• en
  • ru

Bruselyoz

Bruselyoz

Bruselyoz – hərarət və titrəmə ilə müşahidə olunan, daha çox dayaq-hərəkət aparatına və həmçinin sinir və digər sistemlərə mənfi təsir edən zoonoz mənşəli yoluxucu xəstəlikdir.
Brusellyoz çox qədim bir xəstəlikdir və hələ Romalılar tərəfindən 2.000 il əvvəl qeydə alınıb. Bundan əlavə 1887-ci ildə Sir David Bruce xəstə əsgərlərin müayinəsi nəticəsində onların brusellyoza yoluxduğunu müəyyən etmiş və Brucella mikrobunun həmin xəstəliyin törədəcisi kimi təyin etmişdir. Brusella zoonoz bakteriyal patogendir və dünya ölkələrində hər il 500.000 yeni yoluxma qeydə alınır. Brusellyoz infeksiyası çox az hallarda ölümlə nəticələnir (ölüm-5%-dan azdır), lakin onun səbəb olduğu yüksək hərarətin dalğavari dəyişməsi xəstələrin həyat keyfiyyətinə mühüm təsir göstərmiş olur.
EPİDEMİOLOGİYA. Xəstəlik insanlara xəstə heyvanlardan keçir. Xəstəlik insana alimentar yolla – xüsusən süd, pendir və digər süd məhsulları birbaşa təmas yolu ilə – xəstə heyvanlar və ya onların ifrazatı ilə təmas zamanı keçə bilir. Mikroorqanizmlər yüksək invaziyaya malikdirlər və dəridə olan xırda zədələr və selikli qişadan orqanizmə daxil ola bilirlər. İnsanlar arasında bruselyoz xəstəliyinin yüksək səviyyədə qalması fərdi təsərrüfatların sayının artması və bu təsərrüfatlar üzərində baytarlıq nəzarətinin aşağı səviyyədə olması, küçə və bazarlarda sanitariya-baytarlıq nəzarətindən yayınaraq ət və süd məhsullarının satışı ilə əlaqədardır.
Vəhşi (çöl) və ev heyvanları Brusella növləri üçün təbii rezervuar hesab edilir. İnsanların brusellyoza yoluxması vəhşi və ya ev heyvanlarının yoluxmuş gida məhsulları və ya birbaşa kontakt nəticəsində baş verir. Çox vaxt yoluxmuş süd, pendir, yağ və ya digər heyvan-heyvandarlıq məhsullarının qəbulu nəticəsində xəstəliyin oral yolla yoluxması baş verir. Brusella patogenləri həm də aerozollar və ya aerozollaşmış heyvandarlıq məhsulları ilə keçə bilir və ağciyər infeksiyasına səbəb ola bilər. Brusella ilə yoluxma həm də kəsilmiş, zədələnmiş və ya cızılmış dəri ilə bir başa kontakt vaistəsilə baş verə bilər. Dəridən insan orqanizminə keçdikdə Brusella patogenləri qan və ya limfa sistemi ilə yayılır və bakteremiyaya səbəb olur. Brusellaya yoluxmanın 3 mümkün yollarından ikisi – aerozol inhalyasiyası və yoluxmuş gida qəbulu – brusellyozla nəticələnir. Aerozollaşdırılmış brusella patogeni bioloji silah kimi istifadə edilə bilər. Hazırda brusellyoz Latın Amerikası, Afrika, Aralıq dənizi ətrafı regionda, Orta Şərq və Mərkəzi Asiyada endemik infeksiya hesab edilir.
İnsanların yoluxmasının profilaktikası üçün bir çox ölkələrdə, heyvanların immunizasiyası proqramları geniş tətbiq edilmişdir. Profilaktik proqramlar dayandırıldıqda brusellyoz hallarının sayı sürətlə artmağa başlamışdır. İnsandan insana yoluxma halları çox nadir hallarda baş versə də, brusella patogenlərinin cinsi yolla və orqan transplantasiyası nəticəsində insandan insana keçməsi halları qeydə alınmışdır.
