• en
  • ru

İFRAĞAT SİSTEMİ

İFRAĞAT  SİSTEMİ
Sidik üzvlərin vəzifəsi bədəndən suyun, duzların artdığını və qida mübadiləsindən sonra əmələ gələn azotlu maddələri sidik halında xaricə çıxarmaqdır. Sidik üzvlərinə böyrəklər, sidik axarları, sidik kisəsi və sidik kanalı aiddir. Böyrəklərdə ifraz olunan sidik sidik axarı vasitəsilə sidik kisəsinə yığılır, buradan da sidik kanalı vasitəsilə xric olur.

Böyrəklər

Böyrəklərin funksiyaları:

  • Orqanizmin su elektrolit balansını saxlamaq
  • Qidalanma və hüceyrə metobolizmi nəticəsində qanda əmələ gələn artıq maddələri təmizləmə
  • Eritropoetin sintez edərək sümük iliyinin eritrosit sintezində iştirak edirlər
  • Orqanizmdə D vitaminini istifadə edilməsinə şərait yaradırlar
  • Qan təzyiqini nəzarətdə saxlayı

Böyrəklər — cüt orqan olub, özünəməxsus görünüşə malik — lobya formasındadır.  Hər bir böyrəyin yuxarı və aşağı qütbü, medial (iç) və lateral (bayır) kənarları, ön və arxa səthləri vardır. Medial kənarın ortasında böyrək qapısı-hilus renalis yerləşir, buradan orqana böyrək arteriyası, sinirlər daxil olur və orqandan  böyrək venası, limfa damarları xaric olurlar. Burada həmçinin, böyrək ləyəni yerləşir.

Normal şəxslərdə böyrəklərin uzunluğu 12 sm (11-14 sm), eni 6 sm (5-7sm), qalınlığı 3-4 sm-ə bərabərdir.

Hər  bir böyrəyin yaşlı insanda çəkisi 150-160 qramdır. Böyrəklər peritonarxası sahədə,  onurğa sütunun yanında, yuxarı qütbü XII döş fəqərəsinin yuxarı kənarı, aşağı qütbü III bel fəqərəsinin yuxarı kənarı səviyyəsində yerləşir. Sağ böyrək qaraciyər tərəfindən aşağı sıxışdırılğından 1-2 fəqərə aşağı yerləşə bilər. Böyrəklərin boylama oxu fəqərənin oxuna nisbətən çəp yerləşir, belə ki, yuxarı qütblər  fəqərəyə yaxın,  aşağı qütblər  uzaq yerləşir. Normada vertikal vəziyyətdə böyrəklər 1-2 fəqərə hündürlüyü qədər yerini aşağı dəyişə bilər.

Böyrəklərin peritonarxası  sahədə  stabil vəziyyəti qarın  divarının əzələsinin tonusu  nəticəsində meydana çıxan qarın boşluğu daxilindəki təzyiq nəticəsində təmin olunur. Böyrəklərin vəziyyətinin qorunub saxlanmasında böyrək damarları və böyrəkətrafı piy toxumasının da rolu vardır. Qarın boşluğu divarının əzələlərini tonusunun asağı düşməsi, böyrəkətrafı toxumanın xeyli azalması, böyrəklərin (bir və ya ikitərəfli) müxtəlif dərəcəli sallanmasına səbəb olur.

Böyrəklərin  üstü sərt birləşdirici toxumadan ibarət kapsula ilə örtülmüşdür. Böyrək səthi hamar  qəhvəyi rəngdədir. Böyrək parenximasının funksional quruluş vahidi nefrondur. Böyrəklərdəki nefronların miqdarı 1-2 milyondur. Nefronlar birbirindən quruluşuna, orqandakı vəziyyətinə və sidiyin formalaşmasında iştirakına  görə fərqlənirlər. Nefronun uzunluğu 18-20, hətta 50 mm-ə qədər çatır. Insan böyrəyindəki bütün nefronların uzunluğu 100 km-ə bərabərdir.  Nefron-böyrəkləri əmələ gətirən ve bütün süzme  (filtrasiya), geri sorma (reabsorbsiya) ve ifraz etmə (tubulyar sekresiya) funksiyalarını həyata keçirən əsas hissəcikdir.

Kəsikdə böyrəyin iki qatı-qabıq və beyin maddəsi ayırd edilir. Bu iki qatın arasında qövs arteriyaları və venaları, limfa damarları, sinirlər keçən birləşdirici toxuma qatı yerləşir.

Qabıq maddədə  lupa altında diqqətlə baxdıqda çoxlu sayda qırmızı rəngdə nöqtəvari törəmələr – böyrək cisimcikləri (corpuscularis renis) və ya malpigi cisimcikləri (corpuscularis Malpighii) görünür.  Qabıq maddəsinin qalınlığı 7-8 mm olur,  amma  çoxlu yerdə o beyin maddənin dərinliyinə, radial yerləşmiş sütunlar şəklində daxil olur.  Axırıncılar böyrəyin beyin maddəsini böyrək piramidlərinə (pyramides renalis) bölür ki,  bunların da əsası xaricə, zirvəsi daxilə yönəlmişdir. Belə piramidlərin sayı hər böyrəkdə 8-18-ə qədər olur.

