarda insan və heyvan orqanizminə düşərkən kütləvi infeksiyon xəstəliklər törədə biləcək maddələrdir. BTM-yə xüsusi təhlükəli infeksiyon xəstəliklər olan vəba, taun, təbii çiçək, qara yara və s. törədiciləri olan mikrob və bakteriyalar aiddir. Təbii ki, zəhərləyici və toksik maddələrin ətraf mühitə birdəfəlik iri miqyaslı tullanışı burada çalışan personala da mənfi təsir göstərir.

Kommunal sistemlərdə qəzalarda – elektrik enerjisi, kanalizasiya sistemləri, su və istilik sistemlərində baş verən qəzalar zamanı, insan tələfatına az rast gəlinir. Bununla belə, onlar həyat fəaliyyəti üçün, xüsusi ilə də ilin soyuq fəsillərində ciddi çətinliklər yaradır.
Elektrik enerjisi təminatı sistemində baş verən qəzalar istehlakçıların, geniş ərazilərin elektrik enerjisi ilə təmin olunmasında uzun müddətli fasilələrə, ictimai elektrik nəqliyyatının hərəkət qrafikinin pozulmasına, insanları elektrik vurmasına səbəb ola bilər.
Kanalizasiya sistemlərində qəzalar ətraf ərazilərə kütləvi tullantıların atılması və sanitar-epidemioloji vəziyyətin pisləşməsi ilə nəticələnir.
Su təminatı sistemindəki qəzalar əhalinin su ilə təminatında çətinliklər yaradır və suyu içmək üçün yararsız edir.
İstilik sistemlərində qəzalar qış vaxtı əhalinin yaşam tərzini ağırlaşdırır və hətta təxliyələrə gətirib çıxarır.

Elektrik enerji sistemlərində baş verən qəzalar üç növdür:
• Müstəqil elektrik stansiyalarında uzun müddətli olaraq butun istehlaçıların elektrik təchizatının pozulması ilə baş verən qəzalar;
• Elektrik enerjisi sistemlərində böyük ərazilərdə elektrik enerjisinin təchizində uzun müddətli fasilələrə səbəb olan qəzalar;
• Elektrik kontak şəbəkələrində baş verən qəzalar.
Elektrik təchizatı sistemlərində müəyyən səbəblərdən baş verən qəzalar nəticəsində insanların itkisi çox az hallarda olur, lakin əhalinin həyat fəaliyyətini çətinləşdirə, sənaye və kənd təsərrüfatı istehsal obyektlərində ciddi pozuntulara və hətta işin dayanmasına səbəb olur.

Hidrodinamik qəza–hidrodinamik qurğunun, yaxud onun bir hissəsinin sıradan çıxması (dağılması) və böyük miqdarda nəzarətdən çıxan su kütləsinin geniş ərazini basması ilə əlaqədar yaranan fövqəladə vəziyyətdir. Əsas potensial təhlükəli hidrotexniki qurğulara su bəndləri, suburaxıcı və susaxlayıcı qurğular (şlüzlər) aiddir.
Hidrotexniki qurğuların dağılması təbiət qüvvələrinin (zəlzələ, güclü külək, bəndlərin yuyulması) və insan fəaliyyətinin (təxribatçılıq məqsədi ilə hidrotexniki qurğulara, su bəndlərinə nüvə, yaxud adi silahlar ilə zərbələrin endirilməsi) təsiri, eləcə də tikintidə və layihələşmədə yol verilən səhvlər nəticəsində baş verir.
Hidrotexniki qəzaların fəsadlarına aşağıdakılar aiddir:
• su qovşaqlarının zərər çəkməsi və ya dağılması və onların qısa, yaxud uzun müddətliliyinə öz funksiyalarını yerinə yetirə bilməməsi;
• 2-12 metr hündürlüyündə olan hidrotexniki qurğuların dağılması nəticəsində 3-25 km/saat (dağlıq rayonlarda 100 km/saat-a qədər ola bilər) sürəti ilə hərəkət edən su dalğasının ətrafa yayılması ilə insanların zərər çəkməsi və dağıntıların olması;
• geniş ərazinin 0,5 – 10 m və daha çox hündürlükdə su altında qalması ilə fəlakətli subasma.
Digər qəzalar hidrodinamik (bəndlərdə, su ölçmə stansiyalarında), təbii (geofiziki, geoloji, meteoroloji və aqrometeoroloji, dəniz hidroloji, hidroloji, hidrogeoloji, təbii yanğınlar), ekoloji mənşəli olur, eləcə də qurunun vəziyyətinin və hidrosferin tərkibinin dəyişməsi ilə bağlı olur ki, bunlar da öz növbəsində həm təbiətdə gedən proseslər, həm də insan həyatı və fəaliyyəti ilə bağlıdır.
Bu hadisələr təsərüfata böyük ziyan vurmaqla yanaşı insan həyatına təhlükə yaradır.
Yaşayış, sənaye və ictimai bina və tikililərin və nəqliyyat kommunikasiyalarının ani qəflətən uçması. Binanın tam, yaxud hissə-hissə dağılması – binanın layihələşdirilməsi zamanı yol verilən səhvlər, tikinti işləri aparılan zaman layihədən kənaraçıxmalar, montaj qaydalarının pozulması, binada işlər tamamlanmamış istismara verilməsi, istismar qaydalarının pozulması, eləcə də təbii və texnogen fəlakətlər nəticəsində yaranan fövqəladə vəziyyətdir.
Dağılmaya terror aktları, məişət qaz ötürücülərinin düzgün istifadə olunmaması, od ilə düzgün davranmamaq, binalarda asan alışa və partlaya bilən maddələrin saxlanması nəticəsində baş verən partlayışlar da səbəb ola bilər.
Qəfil dağılma binanın uzun müddətə istifadəyə yararsızlığına, yanğınların baş verməsinə, kommunal-enerji sisteminin sıradan çıxmasına, tıxacların yaranmasına, insanların zərər çəkməsinə səbəb olur.
Bir çox hallarda bina və tikililərin uçması, çökmə, qruntlarda tikinti qaydalarına riayət edilməməsi, tikilən obyektlərin özüllərinin mühəndis-geoloji tədqiqatındakı qüsurlar, eləcə də bina, konstruksiyaların və müəyyən detalların lazımi əsaslandırılmaması nəticəsində baş verir.

Ani dağılma zamanı tədbirlər: partlayış səsi eşidən kimi, yaxud bina sabitliyini itirdiyini hiss edən kimi, dərhal sənədləri, pul və qiymətli əşyaları və ilk növbəgə lazım ola biləcək əşyaları götürərək evi tez bir müddəmə tərk etmək lazımdır. Bu zaman liftdən istifadə etmək olmaz. Panikaya düşməməyə, qapılardan keçərkən sıxlığa mane olmamağa çalışmaq, pəncərə və balkonlardan tullanma cəhdlərinə qarşı mane olmaq lazımdır. Küçədə binaların yanında deyil, açıq boş yerlərdə dayanmaq lazımdır. Əgər binadan çıxmaq mümkün olmazsa, təhlükəsiz yerlərdə dayanın: əsas divarların arasında, əsas divarların arasındakı künclərdə, stolların altında və s. uşaqları öz bədəninizlə örtməyə çalışın, qapıları açıq saxlayın, pəncərələrdən, elektrik cihazlarından uzaq olun, suyu, qazı, elektrik cihazlarını bağlayın. Əgər yanğın baş verərsə, söndürməyə çalışın, telefonla məlumat verməyə çalışın. Balkona çıxmaq olmaz.
Dağıntılar altında qalan zamanı tədbirlər: dərindən nəfəs almaq, panikaya düşməmək lazımdır, ən əsası inanmaq lazımdır ki, mütləq kömək olunacaq. Lazım gələrsə özünüzə ilkin tibbi yardım göstərin. Özünüzün olduğunuz yeri, yaxınlığınızda adam olmasını müəyyən etməyə çalışın, gələn səsləri dinləyin və səs verin. Yaddan çıxarmaq olmaz ki, əgər enerjinizi boş yerə sərf etməsəniz, aclığa və susuzluğa uzun müddət dözmək olar. Yaxınlığınızda və cibinizdə hər hansı bir işarə verməyə kömək edə biləcək (güzgü, fənər, metal əşyalar) vasitələrdən istifadə edərək səs, işıq siqnalı verməyə çalışın, yaxud döyəcləyin.
Dağıntıları təmizləyərkən tədbirlər: əlcək və davamlı ayaqqabı geynimək lazımdır; dağıntı qalıqlarını ayrı-ayrı kateqoriyalar üzrə yığın (ağac, cihaz və s.); elekrik məftil qırıqlarına toxunmayın; iri, ağır əşyaları tərpətməyin.
Tikinti zamanı edilməsi lazim olan tədbirlər: – inşa ediləcək binaların layihələri mühəndislər və memarlar tərəfindən (mütəxəssislər) hazırlanmalıdır. Binalar tikinti norma və qaydalarına uyğun inşa olunmalı, tikintidə keyfiyyətli inşaat materiallarından istifadə olunmalıdır. İnşaat materiallarının keyfiyyətinə və tikinti işlərinə müntəzəm nəzarət edilməlidir.
Mövzu-2.2 Təbii mənşəli fövqəladə hallar

Hər il dünyanın bu və ya digər bölgəsində zəlzələlər, daşqınlar, vulkan püsgürmələri, qasırğalar, meşə və torf bataqlıqlarında yanğınlar baş verir. Hər bir təbii fəlakət özünəməxsus xüsusiyyətləri, zədələyici xarakteri, dağıdıçı ölçüləri, insan tələfatı həcminə görə fərqlənir. Baş verə biləcək fəlakətin səbəbləri və xarakteri haqqında biliklərə malik olduqda öncədən mühafizə tədbirləri həyata keçirmək mümkün olur. İnsanların fəlakətlər zamanı düzgün davranması itkilərin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur.
Təbii fəlakətlər – faciəvi hallar yaradacaq həcmdə böyük olan təhlükəli təbiət hadisələri və ya geoloji, hidroloji, geofizioloji, atmosfer və s. proseslər olub, əhalinin qəflətən həyat fəaliyyətinin pozulması, maddi vəsaitlərin zədələnməsi və ya məhv olması, insanların, canlıların ölümü ilə xarakterizə olunur.
Daha təhlükəli nəticələrə gətirib çıxaran təbii fəlakətlərə zəlzələləri, daşqınları, geniş meşə və torf yanğınlarını, burulğan, qasırğaları, qar uçqunlarını və s. aid etmək olar. Bu təbii fəlakətlər son 20 ildə 3 milyon insanın həyatına son qoyub. BMT-nin məlumatlarına görə, planetimizin 1 milyard sakini onların nəticələrindən zərər cəkib.
Müasir dövrdə ön plana çıxan əsas problem təbii fəlakətlərin inkişafının və baş verməsinin düzgün proqnozlaşdırılması, yaxınlaşan fəlakət haqda hakimiyyət orqanlarının və insanların vaxtında xəbərdar edilməsidir. Dağıntı zonalarının azaldılması və zərərçəkmişlərə vaxtında yardımın göstərilməsi məqsədi ilə fəlakətin bütün ölçülərdə lokallaşdırılması çox vacibdir.
Təbii fəlakətlərə qarşı müvafiq xilasetmə orqanlarının həyata keçirdikləri düşünülmüş, dəqiq və yüksək səviyyədə təşkilatlanma tədbirləri, əhalinin düşüncəli davranışı insan itkilərini, maddi zərərlərin həcmini aşağı salır, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması daha effektiv səviyyədə həyata keçirilir.
Öncədən informasiyanın verilməsi xəbərdaredici işlərin həyata keçirilməsinə, qüvvə və vasitələrin hazırlanmasına, insanlara davranış qaydalarının izah edilməsinə imkan verir. Bütün əhali ekstremal hallarda fəaliyyətə, fəlakətlərin nəticələrinin aradan qaldırılması işlərində iştiraka hazır olmalı, zərərçəkmişlərə ilk tibbi yardım göstərməyi bacarmalıdır.
Elmi-texniki tərəqqinin nailiyyətinə baxmayaraq cəmiyyət üçün fəaliyyət təhlükəsi, o cümlədən də təbii fəlakətlərin törətdiyi təhlükə artmaqdadır.
Respublikamızda il ərzində 15-30 kortəbii təhlükəli hadisə baş verir. Bütün kortəbii təhlükələri aşağıdakı növlərə aid etmək mümkündür:
• Geofiziki: zəlzələ; vulkan;
• Hidrometereoloji;
• geoloji təhlükəli hadisələr: sürüşmə, erroziya, aşınma, toz tufanları
• infeksion xəstəliklər və
• təbii yanğınlar.
Xarakterik təbii fəlakətlərə sürüşmə, sel, subasmalar, qan uçqunları aiddir. Onların nəticəsində binalar və qurğular dağıla bilər, insanlar, maddi sərvətlər məhv ola bilər, istehsal prosesləri pozulur.

Zəlzələlər – yer qabığında və yaxud mantiyanın üst hissəsində qəfil baş verən yerdəyişmələr və qırılmalar nəticəsində yaranan və elastiki seysmik (yunan dilində seysmos-zəlzələ deməkdir) dalğalar şəklində uzaq məsafələrə ötürülən yer titrəməsi və ya yeraltı təkanlardır. Zəlzələ adətən yer altı təkanlar şəklində müşahidə olunur.
Yaranma səbəbləri. Zəlzələnin baş verməsi üçün ilkin şərtlərdən biri də, yerin altında kövrək suxurların olmasıdır. Yerin mərkəzinə tərəf irəlilədikcə temperatur artır. Nəticədə suxurlar nisbətən yumşaq olur və burada zəlzələnin yaranması üçün az imkan olur. Zəlzələ ona görə də yerin üst qatlarına yaxın zonalarda cəmləşir. Bəzi hallarda zəlzələ yerin 700 km dərinliyinə qədər işləyə bilir. Əgər iki lay toqquşarsa onda, sıxlığı yüksək olan yüngül layı aşağıya yerin dərinliyinə itələyir.
Zəlzələlər həmçinin vulkan püskürməsi nəticəsində də yarana bilərlər. Ancaq burada baş verən zəlzələnin tektonik enerjisi məhduddur.
Zəlzələ zamanı Yerdə müxtəlif dalğalar yaranır. Bu dalğalar bütün yer kürəsinə yayılır və seysmoloqlar tərəfindən yerin istənilən nöqtəsində ölçülə bilir. Bu dalğalar yerin üst qatında baş verən dağıntılara səbəb olur.

