• en
  • ru

Fövqəladə hadisələr zamanı əhalinin mənəvi – psixioloji hazırlığı

Fövqəladə hadisələr zamanı əhalinin mənəvi – psixioloji hazırlığı

Mənəvi –psixoloji hazırlıq əhalinin siyasi cəhətdən düzgün tərbiyə edilməsinin əsasını təşkil edir.
İctimai və dövlət quruluşunun xarakterindən asılı olaraq, insanlar arasında sosial—iqtisadi münasibətlərdən asılı olaraq insanlarda ictimai şüur formalaşır və bu şüurla da xalq kütləsi ölkə qarşısında duran sosial, siyasi, iqtisadi məsələləri həll edir.
Müharibələr zamanı məhz əhalinin mənəvi—psixoloji durumu əhaliyə və orduya hər cür çətinliyə, məhrumiyyətə, ciddi sınaqlara dözməyə, düşmən üzərində qələbəyə, qələbə uğrunda iradənin zəifləməməsinə imkan verir.
Buna görə də əhalinin mənəvi—psixoloji hazırlığı əhalinin məqsədəyönlü olaraq dövlət siyasətini həyata keçirməyə, dövlətin maraqlarından çıxış etməyə, hər bir çətin vəziyyətdə insan davranışının etik prinsiplərə uyğun formalaşması dövlətin müdafiəsinə doğrü yönəlmiş ruhda tərbiyə edilməsidir. Mənəvi planda hazırlıq aşağıdakı məsələləri qarşıya məqsəd kimi qoyur:
• əhalinin və hərbi dəstələrin şəxsi heyətinin ölkənin siyasi—iqtisadi quruluşundan asılı olaraq dövlətin maraqlarını düzgün başa düşməsi ruhunda tərbiyə edilməsi;
• hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi;
• hər bir şəxsin vətən qarşısında vətəndaşlıq borcunu, vətənin taleyi üçün məsuliyyət ruhunu, yoldaşlıq-dostluq ruhunu, düşmənə nifrət ruhunu formalaşdırmaq.
Psixoloji hazırlıq—dedikdə insanlarda psixoloji davamlılığın formalaşdırılması başa düşülür – yəni elə keyfiyyətlər ki, insanların hərbi tapşırıqları yerinə yetirilməsi qabiliyyətini gücləndirsin, nüvə hücumu zamanı gərgin və tühlükəli vəziyyətlərdə fəaliyyət göstərsin, ən çətin sınaqlara, hər bir mənəvi və fiziki yükə davam gətirsin, ağır və kritik hallarda özünü ələ ala bilsin, davamlılıq, igidlik, mərdlik, rəşadət göstərə bilsin, çətin şəraitində fəal və bacarıqlı fəaliyyət göstərsin.
Psixoloji hazırlığın qarşısında duran əsas məqsədlər aşağıdakılardır;
• psixoloji dərketmə prsesinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi (hissiyyat, anlama, diqqət, fantaziya, yaddaş, düşüncə, nitq).
• Vətənin müdafiəçilərində iradənin (təşəbbüs, müstəqillik, qətiyyət) inkişaf etdirilməsi;
• hərəkətin motivləri ilə əlaqədar məqsədəyönlülük, çalışqanlıq kimi şəxsi psixoloji keyfiyyətlərin inkişaf etdirilməsi;
• sosial siyasi motivlərin (vətəndaşlıq borcu, vətəndaşlıq, yoldaşlıq, dostluq) inkişaf etdirilməsi;
• psixoloji cəhətlərin (şüur, bilik, bacarıq, vərdiş, şəxsi fikir, psixoloji yönümlülük) inkişaf etdirilməsi;
• psixoloji dözümlülüyün inkişaf etdirilməsi (söz verdin yerinə yetir, öz üzərinə məsuliyyət götürdün icra et)
Mənəvi—psixoloji hazırlıq birdir, bir-birilə sıx bağlıdır, bir-birini şərtləndirir. Bu əlaqənin mahiyyəti ondan ibarətdir ki, hər ikisi eyni nəzəri və metodoloji əsasa malikdir.
Psixoloji hazırlıq- insanlarda öz-özünü idarə etmək, hər hansı mürəkkəb şəraitdə çətinliklərə tab etmək qabiliyyətini formalaşdırır.
Hər bir insanın özünəməxsus dünyagörüşü var ki, bu da səhv, həqiqi, irticaçı, dini, və ya ateistik ola bilər. İnsanlarda dünyagörüşünü formalaşdıran sosial mühitdir ( zavod, fabrik, əmək kollektivləri, ailə, müxtəlif ictimai təşkilatlar).
