• en
  • ru

Qanaxmalar

Qanaxmalar.
Qanaxma – qan- damar sistemindən qanın itirilməsi deməkdir. Qan qan damarlarından orqanizmin daxilinə və ya xaricə, təbii dəliklərdən, zədələnmiş dəridən xaricə axa bilər. Adətən sağlam insan üçün dövr edən qanın həcminin 10 -15 %- nin itirilməsi tibbi müdaxiləsiz, fəsadsız keçə bilər ( donorlar təxminən qanının həcminin 8-10%- ni verirlər).
Qanaxmanın növləri:
Xarici qanaxma – zədələnmişdamarlardan qan selikli qişalar, dəri vasitəsilə xaricə axır.
Daxili qanaxma – xarici mühitlə əlaqəsi olan daxili boşluqlara- mədə boşluğuna, bağırsaq boşluğuna, ağciyərlərə, sidik kisəsi boşluğuna və s.olan qanaxmalara deyilir.
Açıq və gizli qanaxmalar da ayırd edilir.
Açıq qanaxmaların diaqnozunu qoymaq çətinlik törətmir. Gizli qanaxmalar- orqanizmin xarici mühitlə əlaqəsi olmayan daxili boşluqlara- plevra, perikardial, qarın boşluğu, oynaq boşluğuna, beyin mədəciklərinə qanın axmasına deyilir.Bu ən təhlükəli qanaxma sayılır.
Damarların növlərinə görə kapillyar, venoz, arterial və parenximatoz qanaxmalar ayırd edilir. Kapillyar qanaxmalar zamanı qan bütün yara səthinə axır, rəngi arterial qanın rənginə oxşayır, zədələnmiş səthdə damcı şəklində görünür. Adətən güclü olmur, qanın laxtalanma sistemi normal olduqda tibbi kömək olmadan belə öz- özünə dayanır.Sıxıcı sarğı vasitəsilə qanaxmanı dayandırmaq olar.
Venoz qanaxmalar- bu qanaxmalar yaradan arası kəsilmədən tünd rəngli qanın axması ilə xarakterizə olunur. Yarada əmələ gələn qan laxtaları qan axını vasitəsilə yuyula bilər ki, bu zaman qan itkisi çox olur.Yaraya sıxıcı bint sarğısı qoymaqla qanaxmanı dayandırmaq olar.
Arterial qanaxmada al qan sürətlə pulsasiya edərək axır. İri arteriyalar zədələndikdə çox sürətlə qanitirmə nəticəsində bir neçə dəqiqə ərzində ölüm baş verə bilər. İlk yardım damarı zədələnmiş nahiyədən yuxarıda sıxmaqla başlamaq olar. Sonra isə turna qoyulur.Turna böyüklərdə ən çox bir saat ( qışda 30 dəq. ), uşaqlarda isə 20 – 40 dəq. saxlanılır.
Parenximatoz qanaxma parenximatoz orqanların ( qaraciyər, mədəaltı vəzi, ağciyər, dalaq, böyrəklər ) zədələnməsi zamanı müşahidə olunur. Bu zaman bütün yara səthindən qan axır.Bu orqanlar qan damarları ilə zəngindir, zədələnmiş damarlar yığılmır, toxuma vasitəsi ilə sıxılmır. Ona görə qanaxma güclü, həyat üçün təhlükəli olur. Belə qanaxmaları saxlamaq çox çətindir. Bundan başqa qarışıq qanaxmalar da müşahidə olunur. Eyni zamanda arteriya, vena və parenximatoz orqanların zədələnməsi mümkündür.
Mənşəyinə görə travmatik və patoloji qanaxmalar ayırd edilir. Travmatik qanaxmalar orqan və toxumalara travmatik təsirdən əmələ gəlir. Patoloji qanaxmalar isə orqanizmdə gedən patofizioloji proseslər nəticəsində yaranır. Qan laxtalanma sistemində və ürək- qan damar sisteminin hər hansı bir komponentində gedən pozğunluq qanaxmalara səbəb olur.Belə qanaxmalar çox kiçik təsirdən və ya öz – özünə yarana bilər.
Ağırlığına görə: yüngül qanaxmalar – bu zaman qanaxma ümumi dövr edən qanının 10 -15 % – ni təşkil edir. 500ml -ə qədər qan itirilə bilər. Orta ağırlıqlı qanaxma zamanı qanının ümumi həcminin 16 -20 % -ni təşkil edir, 500 -1000ml qan axır. Ağır qanaxmalar zamanı 21-30% – ni, 1000-1500mi- ə qədər qan itirilir.Massiv və öldürücü qanaxmalar zamanı ümumi qanın həcminin 50 -60 %- i itirilir və bu ölümə səbəb olur.