Zəlzələnin aşağıdakı növləri mövcuddur:
• Tektonik (yer qabığının dərinliyində, litosfer tavalarda baş verən çatlar və ya
yerdəyişmələrdən əmələ gələn təkanlar);
• Vulkanik;
• Uçqun və bəndlərin yarılması nəticəsində yaranan törəmə zəlzələlər;
• Sualtı;
• Metioritin yerə düşməsi nəticəsində yaranan zəlzələlər;
• Planetimizin digər kosmik obyektlərlə toqquşması nəticəsində baş verən zəlzələlər.
Zəlzələ gücünü və xarakteristikasını səciyyələndirən əsas parametrlər – zəlzələnin maqnitudası, zəlzələ ocağının dərinliyi və yerin səthində zəlzələ enerjisinin intensivliyidir.
Yer qabığında və yaxud mantiyanın üst hissəsində zəlzələ törədən fiziki, kimyəvi və mexaniki proseslərlə əlaqədar yeraltı təkanın yarandığı və külli miqdarda potensial gərginlik enerjisi toplanan sahə zəlzələ ocağı, həmin sahənin mərkəzi zəlzələnin hipomərkəzi (hipo-dərin deməkdir), zəlzələ hipomərkəzinin yer səthinə proyeksiyası isə zəlzələnin epimərkəzi (epi-dayaz deməkdir) adlanır. Epimərkəzin ətrafında zəlzələ zamanı ən güclü təkanlar hiss edilən sahəyə – episentral sahə deyilir. Zəlzələnin yaratdığı titrəyiş, zəlzələ ocağından və ya, epimərkəzdən yerin səthi üzrə, hər tərəfə yayılır ki, bunlar elastiki (seysmik) dalğalar adlandırılır.
Zəlzələlər mənşəyinə gorə – tektonik, vulkanik və süni-antropogen), zəlzələ ocağının dərinliyinə görə dayaz (zəlzələ ocağı yer qabığında 0-100 km dərinlikdə yerləşir), orta (zəlzələ ocağı 100-300 km dərinlikdə yerləşir) və dərin (zəlzələ ocağı 300 km-dən çox dərinlikdə yerləşir) zəlzələlərə ayrılır.
Zəlzələnin gücü təkanın intensivliyi və ya onun maqnitudu ilə ifadə olunur. Maqnituda – zəlzələnin törətdiyi elastik dalğaların enerjisini xarakterizə edən, 0-dan 8,5 – dək olan hədd çərçivəsində dəyişən enerjiyə mütanasib olan şərti kəmiyyətdir.
İntensivlik seysmik şkala ilə ölçülür. Zəlzələnin maqnitudasını ölçmək üçün, çox zaman Rixter şkalasından istifadə edilir ki, bu şkalada da, hər bir vahid, özündən əvvəlki vahidə nisbətən, titrəyiş enerjisinin yüz qat artığına müvafiqdir.
Hazırda şəkli dəyişdirilmiş Merkalli (MM), beynəlxalq MSK (Medvedev-Sponoyer-Karnik) və Rixter seysmik şkalalarında istifadə olunur. Bizim ölkəmizdə 12 ballıq MSK şkalasından istifadə olunur. Zəlzələlərin enerjisinə görə təsnifatı üçün isə maqnitudadan (M) və ya enerji sinfindən (K) istifadə olunur.
Şərti olaraq zəlzələlərin çox zəif (I-III bal), zəif (IV-VI bal), güclü (VII-VIII bal), çox güclü (IX-X bal) və dağıdıcı (XI-XII bal) növləri ayırd edilir.
Çox zəif zəlzələləri ancaq həssas insanlar və bəzi canlılar hiss edə bilir.
Zəif zəlzələlər zamanı lüstrlər yellənir, bəzən şüşələr sınıb tökülür, rəflərin üstündəki əşyalar yerə düşür, təkanları bina daxilində və xaricində olan insanların hamısı və digər canlılar hiss edir, tikililərdə zədələnmələr baş vermir.
Güclü zəlzələlər zamanı tikililərdə yüngül zədələr, tavanda və divarlarda çatlar əmələ gəlir.
Çox güclü zəlzələlər zamanı zəif binalar uçur, dayanıqlı binalarda belə suvaqlar tökülür, çatlar əmələ gəlir, bəzi binalar əyilir.
Dağıdıcı zəlzələlərdə bütün bunlar güclü səs ilə müşayiət olunur, bütün tikililər, qurğular tamamilə dağılır. Epimərkəzdən olan məsafədən və zəlzələ ocağının dərinliyindən asılı olaraq 10-20 saniyə sonra yeraltı təkanların törətdiyi titrəmələr güclənir, nəticədə bina və tikililər dağılır. Orta hesabla zəlzələ 5-30 saniyə davam edir. Titrəmə nə qədər çox davam edərsə, dəyən ziyanın miqdarı da bir o qədər çox olar.
Başqa bir təsnifat da mövcuddur. Azərbaycanda modifikasiya olunmuş 12-ballıq Merkal cədvəlindən istifadə edilir.
1b hiss edilməyən: Cihazlar yer titrəyişini qeydə alsalar da, insanlar bunu hiss etmirlər.
2b çox zəif: Binaların yuxarı mərtəbələrində yaşayan insanlar yüngül titrəyiş hiss edirlər.
3b zəif: Bir çox insanlar titrəyişi hiss edirlər.
4b mülayim: Zəlzələni əsasən, hamı hiss edir, şüşələr silkələnir.
5b biraz güclü: Yatmışların çoxu ayılır, çilçıraqlar yellənir və s.
6b güclü: Binalar zəif zədələnir, divarların suvağında nazik çatlar əmələ gəlir
7b çox güclü: Divarlarda çatlar əmələ gəlir, divarların suvaqları hissə – hissə tökülür, tüstü sobaları qismən dağılır.
8 dağıdıcı: Karnizlər, tüstü sobaları düşür, divarlarda ara çatları əmələ gəlir və qismən dağılır, insanların ayaq üstə hərəkəti çətinləşir.
9 viranedici: Binaların divarları və üst örtüyu dağılır.
10 məhvedici: Bir çox binalar dağılır və yer səthində 1 m eninədək çatlar əmələ gəlir.
11 fəlakətli: Dağlarda böyük uçqunlar olur, yer səthində isə, çatlar və oyuqlar əmələ gəlir.
12 güclü fəlakətli: Yer səthinin relyefi qismən dəyişir.
Vulkanik zəlzələlər
Vulkanik zəlzələlərin səbəbləri üstdəki layların təzyiqinə üstün gələ bilməyən qazların partlamasından ibarətdir. Yerin titrəməsinin böyük qüvvəyə çatmağına baxmayaraq, onlar böyük sahəyə yayıla bilmir.
Tektonik zəlzələlər. Bu tip zəlzələlər Yer qabığında qırışıqların və çatların əmələ gəlməsi ilə əlaqədardır. Tektonik zəlzələlər vulkanik və karst zəlzələsindən yayıldığı sahənin böyüklüyü görə fərqlənir.
Əhali sayı çox və sıx yaşadıqları rayonlarda zəlzələnin özündən çox, qaz borularının və elektrik xətlərinin dağılması, müxtəlif istilik qurğularının, qaz pilətələrinin aşması nəticəsində yaranan yanğınlar baha çox ziyan vurur. Yanğınla mübarizə su borularının zədələnməsi və küçələrin dağıntılar nəticəsində keçilməz olması səbəbəindən çətinləşir.
Yanaşı baş verən hadisələr. Yeraltı təkanlar aşağı səsli gurultu ilə müşayət olunur, bəzən, təkanlar olmasa belə gurultu eşidilir.
Hər il dünyada 150 minə qədər zəlzələ müşahidə olunur, onlardan təqribən 300-ü dağıdıcı gücə malik olur. Zəlzələnin nəticələri ərazidən, onun relyefindən, torpaq mühitindən, binaların vəziyyətindən, əhalinin sıxlığından və s. asılıdır. Heyvanların özlərini aparması da diqqəti çəkən məqamlardandır: onlar özlərini narahat aparır, vurnuxur, evdən çıxmağa çalışırlar; itlər hürür, ev heyvanları öz balalarını bayıra çıxarırlar.
Ərazidə binaları inşa etməzdən əvvəl, həmin ərazinin seysmik təsnifatı mütləq öyrənlməlidir.

Vulkan – yer qabığında kanal və çatlar vasitəsi ilə yerin dərin qatlarından ərimiş dağ süxurları (lava), kül, müxtəlif qazlar və su buxarının yüksək təzyiqlə yer səthinə atılması (çıxarılması) ilə müşayiət olunan geoloji hadisədir. Vulkan yerin daxilində baş verən geoloji dəyişiklik nəticəsində maqmanın xaric edilməsi ilə müaşiət olunur.
Yerin 100 km dərinliyində təxminən 1000 və 1300° S arasında temperatur mövcudur. Bu istiliyin təsirindən ərimiş daş qarışığı özülü plastik formaya malik maqmaya çevrilir. Maqma 50 km dərinliyinə yığılır. Təzyiq çoxaldıqca maqma yarıqlarla hərkət edərək litosferaya daxil olur. Bu yolla yerin üzünə çıxmış maqmaya lava deyilir. Vulkan partlayışı zamanı təkcə közərmiş mayelər yox, həm də bərk və qaz halında olan maddələr xaricə çıxır.
Əksər hallarda vulkanlar konus şəklində olurlar. Vulkanın forması başqa şəkillərdə də ola bilər. Püskürmədən sonra vulkanın aktivliyi ya dayanır, ya da o min illər boyu “mürgüləyir”. Bu zaman vulkanın özündə və ətrafında olan ərazilərdə maqmatik özəyin soyuması ilə müşaiət olunan aktivlik saxlanılır. Belə adlanan, postvulkanik dövr baş verir. Buraya fumarol, term, qeyzerləri misal göstərmək olar.
Püskürmə materiallarının tərkibinə və yaranma şəraitinə görə vülkanlar maqmatik və palçıq növlərinə ayrılır. Aktivliyinə görə aktiv fəaliyyətdə olan, yatmış, sönmüş və gömülmüş vulkanlar, morfoloji formasına görə isə konusvari, gümbəzvari, yaylavari və s., quruluşuna görə xətti, mərkəzi və mürəkkəb vulkan növləri fərqləndirilir. Vulkanik aparatın əsas tərkib hissələri aşağıdakılardır: maqmatik kamera (yer qabığında, yaxud üst mantiyada vulkan ocağı); ağız – maqmanın yer səthinə çıxdığı çıxış kanalı; konus, gümbəz, yayla–vulkan məhsullarının püskürərək atılmasının nəticəsində yer səthində əmələ gələn hissə; krater – vulkan konusunun üstündə yaranan çökəklikdir. Dağ süxuru ilə dolu kanallar və çatlar vulkan damarı adlanır. Lava vulkan püskürməsi zamanı yer səthinə çıxarılan maye və ya çox özülü (qatı) kütlədir, yer altı hissədə maqma adlanır. Fəaliyyətdə olan vulkanların əksəriyyəti aktiv dərinlik qırılmalarının olduğu və tektonik mütəhərrik ərazilərdə yerləşir.
Vulkan püskürmələri havanın əsas təbii çirklənmə mənbəyi hesab olunur. Güclü vulkan püskürmələri zamanı xırda bərk və maye hissəciklərin böyük kütləsi havaya qalxır. Qazlarla birlikdə bu hissəciklər 20 km-dən də çox yüksəkliyə qalxaraq həftələrlə havada qala bilir.
Son 500 il ərzində 500-dən artıq vulkan püskürməsi baş vermiş və bunun nəticəsində 200 min adam dünyasını dəyişmişdir. Partlayış xarakterli vulkan püskürmələrindən sonra atmosferdə strotosfer şəffaflığını azalır və bununla əlaqədar olaraq soyuqlaşma inkişaf edir. Onillər və yüzillər ərzində analoji soyuqlaşmalar vulkan aktivliyinin güclənməsi ilə baş verir, bu stratosferdə aerozolların miqdarının orta səviyyəsini artırır.
Bununla belə, geoloji keçmişdə vulkan aktivliyinin güclənməsi ilə əlaqədar atmosferdə karbon qazı kütləsinin artması iqlimin istiləşməsinə səbəb olmuşdur.
Beləliklə, vulkan aktivliyinin artması bir tərəfdən soyuqlaşmaya, digər tərəfdən isə istiləşməyə səbəb ola bilər.
Vulkanın sualtı püskürmələri də məlumdur, bunun nəticəsində yeni adalar əmələ gəlir. Yer üzərində 770- dən artıq vulkan mövcuddur, bunların 69-u suyun altındadır. Vulkanlar ən çox Sakit okean sahilləri və adalarındadır.
İnsan üçün təhlükə yaradan vulkan kraterindən atılan daş, kül, maqma və ya palçıq axınıdır. Vulkan püskürməsi zəlzələ ilə müşayiət oluna bilər, belə zəlzələlər vulkanik zəlzələlər adlanır.
Qabaqlayıcı tədbirləri;
• Vulkan və vulkan təzahürlərinə yaxın sahələrdə yaşayış məskənləri salınmamalıdır!
• Heç bir halda bu sahələrə yaxın gedilməməlidir, əgər bu sahədəsinizsə nisbətən hündür və ağac, bitki örtüyü sıx olmayan tərəflərə hərəkət edilməlidir.
• Vulkanın mümkün püskürməsi haqqında xəbərlər daim izlənməlidir.
• Vulkanlara yaxın ərazilərdə yaşayanlar təhlükə haqqında məlumat alan kimi qapı, pəncərə və bacaları bağlamalı, kül tökülməsindən qorunmaq üçün avtomobilləri qaraja qoymalı, heyvanları qapalı yerə salmalıdırlar.
Özüqidalanan işıqlanma və istilik mənbələri, 3-5 günlük su və qida ehtiyatı tədarükü görməlidirlər.
Vulkan baş verdiyi zaman tədbirlər;
• Vulkan püskürməsi güclü daşqın, sel axınları, subasma ilə müşayiət oluna bilər.
Vulkan püskürməsi zamanı vulkandan və vulkanın yaxınlığındakı çay və dərələrdən uzaq durmaq lazımdır.
• Ən hündür, eyni zamanda ağac və sıx bitki örtüyü olmayan yerlərə qalxmaq lazımdır ki, lava axınına, su basa biləcək ərazilərə və sel axınına düşməyəsiniz.
• Başınızı və bədəninizi daşdan və küldən qoruyun.