MM sistemində mənəvi –psixoloji hazırlığın forma və metodları:
Əsas metodları düzgün dünyagörüşünü formalaşdırmaqdır. Bu məqsədlə müxtəlif vasitələrdən istifadə edilir:
1) Bütün tədris müəssisələrində peşəkar səviyyədə planlı olaraq MM tədrisi;
2) MM-şəxsi heyətinin hazırlığında bütün mədəni-maarif şəbəkəsinin müəssisələrindən – radio, televizor, kino və nəşriyyatdan geniş istifadə etmək lazımdır;
3) Xalq təssərrüfatı obyektlərində gənclərin hərbi – vətənpərvərlik ruhunda tərbiyə edən tədbirlərin həyata keçirilməsi;
4) Əhaliyə mütləq MM təlimi keçilməlidir. Məşğələlərdə kütləvi qırğın silahlarının zədələyici faktorları haqda ətraflı məlumat verilməlidir, xəbərdarlıq siqnalları, zədələnmə ocağında düzgün davranış qaydaları başa salınmalıdır.
Bu təlimə yiyələndikdə insanlar təhlükəli anlarda panikaya düşməz, özünü ələ alaraq düzgün davrana bilərlər.
Bundan başqa insanlara başa salınmalıdır ki, kütləvi qırğın silahları gücləndikcə, onlardan müdafiə sistemləri də, nüvə silahı, raketəleyhi və hava hücumundan müdafiə sistemləri də təkmilləşdirilir.
Beləliklə, psixoloji hazırlıq prosesində əhali müasir müharibələr şəraitində vəziyyəti real qiymətləndirməyi bacarmalı və əmin olmalıdır ki, kütləvi qırğın silahlarından real qorunma-müdafiə imkanları vardır.
Bütün bunlardan başqa MM sistemi biliklərinin təşviqatı mənəvi—psixoloji hazırlıq prosesində mühüm əhəmiyyətə malikdir. Təşviqat vasitəsilə insanlarda ən mürəkkəb şəraitlərdə insanlarda özünü ələ alamağı və kütləvi qırğın silahlarının zədələyici təsirindən müdafiə tələblərinə əməl etmək ruhu tərbiyələndirilir. Bu məqsədlə kino—diafilmlərdən, qısa məzmunlu oçerklərdən, hekayələrdən, olmuş hadisələrin haqqında sənədli filmlərdən və s. istifadə etmək məqsədəyönlüdür.
Hər kəs yaşadığı yerdə mövcud ola biləcək mümkün təhlükəli və böhran situasiyalarda özünü necə aparmaq haqqında bilməlidir. Ekstremal şəraitlərə insanın hazırlığı nə qədər yüksək olarsa, çətinlikləri bir o qədər də asanlıqla dəf edər və sağ qalmaq ehtimalı da bir o qədər çox olar, özünə və başqalarına daha yaxşı kömək edə bilər. İnsanlann vahiməyə düşdüyü qəza situasiyalarında tez qərar qəbul etmək olduqca çətindir. Əgər insan bu fövqəladə halların baş verə biləcəyi haqqında qabaqcadan düşünübsə və belə hallarda lazım olan təchizatın harada yerləşdiyini bilirsə, onda böhran anında özünü itirməyəcək. Diqqətli olmaq və meteoroloqların xəbərdarlıqlarını izləmək lazımdır.
Təbii fəlakət zamanı ekstremal situasiyaya düşmüş inasanın əsas vəzifəsi özü özünü xilas etmək və ya xilasedicilərin gəlişinə qədər sağ qalmaqdır. İlk növbədə bilmək lazımdır ki, insan baş verən fəlakətin xarakterini mümkün qədər tez başa düşməyə çalışmalıdır və onunla bağlı malik olduğu davranış qaydalarını yadına salmalıdır. Sonra isə həmin qaydalar üzrə fəaliyyət göstərmək lazımdır. Ekstremal situasiyada bu situasiyada davranış qaydalarını dəqiq bilənlər sağ qalır.
Mütəxəssislərİn fıkrincə, müxtəlif xarakterli ekstremal şəraitlərə psixoloji hazırlıq iki mühüm amillə müəyyən olunur:
1) Məlumatlılıq-müxtəlif xarakterli fəlakətlər haqqında informasiyaya malik olmaq. Bu amil psixoloji hazırlığın 80%-ini təşkil edir.