Brusellyoz daha çox B. melitensis tərəfindən törədilir, ikinci, üçüncü və dördüncü yerləri isə müvafiq olaraq B. abortus, B. suis və B. canis tutur. Həmin patogenlərdən B. melitensis və B.abortus isə ağır dərəcəli simptomlarla müşahidə olunan kəskin brusellyoza və onun ağırlaşmalararına səbəb ola bilər. B. suis isə uzun müddət davam edən xəstəliyə səbəb olur və infeksiyaya yoluxmuş toxumalarda irinli ocaqların əmələ gəlməsi ilə nəticələnir. B. canis patogeni isə mülayim və orta ağırlıq dərəcəsi olan infeksiyaya səbəb olur, lakin nadir hallarda ağırlaşmalarla nəticələnir.
Heyvanlarda vaksinasiyanı həyata keçirən veterinarların brusellyoza yoluxması riski yüksək olur. Laboratoriya işçiləri və mikrobioloqların da brusellaya yoluxması riski yüksəkdir.
Bruselyoz infeksiyasının insanlar üçün əsas mənbəyi davarlar, qaramal və donuzlar hesab olunur. Əsas epidemioloji təhlükəni heyvanlar balalama və balasalma zamanı törədirlər, bu zaman doğuş yollarından cift və dölətrafı maye vasitəsilə xarici mühitə küllü miqdarda törədicilər ifraz olunur. Mikroblar həmçinin süd, sidik və digər ifrazatlarla da xaric olunur.
Keçi-qoyun bruselyozunun törədicisi B. melitensis insan üçün yüksək dərəcədə patogendir və ağır xəstəliyə səbəb ola bilir. Azərbaycanda bruselyoza yoluxmuş insanların 95,5%-də B. melitensis aşkar olunur. Bruselyoza yoluxmuş iri buynuzlu heyvanların süd və süd məhsullarının insanların yoluxması üçün nisbətən az təhlükəli olmasına baxmayaraq B. melitensis növünün qaramala miqrasiya etdiyi hallarda onların da süd və süd məhsulları epidemioloji cəhətdən ciddi təhlükə yarada bilər.
Əksərən 18-50 yaşda olan şəxslər daha çox xəstələnirlər. Uşaqlarda da bruselyoz xəstəliyinə rast gəlinir. Belə ki, kənd yerlərində valideynlərinə kömək məqsədilə heyvanlara qulluq, yun qırxma, çirklənmiş əşyalarla təmas, çiy süd içmələri xəstəlik yarada bilir. Yaz-yay mövsümü xəstələnmə üçün xarakterikdir, bu isə kiçik və iri buynuzlu heyvanların balalaması ilə əlaqədardır. Çobanlar, sağıcılar, baytarlar və zootexniki işçilər, yun qırxanlar, ət və süd emalı sənayesində çalışanlar, laboratoriya işçiləri xəstəliyə daha çox yoluxa bilərlər.
Klinika. Xəstəliyin əsas simptomları özünü gecə tərləmələri, hərarət, halsızlıq, yuxululuq, əzələ ağrıları, əsasən bel nahiyəsində ağrılar, baş ağrısı, üşütmə, anoreksiya kimi əlamətlərdə göstərir. Xəstəlik bir çox hallarda etiologiyası naməlum və uzun müddət davam edən hərarətlə müşaiyiət olunur. Pis qoxulu-kif iyi verən tərləmə, ağızda xüsusi dad hissiyyatı, psixo-nevroloji simptomlar, depressiya, diqqəti cəmləməkdə çətinlik, yuxunun pozulması kimi hallarla özünü göstərir.
Bruselyozun diaqnozunu müəyyənləşdirmək məqsədilə kultura üçün qan və sümük iliyindən nümunə, seroloji test üçün isə zərdab nümunəsi götürülür. Brusellanı dalaqda, qara ciyərdə və ya absesdə də aşkarlamaq olar. Orqanizmdən kənarda brusellalar yüksək davamlığa malikdir. Onlar aşağı temperaturda, torpaqda, peyində, sidikdə, yunda, quru ot tayalarında 1,5-4 aya qədər qala bilirlər.
Soyuducuda saxlanılan südün tərkibində 10-18 gün yaşayırlar, brınza pendirində 70 günə qədər, təzə dondurulan ətdə isə 47 günə qədər qala bilirlər. Brusellalar qaynama vaxtı ani olaraq məhv olurlar. 550C-yə qədər qızdırıldıqda 1 saatdan sonra, 700C-də isə 10-15 dəqiqədən sonra məhv olurlar. Brusellalar dezinfeksiyaedici maddələrdən xloramin, xlorlu əhəng, karbol turşusu, lizola qarşı həssasdırlar, bir neçə dəqiqə ərzində məhv olurlar.
