• en
  • ru

TƏNƏFFÜS SİSTEMİ

TƏNƏFFÜS SİSTEMİpulm

Tənəffüs sisteminin əsas vəzifəsi orqanizmi normal həyat fəaliyyəti üçün vacib olan oksigenlə təmin etmək, maddələr mübadiləsi nəticəsində əmələ gələn karbon qazını və suyu isə bədəndən xaric etməkdir. Ağciyərlə fasiləsiz qazlar mübadiləsi gedir: qan oksigenlə zənginləşir və karbon qazından xilas olur. Qazlar mübadiləsinin ağ ciyərlərdə gedən bu fazası xarici tənəffüs adlanır. Daxili tənəffüs isə qanla toxumlar arasında gedir. Tənəffüsün sayı, dərinliyi və ritmi uzunsov beyindəki tənəffüs mərkəzi və baş beyin qabığı tərəfindən tənzim edilir.
Hər bir şəxsdə normada tənəffüs hərəkətləri ritmik olur. Sakit vəziyyətdə yetkin şəxslərdə tənəffüsün sayı 1 dəq-də 16-20-dir. Qadınlarda isə bu rəqəm 18-22-dir. İnsan uzandıqda tənəffüsün sayı bir qədər azalır (1 dəq-də 14-16), ayağa durduqda isə, əksinə, artır (1dəq-də 18-20). Sakit vəziyyətdə səthi tənəffüs, fiziki və ya emosional gərginlik zamanı isə dərin tənəffüs müşahidə edilir.
Tənəffüsün 3 tipi ayırd edilir: döş, qarın və qarışıq. Döş tinli tənəffüs əsasən qadınlarda müşahidə edilərək döş qəfəsinin önə, arxaya və yanlara doğru hərəkətləri ilə xarakterizə olunur. Qarın tipli tənəffüs ən çox kişilərdə olur. Bunun əsas xüsusiyyəti ondan ibarətdir ki, döş qəfəsi şaquli istiqamətdə diafraqmanın hesabına genişlənir. Qarışıq tip tənəffüsdə döş boşlugu bütün tərəflərə bərabər istiqamətdə hərəkət edir.
Xəstələrdə tənəffüs hərəkətlərini müşahidə edərkən çalışmaq lazımdır ki, xəstə bunu hiss etməsin. Əks halda xəstə həyacanlanır və nəticədə tənəffüsün sayı, dərinliyi və ritmi dəyişə bilir. Xəstənin fikrini yayındırmaq məqsədilə bir əllə onun əlini elə tuturlar ki, guya nəbzini yoxlanıılır. Digər əli isə döş (döş tipli tənəffüsdə), yaxud epiqastral (qarın tipli tənəffüsdə) nahiyəyə qoyaraq, bir dəqiqədəki nəfəsalmaların sayını müəyyənləşdirirlər. Alınan nəticədə temperatur vərəqəsində olan «tənəffüs sayı» qrafasına qeyd edirlər.
Tənəffüs apparatı – orqanizmin qazlar mübadiləsində iştirak edir. Bu aparat oksigen alaraq əvəzində karbon qazını orqanizmdən xaric edir, vəzifə cəhətcə qan-damar sistemi ilə sıx rabitədədir.
İnsanın tənəffüs aparatına qırtlaq – larunx, nəfəs borusu – traxea, ağ ciyərlər – pulmones aiddir. gogus_hastaliklariQırtlaq qığırdaqlardan təşkil olunub, boyunda yerləşmişdir və yuxarıda udlaq vasitəsilə burun və ağız boşluqları ilə birləşir. Beləliklə, ağız və burun boşluqları udlaq ilə birlikdə tənəffüs aparatının təbii qapaqlarını təşkil edir və yuxarı tənəffüs yolları adı ilə məlumdur.
Ağız, burun boşluqları və udlaq tənəffüsdə iştirak etməkdən əlavə, xüsusi vəzifələr daşıyır; məs burun boşluğu – qoxu, ağız boşluğu və udlaq həzm vəzifəsini ifa edir.
Qırtlağın ardını nəfəs borusu təşkil edir. Nəfəs borusu qida borusunun önü ilə aşağıya doğru gedərək, döş boşluğuna daxil olur və burada 2 şaxəyə – sağ və sol bronxlara bölünür. Bronxlar ağ ciyərlərə daxil olub, orada şaxələnir və nəhayət ağ ciyər alveolalarına keçir.
