• en
  • ru

ANESTEZİOLOGİYA – AĞRISIZLAŞDIRMA, KEYLƏŞDİRMƏ

ANESTEZİOLOGİYA – AĞRISIZLAŞDIRMA, KEYLƏŞDİRMƏ
Anesteziolologiya – ağrının, hissiyyatın aradan götürülməsi yolları haqqında elmdir. «An» – inkar etmə, rədd etmə, «estes» – hissiyyat və «loqos» – elm mənasını verir. Ağrı hissiyyatının olması normal, fizioloji bir hal kimi qəbul edilməlidir. Ağrı qoruyucu səciyyə daşımaqla əksər xəstəliklərin mühüm simptomlarından biri kimi təzahür edir. Yəni bir çox xəstəliklər orqanizmin bu və ya digər nahiyəsində ağrının əmələ gəlməsilə özünü büruzə verir və xəstəni həkimə müraciət etməyə vadar edir. Bütün tibb elmləri kimi müasir anesteziologiya-reanimatologiya da sürətlə inkişaf edir. Bu gün müasir həkim- anestezioloq- reanimatoloqların professional səviyyəsi xeyli yüksəlmişdir. Lakin müalicəsi cərrahi yolla aparılan xəstəliklər zamanı ağrı arzuolunmaz amil kimi meydana çıxır, həkimə mane olmaqla yanaşı, xəstə üçün fəlakətlər törədə bilir. Bu halda ağrının qarşısı alınmadan hər hansı müdaxilənin və ya cərrahi əməliyyatın aparılması xəstəni şok vəziyyətinə sala bilər.
Anesteziologiyanın əsas vəzifəsi xəstəni cərrahi müdaxiləyə hazırlamaq, əməliyyatın ağrısız olmasını təmin etmək, həyat əhəmiyyətli orqanların fəaliyyətini tənzimləmək və cərrah üçün əməliyyatın tam həcmdə aparılmasına optimal şərait yaratmaqdan ibarətdir.
Cərrahi əməliyyatlar yerli və ümumi anesteziya altında aparılır. Yerli anesteziya zamanı müvafiq dərmanlar (yerli anestetiklər – ağrıkəsicilər) tətbiq etməklə, orqanizmin yalnız cərrahi əməliyyat aparılacaq müəyyən nahiyəsini ağrısızlaşdırmaq, keyləşdirmək mümkün olur. Bu zaman xəstənin şüuru özündə olur, o əməliyyat otağında baş verənlərə biganə qalmır və təbii ki, ağrı olmasa belə psixoemosional baxımdan tam rahat ola bilmir. Başqa sözlə, əməliyyat otağı həkim üçün adi iş otağı, xəstə üçün isə stress amili olur.
Bu vəziyyət cərrahi xəstəliklə bərabər, yanaşı xəstəlikləri, o cümlədən hipertoniyası, şəkərli diabeti olan pasiyentlərin sağlamlığına təhlükə törədə bilər. Bunu nəzərə alaraq, belə xəstələrə yerli anesteziya ilə yanaşı, həkim-anestezioloqun daimi nəzarəti altında sakitləşdirici, yuxugətirici və digər dərmanlar da tətbiq edilməsi böyük əhəmiyyət kəsb edir. Son illər yerli anesteziyadan daha üstün və təhlükəsiz olan ümumi anesteziya – narkozdan daha geniş istifadə olunur. Ümumi anesteziya xüsusi hazırlıq keçmiş həkimlər – anestezioloqlar tərəfindən həyata keçirilir.
Qeyd etmək lazımdır ki, son illər tətbiq olunan narkoz 50-60 il bundan əvvəl işlədilən narkoza nisbətən orqanizm üçün daha təhlükəsiz və qoruyucudur. Bunu şərtləndirən üç əsas amili göstərmək olar: 1) xəstənin ümumi vəziyyətinə və həyat əhəmiyyətli orqanlarına tam nəzarət etməyə imkan verən cihazların tətbiqi; 2) əczaçılıq sənayesinin inkişafı nəticəsində narkoz vəziyyəti yaradan və orqanizmə zərərli təsirləri minimuma endirilmiş yeni vasitələrin geniş çeşidi; 3) həkim-anestezioloq və reanimatoloqların peşə səviyyəsi.