Bruselyozun inkubasiya müddəti 1-8 həftə arasında olur və çox zaman infeksiya asimptomatik olur. Lakin, brusellyoz səbəbindən baş verən ağırlaşmalar çox ağır dərəcəli əlilliyə və ya ölümə də səbəb ola bilir. Brusellyoza qarşı vaksin olmadığı üçün, bu xəstəliyin yeganə terapiyası antibiotiklərdir.
Bu günədək 10 mütxəli Brusella növü müəyyən edilmişdir. Onlardan məhz bu dördü – Brucella melitensis, Brucella abortus, Brucella suis və Brucella canis – insanlarda brusellyozun ən çox yayılmış səbəbkarlarıdır.
DİAQNOSTİKA. Brusellyozun diaqnozu həmişə problemli olur. Buna səbəb isə brusellyoz nəticəsində müşahidə edilən əlamət və simptomlar yüksək hərarətlə müşaiyət olunan digər xəstəliklərlə oxşar olur. Xəstələrin çoxunda brusellyozun simptomları mülayim və ya orta dərəcəli olduğundan, həmin hallarda brusellyoz infeksiyası heç nəzərdən keçirilməmiş qala bilər.
Brusella patogenin qan, sümük iliyi, sidik, onurğa beyin mayesi və ya oynaqdaxili aspiratda təyin edilməsi brusellyozun diaqnostikasının qızıl standartı hesab edilir. Lakin, bir çox hallarda brusella patogenin müəyyən edilməsi mümkün olmur. Buna görə də, brusellyozun diaqnostikasında həm də Brusella mikrobuna qarşı anticismlərin təyini testi geniş tətbiq olunur. Bruselyoza oxşar əlamət və simptomlarla yanaşı Brusellanın aqqlyutinasiya titrinin 1:160 olması, bruselyoz diaqnozunu təsdiq etmiş olur. Qan analizində leykopeniya, eritropeniya və trombositopeniya, habelə qaraciyər fermentlərinin qalxması müəyyən edilə bilər. Brusellyozda qaraciyərin fibrozu və sirrozu, habelə sümük iliyinin hipoplaziyasının mümkünlüyünü nəzərə alaraq, həmin hallarda bu orqanların biopsiyasının aparılması diaqnostikaya yardım etmiş ola bilər.
Xəstənin simptomlarından və kliniki vəziyyətindən asılı olaraq, davamlı müayinənin aparılması nəzərdən keçirilə bilər. O cümlədən, KT və ya MRT vasitəsilə beyində abseslərin və ya iltihab əlamətlərinin olub olmadığı müəyyən oluna bilər. Ürəyin infeksiyası və ya zədələnməsini istisna etmək üçün EKQ, sümük və oynaq deformasiyalarının olub olmadığını təyin etmək üçün rentgen görüntüləmə aparıla bilər.
DİFFERENSİAL DİAQNOSTİKA.
İnsanlarda brusellyozun simptomları bir çox digər xəstəliklərin simptomlarına oxşar olduğu üçün, xəstəliyin diaqnozu çox vaxt gecikmiş olur. Həmçinin yoluxmadan simptomların özünü biruzə verməsinədək olan vaxt müxtəlif olur və bu da diaqnostikanı çətinləşdirir. Buna görə də xəstəliyin diaqnostikasından öncə aşağıdakı 3 suala cavab əldə etmək differensial diaqnostikanın aparılmasına yardım etmiş olur:
• Xəstənin xırda və iri buynuzlu malqara və ya onların saxlandığı yerlər və ya onlardan əldə olunmuş məhsullarla kontaktı olubmu?
• Xəstə pasterizə olunmamış süd məhsullarından istifadə edirmi?
• Xəstə insanlar arasında brusellanın endemik infeksiya olduğu və ya heyvanlar arasənda epidemik infeksiya olduğu ərazilərdə yaşayır və ya həmin ərazilərdə səfərdə olubmu?
Brusellyozun diaqnostikasının çətin olmasına baxmayaraq, xəstəliyin bəzi kliniki xüsusiyyətləri onu digər infeksion xəstəliklərdən ayırmağa yardım etmiş olur. Müalicə almayan xəstələrdə brusellyoz səbəbindən inkişaf edən yüksək hərarət dalğavari davam edir (enir-artır). Xəstələrin 50%-də brusellyoz səbəbindən baş verən yüksək hərarətlə yanaşı əzələ-skelet simptomları da müşahidə edilir. Lakin, oxşar simptomlar həm də tif (yatalaq) və malyariya xəstəliklərində də müəyyən edilə bilir.