Palçıq vulkanları. Vulkan palçığı materiallarından təşkil olunmuş, zirvəsində krateri olan yastı konus formalı təpələrdir (hündürlüyü 400 m-dək, əsasında diametri 100 m-dən 3,5 km-dək). Fasiləsiz və ya vaxtaşırı vulkan palçığı, qaz, süxur qırıntıları, su (bəzən neftli) püskürür. Palçıq vulkanının püskürməsi adətən güclü yeraltı uğultu və partlayışla başlayır. Yerin dərin qatından səthə çıxan qazlar alışır. Vulkan üzərində alovun hündürlüyü bəzən 1000 m-ə (Qarasu adası vulkanı) çatır. Palçıq vulkanının qazları əsasən metandan, qismən ağır karbohidrogenlər, CO2, N2 və təsirsiz qazlardan ibarət olur. Palçıq vulkanlarının suyu yod, brom, bor və s. əsasən hidrokarbonatlı-natriumlu olur, palçığının tərkibində çoxlu mikroelement (bor, civə, manqan, mis, barium, stronsium, lilium və s.) iştirak edir. Palçıq vulkanı fəaliyyətinin sakit dövründə krater sahəsində qaz, su, lil ilə çoxlu parazit mikroquruluşlar sızır. Palçıq vulkanları Rumıniya, İran, Birma, Kolumbiya, Venesuela ölkələrində, Taman, Kerç yarımadaları, Türkmənistan və Azərbaycanda yayılmışdır.
Dünyada olan palçıq vulkanının çoxu (üçdə birindən artığı) Azərbaycan Respublikasında yayılmışdır, onların sayı quruda və dənizdə birlikdə 250-yə qədərdir. Palçıq vulkanları əsasən Qobustanda (ən çox cənubi Qobustanda), Abşeron yarımadasında, Harami-Salyan zonasında, Xəzərin sahilyanı adalarında yayılmışdır.
Yerləşməsinə görə 3 qrup palçıq vulkanı məlumdur: quru palçıq vulkanı, kömülmüş palçıq vulkanı və dəniz palçıq vulkanı. Dəniz palçıq vulkanı ada əmələ gətirən və sualtı palçıq vulkanına ayrılır. Bakı arxipelaqında 8 ada – Qarasu, Gil, Zənbil, Səngi-Muğan və s. palçıq vulkanının fəaliyyəti nəticəsində əmələ gəlmişdir. Xəzər dənizində 140-dan çox sualtı palçıq vulkanı məlumdur. Palçıq vulkanları mənşəcə neft və ya qaz yataqları ilə əlaqədardır.
Palçıq vulkanları müalicə məqsədilə işlədilən qiymətli xammaldır. Palçıq vulkanlı brekçiya qələvi reaksiyaya malik olub tərkibində yod, brom, molibden, vanadium, fosfor, xlor, maqnezium kimi bioloji aktiv kimyəvi elementlər, həmçinin sulfatlar, hidrokarbonatlar, naften turşuları, bitum və s. vardır və onlar böyük müalicəvi effekt verir. Vulkanik brekçiyadan pereferik və mərkəzi sinir sistemi, mədə-bağırsaq traktı (həzm cihazı), dəri, həmçinin poliartrit, radikulit, polinefrit, hepatit və digər xəstəliklərdən əziyyət çəkən xəstələrin müalicəsində uğurla istifadə etmək olar.
Palçıq vulkanları ilə bir sıra faydalı qazıntı yataqları (dəmir filizi, kükürd civə, arsen və s.) əlaqədardır.
Palçıq vulkanlarının fəaliyyəti nəticəsində Abşeron yarımadasında ətraf mühit toksik kimyəvi elementlərlə çirklənir. Belə ki, buradakı palçıq vulkanlarının suyu yüksək minerallığa, qələviliyə malik olub tərkibində natrium ionu üstünlük təşkil edir. Bu sularda duzların ümumi cəmi 6,5 …. 11,0 q/l təşkil edir. Su əsasən xloridli-sulfatlı-natriumlu tərkibli olub, mühit reaksiyası (pH) 8,0-8,7-dir. Palçıq vulkanlarının fəaliyyəti, xüsusi duzlaşmış landşaftın əmələ gəlməsil ilə müşayiət olunur.
Palçıq vulkanlarının fəaliyyəti ətraf mühitin geokimyəvi xüsusiyyətlərinə güclü təsir göstərir.

Sunami – okeanda zəlzələ nəticəsində yaranan su dalğasıdır. Zəlzələnin gücündən asılı olaraq sunami dalğasının böyüklüyü artır və quruda yaşayan insanlar üçün təhlükəli olur. İndoneziyada 2004-cü ildə Hind okeanında baş verən zəlzələ nəticəsində böyük dalğalar yaranıb insanları məhv etmişdir.
Sunami bir dalğadan ibarət olmur, bir neçə dalğalar ardıcıllığıdır.
Böyük sunamidə bu dalğa ardıcıllığı bir saatdan çox davam edə bilər və bu dalğaların şiddəti və böyüklüyünün getdikcə azalacağına zəmanət verilmir. Sunaminin baş vermə səbəbi dənizaltında reallaşan zəlzələlərdir. Sunaminin şiddəti onun nə qədər dərinlikdə baş verməsindən aslıdır. Sunami okeanların dərin zonalarında yaranaraq 400-800 km/saat sürəti ilə yayılaraq, episentrdən min kilimetrlərlə uzaqda sahildə böyük dağıntılara səbəb olur. Episentrə yaxın sahildə dalğaların hündürlüyü 30 m-ə qədər çatır. Lakin, sunami göllərdə, su hövzələrində də baş verə bilər. Sunaminin yaxınlaşmasını cihazlar, yalnız bir neçə saat əvvəl aşkar edə bilir.

Sunamidən qorunmaq üçün sahildən 2-3 km uzağa və ya 30-40 metr hündürlükdə mühafizə olunmaq olar. Göllərin sahilyanı ərazilərində yaşayan əhali su səviyyəsindən 5 metr hündürlüyə qalxması məqsədəuyğundur.
Sunami 6 baldan artıq gücə malik zəlzələlər zamanı əmələ gəlir:
• Şüşələr cingildəyir, çilçıraqlar yellənir;
• Binaların suvağında çatlar əmələ gəlir;
• Sunamidən əvvəl su sahildən geri çəkilir (ləpədöyənin səsi kəsilir);
• Suyun səviyyəsi aşağı düşür;
• Suda üzən əşyaların qeyri-adi yerdəyişməsi.
Əgər zəlzələ baş verdikdə ilk təkan 20 saniyə və daha artıq davam edərsə o zaman ilk dalğa 15-20 dəqiqə sonra gəlir və bu dalğa çox da güclü olmur, əsasən sonrakı dalğalar daha təhlükəlidir.
Görüləcək tədbirlər: 1. Dərhal hündür yerlərə qalxın, çay və su cərəyanları vadiləri boyunca hərəkət etməkdən çəkinmək lazımdır.
2. Əgər sahildən lazımi qədər uzaqdasınızsa, güclü təkanlardan sonra 3 saat gözləyin. Bu müddər ərzində sunami müşahidə edilməzsə—təhlükə sovuşdu. Lakin, dalğa müşahidə olunarsa, axırıncı dalğadan sonra saatyarım gözləmək lazımdır. Əgər zəlzələdən sonra sunami təhlükəsi həyəcan siqnalı verilibsə, o zaman mütləq təhlükənin sovuşduğu haqqında siqnalı gözləmək lazımdır.

Sürüşmə – dağ yamaclarında və yarğanlarda, dənizlərin, göllərin və çayların sıldırım sahillərində seysmik təkandan, sürüşən kütlənin öz ağırlığından, yamacın altının yuyulmasından, ifrat nəmişlikdən və digər proseslərdən dağ süxur kütlələrinin ağırlıq qüvvəsinin təsiri altında yamac boyu yerdəyişməsidir. Sürüşmə zamanı qruntun həcmi onlarla və 100 minlərlə m3, ayrı-ayrı hallardaisə hətta daha çoxdur.

Sürüşmənin ən böyük sürəti zəlzələ zamanı yaranan sürüşmələrdə müşayiət olunur. Sürüşmələr əmələgəlmə vaxtına görə qədim və müasir, fəaliyyətlərinə görə fəaliyyətdə olan, potensial, stabilləşmiş növlərə ayrılır. Süxurların yamac hərəkətləri onların xarakteri və hərəkətin tipindən asılı olaraq təsnif olunur:
• səth çöküntülərinin(qırıntı topalarının və aşınmış kütlələrin) yamacda hərəkəti əsas etibarı ilə subareal amillərin təsirindən yaranır;
• gilli süxurlarda (gillər, mergellər,argillitlər, gilli şistlər və s.) sürüşmələr;
• bərk süxurlardan təşkil olunmuş yamacların hərəkəti;
• xüsusi hərəkət tiplərindən (soliflyükasiya, sualtı sürüşmələr) ibarət yamac hərəkəti.
Bu hərəkət tiplərinə görə sürüşmələr aşağıdakı tiplərə ayrılır:
• qırıntı kütlələrinin hərəkəti və layın yanlardan əyilməsi;
• səthi sürüşmələr;
• sürüşmə axınlar;
• daş axınları, sellər və s.
Qrunt kütləsinin sürüşməsi yaşayış və istehsalat binalarının dağılmasına və çökməsinə, mühəndis və yol qurğularının, magistral boru kəmərlərinin və elektrik ötürücülərinin sıradan çıxmasına, eləcə də insanların zərər çəkməsi və həlak olmasına səbəb olur.
Qabaqlayıcı tədbirləri. Geniş miqyaslı və tez-tez baş verən sürüşmə pro¬ses-lərinin yaranması və inkişafı, birdən hərəkətə gəl¬mələri özünü əsasən aşa¬ğıdakı¬ kimi biruzə verir:
• ərazidə əvvəllərdən mövcud olmayan su çıxışlarının və su sızmalarının meydana gəlməsi;
• ərazidə və ya yollarda müxtəlif istiqamətli çatların, yarıqların və ya qırılmaların meydana gəlməsi,
• binanın təməlində çatların və qırılmaların əmələ gəlməsi, binanın döşəmə-lərində və divarlarında davamlı genişlənən çatların meydana gəlməsi,
• yeraltı su borularında və kanalizasiya xətlərində sızmaların meydana gəlməsi;
• telefon dirəklərində, və ağaclarda yamac boyu aşağı əyilmə və deformasiya¬ların müşahidə edilməsi və s.
Xüsusilə aramsız yağışların meydana gəldiyi yaz və payız aylarında, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə yuxarıda qeyd olunan ilkin təzahürlər meydana gələrsə, fərdi yaşayış evləri təcili boşaldılmalı və dərhal aidiyyəti orqanlara xəbər verilməlidir.
Sürüşməyə meylli sahələrdə yaşayış binaları inşa etmək olmaz. Belə əraziləri eroziya və sürüşmələrdən qorumaq üçün ağaclar əkilməli, terraslar yaradılmalıdır. Belə sahələrə yaxın yerdə məskən salınmışdırsa yamacların bərkidilməsi üçün tədbirlərin həyata keçirilməsinə nail olub, bu işlərdə yardımçı olmaq lazımdır.
Sürüşmənin mümkün yerləri və təqribi sərhədləri haqqında məlumatı əvvəlcədən öyrənməli, sürüşmə haqqında siqnalı və bu siqnal zamanı hərəkət ardıcıllığını bilmək lazımdır. Hərəkətə gələn sürüşmənin ilk əlamətləri sürüşmə kütlələri üzərində çatların əmələ gəlməsi, binaların qapı və pəncərələrinin sıxılması, sürüşmə təhlükəli ərazilərdə su sızmasıdır. Sürüşmənin əlamətlərini müşahidə edən kimi yaxınlıqda yerləşən sürüşmə stansiyası postuna və ya fövqəladə hallar komissiyasına, yerli idarəetmə və özünüidarə orqanlarına xəbər verilməli, oradan məlumat gözləyib və şəraitdən asılı olaraq hərəkət edilməlidir.
Sürüşmə baş verdiyi zaman tədbirlər. Torpaq sürüşmələri ümumiyyətlə yavaş inkişaf edən təbii fəlakətlərdəndir. Ancaq çox dik yamacların üzərində tikilən və yamacların altındakı fərdi yaşayış evləri ani inkişaf edən torpaq sürüşmələrinə məruz qala bilər. Sürüşmə təhlükəsi haqqında məlumat alan kimi elektrik və qaz cihazlarını söndürülməli, su xətti bağlanmalı, əvvəlcədən müəyyən edilmiş plan üzrə təcili təxliyəyə hazırlaşmaq lazımdır. Əlaqədar təşkilatlardan verilən məlumatda göstərilənlənlərə müvafiq hərəkət edilməlidir. Sürüşmənin sürəti aşağıdırsa (ayda bir metr), imkanlarınıza müvafiq şəkildə hərəkət edin (əvvəlcədən hazırlanmış məkana daşının). Sürüşmənin sürəti gün ərzində 0,5 – 1,0 m – dən çoxdursa, əvvəlcədən hazırlanmış plana uyğun olaraq hərəkət edilməlidir. Təxliyə zamanı sənədlər, qiymətli əşyalar və müvafiq orqanların göstərişlərinə uyğun olaraq, isti geyim və ərzaq götürülməlidir. Təcili olaraq təhlükəsiz əraziyə təxliyə edin, lazım gələrsə, xilasedicilərə yardım etmək lazımdır. Torpaq sürüşməsinin üzərində hərəkət edilməməlidir.
Sürüşmə baş verən zaman qapalı sahədəsinizsə – binadan çıxmaq və sürüşmə bölgəsindən uzaqlaşmaq üçün lazımi vaxt yoxdursa içəridə qalmaq lazımdır. Möhkəm əşyaların altında uzan-bükül-yapış hərəkətini tətbiq etmək lazımdır.
• torpaq sürüşməsinin və ya palçıq axıntısının gəldiyi yolun üzərində dayanmayın;
• təhlükə anında torpaq sürüşməsinin və ya palçıq axınının yolundan uzaq dayanaraq dərhal mümkün olduğu qədər yüksəklərə doğru uzaqlaşmaq və torpaq sürüşməsi olduğunu ətrafdakı insanlara söyləmək lazımdır;
• palçıq və torpaq kütləsinin axmasından qaça biləcək vaxt və ya ətrafda arxasında sığına biləcək möhkəm bir əşya yoxdursa, olduğunuz yerdə uzan-bükül-yapış hərəkəti ilə mütləq başınızı qorumalısınız;
Torpaq sürüşməsinin başladığını ilkin olaraq bilən kimi, həmin an ətrafınızda yaşayan insanları torpaq sürüşməsinə qarşı xəbərdar etməlisiniz.
Daha sonra isə:
• ilk növbədə təhlükəsiz yerdə olduğunuzdan əmin olun;
• yaxınınızda yerləşən elektrik, qaz və su xətlərini dərhal bağlayın. Ətrafınızda qaz xəttinin olmadığından əmin olana qədər olduğunuz yeri kibrit və ya digər işıqlandırıcı maddələrlə işıqlandırmağa çalışmayın;
• təhlükəli divarlar, damlar və bacalara qarşı ətrafınızdakıları xəbərdar edin və bunların ətrafında gəzməyin;
• radio və digər əlaqə vasitələri kimi kütləvi informasiya vasitələri ilə sizə ediləcək xəbərdarlıqları dinləyin və deyilənləri tətbiq edin;
• prospekt və küçələri təcili kömək vasitələri üçün boşaldın;
• əşya götürmək üçün zərər çəkmiş binalara girməyin.
Qeyd etmək lazımdır ki, torpaq sürüşmələri dağlıq və seysmik bölgələrdə tez-tez meydana gələn təbii hadisədir. Ölkəmizdə, dağlıq və seysmik bölgələrin əksəriyyətində hər il bu təbii hadisələrə tez-tez rast gəlinir, buna görə də sürüşmə zamanı davranış qaydalarını öyrənmək lazımdır.