Aldığımız hava burun boşluğundan, xoanalardan, ağız boşluğundan, əsnəkdən udlağa və burudan qırtlaq girəcəyi vasitəsilə qırtlağa və sonra nəfəs borusuna keçir. Nəfəs borusundan hava bronxlar vasitəsilə ağ ciyərlərdəki alveolalara keçir. Beləliklə, qırtlaq, nəfəs borusu və bronxlar tənəffüs yolu vəzifəsini görür və aşağı tənəffüs yolları adı ilə məlumdur. Qırtlaq tənəffüs yolu vəzifəsindən əlavə səs aparatı vəzifəsini də görür; nəfəs verilərkən burada olan səs telləri ehtizaza gəlir və nəticədə səs meydana çıxır.
Ağ ciyərlər döş boşluğunda yerləşərək xaricdən plevra adlanan seroz qişa ilə əhatə olunmuşdur. Bu seroz kisələrin arasında orta divar adlanan sahə qalır; burada ürək, qida borusu, bir sıra damarlar, sinirlər, döş sümüyü, limfa axacağı və uşaqlarda timus vəzi yerləşir.
Ağ ciyər alveolalarına dolmuş hava ilə qan kapillyarlarında cərəyan edən qan arasında qazlar mübadiləsi gedir: alveollarda olan havadan oksigen qana keçir, eritrositlərin tərkibində olan hemoqlabin ilə birləşir, qanda həll olmuş karbon qazı alveollara keçir və nəfəs verilərkə xaricə çıxır.
QIRTLAQ 2 vəzifə daşıdığı üçün quruluşu da mürəkkəbdir. Skeletini 3 ədəd tək qığırdaq, 3 cüt qığırdaq təşkil edir. Qadıq qırtlağının skeleti kişilərindəkindən kiçik və qığırdaqları nazik olur. Qırtlağın daxili səthi selikli qişa ilə örtülü, rəngi çəhrayıdır, səs büküşləri üzərində ağımtıldır.
Qırtlaq boşluğunu larinkoskop vasitəsilə müayinə etmək olur.
İnsan qidanı udduğu zaman qırtlaq girəcəyi örtülür, bununla bərabər səs yarığı da yuxarıdan möhkəm örtülür, buna görə də qida udlağa keçdikdə qırtlağa düşə bilmir.
NƏFƏS BORUSU – uzunluğu 9-15sm, eni 1,5-2,2 sm-dir. 2 hissədən boyun və döş hissədən ibarətdir. 4-5 döş fəqərələri səviyyəsində sağ və sol baş bronxlara bölünür. Nəfəs borusu 16-20 qığırdaq halqalardan ibarətdir.
BRONXLAR – sağ baş bronx sol bronxdan qısa və genişdir, uzunluğu 3 sm olub, 6-8 qığırdaq halqalarından təşkil olunmuşdur. Sol baş bronx 4, 5 sm olub 9-12 qığırdaq halqalarından ibarətdir. Bronxların quruluşu və şəkli ümumiyyətlə nəfəs borusu kimidir, fərqi həcm və ölçülərinin kiçik olmasıdır.
AĞ CİYƏRLƏR – döş qəfəsində yerləşir, sağ ağ ciyər soldan qısa, geniş və həcmlidir. Rəngi uşaqlarda açıq çəhrayı olur, böyüklərdə isə tündləşir, qara ləkələrə təsadüf olunur. Onların rənginə mühitin və sənətin təsiri var.
Şaquli ölçüsü 25-27 sm, sagital ölçüsü 16-17 sm, frontal ölçüsü sağda 10 sm, solda 7 sm-dir.
Sağlam ağ ciyərlər 5000 kub sm hava tutur, dərin nəfəs verdikdə 1500 kub sm hava qalır, aralarında fərq 3500 kub sm-dir, buna ağ ciyərlərin orta həyat tutumu deyilir. Təxminən 35 yaşından sonra ağ ciyərlərin hava tutumu azalmağa başlayır. Ümumiyyətlə, ağ ciyərlərdəki alvolaların miqdarı təxminən 300-500 milyona çatır, bunların tənəffüs səthi nəfəs verdikdə 30 kvadrat metrə, dərin nəfəs verdikdə isə 100 kvadrat metrə bərabərdir. Ağ ciyərlər tənəffüs vəzifəsindən başqa sekretor-ifrazat və maddələr mübadiləsi (su, lipoid, duzlar) vəzifəsini də icra edir.

34