AĞIRLAŞMALAR. Brusella patogeni limfa sistemi ilə insan orqanizminin müxtəlif toxumalarına yayılır və dalaqda, qaraciyərdə, böyrəklərdə, süd vəzi toxumasında və oynaqlara düşərək replikasiya edir və lokal və sistem infeksiyaya səbəb olur. Reproduktiv və ya cinsiyyət sisteminin infeksiyası dölün abortuna səbəb ola bilər. Xəstəliyə yoluxduqdan 1 il sonra infeksiya xroniki fazaya keçə bilər və bir və daha çox orqanlarda müxtəlif ağırlaşmalara gətirə bilər.
Brusella infeksiyası səbəbindən əsas 7 növ ağırlaşma qeydə alınır:
• Endokardit. Brusella bakteriyaları ürəyin daxili qatının (endokardı) infeksiyasına və ürək klapanlarının zədələnməsinə səbəb olur. Həmin infeksiyanın müalicəsi aparılmadıqda isə bu xəstənin ölümü ilə nəticələnə bilir.
• Meningit və ensefalit. Brusella patogenləri mərkəzi sinir sisteminin infeksiyasına və baş veyin və onurğa beyini əhatə edən membranların (dura mater, pia mater, araxnoid mater) iltihabına səbəb ola bilər. Müalicə aparılmadıqda isə bu xəstənin ölümü ilə nəticələnir.
• Artrit. Brusella infeksiyası nəticəsində inkişaf edən artrit adətən oynaqlarda ağrı, bərklik (sərtlik) və oynaqların şişkinliyi ilə müşahidə edilir. Xəstəlik daha çox aşağıdakı oynaqlara təsir etmiş olur – diz, bud-çanaq, aşıq-baldır (topuq), bilək, onurğa sütunu, çiyin, dirsək, döş-körpücük və bir çox xırda oynaqlar. Brusella infeksiyası səbəbindən onurğa fəqərələri arasında və ya onurğa ilə çanaq sümükləri arasındakə oynaqların iltihabı ilə xarakterizə olunan spondilit tez-tez müşahidə edilir.
• Epididimit və epididimoorxit. Brusella xayaların artımlarının (epididimis) infeksiyasına və bunun nəticəsində xayaların şişkinliyi və ağrısına səbəb ola bilər.
• Dəri ilə bağlı ağırlaşmalar. Brusella patogenləri dərinin infeksiyasına da səbəb ola bilər. Dəridə səpgi, düyünlər, eritema nodozum, papulalar, petexiyalar və purpura da müşahidə edilə bilər.
• Respirator ağırlaşmalar. Brusella bakteriyalarının inhalasiyası ağciyər infeksiyasına, o cümlədən, pnevmoniya, bronxopnevmoniya, monositar və ya limfositar infiltratlı plevral eksudata və həmçinin paroksizmal öskürəyə səbəb ola bilər.
• Hematoloji ağırlaşmalar. Brusella infeksiyası hallarında qanda ALT və AST-nin səviyyələri qalxmış ola bilər. Xəstələrdə həmçinin qarının sağ yuxarı nayihəsində ağrı və ya sarılıqda müşahidə edilə bilər.
Ümumiyyətlə, brusellyozu olan xəstələrdə ağırlaşmalar tez-tez müşahidə edilir. Gənc yaşlı xəstələrdə əsasən dəri, hematoloji və respirator ağırlaşmalar müşahidə edilirsə, daha yaşlı xəstələrdə əsasən osteoartikulyar (sümük-oynaq) və ürəklə bağlı ağırlaşmalar daha çox qeydə alınır.
MÜALİCƏ. Bu günədək brusellyozun yeganə müalicə metodu antibiotik terapiyasıdır. Lakin, ağırlaşmalar baş verdiyi hallarda, məs., ürəyin brusellyozu və onurğanın brusellyozunda, antibiotiklə terapiyaya əlavə olaraq cərrahi müdaxilə də tələb oluna bilər. Ən geniş istifadə edilən antibiotiklər doksisiklin, rifampin, streptomitsin, cotrimaksozol (TMP-SMX) və gentamitsindir. Monoterapiya (bir antibiotiklə) nəticəsində brusellyozun residivi çox tez-tez müşahidə edilir. Residiv hallarının qarşısının alınması üçün brusellyozun müalicəsi 2 və ya 3 antibiotiklə birdən aparılmalıdır. Antibiotiklərin seçimi xəstənin yaşı, xəstəliyin ağırlıq dərəcəsi, hamiləlik, dərmanların qiyməti və dərmanların əlçatanlığından asılıdır.