Sel – leysan yağışlarından və isti havalar zamanı qar əriməsindən su səviyyəsinin və su sərfinin adətən intensiv və qısamüddətli artması ilə xarakterizə olunan, ilin müxtəlif fəsillərində təkrarlana bilən çayın su rejiminin bir fazasıdır, dağ və dağətəyi çaylarda, dərələrdə qısamüddətli, müxtəlif gətirmələrlə zəngin olan su axınıdır. Sel axınları su hövzələrinin dağılmasından, zəlzələ və vulkanlardan sonra da yarana bilər. Gətirmələrinin tərkibinə görə sellər sulu, sulu-daşlı, sulu-daşlı-palçıqlı, palçıqlı növlərinə ayrılır. O qəflətən yaranır, yüksək sürətlə hərəkət edir (10 m/san və daha çox) və 10 dəqiqədən bir neçə saata qədər müddətdə bir neçə dalğa ilə müşayiət olunur. Sel axının ilk dalğasının hündürlüyü 15 m və daha çox ola bilər. Sellər bir dəfəyə gətirmə materiallarının həcminə və ya yuyub aparma həcminə görə də növlərə ayrılır. Selin bir dəfəyə gətirmə materiallarının həcmi 10 m3/km2-dən milyonlarla m3/km2-ə qədər ola bilər. Hərəkət edən sel axınının səsi bir neçə km məsafədən eşidilə bilər. İnsanlar, yaşayış yerləri, mühəndis və yol qurğuları sel və daşqınlar zamanı fəlakətlə üzləşə bilərlər.
Daşqın – dağ çaylarının düzən hissələrində və düzən çaylarda çay yataqlarının su ilə tam dolması nəticəsində suyun çay yatağından kənara çıxması və ya bəndləri dağıdaraq ətraf əraziləri basmasıdır. Daşqın – təbiət qüvvələrinin təsiri nəticəsində quru ərazinin xeyli hissəsinin müvəqqəti olaraq su altında qalmasıdır. Daşqın təbii fəlakətlərin başqa növlərindən onunla fərqlənir ki, daşqının baş verəcəyini müəyyən dərəcədə qabaqcadan təyin etmək mümkün olur. Bu isə bir çox hallarda daşqının nə vaxt baş verəcəyini, xarakterini və nə miqyasda olacağını da qabaqcadan təyin etməyə imkan verir ki, vaxtında tədbir görməklə daşqının fəlakətli nəticələrinin qarşısı alınır və ya xeyli azaldılır.
Daşqınları əmələ gətirən səbəblərə görə onları şərti olaraq üç qrupa bölmək mümkündür.
Birinci qrupa güclü yağışlardan yaxud qarların (buzlaqların) sürətlə əriməsindən sonra baş verən daşqınlar aiddir. Bu vaxt sellər əmələ gəlir, çaylarda, göllərdə suyun səviyyəsi kəskin surətdə qalxır. Daşqın sularına buz axını da qarışanda xalq təsərrüfatına xüsusən böyük ziyan dəyir. Adətən buz axınları zamanı iri buz yığınları və ya tıxaclar əmələ gəlir ki, onlar da çaylarda suyun səviyyəsini daha da qaldırır və yeni-yeni ərazilər suyun altında qalı
İkinci qrup daşqınlar dənizdən sahilə tərəf əsən küləyin təsirindən baş verir. Bu cür daşqınlar dəniz sahillərində, çayların dənizə töküldüyü yerlərdə müşahidə edilir. Dəniz küləyi çayın mənsəbində suyu saxlayır, nəticədə çayda suyun səviyyəsi qalxır.
Üçüncü qrupa aid edilən daşqınlara səbəb suyun altında baş verən zəlzələlərdir (nadir hallarda sualtı və ya ada vulkanlarının püskürməsi nəticəsində). Sualtı zəlzələlər nəticəsində sunami adlanan nəhəng dalğalar əmələ gəlir. Adətən, açıq dənizdə suyun səthindən yuxarı qalxmır və buna görə də gəmilər üçün qorxu törətmir. Lakin sahilə yaxınlaşdıqca dalğaların hündürlüyü sürətlə artır və onlar çox böyük bir qüvvə ilə sahilə çırpılır. Sahildə sunamilərin hündürlüyü sualtı sahənin və sahilin relyefindən asılıdır. Adətən düz sahillərdə bunlar 5-6 m-dən hündür olmur, sahilin ensiz buxtaltı hissələrində dalğaların hündürlüyü 15-20 m-ə çata bilir.
Qabaqlayıcı tədbirlər:
Meşə sahələrini ağac qırıntılarında təmizləmək, yeni ağaclar əkmək, çay, kanal, dərə yataqlarını bağlayaraq doldurmamaq, bu bölgələrin yaxınında, çuxur və alçaq bölgələrdə məskunlaşma sahələri yaratmamaq, yüksək və möhkəm körpülər tikmək, bu körpülərin ayaqlarını yumşaq və ya sürüşkən süxurlar üzərində yerləşdirməmək, yeraltı kanalizasiya və çirkli su kanallarını böyük və geniş tikmək, bu kanalların çıxışlarını dənizlərə və ya çayların hövzələrinə vermək, prospekt, yol və körpüler üzərində suların yığılmasını önləyəcək leysan ötürücülər, onların üzərində möhkəm dəmir və ya çuğun şəbəkələr qoymaq, sel və ya su basqını təhlükəsinə məruz yerlərdə inşa edilmiş binaları möhkəmləndirmək, lazım olsa bənd və ya selər qarşı qurğular, açıq kanallar tikmək, bu fəlakət əsnasında yüksək yerlərdən suyla birlikdə gələ biləcək torpaq, daş axınları və sürüşmələri önləmək üçün, sürüşmə hədəsi olan yerləri betonlamaq və ya polad şəbəkə ilə örtmək lazımdır.
Adətən sellərin baş verdiyi ərazilər əvvəlcədən bəlli olur. Dağlara qalxan zaman yolun üstündəki belə ərazilərin yerini öyrənməli və xüsusilə güclü yağışlar zamanı onlardan uzaq durmaq lazımdır. Yadda saxlamaq lazımdır ki, sel axınından xilas olmaq heç vaxt mümkün deyil. Odur ki, sel axınından xilas olmağın yeganə yolu ondan qaçmaqdır;
Planlaşdırılmış təxliyə zamanı evi tərk etməzdən əvvəl elektrik sistemini şəbəkədən ayırmaq, qazı və suyu bağlamaq lazımdır. Qapı, pəncərə və ventilyasiya qurğularını kip bağlamaq lazımdır.
Sel və daşqın baş verdiyi zaman görülən tədbirlər:
• Yaxınlaşan sel axınının səsini eşidən kimi, yarğanın dibindən yamaclarla 50-100 m-dən yuxarı qalxın. Yadda saxlayın ki, uğuldayan sel axınından uzaq məsafələrə həyat üçün təhlükəli olan ağır daşlar atıla bilər.
• Sel baş verən zaman evin xaricindəsinizsə, dərhal yüksək bir yerə çıxmalı¬sınız;
• Su yatağı olan və ya çuxurlu bir yerdəsinizsə, dərhal həmin ərazini tərk etməlisiniz;
• Sel bölgəsini dərhal tərk etməlisiniz, lakin heç vaxt suda qarşıdan qarşıya keçməyə çalışmayın;
• Sel zamanı avtomobilinizlə gedirsinizsə əsla su ilə dolu yoldan getməyə çalışmayın (ani olaraq sellərin meydana gətirdiyi ölümlərin yarısı avtomobil ilə əlaqəli olduğundan qətiyyən sel sularının toplandığı bölgələrdə avtomobil istifadə edilməməlidir);
• Avtomobilinizdə hər hansı bir qəza meydana gəlibsə onu dərhal tərk edərək yüksək bir yerə çıxmalısınız. Əhəmiyyətli əşyalarınızı təhlükəsiz bir yerə daşıyın;
• Sel sularından uzaq olmaq lazımdır, çünki, təhlükəli maddələr də selə qarışa bilər;
• Hərəkətli sularda yeriməyin, ayaqlarınız zədələnə bilər. Mütləq yeriməniz lazımdırsa, duru sularda önünüzü bir ağacın köməyi ilə nəzarət edərək yeriyin;
• Elektrik xətlərindən uzaq durun, elektrik vura bilər;
• Yanınıza mütləq batareyalı radio alın (radiodan alacağınız xəbər və təlimatla hərəkət edə bilərsiniz;
• Müəyyən miqdarda quru qida və su götürün. İlk kömək vasitələri və ailənizin ehtiyacı olduğu və ya istifadə etdiyi dərmanları götürün;
• Sel sularının təmas etdiyi yeməkləri yeməyin;
• Su xətləri sel səbəbindən çirklənmiş ola bilər. Əl quyularından götürülən sular analiz edildikdən sonra istifadə edilə bilər;
Evinizin zirzəmisi və ya birinci mərtəbəsi sel suları ilə doludursa, suyu nasosla kənarlaşdırmaq lazımdır. Bu müdafiə tədbirləri ilə ziyanın müəyyən miqdarda qabağını ala bilərsiniz. Ətraf ərazilər su altındadırsa, su təcili kənarlaşdırılmadıqda tikililərin çökməsinə və divarların, döşəmələrin əyilməsinə səbəb ola bilər. Binalara nəzarət etmək üçün batareyalı fənərdən istifadə edin. Ancaq binada qaz sızıntısı olduğunu hiss etdikdə, hər hansı bir halda işıqdan istifadə etməyin. İşığın özü bir partlayışın başlanğıcı ola bilər. Xüsusilə gecələri, sel təhlükələrini görmək çətinləşəcəyindən daha diqqətli olmalısınız. Daşqın zamanı əgər vaxt imkan verirsə ev əşyalarını, qiymətli vəsitələri qorumaq üçün, onları təhlükəsiz yerə aparın. Özünüz isə yuxarı mərtəbəyə, çardağa, hündür ağaclara qalxın. Kiçik ağaclara, dirəklərə çıxmayın, axın onları yuyub apara bilər. Su basmış zonanı tərk edə bilməsəniz, mümkün olan bütün siqnalları verməklə (məşəl yandırın və s.) evin damında kömək gözləyin. Əgər suya düşsəniz əyninizdə olan ağır paltarları, ayaqqabını çıxarın, yaxınlıqda olan su altı əşyalara doğru üzün və kömək gözləyin.