Beyin maddə qabıq maddədən sıx və açıq rəngdədir, düz borucuqlardan təşkil olunduğu üçün zolaqlıdır. Beyin maddəni təşkil edən kütlə 15-35-ə qədər konusa bənzər  böyrək  piramidlərindən  ibarətdir. Piramidlərin zirvələri böyrəyin  kasacıqlarına  açılır. Bir kasacıq iki-üç piramidin zirvəsini əhatə edərək məməciyi əmələ gətirir və odur ki, kasacığın sayı piramidlərin sayından az olur. Hər bir məməciyin səthində yığıcı borucuqların açıldığı 13-15 dəlik vardır, bunlardan sidik axaraq kiçik kasacıqlara və sonra ləyənə tökülür. Bu dəliklərin tutduqları səth xəlbirli meydan adlanır.

Piramidlərin əsasları qabıq maddəyə doğru şüayabənzər çıxıntılar  buraxır. Bunların rəngi qabıq maddədən açıqdır və düz borucuqlardan ibarətdir. Ona görə buraya şüalı hissə və qıvrım borucuqlardan əmələ gələn hissəyə isə qıvrım hissə deyilir. Qabıq maddə dənəli və tutqun rəngli paycıqlardan ibarətdir. Paycıqlar isə qıvrım borucuqlardan və böyrək cisimciklərindən əmələ gəlib beyin maddəni əhatə etmişdir. Böyrək qabığı təxminən 5-7mm qalınlığında olub piramidlərin arasına çıxıntilar verir, bunlar da böyrək piramidlərini bir birindən ayırır.

Bədən çəkisinin 1/200 hissəsini təşkil edən böyrəklərdən bir dəqiqə ərzində ürək tərəfindən bədənə vurulan qanın 1/4 hissəsi keçir (dəqiqədə 1 l və ya gün ərzində 1500-1800 l). Beləliklə, böyrək qan təchizatı başqa üzvlərin qan təchizatından xeyli intensivdir.  Məsələn, 100 q toxumaya düşən qan dövranı böyrəkdə 430 ml/dəq, ürəkdə 66, qaraciyərdə 57, baş beyində 53 ml/dəq-dir.

Böyrəklərin fəaliyyətinin son nəticəsi mürəkkəb bioloji maye olan sidiyin əmələ gəlməsidir. Sutka ərzində böyəklərdən 1800 l qan keçir. Bunun nəticəsində təxminən 1.5 litr sidik əmələ gəlir.

Onun tərkibi 150 üzvi və qeyri-üzvi kimyəvi maddələrdən ibarətdir. Gün ərzində yaşlı adamda 1 — 1,5 l sidik əmələ gəlir, bunun da miqdarı qəbul olunan mayenin miqdarından asılıdır. Sidiyin g ündəlik miqdarının 500 ml aşağı düşməsi və ya 2000 ml çox artması patoloji hal kimi qiymətləndirilir. Sağlam şəxslərdə  sidik  ilə  gün ərzində 20 — 35 q karmabid, 0,5 — 1,4 q sidik turşusu, 1 — 2 q kreatinin, 10 — 100 mq zülal, 8 — 18 q natrium xlorid, 5 q natrium, 3 q kalium, 100 — 300 mq kalsium, 60 — 120 mq maqnezium və s.xaric olur.

SİDİK YARANMA PROSESİ

Müasir təsəvvürlərə əsasən son sidiyin yaranması 3 prosesin nəticəsidir: süzülmə (filtrasiya), reabsorbsiya (geriyə sorulma) və sekresiya. Sidik yaranmanın başlanğıc mərhələsi böyrək yumaqcıqlarında icra olunur. Burada qan plazmasından böyrək yumaqcığı kapsulasına (Şumlyanski-Boumen) zülalsız maye (ilk sidik) süzülür.

Sonra bu maye kanalcıqlarla hərəkət edir. Kanalcıqlarda su və həll olunmuş maddələr müxtəlif sürətlə geriyə sorulurlar (kanalcıq reabsorbsiyası). Üçüncü proses – kanalcıqlar sekresiyasıdır. Nefronun epitel hüceyrələri qandan və hüceyrəarası mayedən bəzi maddələri kanalcıqların mənfəzinə keçirirlər. Kanalcıq sekresiyasının digər variantı kanalcıq mənfəzinə nefron hüceyrələrində sintez olunan yeni üzvi maddələrin, o cümlədən NH4+ və H+-in keçməsindən ibarətdir.

Sidik yaranma təxminən gündə 180 l-ədək plazmanın bauman kapsuluna qlomerulyar filtrasiya ilə başlayır.