Fəaliyyətinin dayanması ölümlə nəticələnən, funksiyasının pozulması isə xəstənin vəziyyətinin ağırlaşmasına səbəb olan orqanlara həyat əhəmiyyətli orqanlar deyilir. Bunlara baş beyin, ürək, ağciyərlər, böyrəklər, qaraciyər, neyrohumoral sistem aiddir. Cərrahi əməliyyat zamanı qeyd olunan orqan və sistemlərin fəaliyyətinin tənzimlənməsilə həkim-anestezioloq, əməliyyatdan sonra isə həkim-reanimatoloq məşğul olur.
Müasir anesteziologiyada kombinəolunmuş narkoza üstünlük verilir. Yəni cərrahiyyə əməliyyatı zamanı tətbiq edilən narkoz bir neçə dərmanın işlədilməsilə həyata keçirilir.
Anesteziologiya – reanimatologiya elminin inkişafı nəticəsində əvvəllər aparılması mümkün olmayan əməliyyatlar hal-hazırda adi əməliyyatlara çevrilmişdir. Müasir anesteziologiya – reanimatologiyanın inkişafı yanaşı xəstəlikləri olan ahıl xəstələrdə, hətta yenidoğulmuşlarda cərrahi əməliyyatların aparılmasına imkan yaratmış, belə əməliyyatların riskini minimuma endirmişdir. Həkim-anestezioloqun cərrahi əməliyyatda iştirakı əməliyyatın riskini azaldır və əksər hallarda əməliyyatı təhlükəsiz başa vurmağa şərait yaradır.
Reanimatologiya – terminal vəziyyətdə olan orqanizmin kompleks müalicəsi ilə məşğul olan elmdir. Reanimatologiya kliniki ölüm vəziyyətində olan orqanizmin həyata qaytarılması üsullarını və problemlərini öyrənir.
Latın dilində «Re»-geri qaytarmaq, «animos»-canlı orqanizm, «loqos»-elm mənasını verir. Terminal vəziyyətdə orqanizm ölümlə həyat arasındakı sərhəddə olur. Bu vəziyyətdə olan xəstəyə düzgün və tam həcmdə tibbi yardım göstərilərsə, onu həyata qartarmaq imkanı yaranır.
Üç terminal vəziyyət mövcuddur: canvermədən qabaqkı vəziyyət, canvermə və kliniki ölüm. Canvermədən qabaqkı vəziyyətdə həyat əhəmiyyətli orqanların fəaliyyəti pozulmuş olur. Onların işi orqanizmin normal fəaliyyətini təmin etmir. Bu halda olan xəstənin həyat əhəmiyyətli orqanlarının fəaliyyətinə müxtəlif cihazlar vasitəsilə nəzarət etmək və dərmanlarla tənzimləmək lazım gəlir. Misal üçün, ağciyərlər orqanizmin qaz mübadiləsini təmin etmədikdə xəstə süni tənəffüs cihazına qoşulur. Hal-hazırda xəstəni uzun müddət – aylar, bəzən illərlə süni tənəffüsdə saxlamağa imkan verən kiçik həcmli, az çəkili süni tənəffüs cihazları mövcuddur.
Ürək fəaliyyətini tənzimləmək məqsədilə tətbiq edilən və kardiotoniklər adlanan preparatları proqramlaşdırılmış dozada yeridən xüsusi cihazlardan istifadə olunur. Aparılan tədbirlər səmərə vermədikdə artıq ikinci terminal vəziyyət – canvermə başlayır. Kliniki ölüm ürək fəaliyyətinin dayanması anından qeydə alınır. Kliniki ölümün əlamətləri: ürək fəaliyyətinin və tənəffüsün dayanması, şüurun olmaması, göz bəbəklərinin geniş qalması və işığa reaksiya verməməsi.
