• en
  • ru

Suda boğulma

Suda boğulma
Cavan insanlar arasında suda boğulma nəticəsində ölüm faizi daha yüksəkdir. ÜST-nın verdiyi məlumata görə hər il ABŞ-da 7000-dən çox, İngiltərədə1500-2000, Avstraliyada 1000-dən çox adam suda boğulur. Bu da suda boğulma zamanı ilk yardım göstərilməsinin aktuallığını göstərir.
Həqiqi- birincili, yaş boğulma, asfiksik (quru) suda boğulma, sinkopal suda boğulma, krio- şok və ikincili boğulma ayird edilir.
Həqiqi-birincili suda boğulma suda boğulmaların 85-90%-ni təşkil edir. Böyük miqdarda suyun aspirasiyası nəticəsində alveol səviyyəsində qaz mübadiləsinin pozulması ölümə səbəb olur. Orta hesabla insan ağciyərlərinə suda boğulma zamanı 10- 11ml/kq su dolur. Bəzən dəniz suyu və şirin suda batan zaman orqanizmdə gedən patoloji proseslərin xarakterinin fərqli olduğunu qeyd edirlər. Belə ki, çirin su hipotonik, dəniz suyu isə hipertonik məhlullardır. Bu zaman orqanizmdə gedən proseslər ilk dəqiqələrdə fərqli olsa da sonradan eyniləşir. Agciyər ödemi, hiperkaliemiya, tənəffüs və metobolik asidoz, hipovolemiya və kəskin artan hipoksiya baş verir.
Klinik olaraq həqiqi suda batmanın 3 dövrünü ayırd edirlər.
• Başlanğıc dövrdə huş aydındır, sərbəst hərəkətlər var və suda batan zaman tənəffüsü saxlamaq bacarığı vardır. Bu dövrdə sudan xilas edilənlər bəzən çox oyanıq olur, bəzən də tormozlanmış olur. Xilasedilənlər qeyri-adekvat hərəkətlər edir, bəzən tibbi yardımdan imtina edir. Dəri və görünən selikli qişalar göyərmiş olur, tənəffüs səsli və öskürək tutmaları ilə müşayət olunur. Taxikardiya və hipertenziya bradikardiya və hipotenziya ilə əvəz olunur. Bəzən udulan su və mədə möhtəviyyatı ilə qusma müşahidə olunur. Bu əlamətlər tez keçir, ümumi zəiflik, baş ağrısı və öskürək bir neçə gün davam edir.
• Həqiqi batmanın aqonal dövründə huş itmiş, lakin ürək yığılmaları davam edir. Tənəffüs hərəkətləri yoxdur və ya çox zəifdir. Dəri kəskin göyərmiş, soyuqdur. Burundan və ağızdan köpükü çəhrayı maye axır. Boyun və körpücük dərialtı venaları şişmiş və genişlənmişdir. Bəbək və buynuz qişa refleksləri zəifdir, çeynəmə əzələlərinin trizmi ( qıcolması ) qeyd olunur.
• Suda batmanın klinik ölüm mərhələsində tənəffüs və ürək fəaliyyəti qeyd olunmur, bəbəklər genişlənmiş, işığa qarşı reaksiyası yoxdur.
Asfiksik (quru) suda boğulma zamanı az miqdarda belə suyun yuxarı tənəffüs yollarına düşməsi nəticəsində davamlı larinqospazm (qırtlağın spazmı) əmələ gəlir.Belə olduqda boğulma agciyərlərə su dolmadan baş verir və ümumi boğulmaların 5- 20 %- ni təşkil edir. Asfiksik boğulmada artan hipoksiya, sol mədəciyin çatmamazlığı, damar divarının keçiriciliyinin artması nəticəsində mayenin və zülalların alveollara dolması və tənəffüs yollarının davamlı yumşaq köpüklə tutulması baş verir. Belə boğulmada başlanğıc dövr olmur və ya çox qısa olur. Aqonal dövrdə huş itmiş, dəri örtüyü kəskin göyərmişdir. Periferik arteriyalarda pulsasiya zəifdir, artan asfiksiya nəticəsində tənəffüs tamamilə dayanır, ürək fəaliyyəti sönür. Asfiksik boğulma zamanı klinik ölüm dövrü həqiqi boğulma zamani olduğundan nisbətən uzundur (4-6 dəq). Yumşaq və rəngli köpüyün olması, uyğun kliniki şəkil bu iki tip boöulmanı ayırd etməyə imkan vermir.