Sidiyin əmələ gəlməsi çox mürəkkəb prosesdir, bu prosesin bütün tərəfləri axıra qədər açılmamış qalır. Müasir nəzəriyyələrə görə sidik əmələgəlmə prosesi yumaqcıq filtrasiyası, kanalcıq reabsorbsiyası və sekresiyasından ibarətdir, ona görə onu filtrasion – reabsorbsion – sekresion nəzəriyyə da adlandırırlar. Bu nəzəriyyəyə görə, sidiyin əmələ gəlməsi yumaqcıq  filtrasiyasından başlayır. Əmələ gələn ilk sidik böyrək kanalcıqlarına keçərək, onun bir hissəsi reabsorbsiyaya  məruz qalır. İlk sidiyin tərkibi zülalsız qan plazmasının tərkibinə uyğundur. Proksimal kanalcıqlarda suyun çox miqdarının (60 – 80 %) reabsorbsiyasından başqa qlükoza və zülal tam sorulur, natriumun 70 – 80 %, kaliumun  90 – 95 %, sidik cövhərinin 60 %, çoxlu miqdarda xlor, fosfat ionları, aminturşular  və b. maddələr reabsorbsiya olunur.  Kreatinin reabsorbsiya olunmur. Distal kanalcıqlarda  da suyun və natriumun reabsorbsiyası davam edir, amma bu zaman geri sorulan suyun və natriumun miqdarı bədən tələbatına uyğun gəlir. Bədənin, dehidratasiya zamanı (məsələn, isti iqlim şəraitində, çox tərləyəndə) kanalcıqlardan  su çox sorulur,  natrium isə reabsorbsiya olunmur, nəticədə sidiyin miqdarı azalır, amma tərkibindəki osmotik aktiv maddələrin konsentrasiyası artmış olur. Orqanizmin hiperhidratasiyası zamanı distal kanalcıqlarda natrium çox reabsorbsiya  olunur, amma suyun reabsorbsiyası azalır və bu səbəbdən də aşağı nisbi sıxlıqlı çoxlu miqdarda sidik ifraz olur.

Son illər sidiyin əmələ gəlməsində kanalcıq sekresiyasının da iştirak etdiyi sübuta yetirilmişdir. Belə ki, yumaqcıq filtratında olmayan bəzi maddələr son sidikdə tapılır və bu da həmin maddələrin ancaq sekresiya yolu ilə sidiyə keçməsini göstərir. Sübut olunmuşdur ki, bəzi yad maddələr (penisillin, kontrast maddələr və s.), kanalcıq epitelisində əmələ gələn ammonyak və hidrogen, kalium ionları kanalcıqda sekresiya olunurlar.

Böyrək kanalcıqlarında hasil olan sidik böyrək ləyəninə gətirilir. Tədricən ləyənlərə toplanan sidik dolma həddinə çatanda, baroreseptorlar qıcıqlanır və siqnallar nəticəsində böyrək ləyənlərinin əzələləri təqəllüs edirlər, sidik axarlarının mənfəzi açılır və sidik kisəyə doğru hərəkət edir. Onun həcmi sidik kisəsində tədricən artır və kissənin divarlarının gərilməsinə səbəb olur.

Sidik kisəsi dolarkən əvvəlcə onun divarlarında gərginlik dəyişilmir və daxilində təzyiq da artmır. Kisədə toplanan sidiyin həcmi müəyyən həddə çatanda onun saya əzələlərdən təşkil olunmuş divarlarında gərginlik birdən yüksəlir, sidik kisəsi boşluğunda təzyiq qalxır və mürəkkəb reflektoru sidikqovucu akt başlayır.

Sidik axarları: Sidik axarları 30 sm uzunluğunda, silindrə bənzər borudurlar. Onlar sağ və sol böyrəklərdən başlayaraq sidik kisəsinə açılırlar. Sidik axarları 2 hissəyə bölünür:
1) qarın hissə,
2) çanaq hissə.
Sidik kisəsi: Sidik kisəsi tək üzvlərdən olub qasıq bitişməsinin dalında kiçik çanaqda yerləşir. Sidik kisəsi kişilərdə armudabənzər, qadınlarda isə yastılanmış formada olur. Kişilərdə sidik kisəsi 750 sm³, qadınlarda isə 650 sm³ maye tutur.
Sidik kanalı: Sidik kanalı kişilərdə və qadınlarda müxtəlif quruluşa malikdir. Kişi sidik kanalının daxili və xarici büzücü əzələsi vardır. Kişilərdə sidik kanalı 18-20sm uzunluğunda borudur. Sidik kisəsindən başlayıb kişi cinsiyyət üzvündə xaricə açılır. Kişi sidik kanalının vəzifəsi sidiyi və spermanı xaricə çıxarmaqdır. Qadınlarda sidik kanalı 2.5-4sm uzunluğunda borudur. Qadın sidik kanalının vəzifəsi sidiyi xaricə çıxarmaqdır.

24