• en
  • ru

KƏSKİN QARIN. PERİTONİT

KƏSKİN QARIN

Kəskin qarın – termini altında qarın boşlugu orqanlarının qapalı zədələnmələri və kəskin cərrahi xəstəliklərin nəticəsində meydana çıxaraq təcili cərrahi əməliyyat tələb edən simptomlar nəzərdə tutulur. Bunlara aiddir: daxili orqanların travmatik zədələnmələri, kəskin iltihabi xəstəliklər, mədəaltı vəzinin iltihabı, kəskin appendisit, kəskin xoletistit (öd daşı), kəskin pankreatit (mədəaltı vəzi), peritonit, mədə və 12 barmaq bağırsaq xoralarının deşilməsi, mədə-bağırsaq qanaxması, uşaqlıqdan kənar hamiləlik, kəskin bağırsaq keçməməzliyi və s.
Kliniki şəkli aşağıdakı əlamətlərlə xarakterizə olunur: qəflətən meydana çıxaraq aramsız baş verən və yaxud tutma şəkilli ağrılar, ürək bulanma, öd qəbul edilmiş qida möhtəviyyatlı qəhvəyi rəngli qusma, qarının köpməsi, qarının ön divar əzələlərinin gərginləşməsi-taxtavari formada olması (Şotkin Blumberq simptomu), huşun itməsi. Kəskin qarın zamanı ilk yardım məqsədilə xəstəni uzandırmaq, buz qoymaq və xəstəni cərrahi şöbəyə çatdırmaq lazımdır.
İlk yardım məqsədilə aşağıdakılar qadağandır: ağrıkəsicilərin vurulması, hər hansı dərmanların, antibiotiklərin vurulması, bağırsaqların peristaltikasını (yığılıb-açılması) artıran və azaldan dərmanların verilməsi, mədənin yuyulması, imalə edilməsi, qarının isidilməsi qadağandır.