Sinkopal boğulma zamanı ölüm yuxarı tənəffüs yollarına suyun daxil olması səbəbindən periferik damar spazmı fonunda tənəffüsün və ürək fəaliyyətinin birincili reflektor dayanması baş verir. Belə boğulmada klinik ölüm dövrü ilkin baş verir. Dəri örtüyünün kəskin solğunluğu, tənəffüs və ürək fəaliyyətinin dayanması müşahidə olunur. Bəbəklər genişdir və işığa reaksiyası yoxdur. Klinik ölüm dövrü digər boğulmalara nisbətən uzundur, buzlu suda isə bu dövr 2-3 dəfə uzundur. Belə ki, hipotermiya beyni dərin hipoksiyadan qoruyur.
Boğulmanın səbəblərindən biri də buzlu suda batma-krio şokdur. Soyuq suda batma zamanı dərinin termoreseptorlarına aşağı temperaturun təsiri nəticəsində yayılmış damar spazmı, beynin işemiyası və ürəyin reflektor dayanması baş verir. Soyuq suda uzun müddət qalan zaman boğulma olmadan da bədən temperaturunun aşağı düşməsi nəticəsində ölüm baş verə bilər. Suyun temperaturunun +200-dən aşagı düşməsi bədən temperaturunun intensiv verilməsinə və aşağı düşməsinə səbəb olur. Suyun hərarəti +4..+6 0S olduqda 15dəq.-dən sonra əzələlərin qicolma yığılmaları və oynaq, əzələlərdə güclü ağrılar nəticəsində insan hərəki aktivliyini itirir. Bədən temperaturunun +30 0S-dən aşağı düşməsi huşun itməsinə və orqanizmin həyati vacib funksiyalarının sönməsinə səbəb olur.
İkincili boğulma zərərçəkmişi kliniki ölümdən xilas etdikdən sonra xəstəxana şəraitində baş verir və xəstənnin vəziyyətinin agciyər ödemi, artan ürək- damar çatmamazlığı və ona qoşulan pnevmoniya səbəbindən kəskin pisləşməsi qeyd olunur və ölüm baş verir.
Zərərçəkmişə ilkin yardım boğulma zamanı olan dövrdən asılıdır. Başlanğıc dövründə xilas edildilən zərərçəkmişə ilk yardım psixiki travmaya, soyuqdəyməyə qarşı, qanın oksigenlə zənginləşdirilməsi və qan dövranının normallaşdırılması, agciyər fəsadlarının aradan qaldırılması istiqamətində aparılır. Bunun üçün qısa müddətli ”ağızdan ağıza” və ya “ağızdan buruna” süni tənəffüs verməklə ağciyərlərin süni ventilyasiyası aparılır, sedativ və antihipoksantlar (seduksen 10-20 mq venadaxilinə, natrium oksibutirat 4-6 q vena daxilinə), oksigen müalicəsi, xəstənin isidilməsi aparılır. Bradikardiya və hipotenziya olduqda atropin və qanəvəzedicilər köçürülür. Mərkəzi analeptiklər (korazol, kordiamin, kofein, kamfora və s.) köçürülməsi orqanizmin oksigenə olan tələbatını artırdığı üçün məsləhət görülmür.
Aqoniya və kliniki ölüm dövrlərində ağciyər-ürək reanimasiyasının aparılmasına göstəriş vardır. Buraya tənəffüs yollarının keçiriciliyinin bərpa olunması, ağciyərlərin süni ventilyasiyasıvə ürəyin süni massajı aiddir. Yuxarı tənəffüs yollarından suyun çıxarılması üçün:
1. Zərərçəkmişi bükülmüş diz üzərindən başı və gövdənin yuxarı hissəsi aşağı olmaqla aşırmaq lazımdır.
2. Bir əllə ağzını açmaq, digəri ilə kürək nahiyəsinə astadan vurmaq, qabırğalar hissədə basmaq lazımdır. Bir neçə dəfə bu təkrar olunur. Sonra zərərçəkmişi arxası üstə bərk yerə uzadıb ağız boşluğunu qum, qusuntu kütləsi, yosun və s. təmizləyib süni tənəffüs və ürək vurğuları eşidilmirsə ürəyin qapalı massajı edilir.
Reanimasiya tədbirləri zərərçəkmiş suyun altında 3-6 dəq. – dən çox olmayaraq qalarsa daha effektiv olur. Sinkopal boğulma zamanı isə bu müddət 10-12 dəq-yə qədər uzana bilər. Soyuq suda boğulma zamanı isə hipotermiyanın baş beyini hipoksiyadan qoruduğu üçün reanimasiya tədbirləri suyun altında qalma müddəti 20 dəq. olduqda belə uğurla nəticələnə bilir.

21