Doksisiklinlə rifampinin 6 həftəlik kursu hazırda ən geniş tətbiq edilən kombinasiyadır və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də tövsiyə edilir. Bu kombinasiya çox effektiv hesab edilir. Eyni zamanda bu kombinasiyanın effektivliyinin daha da artırılması üçün aminoqlikozid antibotik də əlavə edilə bilər. Spondilit və ya sakroiliiti olan xəstələrdə doksisiklinlə streptomitsinin kombinasiyası effektiv hesab olunur. 8 yaşdan yuxarı pediatrik xəstələrdə isə doksisiklinlə gentamitsinin istifadəsi tövsiyə edilir. 8 yaşdan aşağı uşaqlarda isə TMP-SMX-nin (trimetoprim-sulfametoksazol, biseptol) 3 həftəlik kursu və daha sonra 5 gün ərzində gentamitsinin istifadəsi tövsiyə edilir. TMP-SMX (trimetoprim-sulfametoksazol, biseptol) həm də hamilə qadınlarda brusellyozun müalicəsi üçün istifadə edilə bilər. Hamilə qadınlarda TMP-SMX ya monoterapiya kimi, ya da rifampin və ya gentamitsinlə kombinasiyada tətbiq oluna bilər.
Brusellyoz diaqnozu qoyulduqda antibiotiklərlə müalicə dərhal başlanmalıdır ki, xəstəliyin simptomları aradan qaldırılsın və ağırlaşmaların qarşısı alınsın. Lakin, xəstələrin 5-10%-də müalicənin vaxtında və düzgün aparılmasına baxmayaraq xəstəliyin residivi müəyyən edilir. Müalicənin başlanması vaxtı, habelə xəstəliyin ağırlıq dərəcəsi və ağırlaşmaların olub olmamasından asılı olaraq, xəstələrin tam sağalması bir neçə həftədən bir neçə ayadək davam edə bilər.
Ümumiyyətlə, Brusellyozu olan xəstələr ən azı 2 il müddətində monitorinq altında qalmalıdır ki, xəstəliyin residivinin olub olmadığı müəyyən edilsin. Müalicəsi effektiv olan xəstələrdə çəki artımı müşahidə edilir. Qanda komplementin fiksasiyası titri müalicədən 1 il sonra normal səviyyəyədək enməlidir. Xəstəliyin residivi baş verdikdə isə eyni antibiotiklərlə terapiyanın daha uzun müddət aparılması tələb olunur.
PROFİLAKTİKA.
• Brusella infeksiyasının profilaktikasının əsasını sanitar-gigiyenik normalara riayət edilmə təşkil edir. Bura yalnız pasterizə olunmuş süd və süd məhsullarından istifadə, yaxşı bişirilmiş ət və ət məhsullarının gidaya qəbul edilməsi aiddir.
• Əhali arasında geniş maarifləndirmənin aparılması Brusellyoz xəstəliyinin yayılmasının profilaktikasına xüsusi əhəmiyyətə malikdir.
• İlk tibbi yardım, ailə həkimləri, terapevtlərin Brusella patogeni və brusellyoz xəstəliyi barədə maarifləndirilməsi xəstəliyin erkən diaqnostikası və müalicəsində, habelə ağırlaşmaların qarşısının alınmasında xüsusi əhəmiyyətə malikdir.
• Heyvandarlıqla məşğul olan, habelə heyvandarlıq məhsulları ilə işləyən şəxslərin fərdi qoruyucu geyimlərdən (eynəklər, rezin əlcəklər, xüsusi paltar) istifadəsi tələb olunur.
• Laboratoriyalarda Brusella orqanizmləri ilə işləyən işçilər xüsusi ehtiyyat tədbirləri görməlidir.
• Brusella infeksiyasının heyvanlardan insanlara keçməsinin qarşısını almaq üçün heyvanların vaksinasiyası həyata keçirilməlidir.

29