Birincili və ikincili qanaxmalar ayırd edilir. Birincili qan axma zədələnmədən dərhal sonra əmələ gəlir. İkincili qanaxmalar və gec qanaxmalar qanaxma daimi dayandırıldıqdan sonra yaranır.
Qanaxmaların nəticələri qanaxmanın həcmindən və sürətindən, xəstənin yaşından, orqanizmin ümumi vəziyyətindən və ürək – damar sistemindən asılıdır. İtirilən qanın bərpası üçün orqanizmin kompensator mexanizmləri işə düşür.
Qanaxmalar nətəcəsində dövr edən qanın miqdarı azalır, ürək fəaliyyəti zəifləyir, toxumaların, baş beyinin , qaraciyər və böyrəklərin oksigenlə təmin olunması pisləşir. Güclü və uzun müddət davam edən qanaxmalarda qan azlığı yaranır (anemiya).Uşaqlar və yaşlılar qanaxmaya daha həssasdırlar. Qanaxma nəticəsində miokardın yığılma aktivliyi azalır, ağciyərlərdə qan dövranının pozulması nəticəsində ağciyər ödemi, böyrəklərdə filtrasiyanın zəifləməsi nəticəsində anuriya, qaraciyərdə nekroz və parenximatoz sarılıq yarana bilər.
Xarici qanaxmaların diaqnozunu qoymaq çətinlik törətmir. Daxili qanaxmalar isə xəstənin ümumi vəziyyətinə , anemnezə və əlavə müayinələrə əsasən qoyulur. Ağciyər qanaxmaları zamanı ağızdan qırmızı rəngdə köpüklü qan gəlir.Qida borusundan qanaxma zamanı da qanın rəngi aldır, mədə qanaxmasında qan mədədə duz turşusunun təsirindən rəngini dəyişir, “qəhvə xıltı “ şəklində olur.Bağırsaq qanaxmalarında nəcis “qətranabənzər” olur. Böyrək ləyənlərərində qanaxma zamanı sidiyin rəngi qızararır.
Qanaxmanın dayandırılması müvəqqəti və daimi olmaqla 2 yerə bölünür. Qanaxmanın müvəqqəti dayandırılması təhlükəli qanaxmanın qarşısını almaq, xəstəni köçürmək üçün vaxt əldə etmək, diaqnozu qoymaq və qəti tədbirlər görməyə hazırlaşmaq məqsədini güdür.
Qanaxmanın müvəqqəti dayandırılmasının çox yayılmış üsulları bunlardır:
• qan axan nahiyyənin azca yuxarı qaldırılması
• sıxıcı, təzyiqedici sarğının qoyulması
• yaranın bərk tamponadası
• arteriya boyu uzunu (zədələnmiş yerdən yuxarıda) barmaqla sıxılması
• ətrafın max. bükülməsı
• buz qoyulması
Qan axan ətrafın yuxarıya qaldərəlması üsulu kiçik qanaxmalarda istifadə olunur; qanayan ətraf gövdəyə nisbətən yuxarıya qaldırılır.Yaraya sıxıcı sarğı qoymaq üçün yara ətrafı aseptik məhlulla silinir və yaraya aseptik sarğı qoyulur, bint vasitəsilə bərkidilir. Sıxıcı sarğının daha səmərəli olması üçün yara steril sarğı ilə örtüldükdən sonra onun üzərinə yumrulanmış bərk pambıq, bint qoyulur və yalnız bundan sonra yara sarınır.
Yaradan yuxarı oynaqda ətrafın maksimal bükülməsi və bu vəziyyətdə sarınması. Körpücükaltı və qoltuqaltı arteriyaların zədələnmələrində hər iki yuxarı ətraf max. olaraq arxaya aparılıb dirsək nahiyələrindən bir- birinə kəmər, bint və s. vasitəsilə bənd edilir. Said nahiyəsində qanaxmanı saxlamaq məqsədilə dirsək oynağı max. bükülməklə bazuya fiksə edilir.Bud arteriyasından qanaxmanı saxlamaq üçün bud- çanaq oynağında bükülən bud nahuyəsi qarına max. sıxılaraq bu vəziyyətdə sarınır. Dizaltı arteriyadan olan qanaxmanı ətrafı diz oynağında max. büküb bağlamaqla saxlamaq olar.
Yara dərin olduqda qanaxmanı saxlamaq məqsədilə steril tamponlar və bintlər kip şəkildə tıxac kimi yaraya doldurulur.