2) Şəxsi amil-insanın fərdi xüsusiyyətləri, iradi keyfıyyətləri, emosional və intellektual cəhətdən yetkinliyi, professional xüsusiyyətləri. Psixoloji hazırlığın 20%-i bu amillə şərtlənir.
İnsanların emosional və intellektual cəhətdən yetkin olması da mühüm rol oynayır. Emosional yetkinlik adamlara öz emosiyalarını anlamağa, onlara mümkün qədər nəzarət etməyə, öz hisslərini cilovlamağa imkan verir. İntellektual cəhətdən yetkin olmayan adam isə düşdüyü situasiyanı adekvat qiymətləndirməkdən çətinlik çəkir.
Təbii fəlakətlərdən sonra əhalinin 10% – 25%-ə qədərindən psixi pozğunluqların miqdarı 35%-ə qədər artır. Fəlakətin təkrarlanacağının gözlənilməsi sonrakı psixi pozğunluqlaınn yaranmasına da səbəb olur.
Təbii fəlakətlərin doğurduğu ekstremal şəraitlərdə təhlükəsiz davranış qaydaları. Təbii fəlakətlər zamanı həm maddi itkinin, həm də insan tələfatının minimuma endirilməsi belə şəraitlərdə davranış qaydalarını bilməyi tələb edir. Yəni əhali ilə bu istiqamətdə məqsədyönlü profılaktik iş aparılması zəruridir.
Profılaktik iş isə ilk növbədə adamları təbii fəlakətlər zamanı davranışın aşağıdakı universal qaydaları ilə tanış etməkdən ibarət olmalıdır:
• Ekstremal şəraitlər zamanı ailənizin ünsiyyət əlaqəsi yaratmaq planını qabaqcadan işləyib hazırlamaq lazımdır;
• Baş verə biləcək təbii fəlakətdən sonra ailənizin yığışacağı yer və vaxt haqqında razılaşın;
• Baş verə biləcək təbii fəlakət hadisəsində bütün ailənizlə əlaqə saxlaya biləcək əlaqələndirici bir və ya bir neçə şəxs seçin və onun kordinatlarını əzbərləyin;
• Ailənizin bütün üzvlərinin (hətta ən kiçiklərin də) öz soyadlarını adlarını, ünvan və telefon nömrələrini (şəxsi və əlaqələndirici adamın) bilmələrinə nəzarət edin;
• Uşaqlara, qoca və xəstə adamlara xüsusi diqqət yetirin. Təbii fəlakət zamanı davranış qaydalarını onlara izah edin və öyrədin, paltarlarında nişan (orada adı çəkilənlərə dair informasiya göstərilir) olmasına fıkir verin;
• Təbii fəlakət zamanı ailənizlə birlikdə, dostalarınız, tanışlarınız, qonşularınızın yanında olmağa çalışın;
• Uşaqları bir dəqiqə də olsun özünüzdən kənara buraxmayın;
• Güclü və özünə inamlı adamların yanında olmağa çalışın;
• Təlaş keçirməyin və öz əhatənizdə vahiməyə yol verməyin;
• Yadda saxlayın ki, hətta ən mürəkkəb situasiyadan çıxış yolu var-sadəcə onu tapmaq lazımdır!
Fövqəladə hallarda, xilasetmə və digər təxirəsalınmaz işlərin mənəvi –psixoloji təminatında məqsəd, xilasediciləri, həmçinin əhalini xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsində şüurlu və fəal iştirak etməyə səfərbər etməkdir.
Təsərrüfat obyektlərində mənəvi-psixoloji tərbiyə işlərinin bazasında xilasedici, qəza-bərpa dəstələri və digər komandaların yaradılması təşkilat və idarələrin rəhbərləri tərəfindən aparılır.