Subasma – dağ və dağətəyi çaylarda daşqın və sellər zamanı, düzən çaylarda və dənizlərdə su səviyyəsinin kəckin qalxması nəticəsində ətraf ərazilərin su ilə örtülməsidir. Su basma qrunt sularının səviyyəsinin qalxması ilə əlaqədar da baş verə bilər, ərazilərin, tikintilərin normal istifadəsini və su basan ərazilərdə yerləşən obyektlərin istismarını pozur. Subasma əsasən gursululuq dövründə, qar və buzlaqların əriməsi mövsümündə, buzların və qar suyunun yığılması zamanı çayda, göldə, yaxud qabarmalar zamanı dənizdə suyun səviyyəsinin artması nəticəsində ərazinin böyük hissəsinin su altında qalmasıdır. Su qabarması nəticəsində çayların mənsəbində yaranan subasma xüsusi növ subasma hesab olunur. Subasma körpülərin, yolların, binaların, tikililərin dağılması, böyük maddi ziyan, suyun böyük sürəti (4 m/s – dən çox) və hündürlüyünün həddən artıq artması (2 m – dən çox) insanların və digər canlıların tələf olması ilə nəticələnir. Dağılmaların əsas səbəbi bina və tikintilərə su kütləsinin, böyük sürət ilə üzən buzların, müxtəlif əşyaların, üzgüçülük vasitələrinin hidravlik təsiridir. Subasma qəflətən yarana və bir neçə saatdan 2-3 həftəyədək davam edə bilər.

Qabaqlayıcı tədbirləri. Subasma sahələrində daşqınları önləmək üçün bəndlər salınmalı, bu ərazilərdə yeni yaşayış məskənləri salınmamalı, mövcud yaşayış binaları gücləndirilməlidir. Əgər sizin rayonunuz subasmadan tez-tez zərər çəkirsə, mümkün subasmanın sərhədlərini, eləcə də yaşadığınız ərazidən ən yaxın məsafədə yerləşən hündür, az su altında qalan əraziləri, onlara çatmağın qısa yollarını müəyyən edib aydınlaşdırın. Ailə üzvlərinizi təşkil olunmuş, yaxud fərdi təxliyə, eləcə də qəfil və sürətlə güclənən subasma zamanı davranış və hərəkət qaydaları ilə tanış edin. Qayıqların, onları hazırlamaq üçün alətlərin və materialların saxlandığı yerləri yadınızda saxlayın. Öncədən təxliyə zamanı sizə lazım olacaq sənədlərinizi, lazımi əmlakınızı və fərdi dərman qutusunu bir yerə yığın. Qiymətli əşyalarınızı, lazımi isti geyimlərinizi, ərzaq, su və tibbi ləvazimat ehtiyatını ayrıca bir çamadana, yaxud çantaya (təcili yardım çantası) yığın.
Subasma baş verdiyi zaman görülən tədbirlər. Subasma təhlükəsi olduğu və təcili təxliyə haqqında məlumatlar yayılan kimi, müvafiq qayda üzrə subasma ərazisini tərk edib, təhlükəsiz elan olunmuş rayonda yerləşin. Bu zaman sənədlər, qiymətli və lazımlı əşyalar, tez xarab olmayan qidalardan ibarət ərzaq ehtiyatı götürmək lazımdır. Sonuncu təxliyə məntəqəsində qeydiyyatdan keçin. Evdən çıxmazdan əvvəl elektriki və qazı, istilik sobalarındakı odu söndürün, çöldəki bütün üzə bilən əşyaları yerinə bərkidin, yaxud da onları bir dalana yığın. Əgər vaxt imkan verirsə, qiymətli ev əşyalarınızı yuxarı mərtəbələrdə, yaxud çardaqda yerləşdirin. Qapı və pəncərələri bağlayın, vaxtınız varsa, birinci mərtəbənin qapı və pəncərələrini lövhələr (şitlər) ilə bərkidin. Təxliyə təşkil olunmayıbsa, yardım gələnə, yaxud su çəkilənədək yuxarı mərtəbələrdə, damda, ağaclarda, yaxud digər hündür əşyaların üstündə qalın. Bu zaman daimi olaraq fəlakət haqqında siqnal verin: gündüz vaxtı – yaxşı seçilə bilən parçanın ağaca keçirib yelləyin, gecə vaxtı isə bunun üçün fənərin işığından istifadə edə bilər, müxtəlif səslər çıxarmaqla olduğunuz yer haqqında məlumat verə bilərsiniz. Xilasedicilər gələn kimi təşvişə düşmədən, ehtiyatla, göstərişlərə uyğun olaraq xilasedici vasitələrə (qayıqlara) minin. Hərəkət zamanı göstərilən yeri tərk etməyin, göyərtədə oturmayın, ekipajın tələblərinə ciddi əməl edin. Su basmış rayondan müstəqil şəkildə çıxmaq yalnız zərərçəkənlərə tibbi yardım göstərmək, suyun səviyyəsinin artmaqda davam etməsi və üst mərtəbələri və çardağı su basma təhlükəsi olduğu kimi vacib hallarda məsləhətdir. Bu zaman etibarlı üzmə vasitəsi olmalı və hərəkət istiqaməti təyin edilməlidir. Müstəqil hərəkət zamanı fəlakət haqqında siqnal verməkdə davam edin. Suda üzən və batan insanlara yardım edin.

Sırsıra– yağış və ya sis (duman) damlacıqlarının, şehin və qar əriyən zaman yaranan su damlacıqlarının yer səthində və əşyaların üzərində yaranan sıx buz qatıdır. Sırsıra adətən hava temperaturu 0o S ilə -3o S arasında olarkən müşahidə olunur. Donmuş buz qatının qalınlığı bir neçə sm-ə çata bilər. Səkilərdə, küçə keçidlərində, əşyaların üzərində (ağaclar, məftillər və s.), binaların karnizlərində yaranan sırsıralar insan üçün təhlükəli hesab edilməldir.
Sırsıra əmələ gələn zaman tədbirlər. Hava proqnozunda sırsıranın olacağı haqqında məlumat verilibsə, zədələr ala biləcəyiniz ehtimalını azaltmaq üçün tədbirlər görülməlidir: az sürüşən ayaqqabı hazırlayın, ayaqqabının dabanlarına metal, quru altlığa isə leykoplastır yaxud izolyasiya lenti yapışdırın. Altlığı qum, yaxud sumbata kağızı ilə də sürtmək olar. Ehtiyatla, tələsmədən, ayağınızı ayaqqabı altlığının üstünə bütövlükdə basaraq hərəkət edin. Bu zaman ayaqlar bir qədər boş olmalı, əllərdə isə ağır yük olmamalıdır. Yaşlı insanların rezin ucluğu olan əsadan, yaxud ucları olan xüsusi çubuqdan istifadə etməsi məsləhətdir. Əgər sürüşmüsünüzsə, əyilin ki, yıxılma hündürlüyünü azaldasınız. Yıxılanda cəhd edin ki, özünüzü toplayasınız və diyirlənərək yerdən gələn zərbəni yüngülləşdirəsiniz. Sırsıra adətən buzun əmələ gəlməsi ilə müşayiət olunur. Bu halda elektrik xətlərinin keçməsinə, elektrik nəqliyyatının əlaqələndirmə şəbəkəsinə xüsusi diqqət yetirin. Əgər qırılmış xətt görsəniz yerli inzibati quruma bu haqda məlumat verin. Binaların qarşısından keçərkən karnizlərdən buz salxımlarının düşə biləcəyini nəzərə alın.

Qar və qar yığını – havanın 00 S-dən aşağı temperaturunda buluddan tökülən müxtəlif formalı bərk buz və ya qar dənəçiklərindən ibarət atmosfer yağıntılarıdır. Nəqliyyatın hərəkətini çətinləşdirən və görməni pisləşdirən intensiv qar tökülməsi güclü qar adlanır.
Qar yığını– güclü qar 12 saatdan artıq müddətdə yağdıqda və ya qar yağmaqla bərabər küləyin sürəti 15 m/s-dən çox olduqda müşahidə olunan hidrometroloji fəlakətdir.

Qar uçqunu – 20-30 m/s sürəti ilə hərəkət edən qar kütləsidir. Qar uçqunu böyük dağıntılara səbəb olan uçqun öncəsi hava dalğasının yaranması ilə müşayiət olunur. Qar uçqunun yaranmasının səbəbi uzun müddət yağan qar, intensiv qar əriməsi, dağ və hava titrəmələri ilə nəticələnən zəlzələ, partlayışlar və digər insan fəaliyyətidir. Qar uçqunu binaların, mühəndis qurğularının dağılmasına səbəb ola, qarın altında qalmış yollar və qar cığırları örtülə bilər. Qar uçqununa məruz qalmış dağ kəndlərinin əhalisi, turistlər, alpinistlər, geoloqlar və digər kateqoriyadan olan insanlar zədələr ala, qalın qar altında qala bilərlər.
Qabaqlayıcı tədbirləri. Qar uçqunu ərazilərində əsas davranış qaydalarına əməl edin: qar yağan zaman və tutqun havada dağlara çıxmayın; dağlarda olan zaman hava dəyişkənliyini diqqətlə müşahidə edin; dağlara çıxan zaman getdiyiniz rayonun yollarını və mümkün qar uçqunu yerlərini dəqiqləşdirin. Mümkün qar uçqunu ərazilərindən uzaq durun. Onlara əsasən meylliliyi 30o və daha çox ola ərazilərdə rast gəlinir. Əgər yamacda ağac və kol yoxdursa bu hal meyllilik 20o –dən çox olduqda da baş verə bilər. Meyllilik 45o –dən çox olan yerlərdə isə qar uçqunu demək olar ki, hər dəfə qar yağandan sonra baş verir.
Qar uçqunu mövsümündə dağlarda xilasedici dəstələr yaradılır. Qar uçqunu təhlükəsi varsa, qar uçqununun mümkün istiqamətlərində nəzarət təşkil edilir. Yaranmış qar yığınlarının düşməsi üçün süni şərait yaradılır, müdafiə qurğuları qurulur, xilasedici vasitələr hazırlanır və xilasetmə işi planlaşdırılır. İstənilən havada meyliliyi 30o –dən çox olan dərələrdən keçmək məsləhət deyil. Meyliliyi 20o –dən çox olan dərələrdən isə qar yağandan yalnız 2-3 gün sonra keçmək olar. Yadda saxlayın ki, qar uçqunun ən təhlükəli vaxtları yaz və yay mövsümləri, səhər saat 10-dan günəş batanadəkdir.
Qar uçqunu– baş verdiyi zaman görülən tədbirlər. Əgər uçqun çox hündürdən gəlirsə, cəld qaçaraq uçqunun yolundan çəkilin və təhlükəsiz bir yerə, qayaların altına sığının (kiçik ağacların altında gizlənməyə dəyməz). Əgər uçqundan qaçmaq mümkün deyilsə, üstünüzdə olan əşyaları atın və üfqi vəziyyət alın, dizlərinizi qarnınıza sıxın və gövdənizi uçqunun hərəkəti istiqamətində əyin. Əgər uçqun sizi yaxalayıbsa: burunuzu və ağzınızı əlcək, şərf, yaxalığınız ilə bağlayın; uçqunun sürətinin az olduğu tərəfə çəkilib, uçqunun mümkün qədər üst hissəsinə çıxmağa çalışın; uçqun dayanan kimi üz və sinənizin ətrafında əliniz ilə boş zona yaratmağa çalışın; bu nəfəs almağa kömək edə bilər. İmkan olarsa, yuxarı tərəf hərəkət etməyə çalışın (yuxarı istiqaməti ağzınızdan tökülən tüpürcək vasitəsi ilə təyin edə bilərsiniz). Qar uçqununa düşdükdə əlləriniz, ayaqlarınızla üzmə hərəkətləri edin. Bu sizə qarın səthində qalmağa kömək edər. Uçqunun altında qalanda qışqırmayın. Çünki qar səsi keçirmir və bu kimi digər hərəkətlər yalnız sizin gücünüzü, oksigeni və istiliyinizi əlinizdən alacaq. Özünüz üzərində nəzarəti itirməyin. Yuxulamağınıza imkan verməyin, unutmayın ki, sizi axtarırlar (uçqun altından 3 və hətta 5 gündən sonra xilas olunmuş insanlar var.) Uçquna düşəndə yatmamağa çalışın.

Leysan yağışları, dolu
Leysan yağışları dedikdə, topa yağış buludlarından sutka ərzində 15-20 mm-dən artıq iri yağış damlaları (diametri 7 mm-ə qədər) şəklində yüksək intensivlikdə düşən yağıntılar nəzərdə tutulur. Leysan yağışları güclü torpaq eroziya prosesinə, sürüşmələrə, uçqunlara, sellərə, daşqınlara səbəb olur.
Yolları, kommunikasiya sistemlərini yararsız hala salır, şəhər nəqliyyatının normal fəaliyyətini pozur, yollarda tıxaclar əmələ gətirir. Kanalizasiya qurğuları yağış sularını tam ötürə bilmir, gətirilmiş zibil və s. asılı materiallar kanalizasiya qurğularını müvəqqəti sıradan çıxarır, yaşayış evlərinin zirzəmiləri, yağış suları ilə dolur.
Dolu. İlin isti dövründə topa yağış buludlarından dənə-dənə buz halında düşən yağıntıya dolu deyilir. Dolunun ölçüsü adətən 5-55 mm-ə qədər, bəzən daha çox olur. Diametri 130 mm, kütləsi 1 kq olan dolular da olur.
İri ölçülü dolular ən çox tropik enliklərdə düşür. Məsələn, Hindistanda kütləsi bir neçə kq olan dolu dənələri müşahidə olunur. Orta enliklərdə dolunun kütləsi 1 kq-dan artıq olmur.
Dolunun düşmə müddəti geniş miqyasda dəyişərək, bir neçə saniyədən bir saata qədər davam edə bilər, adətən dolu 3-5 dəqiqə müddətində düşür və zolaqlar şəklində müşahidə olunur. Bu zolaqların eni 1-2 km, uzunluğu 10-20 km-ə çatır. Bəzən dolu düşən zolağın eni 10 km, uzunluğu 400 km-ə çatır.
Azərbaycan ərazisində ilin isti dövrlərində çox vaxt leysan yağışları ilə bərabər dolu yağır. Respublika ərazisinin relyef quruluşu və dənizin təsir məsafəsindən asılı olaraq dolu düşməsi qeyri-bərabər paylanmışdır.