Kliniki ölüm vəziyyətini xəstəxanada instrumental müayinələr vasitəsilə təsdiq etmək olur. Terminal vəziyyətdə olan xəstələr reanimasiya şöbəsində daimi monitor nəzarətində olurlar. Yəni bu xəstələrin arterial təzyiqi, nəbzi, qanda oksigenin miqdarı və digər göstəricilər monitorun ekranında, həkimin gözü önündə olur.
Kliniki ölüm baş verən andan etibarən ürək – ağciyər reanimasiyası tədbirlərinə başlamaq lazımdır. Bu tədbirlərin xəstəxana şəraitində aparılması daha geniş və hərtərəfli mümkün olur. Qeyd etmək lazımdır ki, kliniki ölüm vəziyyəti praktiki sağlam şəxslərdə təbii fəlakətlər zamanı da (suda boğulma, elektrotravma və s.) baş verə bilər. Belə halda aparılan reanimasiya tədbirlərinin səmərəli olması ehtimalı çox böyükdür. Odur ki, belə hallarda adi ağciyər-ürək reanimasiyasının aparılmasını tibb təhsili olmayan şəxslərin də bilməsi vacibdir.
Kliniki ölümün müddəti 5-7 dəqiqə davam etdiyi üçün reanimasiya tədbirlərinə vaxt itirilmədən başlanmalıdır. Çünki beyin hüceyrələri 5-7 dəqiqə ərzində qanla təchiz olunmazsa, məhv olurlar və geridönməyən hal – bioloji ölüm baş verir.
Müasir xəstəxanalarda stasionarın profilinə uyğun olaraq reanimasiya və intensiv terapiya şöbələri fəaliyyət göstərir. Bu şöbələrdə ağır vəziyyətdə olan, daimi nəzarət tələb edən, həyat əhəmiyyətli orqanların fəaliyyətində pozuntular baş verən, eləcə də onların baş verməsi ehtimalı olan xəstələr müalicə alırlar.
Cərrahi əməliyyatdan sonrakı dövrdə ilk sutkaların mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, əməliyyatdan sonrakı dövr normal, problemsiz keçdiyi hallarda da xəstəyə mütəmadi nəzarətin aparılması baxımından onların intensiv terapiya şöbələrində müalicə alması məqsədəuyğun hesab edilir. Odur ki, xəstənin bu şöbədə yerləşdirilməsi onun vəziyyətinin ağır olmasına dəlalət etmir.
Bütün tibb elmləri kimi anesteziologiya-reanimatologiya da sürətlə inkişaf edir və anestezioloq-reanimatoloqların peşəkar səviyyəsi durmadan artır. Müasir reanimatologiyanın imkanları əksər hallarda ağır, kritik vəziyyətdə olan xəstələrə göstərilən köməyin səmərəli olmasına təminat verir.

Ağrısızlaşdırma
Anesteziya ( yunanca anaisthia ) – hissi sinirlərin zədələnməsi nəticəsində hissiyyatın itməsidir. Süni anesteziya – ağrısızlaşdırma cərrahi əməliyyatlarda ağrı hissini aradan qaldırmaq üçün istifadə olunur. Bu ümumi ağrısızlaşdırma – narkoz və ya yerli anesteziya şəklində aparıla bilər.
Anesteziologiya – ağrısızlaşdırma problemlərini öyrənən , cərrahi əməliyyat və ondan sonra orqanizmin vacib həyati funksiyalarını idarə edən kliniki təbabətin bir sahəsidir.
Ağrısızlaşdırma ən qədim üsullardan biridir. İnsanlar qədim zamanlardan başlayaraq ağrı ilə mübarizə etməyə çalışmış, ağrını azaltmaq üçün müxtəlif vasitələrə əl atmışlar. İlk ağrıkəsici vasitələr müxtəlif bitkilərdən alınan dəmləmə, bişirmə şəklində istifadə olunurdu. Bitkilərin şirəsindən və yandırıb tüstüsündən ağrıkəsici kimi istifadə edirdilər. Əsas ağrıkəsici vasitələr 13 əsrdən başlayaraq aşkar olundu.13 əsrdə ispan həkimi R.Lilliy efiri aşkar etdi. 1540-cı ildə Parasels efirin ağrıkəsici xassəsini müəyyən etdi və 1846 – cı ildə efir narkozunun cərrahi əməliyyatda istifadəsi nümayiş etdirildi.1847 –ci ildən rus cərrahı N.İ Piroqov cərrahi əməliyyatlarda efirdən istifadəetməyə başladı. 1847 –ci ildən şotland həkimi Simpson xloroformdan doğuş samanı narkoz vasitəsi kimi istifadə etdi. Hal- hazırda çox müxtəlif farmokoloji preparatlardan istifadə olunur ki, bunlar ağrı hissiyyatını müxtəlif səviyyələrda yox edir.