Xilasetmə və digər təxirəsalınmaz işlərin mənəvi-psixoloji təminatı aşağıdakı məsələləri əhatə edir:
• xilasedicilərdə yüksək mənəvi-psxioloji keyfiyyətlər, mütəşəkkillik, qarşıya qoyulan vəzifələri vaxtında və dəqiq yerinə yetirmək əzmini aşılamaq;
• kəşfiyyat aparmaq üçün, ayrılan heyətləri qəza ocağında (təbii fəlakət rayonunda) sürətli və hərtərəfli araşdırmalar aparmağa səfərbər etmək;
• xilasediciləri fəlakət rayonuna mütəşəkkil halda hərəkətə, nizam-intizamı ciddi surətdə gözləməyə və vaxtında çatmağa sövq etdirmək;
• istehsalat qəzaları, kütləvi yanğınlar, güclü zəhərlənmələr şəraitində xilasetmə və digər təxirəsalınmaz işləri müvəffəqiyyətlə yerinə yetirməyə, cəld və təşəbbüskar olmağa, zədələnmiş şəxsləri tez axtarıb tapmağa, onlara vaxtında tibbi yardım göstərib, təhlükəsiz rayonlara köçürməyə xilasedici heyətləri tam səfərbər etmək;
• zədələnmə ocaqlarında xilasetmə və digər təxirəsalınmaz işlər aparılarkən, xilasedicilərin qüvvələrindən qənaətlə və səmərəli istafadə olunmasına, onların vaxtında yeməyinin və dincəlməsinin təşkilinə, müəyyən olunmuş iş rejiminin və təhlükəsizlik tədbirlərinin dəqiq yerinə yetirilməsinə qayğı göstərmək;
• sayıqlığın yüksəldilməsinə, çaxnaşmanın və digər belə mənfi halların qarşısının alınmasına və qətiyyətlə aradan qaldırılmasına yönəldilmiş hərtərəfli tədbirləri həyata keçirmək;
• xilasetmə və digər təxirəsalınmaz işlər aparılarkən xilasedicilərin nailiyyətlərinin təbliğ edilməsi, tapşırıqların icrası zamanı fərqlənən şəxslərin vaxtında həvəsləndirilməsi üçün qayğı göstərmək;
• xilasedici qruplar arasında qarşılıqlı fəaliyyətin saxlanmasına, həmrəyliyin, yoldaşlıq münasibətlərinin, vəzifələrin icrası vaxtının, qarşılıqlı yardımın möhkəmlənməsinə yönəldilən mənəvi-psixoloji tədbirləri həyata keçirmək.
Fəlakət dövründə aparılan mənəvi-psixoloji işdə başlıca məqsəd yaranan son dərəcə çətin şəraitdə belə, qarşıya qoyulan vəzifələrin yerinə yetirlməsini təmin etməkdir.
Qəflətən baş verən zəlzələ, fəlakətli daşqın, uçqun və ya sənaye müəssisələrində partlayışlar şəxsi heyətin psixikasına ağır təsir göstərərək, müvəqqəti sarsıntılar, qorxu və özünə inamsızlıq hissi yarada bilər.
Məsələn, şiddətli zəlzələ zamanı, bəzən baş verən güclü partlayışlı təkanlar, yeraltı gurultu, bir anda yerin maqnit və elektrik sahələrinin dəyişməsindən törəyən parıltı və şimşək insanlarda elə təsəvvür yarada bilər ki, guya atom zərbələri endirilir. Adamlarda belə psixoloji hal yaranarkən, onlara vaxtında və müntəzəm surətdə doğru məlumatlar çatdırılmazsa, lazımi xəbərdarlıq siqnalları və düzgün davranış qaydaları barədə konkret göstərişlər verməklə, idarəetmə təşkil olunmazsa, kütləyə rəhbərlik zəifləyər, bu isə çaxnaşmaya və digər mənfi kütləvi hadisələrə zəmin yaradar.
Xilasedicilər yüksək mənəvi-psixoloji keyfiyyətlərə malik olmalıdırlar. Bu məqsədlə onlar xüsusi psixoloji hazırlıq keçməlidirlər. Xilasedicilərin mənəvi-psixoloji hazırlığı dedikdə, onlarda elə psixoloji keyfiyyətlərin formalaşdırılması nəzərdə tutulur ki, həmin keyfiyyətlər müxtəlif fəlakətlər zamanı yaranan təhlükəli və digər gərgin şəraitlərdə bacarıqla fəaliyyət göstərmək qabiliyyətlərini təmin etsin. Mənəvi – psixoloji hazırlıq sayəsində xilasedicilərdə yüksək mənəvi keyfiyyətlər (cəsarət, igidlik, qətiyyət, intizam, mütəşəkkillik və s.), emosional dəyanətlilik, sağlam sosial – psixoloji münasibətlər, dostluq, yoldaşlıq, qarşılıqlı yardım, intellektual keyfiyyətlər (zehni çeviklik, şəristə, fərasət və s.) aşılanır.
Xilasedicilərdə təhlükəyə, qorxuya və çaxnaşmaya tab gətirmək, çətinlikləri dəf etmək və fədakarlıq göstərmək, eləcə də, fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən, yarana biləcək əsəb gərginliyinə dözümlülüyün tərbiyə olunması, mənəvi-psixoloji hazırlığın əsas problemlərindən biridir.

68