Quraqlıq, Güclü istilər
Uzun müddət ərzində (çoxgünlük, çoxaylıq, çoxillik) atmosfer yağıntılarının olmaması və ya normadan az düşməsi əsasən yüksək temperatur şəraitində bununla əlaqədar torpaqda rütubət ehtiyatının tükənməsi, havanın nisbi rütubətliyinin kəskin aşağı düşməsi nəticəsində quraqlıq baş verir. Quraqlıq — yazda və yayda yağıntının normadan çox aşağı və hava temperaturunun xeyli artıq, hava rütubətliyinin isə xeyli aşağı olduğu uzun dövrdür. Quraqlıq nəticəsində bitkinin inkişafı üçün əlverişsiz şərait yaranır, su hövzələrinin, suvatların (naxır bulaqlarının) quruması müşahidə olunur.
Quraqlıq adətən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının fəlakətli şəkildə aşağı düşməsinə və ya məhsulun tamamilə məhv olmasına, otlaqların (çəmənlərin, bozqırların) deqradasiyasına, meşədə ağacların illik artımının aşağı düşməsinə, heyvanların qırılmasına və digər canlı orqanizmlərin kəskin tərəddüdünə səbəb olur.
Atmosfer və torpaq quraqlığı məlumdur. Atmosfer quraqlığının baş verməsi antisiklonların əmələ gəlməsi və böyük ərazini əhatə etməsi ilə əlaqədardır. Belə hallarda uzun müddət yağıntı olmur; isti və quru hava ilə səciyyələnən buludsuz günəşli günlər ardıcıl surətdə, uzun müddət davam edir, havanın temperaturu 400S və daha yüksəyə qalxır.
Buxarlanma və transpirasiyanın artması nəticəsində torpaqdakı su ehtiyatının tükənməsi torpaq quraqlığına səbəb olur. Quraqlıq zamanı bitkilərin kök sistemi vasitəsilə su alması çətinləşir, bitkinin aldığı suyun miqdarı onun transpirasiya sərfindən az olur, toxumalar su ilə çox pis təmin olunur, normal fotosintez şəraiti pozulur. Nəticədə məhsul azalır, yaxud tamamilə məhv olur.
Quraqlığın intensivliyi müəyyən dövrdə düşən yağmurların miqdarı ilə təyin olunur.
Çox güclü quraqlıq yazlıq buğdanın cücərdiyi dövrdən sünbül yaranan dövrə qədər 18 mm-ə qədər yağıntı düşdükdə baş verir. Bu zaman məhsuldarlıq 50%-dən çox azalır.
Güclü quraqlıq göstərilən dövr ərzində 30-35 mm yağıntı düşdükdə baş verir, bu zaman məhsuldarlıq 20-50% aşağı düşür.
Quraqlıq və quru küləklərə qarşı tədbirlər.
Bu məqsədlə əsasən aqrotexniki və meliorasiya tədbirləri həyata keçirilir:
• Suvarma – quraqlıq və quru küləklərə qarşı radikal üsul sayılır. Suvarma hətta səhra şəraitində bitkilərdən yüksək məhsul götürməyə imkan yaradır. Səhra şəraitində günəş enejisi yüksək olduğundan, suvarma xüsusilə yaxşı effekt verir. Burada suvarma şəraitində (vahələrdə) alınan məhsul hətta mülayim zonadan da yüksək olur. Süni suvarma, yağıntıların miqları ilə torpağın nəmlik dərəcəsi nəzərə alınmadan aparıldıqda torpağın şorlaşmasına səbəb olur. Quraqlıq rayonlarda suvarma quru küləklər əsən dövrdə aparıldıqda daha effektli nəticələr alınır. Suvarma torpağın nəmliyi və temperaturu, həmçinin bitkilər arasında havanın temperatur və rütubətliyini dəyişir (nizama salır).
• Tarlaqoruyucu meşə zolaqları quraqlıq və quru küləklərə qarşı mübarizədə mühüm tədbir sayılır. Bu zolaqlar arasındakı tarlalarda, torpaq səthi havasının meteoroloji rejiminə əhəmiyyətli dərəcədə təsir göstərir. Meşə zolaqları quru küləklər əsdikdə daha yüksək effekt göstərir. Qoruyucu meşə zolaqları vegetasiya dövründə əkin sahələrini isti, quru və soyuq küləklərdən, temperatur dəyişkənliyindən qoruyur. Havanın, torpağın nəmliyini artırır, mikroiqlim amillərini tənzim etməklə, kənd təsərrüfatı bitkilərindən sabit və yüksək məhsul götürülməsi üçün əlverişli şərait yaradır.
• Quraqlıq və quru küləklərə qarşı mübarizədə səpin işlərinin vaxtında aparılması mühüm faktor sayılır.
• Quraqlığa davamlı yüksək məhsuldar kənd təsərrüfatı bitkiləri sortlarından istifadə edilməsi də quraqlıq və quru küləklərə qarşı mühüm üsul hesab edilir.
Əsas qitələrin sahələrinin 40-45 % quru və quraqlıq ərazilərdir ki, əhalinin üçdə biri məhz bu ərazilərdə yaşayır.

Dünyada demək olar ki, hər il güclü quraqlıqlar baş verir. Qurbanlarının sayına və vurduğu iqtisadi ziyana görə quraqlıq beş ən əsas təhlükəli təbii hadisələrdən bi¬ri¬dir.
Güclü istilər – havanın temperaturunun bir neçə gün ərzində orta temperaturdan 10o və daha çox yüksək olması ilə xarakterizə olunur.
Güclü istilər zamanı günvurma ilə insanlara neqativ təsir göstərir. Belə hallarda təhlükə insanın bədən hərarətinin 37,1o S-dən çox olması, yaxud hərarət normasının pozulması, yəni bədən temperaturunun 38,8o S-ə yaxınlaşması ilə təyin olunur. Belə hal uzun müddət davam edərsə, istilik vurması yaxud ürək fəaliyyətinin pozulması ilə nəticələnə bilər. Hərarətin artmasının simptomları dərinin qızarması, selikli qişalardakı quruluq, güclü susamaqdır. Daha sonra huşun itirilməsi, ürəyin və tənəffüsün dayanması da mümkündür.
Qabaqlayıcı tədbirləri: Əlavə su ehtiyatı yığılmalıdır. Yüksək temperatura uyğun geyinməli, sərinləşdirici elektrik cihazlarından istifadə edilməlidir (kondisioner, ventilyator). Əgər kənd yerindəsinizsə, kölgəliklər, talvarlar, pəncərələr üçün setkalı çərçivələr (taxtalar) hazırlanmflıdır. İmkan varsa, məişət elektrik cihazlarından istifadə edə bilməyiniz üçün kiçik elektrik enerjisi istehsal edən cihazlar da əldə edin. İstilikdən zərər çəkən zaman nələri etməli olduğunuzu öyrənib və bunu ailə üzvlərinizə də öyrətmək lazımdır.
Quraqlıq-güclü istilik baş verdiyi zaman tədbirlər. Yüksək temperaturun təsirindən qaçın. Açıq rəngli, hava buraxmayan (yaxşı olar pambıqdan hazırlansın) geyimdən və baş geyimindən istifadə edilməlidir. Yadda saxlamaq lazımdır ki, açıq qalmış dəri səthi tərləmir və odur ki, soyuya bilmir. Çalışın tələsik hərəkət etməyəsiniz və kölgəlikdə durasınız. Pivə və digər spirtli içkilər qəbul edilməməlidir. Bu orqanizmin ümumi vəziyyətinin ağırlaşmasına səbəb olur. Həkimlə məsləhətləşin və istilik zamanı sizə əlavə duz qəbul etmək lazım olub-olmadığını müəyyənləşdirin. İstilik vurmasına məruz qalmısınızsa, dərhal kölgəliyə keçin, küləyin qabağında durun, yaxud duş qəbul edin, yavaş-yavaş çoxlu su qəbul edin. Çalışın bədəninizi hansısa formada soyudasınız ki, istilikdən ziyan çəkməyəsiniz. Ətrafdakılardan kimsə huşunu itirərsə, ilkin tibbi yardım edin (ürəyi masaj edin, süni nəfəs verin). Unutmayın ki, quraqlıq zamanı yanğın ehtimalı artır.

Çovğun – güclü küləklə yer səthində və hava qatının yer səthinə yaxın hissəsində qarın sovrulmasıdır. Güclü külək yer səthinə nisbətən havanın və onun horizontal təşkiledicilərinin 24 m/san-dən çox sürəkətlə hərəkətidir. Çovğunun yerüstü, aşağı və ümumi növləri ayrılır. Yerüstü və aşağı çovğunlar zamanı yeni yağmış qar sovrulur. Ümumi çovğun zamanı isə yerdə olan qar sovrulmaqla eyni zamanda qar yağır.
Qabaqlayıcı tədbirləri. Əgər güclü çovğun haqqında məlumat almısınızsa, qapı və pəncərələri, çardağın qapılarını və nəfəslikləri bağlamaq lazımdır.
Pəncərələrin şüşələrini kağız lent ilə yapışdırın. İki günlük su və ərzaq, dərman ehtiyatı, işıqlandırıcı vasitələr (fənər, ağ neft lampası, şam və s.) tədarükü görün, səyyar plitələr, batareya ilə işləyən radio qəbuledicilər hazırlayın. Eyvan və pəncərələrdən küləyin sovura biləcəyi əşyaları götürün. Radio və televizoru açın, yeni məlumatları dinləyin. Elektrikin kəsilməsinə hazır olun.
Çovğun baş verdiyi zaman görülən tədbirlər. Yalnız, müstəsna hallarda binadan çıxın. Təklikdə çıxmaq məsləhət deyil. Ailə üzvlərinizə və qonşulara getdiyiniz yer və qayıdacağınız vaxt haqqında məlumat verin. Çovğuna və ya qar uçqununa düşsəniz çalışın qayaların, böyük ağacların gövdəsinin altında sığınacaq tapın. Üzü üstə yerə uzanıb əllərinizlə başınızı tutun (daş və ya buz parçalarından qorunmaq üçün) paltarınızın üstündən nəfəs alın. Avtomobil ilə yalnız geniş yollarda və şosselərdə hərəkət etmək olar. Maşından çıxmısınızsa, görünmə itə biləcək məsafədə ondan uzaqlaşmayın. Maşını tərk etməyin, yatmayın, maşının mühərriki işləyirsə, əmələ gələn qaz size zəhərləyə bilər. Yolda qalmısınızsa, qırıq-qırıq siqnallar (işıq siqnalı da olar) verin, maşının kapotunu qaldırın, yaxud antenadan açıq rəngli parça asın, maşında yardım gözləyin. Belə halda mühərriki işlək saxlamaq olar, bu zaman pəncərələri açıb, dəm qazından qorunmaq üçün içəridə havanın təmizlənməsinə nail olmaq lazımdır. Əgər istiqaməti itirmisinizsə, yaxınlıqdakı yaşayış məntəqəsinə gedib, yerinizi dəqiqləşdirin. Çalışın, çovğun qurtarana qədər olduğunuz yeri tərk etməyəsiniz. Əgər gücünüzün tükəndiyini hiss etsəniz bir yer tapıb ora sığının. İnsanlarla ünsiyyətdə də diqqətli və ehtiyatlı olun; təbii fəlakətlər zamanı avtomobillərdən, mənzillərdən və xidmət idarələrindən oğurluqların sayı artır.

YANĞIN—təhlükəli təbii fəlakətlərdəndir. Quraqlıq zamanı meşələrdə, torf bataqlıqlarında, yaşayış məntəqələrində baş verir. Yanğınların səbəbləri-odla davranış, yanğına qarşı təhlükəsizlik tədbirləri qaydalarının pozulması, təbiətdə təbii proseslər-ildırım, zəlzələ, vulkan püskürməsi, təbii qazların və torfun öz-özünə yanması ola bilər.
Bütün bu səbəblər nəticəsində yanğınlar baş verə və yayıla bilər və nəticədə xalq təsərrüfatına böyük ziyan dəyir. Təbii yanğınlar – kortəbii olaraq baş verən və ətraf mühitdə nəzarətsiz yayılan yanğın prosesidir. Təbii yanğınlar baş vermə zonalarına görə meşə yanğınlarına, landşaft, çöl və torf yanğınlarına, otlaqlarda baş verən yanğınlara, kənd təsərrüfatı bitkilərinin əkilib-becərildiyi zəmi yanğınlarına ayırd edilir.
Meşə yanğını – meşə sahələrində yayılan yanğınlardır.
Meşə yanğınlarının bir neçə növü var:
• meşənin aşağı hissəsinin yanğını—mamırların, otların, kolların və ölü torpaq üst örtüyünün (yerə tökülmüş yarpaqların, ağac qabıqlarının, çürümüş ağac kötüklərinin) yanğını-1,5-2-m-ə qədər hündürlüyü olur.
• meşənin yuxarı hissəsinin yanğınları—aşağı hissənin yanğınının yuxarı hissələrə keçməsindən, yaxud da ağacların yuxarı tac hissəsinin yanğını ola bilər. Bu zaman yanğının hundürlüyü 100 metrə qədər çatır, çox böyük istilik əmələ gəlir və alov uzaq məsafələrə qədər (bir neçə kilometrə) yayılır.
• yeraltı yanğınlar (torpaq və ya torf) yanğınları yayın axırında, adətən meşə yanğınlarından baş verir.
Üst yanğınlar zamanı çox vaxt bitki örtüyü və heyvanat aləmi tamamilə məhv edilərək əksəriyyət orqanizmlərə limitləşdirici təsir göstərir. Biotik qruplaşmaların öz ilkin vəziyyətinə qayıtması üçün bərpa işləri yenidən başlanır və buna çox illər tələb olunur.