Anesteziyanın bir çox növləri vardır, lakin ən sadə və universal qəbul olunmuş formaları aşağıdakılardır:
1.ümumi anesteziya – narkoz
2.yerli anesteziya
3. regionar anesteziya (spinal, epidural və nəqledici anestaziya)
Bilavasitə narkozdan qabaq premedikasiya adlanan xüsusi hazirlıq aparılır, bundan məqsəd cərrahi əməliyyat və narkoz gözləməklə əlaqədar olaraq xəstədə baş verən həyəcanı, təlaşı azaltmaq, xoşagəlməz reaksiyaları aradan götürməkdir.
Anestetiklər ümumi narkoz, yerli və regionar anesteziya yaratmaq üçün istifadə olunan vasitələrdir. Bu dərman preparatlarının həm agrıkəsici , həm də narkotik təsiri vardır. Bütün istifadə olunan anestetikləri şərti olaraq 3 qrupa bölmək olar:
1) Güclü narkotik effekti və zəif analgetik təsiri olan anestetiklər – ftoratan , barbiturat turşusu preparatları.
2) Güclü analgetik və zəif narkotik təsirli vasitələr: azot oksidi, trilen, ketalar.
3) Analgetik və narkotik təsiri bərabər olan vasitələr: efir.
Anestetiklərin istifadə etmə yollarına görə aşagıdakı formaları vardır:
1)inhalyasiyon anestetiklər : azot oksidi (güldürücü qaz) , halotan, ftoratan.Yeni nəsil anestetiklər- izoflyuran, desflyuran, sefoflyuran – bunların istifadəsinə heç bir əks göstəriş yoxdur.
2) qeyri – inhalyasion :propofol, tiopental natrium, heksenal , natrium oksibutirat, droperidol, ketamin (kalipsol), ketalar, sombrevin və s.
Bu anestetikləri həm tək , həm də kombinasiyalı şəkildə istifadə etmək olar.
Harkoz (sinonim – ümumi ağrısızlaşdırma, ümumi anesteziya )mərkəzi sinir sisteminin süni yaradılan geri dönən tormozlanma vəziyyətidir. Bu zaman yuxu, huşun itməsi, yaddaşın qısa müddətli itməsi (amneziya ), skelet əzələlərinin boşalması, bəzi reflekslərin zəifləməsi, agrı hissinin itməsi baş verir. Narkozun əsas məqsədi orqanizmin cərrahi müdaxilə zamanı ağrı hissinə qarşı reaksiyalarını zəiflətməkdir. Bu zaman yaranan yuxu narkozun birinci komponentidir. Narkozun ikinci komponenti cərrahi travma zamanı yüksələn vegetativ funksiyaları ( ürək vurğuları, arterial təzyiq) zəiflətməsidir. Narkozun 3 – cü komponenti isə miorelaksasiya – əzələlərin tonusunun açağı düşməsidir ki, bu da cərrahın normal işləməsi üçün əsas şərtlərdəndir. Ağrı hissi olmadıqda orqanizmin müdafiə mexanizmləri işə düşmür.
Narkozun aşağıdakı növləri vardır:
– inhalyasion narkoz – agrıkəsici vasitələr tənəffüs yolları vasitəsilə yeridilir.
– parenteral – anestetiklər vena daxili, əzələ daxili, rektal və s.verilir.
– kombinasiyalı üsul.