Əsas arteriya kötüklərinin əllə (barmaqla, yumruqla) sümüklərə sıxılması
Arteial qanaxmalarda əsas magistral arteriyalar əllə, yaxud barmaqlarla müəyyən anatomik nöqtələrdə sümüklərə sıxılır.Bu məqsədlə gicgah arteriyası qulaq keçəcəyinin önündə gicgah sümüyünə, xarici çənəaltı arteriya müvafiq tərəfdə arxa və orta 1\3- nin sərhəddində alt çənəyə, qoltuqaltı arteriya qoltuqaltı çuxurda bazunun yuxarı 1\3-də iç şırımda bazu sümüyünə, bud arteriyası qasıq sümüyünün şaxələrinə, dizaltı arteriya isə bir, yaxud hər iki əlin 4 barmaqları ilə dizaltı çuxurda bud sümüyünə sıxılır. Belə üsulla əl tez yorulduğu üçün tez daha etibarlı isula keçmək lazımdır.
Ətraflarda iri arteriyalar zədələndikdə müvəqqəti olaraq qanaxmanı dayandırmaq üçün ən etibarlı vasitə turnanın qoyulmasıdır. Esmarx turnası barmaq qalınlığında və 1,5m uzunluğunda rezin borudan ibarətdir. Bunun bir ucunda zəncir , digərində isə cəftə vardır. Turna qoymaq üçün ətrafda yaradan yuxarı və mümkün olduqca yaraya yaxın yer secilir ki, qanla təchiz olunmayan toxumalar az olsun. Turnanın buda və bazuya qoyulması texniki cəhətdən daha sadə və etibarlıdır. Baldır və saidə qoyulan turna xəstə bir yerdən başqa yerə köçürülərkən sürüşə bilər.Turnanı qoyarkən onun altındakı dəri yumşaq material ilə mühafizə edilməlidir. Turnanı paltarın üstündən qoyarkən büküşlər olmaması üçün onu hamarlayırlar. Turnanı açıb yaranı sarıyır və yaradan qanaxma dayanana qədər və ətrafda nəbz itənə qədər onu sıxırlar. Turnanın sonrakı dövrlərı daha zəif dartılir və axırda ucları təsbit edilir.Turnanın düzgün qoyulması qanaxmanın dayanması, ətrafın rənginin avazıması və periferik nəbzin itməsinə görə müəyyən edilir.Turna nə çox sıx, nə də zəif qoyulmalıdır. Ətrafı bərk sıxdıqda sinirlər zədələnir və sonradan iflic ola bilər.Turnanı zəif qoyduqda qanaxmanın azalmaması, əksinə qüvvətlənməsi müşahidə olunur, bu zaman yalnız venalar sıxılır. Turnanı ətrafa 2 saatdan artıq qoymaq olmaz. Turnanı hər saatdan bir, qışda isə hər yarım saatdan bir bir neçə dəqiqə boşaldıb yenidən möhkəmlətmək lazımdır.Turnanı boşaldan zaman magistral damarı barmaqla sıxırlar.Yaralıları turna ilə başqa yerə apardıqda turnanın altina onun qoyulduğu vaxtı dəqiq yazib qoymaq lazımdır.
Qanaxmanın daimi saxlanması üsulları mexaniki, fiziki, kimyəvi və bioloji olur. Mexaniki üsul – yarada qan axan damar xüsusi tutucular vasitəsilə tutulur və bağlanılır.Daha bir üsulda damarın gedişi boyu əlavə kəsik aparılır və yaradan yuxarıda qan axan damar tutulub bağlanılır. Damarlara tikiş qoyulması – iri damarlar zədələndikdə bu üsuldan istifadə olunur. Atravmatik iynələr vasitəsilə sintetik sapla əllə tikiş qoyulur.
Fiziki üsul ilə qan dayandırılmasında aşağı və yüksək temperaturdan istifadə olunur.
Bioloji üsul yerli və ümumi olmaqla 2 yerə bölünür. Yerli üsulda adrenalindən istifadə olunur.Adrenalin damarlarda spasm yaradaraq qanaxmanı azaldır. Hemostatik süngərlər – bu trombin ilə isladılmış kollagen süngərlər yerli kapilyar , parenximatoz qanaxmalarda istifadə olunur. Bioloji tamponada: toxuma tromboplastini ilə zəngin olan bioloji toxumalar yara və boşluqların tamponadası üçün kapilyar və parenximatoz qanaxmalarda istifadə olunur. Qarın boşluğunda bu məqsədlə böyük piylik, ətraflarda və döş qəfəsində isə əzələlərdən istifadə olunur.
Ümumi bioloji üsul. Təzə dondurulmuş plazma təkibində qan laxtalandırıcı faktorlar olduğu üçün qanaxmanı azaldır. Etamzilat (disinon) vena daxilinə əvvəcə 4ml, sonra hər 4 – 6 saatdan bir 2ml yeridilir. Kalsium xlorid, kalsium qlükonat, askorbin turşusu, vikasol hemostatik təsiri olan dərman preparatlarıdır.

31