Alt yanğınlar, əksinə, seçici təsir göstərir, orqanizmlərdə oda qarşı adaptasiyanın inkişafına köməklik göstərir, bakteriyaların parçalanma fəaliyyətinə təkan verərək mineral maddələrin yeni yaranacaq ekosistem nəslinin qidalanması üçün əlverişli formaya çevirir, üst yanğınların başvermə təhlükəsini zəiflədir, qruplaşmaların (biosenozların) bioloji müxtəlifliyinin çoxalmasına şərait yaradır. Alt yanğınlar azot fiksə edən paxlalı bitkilər üçün faydalıdır.

Meşə yanğınları zamanı alov ağacları və kolları, tədarük edilmiş meşə materiallarını, binaları və tikililəri yandıraraq külə döndərir.Yanğından zədələnmiş ağaclar zərərli xəstəliklərin yayılma mənbəyi olur ki, bu da nəinki alovdan zədələnmiş, həm də yaxınlıqdakı meşə sahələrinin tələf olmasına səbəb olur. Meşə yanğınları müxtəlif səbəblərdən baş verir. Meşə yanğınlarının 80%-i meşədə işləyən və ya dincələn zaman əhalinin odla düzgün davranmaması və yanğından mühafizə qaydalarına əməl etməməsi, habelə meşə işlərində yanğından mühafizə cəhətdən saz olmayan texnikadan istifadə etmək nəticəsində baş verir. Meşə yanğınları tufan zamanı ildırımdan, habelə əlverişsiz hava şəraitində (havaların çox isti keçməsi, uzun müddət quraqlıq olanda) baş verir.
Yanğınlarının söndürülməsi aşağıdakı mərhələlərdən ibarətdir: yanğının dayandırılması məhdudlaşdırılması, tam söndürülməsi və keşik çəkilməsi. Meşə yanğınlarının məhdudlaşdırılması və söndürülməsi üsulları yanğının növündən, gücündən və miqyasından, meteoroloji şəraitdən, ərazinin xarakterindən, yanğını söndürmək üçün kifayət qədər vəsaitin olub-olmamasından asılıdır.
Əsas söndürmə üsulları: yanğının kənarının budaqlarla döyəclənməsi və ya üzərinə torpaq atılması; qoruyucu və ya minerallaşdırılmış zolaq və xəndəklərin düzəldilməsi, yanğının su ilə və ya odsöndürən kimyəvi maddə ilə söndürülməsi, onun odla qabaqlanması.
Torf yanğınları- insanların odla diqqətsiz davranışı nəticəsində və ya günəş şüalarından qızma nəticəsində torf bataqlıqlarının alışmasıdır, torf yataqlarında aparılan işlər zamanı, yaxud torf bataqlıqlarında baş verir, belə yanğınlar çox böyük ərazini tutur və söndürmək çox çətin olur. Əsas təhlükəsi ondan ibarətdir ki, yanğınlar yerin altında baş verdiyinə görə, yer altında boş sahələr yaranır və həmin sahələrdə insan və texnika tələfatı baş verir.
Yanğınların əsas zədələyici amilləri: yüksək tempratur, insanların zədələnməsi, böyük ərazilərdə tüstünün yayılması ilə əlaqədar insanlara qıcıqlandırıcı təsir göstərməsi yanğınla mübarizəni çətinləşdirir, görmə sahəsi məhdudlaşır, insanlara psixoloji təsir göstərir.
Landşaft yanğını – coğrafi landşaftın müxtəlif komponentlərini əhatə edən yanğınlardır.
Çöl yanğını – təbii baş verən və ya süni şəkildə çöllərdə törənən yanğınlardır.
Meşələrdə və torfluqlarda kütləvi yanğınlar isti, quru havada ildırım vurması, od ilə ehtiyatsız davranma, yerdəki quru otların yandırılaraq təmizlənməsi və s. hallarda baş verə bilər. Yanğınlar binaların, taxta körpülərin, ağac dirəklərin neft məhsulları və digər yanan məhsulların anbarlarının yanmasına, insanların və digər canlıların zərər çəkməsinə səbəb ola bilər. Adətən meşələrdə yanğın alt qatdan başlayır. Quru və küləkli havada isə yanğınlar əsasən üstdən başlayır. Alt qatdakı yanğının yayılma sürəti dəqiqədə 0,1-3 metr, üst qatdakı yanğının sürəti isə dəqiqədə 100 m ola bilər.
Torfun və bitkilərin kökünün yanması nəticəsində yeraltı yanğınlar baş verə bilər. Torf özü alışa, hava və su daxil olmadan yana bilər. Yanmış torfluqların altında isti zərrəciklərdən və yanmış torfun külündən ibarət “sütun şəkilli buruqlar” əmələ gəlir ki, güclü külək nəticəsində başqa yerlərə daşına bilər, əlavə çirklənməyə və insanların və digər canlıların yanıq yarası almasına səbəb ola bilər.
Qabaqlayıcı tədbirləri: Meşə və sıx bitki örtüyü olan sahələrdə siqaret çəkilməməli, açıq alov mənbələri istifadə olunmamalı, şüşə və ya parlaq səthə malik maddə və ya metalı bu sahələrə atmamalı (atılmış boş siqaret qutularının içində olan folqaya oxşar kağızın belə yanğına səbəb olacağı sübut olunmuşdur), yana bilən və ya tez alışa bilən kimyəvi maddələrin qablarını belə sahələrə atılmamalıdır. İnsanların özbaşına yaratdıqları istirahət və əyləncə yerləri ətrafında yanğından mühafizə zolaqları yaradılmalıdır. İstirahət yerlərində kibrit, çaxmaq və digər alışqanlar uşaqlardan uzaq saxlanılmalıdır. Əkilən tarla və ərazilərdə məhsul yığımından sonra qalan çör-çöp təmizlənməlidir.
Yanğınlar zamanı MM tədbirləri
Yanğını sündürmək tək adamın işi deyil, buna kollektiv surətdə əməl etmək lazımdır. Bu məqsədlə, çoxlu adam, xüsusi yanğınsöndürən texnika və avadanlıq tələb olunur.
Közərmələrə və yanğınlara qarşı ən yaxşı vasitələr su, qum, torpaq, yanğınsöndürən balonlar, asbest və brezent örtüklər, ağac budaqları və paltarlardır. Yanğını söndürərkən alova deyil yanan səthə təsir etmək lazımdır..
Ən təhlükəli yanğınlar, meşə yanğınlarıdır. Bu zaman ən müxtəlif yanğınsöndürən vasitələrdən istifadə edilir; ağacların yarpaqlı budaqlarından, beldən və s. Bellə qrunt yanğının kənarlarına tökülür. Yuxarı meşə yanğınlarında, böyük sahəli yanğınlarda xüsusi yanğınsöndürən qüvvələrdən və digər MM qüvvələrindən istifadə edilir.
Yanğını söndürən zaman çox ehtiyatlı olmaq lazımdır. Yanmış ağacları yanıq istiqamətində yıxmaq lazımdır; yanmış ərazidə çox ehtiyatla irəliləmək lazımdır, belə ki, yanmış torf çuxurlarına düşmək olar.
Şəhərlərdə və yaşayış məntəqələrində yanğın zamanı ilk növbədə yanğınsöndürmə komandasını çağırmaq, sonra isə yanğınla mübarizəyə başlamaq olar. Yanğın zamanı saniyələrin belə əhəmiyyəti var, buna görə də əvvəlcədən yanğınsöndürən vasitələrin saxlandığı yerləri dəqiq bilmək, ondan istifadə qaydalarına vaxtında yiyələnmək lazımdır.
Benzini, kerosini, üzvü həllediciləri, elektrik məftilini su ilə söndürmək olmaz. Onları köpüklü, yuyucu toz söndürücüləri ilə, torpaq və qum tökməklə, yanğın sahəsi çox da böyük deyilsə, asbest və ya brezent örtüklə, suda isladılmış ağır paltarlarla örtmək olar. Yanan elektrik məftilini yalnız gərginlik mənbəyindən çıxartdıqdan sonra söndürmək olar. Yanğını söndürən hər kəs tikinti konstruksiyalarına, texniki avadanlığa nəzarət etməli, onların aşmaq təhlükəsi olduqda dərhal hamını xəbərdar etməlidir.
Meşə yanğınları zamanı yanğın sahəsini külək istiqamətində tərk etmək, bu zaman sifəti, başı üst paltarı ilə bürümək lazımdır.
Yanğın zamanı binalardan tez çıxmaq, yaxındakı adamlara kömək etmək lazımdır, belə ki, yüksək tempratur, tüstü, yanmış maddələrin təhlükəli konsentrasiyası, aşmaq təhlükəsi olan texniki qurğular əsas zədələyici faktorlardır. Binanı tərk edərkən başı islanmış üst paltarları ilə bürüyərək və çox tüstülü yerlərdə sürünərək çıxmaq lazımdır. Belə yerdə qapını yavaş-yavaş açmaq lazımdır, çünki güclü hava axını yanğının daha da alovlandıra bilər. Otaqlarda adamları səsləmək, əgər balaca uşaqlar olması ehtimalı varsa divan, çarpayı altını, şkafların içərisini, küncləri yoxlamaq lazımdır.
Yanğın zamanı adamların əynindəki paltarlar da alovlana bilər, bu zaman qaçmaq olmaz, həmin adamları hər hansı qalın material ilə bürüyüb söndürmək lazımdır.

Siklon—mərkəzində alçaq atmosfer təzyiqi olub, kənarlarına doğru getdikcə təzyiqin artması müşahidə edilən atmosferin qapalı təzyiq sahəsinə deyilir. Siklon zamanı alçaq, yaxud minimum təzyiq mərkəzdə olur. Yerin öz oxu ətrafında fırlanması nəticəsində siklonlar şimal yarımkürəsində saat əqrəbinin əksi istiqamətində, cənub yarımkürəsində isə saat əqrəbi istiqamətində hərəkət edir. Siklon zamanı hava soyuyur, göy üzü buludlu olur, yağış yağır. Mülayim qurşaqda siklonun diametri 2000-3000 km-ə çatır. Siklonlar 2 tipə – tropikdən kənar və tropik siklonlara bölünür. Tropikdənkənar siklonlar əsasən şimal və cənub yarımkürələrin mülayim qurşaqlarının qərb axını zonasında əmələ gəlirlər. Siklonların inkişaf tsikli 4-7 gün davam edir və sonra yox olur. Yerdə hər il orta hesabla 15000-ə qədər siklon yaranır. Siklonların hərəkət sürəti 30-40 km/saat və ya 700-900 km/sutka təşkil edir. Tropikdəkənar siklonlar tək-tək deyil adətən dalbadal hərəkət edir. Siklonda atmosfer təzyiqi alçaq olduğundan hava asanlıqla yuxarı qalxır, bulud əmələ gətirir, yayıldığı ərazilərdə küləkli, rütubətli və yağmurlu hava müşahidə edilir.
Tropik sahələrin siklonları kiçik ölçüdə olsalar da,çox böyük dağıdıcı qüvvəyə malik olur və onlar okeanlarda ilin yay aylarında tropik hava kütləsinin ekvatordan ən çox uzaqlara irəlilədiyi zamanlarda baş verir. Tropik siklonlar əsasən 5-20° şimal və cənub enlikləri arasında yaranaraq şimal yarıkürəsində şimal-qərb, cənub yarımkürəsində isə cənub-qərb istiqmətində hərəkət edirlər. Tropik siklonların diametri cəmi 100-300 km olur. Küləyin sürəti 70-75 m/saniyəyə çatır ki,bu da siklonun keçdiyi ərazilərdə dəhşətli dağıntılara səbəb olur. Tropik siklonlar göy guruldaması, ildırım çaxması və gur leysan yağışların yağması ilə fərqlənir. Maraqlıdır ki, tropik siklonun mərkəzi hissəsində diametri 20-50 km-ə çatan küləksiz buludsuz hava yaranır ki, həmin sahəyə “fırtına gözü” deyilir. Tropik siklon suda güclü dalğalanma, quruda böyük dağıntı əmələ gətirir. Tayfun və tornado da tropik siklondur. Tropik siklonlar ildə 70-80 dəfə müşahidə edilir.

Qasırğa – isti iqlim qurşağında, ani təzyiq fərqlərindən qaynaqlanan və sürəti saatda 100-150 km-ə qədər çıxa bilən çox şiddətli dağıdıcı gücə malik olan küləkdir. Tropik en dairəsində yaranan, insan tələfatına və böyük dağıntılara səbəb olan, havanın aşağı təzyiqi və küləyin tufan sürəti ilə (32 m/s-dən çox) müşayiət olunan qasırğalar siklon adlandırılır. Tropik qasırğasının yerli adı isə-tayfundur. Zəlzələdən sonra ikinci yerdədir. Ümumilikdə qasırğaların diametri 50-800 km genişliyindədir. Qasırğalar daha çox okeanlar üzərində meydana gəlir. Dairəvi hava hərəkətləri halında olduqlarından adətən xortumlara səbəb olurlar. Ətraflarına böyük zərər verirlər. Qasırğalara Asiyanını cənub sahillərində və Avstraliyanın Sakit okean sahillərində Tayfun, Meksika Körfəzi sahillərində Hurrican, Afrikanın bəzi bölgələrində, Latın Amerika sahillərində isə Tornado adı verirlər. Dünyada böyük diametrli və şiddətli qasırğa Beufort sayılır.