Narkozun aşağıdakı stadiyaları vardır:
1) Analgeziya stadiyası. Bu zaman huş aydındır, ağrı hissi kütləşir və ya itir, taktil və temperatur hissi saxlanılir. Tənəffüs dərin, ritmikdir, nəbz sürətlənib, əzələlərin tonusu sabit və ya bir qədər yüksəlib.
2) Hərəki oyanma stadiyası. Bu zaman skelet əzələlərinin tonusu artır, ətraflarda yığılmalar baş verir, bəzən xəstələr ayağa durmağa çalışır. Tənəffüs və nəbzin tezləşməsi, arterial təzyiqin yüksəlməsi müşahidə olunur. Bəbəklər genişlənib , ağız suyu, göz yaşı, tər, bronxial vəzlərin sekresiyası artıb. Bu fazada analgeziya dərinləşir, bəzən sidikburaxma, qusma, ürəyin reflektor dayanması, mədəciklərin fibrilyasiyası, hətta ölüm baş verə bilər.
3) Cərrahi narkoz dövru. Bu dövr özü də bir neçə mərhələyə bölünür: səthi, yüngül narkoz; tam narkoz; çox dərin narkoz. Əsas cərrahi əməliyyatlar tam narkoz mərhələsində aparılır. Bu dövrdə tənəffüs sakit, səthi, nəbz ritmik, arterial təzyiq aşağıdır, skelet əzələlərinin tonusu aşağı düşmüşdür. Bəzən bu dövrdə dilin qatlanması və qırtlağı tutması nəticəsində asfiksiya ola bilər.
Dərin narkoz dövrü həyat və ölüm arasında sanki bir sərhəddir. Tənəffüs səthi, diafraqmal, nəbz zəif doğunluglu, arterial təzyiq aşağıdır.Selikli qişaların sianozu qeyd olunur. Göz almalarının hərəkəti yoxdur, bəbəklər genişdir. Buynuz qişa qurudur.
Bütün narkoz müddətində nəbz, arterial təzyiq müşahidə olunur.Daimi EKQ çəkilir, qanda oksigenin miqdarı,elektrolitlər və turşu – qələvi müvazinəti təyin edilir.
4) Narkozdan ayılma dövrü çox məsuliyyətli dövrdür. Bu zaman reflekslər tədricən bərpa olunur. Xəstələr bir müddət özünü qeyri- adekvat aparır.Bu dövrdə də xəstə anestezioloq tərəfindən daimi müşahidə olunur.
Narkozun ağırlaşmaları :
– qusma- efir və ftorotan ilə narkozda daha çox əmələ gəlir. Narkozun 1 –ci və 2 – ci dövrlərində daha çox rast gəlinir. Qusma yuxarı tənəffüs yollarının aspirasiyasına səbəb ola bilər. Ağız boşluğu təmizlənilir, narkoz davam etdirilir.
– requrqitasiya – mədə möhtəviyyatının passiv şəkildə axması – mədə dolu olduqda və narkoz texnikası düzgün olmadıqda baş verir. Stolun baş tərəfi aşağı salınır, traxeya intubasiya olunur, ağız boşluğundan və traxeyadan möhtəviyyat sorulur, ağciyərlərin süni ventilyasiyası aparılır.
– apnoe – tənəffüs hərəkətlərinin olmaması. Barbituratlar, sombrevin, efir inhalyasiyası zamanı baş verir.Ağciyərlərin süni ventilyasiyası və etioloji müalicə aparılır.
– hiperkapniya – qanda karbon qazının çoxalması. Dəri hiperemiyası, artrial hipertenziya, taxikardiya, aritmiya qeyd olunur.
– hipoksiya – yuxari tənəffüs yollarının keçiriciliyi pozulduqda (endotraxeal borunun qatlanması, dilin qatlanması), tənəffüsün dayanması və s. hipoksiyaya səbəb ola bilər. Səbəb aradan qaldırılır və narkoz davam edir.
