• en
  • ru

VƏRƏM
Vərəm – vərəm mikrobakteriyaları tərəfindən törədilən infeksion xəstəlikdir. Onlar ətraf mühitin təsirinə qarşı davamlıdır. Əşyaların üzərində, bəlğəmdə, tozda uzun müddət yaşayır. Donmuş suda illərlə patogenliyini saxlayır. Müxtəlif turşu əsas və günəş şüalarının təsirinə davamlıdır.
İnfeksiya mənbəyi xəstə insandır. O, öskürmə, asqırma, danışıq zamanı ifraz olunan seliklə, bəlğəmlə çoxlu miqdarda vərəm çöplərini ətraf mühitə yayır. Sağlam insanlar hava-damcı yolu ilə, xəstə heyvanların süd məhsullarını qəbul etməklə və nadir hallarda kontakt yolu ilə xəstələnə bilir. Bu zaman orqanizmin ümumi vəziyyəti, onun müqaviməti, reaktivliyi böyük rol oynayır. İmmunitetin zəifləməsi, ac qalma, pis sosial məişət şərait xəstəliyə tutulmaq riskini artırır.
Bakteriya ifraz edən xəstələrlə sıx kontaktda olan insanların 25-50%-i xəstəliyə yoluxa bilər. Hər bir bakteriya ifraz edən 10-15 insanı yoluxdura bilər. Yoluxma hələ xəstəlik deyildir. 5-15% hallarda açıq vərəm inkişaf edir. Qalan hallarda qeyri steril immunitet yaranır. Bütün yaş dövrləri xəstəliyə həssasdır. Vərəm infeksiyasının əsas xüsusiyyəti törədicinin limfa düyünlərində birincili ocaqda, yayılma ocaqlarında illərlə həyat qabiliyyətinin saxlamasıdır. Orqanizmin zəifləməsi, qızılca, virus hepatit A, HİV infeksiya və digər xəstəliklərə yoluxma tamam sağalmış ’’yatmış’’ ocağın aktivləşməsinə səbəb olur.
Vərəmin aşağıdakı formaları var:
1. Uşaqlar və yeniyetmələrin vərəmi
2. Tənəffüs orqanlarının vərəmi (ağ ciyərlərin ocaqlı və yayılmış vərəmi)
3. Başqa orqan və sistemlərin vərəmi (beyin qişalarının, mərkəzi sinir sisteminin, sümük və oynaqların, bağırsağın vərəmi).
Vərəmin klinik gedişi mikrobakteriyaların daxil olduğu yerdən, xəstəliyin fazasından və ağırlaşmaların olmasından asılıdır. Xəstəlik tədricən inkişaf edir, illərlə davam edir.
Fəal vərəmin əlamətləri çoxdur. Hərarətin yüksəlməsi, tərləmə, zəifləmə, yorğunluq, öskürək, qanlı bəlğəm, əmək qabiliyyətinin azalması. Ocaqlı vərəmdə öskürək yoxdur, ya da tək-tək quru öskürək olur. Az miqdarda bəlğəm ifraz olunur. İnfiltrativ və kavernoz vərəmdə qan hayxırma, ağ ciyər qanaxması, təngnəfəslik, döş qəfəsində ağrı, irinli bəlğəm ifrazı müşahidə olunur. Vərəmli xəstələrin dərisi solğun olur, bu fonda yanaqlarda qızartı müşahidə edilir.
Uşaqlarda ən çox ağ ciyərin vərəmi üstunlük təşkil edir. Uşaq və yeniyetmələrdə vərəm intoksikasiyası daha çox rast gəlinir. Subfebril hərarət, əsəbilik, yorğunluq, yuxu pozğunluğu, iştahın azalması müşahidə olunur. Dəri və selikli qişalar solğun olur, bədən çəkisi azalır, limfa düyünləri böyüyür.
Vərəm meningiti az rast gəlinən ağır formadır. Erkən yaşlarda rast gəlinir. Xəstəlik tədricən başlayır, ümumi zəiflik, subfebril hərarət, baş ağrıları, qıcolmalar əmələ gəlir. Müalicə olmadıqda 100% ölümlə nəticələnir. Xəstələr çox vaxt koma vəziyyətinə düşür.
Vərəmi təyin etmək üçün tuberkulin sınaqları qoyulur. Mantu sınağının müsbət olması (dəri üzərində qızartı və şişkinlik) və ya təkrari sınaqlarda 6mm və böyük olması vərəmə yoluxmaya şübhə yaradır.
Müalicəsi: Kompleks şəklində aparılır.
1) Antibakterial preparatlar: kanamisin, rifampisin, streptomisin, ftivazid, tubazid.
2) Ümumi orqanizmin müqavimətinə təsir göstərən müalicə.
3) Simptomatik müalicə.
Profilaktikası: Mənzil və kommunal şəraitin yaxşılaşdırılması, suların çirklənməsinin qarşısının alınması, bədən tərbiyəsi, idmanın inkişaf etdirilməsi,səhiyyə-maarif işinin aparılması, orqanizmin möhkəmləndirilməsi (lazımi miqdarda zülal, yağ, karbohidrat, mineral maddələr, vitaminlər qəbulu), normal gecə yuxusu, zərərli adətlərdən uzaqlaşmaq əsas şərtlərdəndir. Vərəmli xəstələrin aşkar edilməsi onların yaşadığı mənzillərin dezinfeksiyası digər şəxslərin vərəmlə xəstələnməsinin qarşısını almaqda mühüm rol oynayır.

16