Atlantik okeanını şimalında ümumiyyətlə qasırğalar iyun ayından oktyabra qədər baş verir. Bu müddət ərzində dəniz səthində isti və nəm ən çox halda olur. May və noyabr ayında az, digər aylarda isə seyrək meydana gəlir. Şimali Atlantik bölgəsində ildə meydana gələn tropik siklonun miqdarı 8-dir. Bunun 5-i qasırğa tipidir. Fırtınaların çoxu antisiklon bölgəsinin qərb ucundan qıvrılaraq Amerikanı hədəf alır.
Tropik bir siklonun qasırğa olaraq adlanırıla bilməsi üçün küləyin sürətinin heç olmasa 117 km/saat olması lazımdır. Ümumiyyətlə, qasırğalar saatda 240 km-dən sox surətə malikdirlər. Qasırğalar həm də böyük dəniz dalğalarına və dənizin qabarmasına da gətirib çıxarır. Qasırğalarla birlikdə yağış da gəlir. Tropik bir külək qurşağının orta yağış miqdarı 75-150 mm-dir. Belə yağışlar ciddi sellərin meydana gəlməsinə də səbəb olur.
Fırtına– dənizdə güclü dalğa yaradan, quruda dağıntılara səbəb ola bilən sürəti 20 m/s-dən çox olan güclü küləkdir. Fırtınalar (tufan, tayfun) güclü küləklər nəticəsində meydana gələn təbii hadisələrdən biridir. Yağışla birlikdə əsən şiddətli küləklər – Tufan, quraq və yağışsız havada əsən küləklər isə Tayfun adlanır.

Tornado − topa yağış buludları ilə əlaqəli şəkildə fırlanan sütunşəkilli hava axınıdır. Tornado buludlardan yerə qədər uzanır və böyük dağıdıcı gücə sahib olan təbii fəlakətdir. Əksər tornadoların hərəkət sürəti 65-180 km/saat arasında dəyişir, eni 75 metrə bərabər olur və bir neçə kilometr hərəkət edir. Xüsusi təhlükəli tornadolar isə 450 km/saatdan artıq sürətə, 1,5 km-dən böyük enə malik olmaqla yanaşı, yerdə 100 km-dən artıq yol qət edə bilirlər. Su hövzəsinin üzərində meydana gələn hava burulğanı, yerdən çəkdiyi sular ilə su tornadosu yarada bilər.

Burağan – havanın şaquli və ya maili ox ətrafında fırlanma hərəkətindən əmələ gələn, tufan buludunda yaranan və aşağıya doğru, çox vaxt yerin səthinə qədər qara buludlu diametri 1000 m-ə qədər olan, güclü dağıdıcı gücə malik, havanın sürəti 100 m/s-ə qədər olan, xortum formasında hərəkət edən atmosfer törəməsidir. Qısa müddətli olur və buludlar ilə birlikdə çəkilir. İnsanlar üçün belə təbiət hadisələri zamanı təhlükə çox vaxt yolların, körpülərin, tikililərin, hava elektrik və rabitə xətlərinin, yerüstü boru kəmərlərinin dağılması, eləcə də insanların böyük sürət ilə hərəkət edən dağıntı qalıqları və şüşə parçalarından zərər çəkməsi ilə nəticələnir. Bundan başqa binaların tam dağılması səbəbindən insanlar zədə ala və həlak ola bilərlər.

Qar və toz fırtınası zamanı açıq sahələrdə, yollarda, yaşayış məntəqələrində qar yığını və toz topalarının (“qara fırtına”) yaranması, eləcə də suların çirklənməsi mümkündür. Qasırğa, fırtına və burağanların yaranmasının əsas səbəbi küləyin sürətinin artması və atmosfer təzyiqinin kəskin şəkildə aşağı düşməsi, leysan yağışları, güclü qar yağması və qrunt tozlarının əmələ gəlməsidir. Əgər siz qasırğa, fırtına və burağanların xarakterik olduğu ərazidə yaşayırsınızsa, aşağıdakıları özünüz üçün müəyyən etməlisiniz:
• adı çəkilən təbii fəlakət haqqında məlumat verən xəbərdar edici siqnalı;
• insanları müdafiə etmək və tikililərin külək və su fırtınalarına qarşı möhkəmliliyini artırmaq qaydaları və vasitələrini;
• qasırğa, qar və toz fırtınası, burağan zamanı insanların davranış qaydalarını;
• qasırğa, fırtına, qar və toz burağanlarının nəticələrinin aradan qaldırılması, eləcə də zərərçəkənlərə, dağıntıların altında qalmış insanlara yardım göstərməyin qayda və vasitələri;
• yaxınlıqda olan zirzəmilərdə, daha dözümlü və möhkəm tikililərdəki sığınacaq yerləri;
• təxliyə zamanı təhlükəli ərazidən çıxmaq yolları və məskunlaşma rayonları;
• məskunlaşdığınız ərazidəki müvafiq dövlət və fövqəladə hallarla məşğul olan orqanların ünvan və telefon nömrələri.
Fırtına xəbərdarlığı haqqında siqnal alan kimi:
• damı, soba və hava dəyişdirici boruları möhkəmləndirin;
• çardaqlardakı pəncərələri bərkidin (pəncərə qapağı, şit və faner ilə);
• eyvanı və həyətin ərazisini yanğın təhlükəli əşyalardan təmizləyin;
• təhlükəsiz rayona təxliyə halında 2-3 sutkalıq ərzaq və su ehtiyatı, eləcə də özü qidalanan enerji mənbələri (fənər, neft lampası, şam) hazırlayın;
• yüngül tikililərdən daha möhkəm binalara və ya mülki müdafiənin tikililərinə keçin.
Qasırğa, fırtına, burağan baş verdiyi zaman tədbirlər; Hər şeydən yaxşısı zirzəmidə gizlənməkdir. Əgər vaxt varsa qapını, ventilyasiyanı və pəncərəni bağlayın. İşıq, qaz yandırmaq məsləhət görülmür. Yanğın baş verə bilər. Burulğandan yalnız avtomobilin köməyi ilə uzaqlaşmaq olar. Yadda saxlamaq lazımdır ki, burulğanin istiqamətini təyin etmək çətindir. Həm də avtomobil ildırım üçün yaxşı hədəfdir.
Yaxşı olar ki, yol kənarındakı arxlarda, xəndək və yarğanlarda daldalanasınız.
Qasırğa sizi binada yaxalayıbsa, evdəsinizsə, pəncərədən kənar durun və içəri tərəfdəki divarların yanında, koridorda, quraşdırılmış şkafların içində, vanna otaqlarında, tualetlərdə, anbarlarda təhlükəsiz yerdə yerləşin, elektrik, su, təbii qaz və ya tüpgaz təchizatlarını bağlayın, varsa sığınacağa getmək əgər yoxsa şüşələrdən və qapılardan uzaq dayanmaq, yerə yatmaq, uça biləcək cisimlərin çarpma təsirinə maneə törədə biləcək yastıq, yorğan kimi şeylərlə bədəni təhlükəsizliyini təmin edin.
Çöldə və ya hər hansı vasitə içindəsinizsə, ən yaxın sığınacağa və ya güclü görünən binaya sığınmaq, dənizdəsinizsə, xilasedici gödəkcə geymək, xilasedici halqaları hazır saxlamaq, sahilə çox yaxınlaşmamaq, gəminin xaricinə yaxın ən təhlükəsiz yerə sığınmaq, dənizə yaxın yerlərdə mümkün olan ən üst nöqtəyə getmək lazımdır.
Günün qaranlıq vaxtlarında fənərlərdən, lampalardan, şamlardan istifadə edin. Məlumat almaq üçün radioqəbuledicini qoşun, imkan olduqca dərinlikdə olan sığınacaqlara, zirzəmilərə və s. girin.
Əgər qasırğa, tufan, yaxud burağan sizi küçədə yaxalayıbsa, yüngül tikililərdən, binalardan, körpülərdən, elektrik ötürücü xətlərdən, dirəklərdən, ağaclardan, çaylardan, göllərdən və sənaye müəssisələrindən mümkün qədər uzaq durun. Uçan əşyalardan, şüşə qırıntılarından qorunmaq üçün faner lövhələrdən, karton və plastmas yeşiklərdən, lövhələrdən və digər əlaltında olan vasitələrdən istifadə edin. Çalışın cəld ərazidə olan zirzəmilərə, radiasiya əleyhinə tikililərə sığınasınız. Zədələnmiş binalara daxil olmayın. Belə ki, yenidən qüvvətli külək olan zaman onlar dağıla bilər.
Qar fırtınası zamanı mənzilinizdən çıxmayın. Əgər hər hansı açıq bir yerdə, yaxud kəndə gedən yoldasınızsa, magistral yola çıxın. Burada gediş-gəliş intensivdir və sizə kömək edən tapılar.
Külək fırtınası zamanı üzünüzü tənzif sarğısı, dəsmal, parça qırığı ilə örtün, gözlərinizi isə eynəklə qoruyun. Fırtınanın gəldiyi haqqında məlumat siqnalı verilən kimi sığınacağa, zirzəmiyə düşün, yaxud da çarpayı və ya digər mebelin altında gizlənin. Burağan sizi açıq sahədə yaxalayıbsa, ətrafda olan xəndəkdə torpağa doğru əyilin və başınızı paltarınız, yaxud ağac budaqları ilə örtün. Avtomobildə qalmayın, ondan enib yuxarıda qeyd olunduğu kimi özünüzü qoruyun.

Tufan və ildırım -buludlar və yer səthi arasında təkrarlanan elektrik boşalması, səs hadisəsi, güclü yağıntı və bəzən ildırımla müşaiyət olunan güclü yağış dumanı ilə əlaqədar olan atmosfer hadisəsidir. İldırım – bulud topalarından elektrostatik yüklərinin boşalmasıdır, ani şimşək, qəfil və çox güclü səslə müşayiət olunur. İldırım boşalması böyük gərginliyin yaranması ilə xarakterizə olunur. Onun temperaturu 300 000 dərəcəyə qədər yüksəlir. İldırım vurması zamanı ağac parçalana və hətta yana bilər. Ağacın parçalanmasına səbəb oduncağın daxilindəki nəmişliyin ani olaraq, buxarlanması nəticəsində baş verir. İldırımın birbaşa insanın üstünə düşməsi ölüm ilə nəticələnə bilər. Hər il dünyada ildırım vurmasından təxminən 3000 insan həlak olur.
Tufan – adətən siklon keçən zaman baş verən, xeyli davamlı, çox güclü, quruda çox böyük dağıntıya və dənizdə güclü dalğalanmaya səbəb olan atmosfer hadisəsidir. Çox vaxt ildırım, göy gurultusu və güclü leysanla müşayiət olunur. Bu, bəzən dolu düşür. Yağmursuz tufanlar da çox olur.
Tufan — Cəbhə tufanları və kütlədaxili tufanlara ayrılır. Cəbhə tufanları atmosfer cəbhələrində, kütlədaxili tufanlar isə hava kütlələri daxilində konveksiyanın inkişafı nəticəsində yaranır.
İldırım statik elektrik boşalması müqavimətin ən aşağı səviyyədə olması nəticəsində baş verir. Beləliklə, ən yuxarı yüksəklikdə olan obyekt ilə bulud topası arasında məsafə azdırsa, deməli elektrik müqaviməti də aşağıdır. Buna uyğun olaraq da, ildırım zərbəsi ilk növbədə ən hündürdə olan obyektə (ağac, dirək və s.) dəyir.
Tufan və ildırım baş verdiyi zaman tədbirlər. İldırım o zaman təhlükəlidir ki, qığılcımdan sonra göy gurultusu müşahidə olunsun. Bu halda dərhal təhlükəsizlik tədbirləri görülməlidir. Əgər kənd yeridirisə, pəncərə, qapı, baca, ventilyasiya dəliklərini bağlanmalıdır. Sobanı yandırmaq olmaz, çünki yüksək temperaturlu qazların müqavimət qüvvəsi aşağı olur. Telefon ilə danışmaq olmaz: ildırım bəzən simlərin üzərinə də düşür. İldırım çaxan zaman elektrik daşıyıcılarına, ildırım keçiricilərə, damdakı novlara, antenaya yaxınlaşmaq olmaz, mümkün qədər televizor, radio və digər elektrik cihazlarını söndürmək lazımdır. Əgər meşədəsinizsə, meşənin alçaq ağaclıq yerinə sığınmaq lazımdır. Hündür ağacların, xüsusilə şam, palıd və qovaq ağacının yanında gizlənmək olmaz. Su hövzəsi, yaxud onun sahilində dayanmaq olmaz. Sahildən kənarlaşıb, hündür yerdən aşağı düşmək lazımdır. Düzənlikdə və ya daldalanmağa yer olmayan bir ərazidəsinizsə, yerə uzanmaq olmaz. Bununla bütün bədəninizi elektrik cərəyanının təsiri altında qoymuş olursunuz. Dayaz bir yerdə, yarğanda və ya digər təbii bir dərinlikdə əyləşib, əlləriniz ilə ayaqlarınızdan tutmaq lazımdır. Metal əşyaları (motosikl, velosiped və s.) kənara qoyun və onlardan 20-30 metr aralıda durun. Əgər tufan sizi avtomobildə yaxalayıbsa, maşından düşməyin. Pəncərə şüşələrini qaldırın və antenanı aşağı salın.
Qabaqlayıcı tədbirləri.
Ümumi təcili xəbərdarlıq sistemi, bloklar halinda və möhkəm montaj edilmiş parçalardan ibarət olan evlər inşa etmək, qalın şüşədən istifadə etmək, binanın xarici səthlərində çox aksesuardan istifadə etməmək, sığınacaq inşa etmək, ətrafı ağaclandırmaq, daş bloklardan ibarət yüksək divarlı marinalar tikmək.

31