Bəzi hallarda intranarkoz oyanma – cərrahi müdaxilə dövründə oyanma baş verir. Bu anestezioloqun nəzərindən qaça bilər. Xəstələr ağrı hiss edir, səsləri eşidir, əməliyyat zamanı baş verən hadisələri yadda saxlayır. Nakozdan sonra ürəkbulanma, qusma, başağrıları bir neçə gün davam edə bilər.Oyanıqlıq, yuxusuzluq, izah olunmayan təşviş kimi əlamətlər qeyd olunur.
Yerli anesteziya çox geniş istifadə olunan ağrısızlaşdırma metodudur. Həm sərbəst, həm də digər anestsziya növləri ilə birlikdə işlənir. Yerli anesteziya kiçik bir nahiyədə müvəqqəti ağrısızlaşmadır. Kiçik əməliyyatlarda məs. irinlik, kiçik abseslərin yarılmasında, diş müalicəsində , yırtıqlarda istifadə olunur.Yerli anesteziyada anestetiklər əməliyyat aparılan nahiydə dəri və dərialti toxumalara yeridilir. İnyeksiya yerində dartılma , istilik effekti hiss olunur, lakin bir neçə saniyədən sonra keçir, anestetikin tam kliniki effekti inkişaf edir, ağrı hissiyatı tamamilə blokada olunur.Yerli anestetiklərin çox geniş və müvəffəqiyyətlə istifadə olunmasına baxmayaraq nadir hallarda ciddi fəsadlar da qeyd olunur.Bunlar ürək və baş beyinə təsiri, ürək ritminin pozulması, qıcolmalar, huşun itməsi, güclü allergik reaksiyalar şəklində ola bilər. Ən çox istifadə olunan dərman preparatları – lidokain, novokain, bupivakain, ropivakaindir. Bütün yeni preparatların təhlükəsiz olmasına baxmayaraq lidokain hal- hazırda ən çox istifadə olunan preparatdır.
Yerli keyitmənin bir növü də Vişnevski üsulu ilə novokain blokadasıdır. Bu üsul qeyri – spesifik patogenetik müalicə üsuludur. Periferik sinir keçiriciliyinin müvəqqəti kəsilməsi həm də novokain məhlulunun mərkəzi sinir sisteminin funksiyalarına təsiri ilə əlaqədardır. İltihabı xəstəliklərdə və əzələ tonusunun pozulması ilə gedən proseslərdə müsbət nəticə verir.A.V.Vişnevski aşagidaki novokain blokadaları təklif etmişdir:
– boyunun vaqosimpatik blokadası. Simpatik, azan və diafraqmal sinirlərə təsir göstərir.
– bel ( paranefral ) blokadası. Diafraqma arxası sinir köklərinə təsir göstərir.
– futlyar (aşağı və yuxarı ətraf) ətraflarda müxtəlif səviyyələrdə sinir keçiriciliyini dəyişdirir.
– paranefral və s.
Bütün növ blokadalar üçün 0,25 – 0,5%- li novokain məhlulu istifadə olunur.İltihabi proseslərdə bura müxtəlif antibiotiklər əlavə olunur. Novokain blokadasına göstərişlər
bunlardır: kəskin iltihabi xəstəliklər və yerli nekroz; boş orqanların (bağırsaq, öd kisəsi, sidik axarları) distoniyası; damar spazmları; travmatik və hemotransfuzion şok;
naməlum etiologiyalı kəskin ağrılar; yanıq və donmalar. Terminal vəziyyətlərdə, yayılmış peritonitdə, fleqmona və formalaşmış abseslərdə, novokainə qarşı həssaslıq olduqda novokain blokadası əks göstərişdir.
Terminlər.
Anesteziya- ağrısızlaşdırma.
Premedikasiya- narkozdan qabaq aparılan hazırlıq. Müxtəlif sakitləşdirici, anestetiklərin təsirini artıran maddələrin verilməsi.
İnhalyasiya – dərman preparatlarının nəfəs yollarına verilməsi.
Miorelaksasiya – əzələ tonusunun azalması.
Hipoksiya – toxumalarda oksigen çatmamazlığı.
Sianoz – dəri və görünən sekikli qişaların göyərməsi.
Aspirasiya – tənəffüs yollarının yad cisimlərlə tutulması.

 

28