PERİTONİT

Periton yunan sözü olub pərdə, qat mənasını verir. Periton qarın boşluğunda yerləşən orqanları eyni zamanda qarın boşluğunun dibini, divarını hər tərfdən örtür. O, iki təbəqədən ibarətdir:
• Orqanları örtən təbəqə
• Qarın divarını örtən təbəqə
Peritona nisbətən qarın boşluğu orqanları üç cür yerləşir:
• Periton daxili orqanlar
• Periton arxası orqanlar
• Hərtərfdən peritonla əhatə olunmuş orqanlar.
Periton daxili orqanlara mədə, dalaq, köndələn və S-ə bənzər çənbər bağırsaq aiddir. Periton arxası orqanlara mədəaltı vəz, böyrəklər, qarın aortası, aşağı boş vena aiddir. Hər tərəfdən peritonla örtülü orqanlara qara ciyər, onikibarmaq bağırsaq, qalxan və enən çənbər bağırsaq aiddir. Periton qatında olan hüceyrələr güclü faqositoz qabiliyyətinə malikdir (yəni mikrobları məhv etmək). Peritonun mayesində güclü antitoksinlər var. Bu maddələrin təsirindən mikroblar orqanizmə çox yayıla bilmir. Periton sinirlərlə zəngindir. Odur ki, qarın boşluğu orqanları ağrıya həssas olur və çox tez reaksiya göstərir.
Qarın boşluğunda yerləşən orqanların travmasından iltihabi xəstəliyindən sonra irin qarın boşluğuna tökülür. Bu zaman peritonit baş verir. Məsələn: mədə, onikibarmaq bağırsaq, nazik və yoğun bağırsağın deşilməsi, dalaq və qara ciyərin partlaması, öd kisəsinin qanqrenası.
Peritonit yerli və ümumi olur. Peritonun aşağı hissəsi iltihabi prosesi məhdudlaşdırmaq qabiliyyətinə malikdir. Odur ki, peritonitin müalicəsi zamanı xəstəyə yarım oturaq vəziyyət verilir. Peritonun dörd qatından təşkil olunan təbəqə böyük piylik adlanır. O, iltihaba qarşı daha aktiv rol oynayır. İrini hər tərəfdən əhatə edərək, xüsusi cib əmələ gətirir, nəticədə irin məhdudlaşır, yayıla bilmir. Piyliyin belə qabiliyyətinə ’’Qarının gözətçisi’’ deyilir. Peritonit zamanı qarın əzələləri qıcıqlanır, gərginləşir.
Klinik gedişinə görə peritonit kəskin və xroniki olur. Qarın boşluğuna tökülən mayenin xarakterinə görə irinli, fibroz, seroz, çürüntülü peritonit var. İltihabın yayılmasına görə; yerli, ümumi, yayılmış, məhdudlaşmış peritonit ayırd edilir.
Səbəbi: Əsasən daxili orqanlarda olan xəstəlik və travma peritonitə səbəb olur. Mədə və bağırsağın deşilməsi, mədə şişinin dağılması, bağırsağın qanqrenası, appendiksin deşilməsi, öd kisəsinin irinli iltihabının deşilməsi, əməliyyat zamanı qoyulan tikişin açılması, bağırsaq keçməməzliyi peritonitə səbəb olur. Bütün hallarda törədicilər stafilakokklar, streptokokklar, enterokokklardır.
Klinikası: Simptomlar xəstəliyə əsasən yaranır. Məsələn: mədə və onikibarmaq bağırsaq xorasının deşilməsi zamanı bıçaq və ya xəncər zərbəsi formasında qəfil, çox kəskin ağrı yaranır. Yayılmış irinli peritonitin beş əsas və gecikmiş ’’Hippokrat sifəti’’ adlanan simptomları var. Əsas əlamətlər aşağıdakılardır:
• Qarında qəflətən vurulan xəncərəbənzər ağrı
• Qarın əzələlərinin tənəffüsdə iştirak etməməsi
• Peritonun qıcıqlanma simptomu (Şotkin Blumberq simptomu). Bu zaman qarına əl vurduqda ağrı artır.
• Qarın əzələlərinin gərginliyi – taxta qarın simptomu
• Düz bağırsağa barmaqla baxdıqda qarında ağrının artması.
Əlavə simptomlara ürəkbulanma, qusma, yüksək temperatur aiddir.
Qarında ağrı çox olduğundan xəstə ayaqlarını qarnına yığır, əli ilə qarnının tutur, dərindən nəfəs almağa qorxur, nəbzi bir dəqiqədə 100-ə qədər olur. Qanda leykositlər, eritrositlərin çökmə sürəti çoxalır, hemoqlobin azalır, sidikdə zülal, eritrosit olur, xəstədə köp əmələ gəlir, nəcis və qaz çıxmır, üşütmə baş verir, qan təzyiqi aşağı enir. Bu vaxt gecikmiş əlamətlər başlayır. Xəstənin burnu itiləşir, gözü çuxura düşür, qulaqları soyuq, alın dərisi quru olur, üz dərisi saralır. Buna hippokrat sifəti deyilir. Sonra qarın bir qədər də köpür, yumşaq olur, xəstə şikayətlənmir, dili quru, ərpli olur, nitqi aydın olmur. Bəzən həkimlər bunu yaxşılaşma hesab edirlər, lakin toksinlərin qana keçməsi nəticəsində xəstə tələf olur.
Müalicəsi: diaqnozun vaxtında qoyulması həyati vacibdir. İlk yardım zamanı qarın nahiyəsinə buz qoyulur, ağrıkəsici vurmaq olmaz! Çünki diaqnoz düzgün qoyulmaya bilər. Əgər xəstə uzağa aparılırsa piramidol, kardiamin, kofein, omnopon, kamfora vurub, dozanı xəstəlik vərəqəsinə qeyd etmək lazımdır. İmalə, mədə yuyulması qəti qadağandır. Xəstənin ümumi halı imkan verərsə rentgen, qan analizi olunur. Əməliyyatdan əvvəl qısa müddətdə venaya 5%-li qlükoza, hemodez, poliqlükin, 40%-li qlükozada korqlükon, vitamin C, B1, B6, B12 vurulur. Əgər xəstə şokdadırsa, qan köçürülür. Əməliyyatda peritoniti əmələ gətirən səbəb aradan qaldırılır. Məsələn öd kisəsi çıxarılır, mədə və onikibarmaq bağırsaq tikilir və s. Qarın boşluğu furasilin, fizioloji məhlul ilə yuyulur. Böyrəklərin funksiyasını bərpa etmək üçün venaya 100-200 ml mannitol məhlulu vurulur. Zülal bərpası üçün qan, plazma, albumin venaya köçürülür. Burun kateteri ilə oksigen verilir. Yaraya rezin boru qoyulur ki, irin xaricə axsın, həm də daxilə antibiotiklər yeridilir. Beləliklə peritonitin müalicəsi aşağıdakı kompleks qaydada aparılır:
• Təcili surətdə diaqnozu qoymaq
• Şoka qarşı müalicə
• Orqanizmdən itirilmiş mayenin əvəz olunması
• Sidik ifrazının tənzimi
• Antibiotiklərlə yerli və ümumi müalicə
• Susuzlaşmaya qarşı müalicə
• Oksigenlə müalicə
• Parenteral qidalanma.

24