• en
  • ru

DAXİLİ SEKRESİYA VƏZİLƏRİ

DAXİLİ SEKRESİYA VƏZİLƏRİ

Axacagı olmayan və öz məhsulunu bilavasitə qana yaxud limfaya buraxan vəzilərə daxili sekresiya vəziləri ya da endokrin vəzilər deyilir. Daxili sekresiya vəzilərinin ifraz etdikləri maddə hormon adlanır. Hormonlar qana keçərək üzvlərin fəaliyyətini ya artırır, ya da azaldır.
Endokrin vəzilərin sekresiya məhsulu olan inkret və ya hormon hər hansı bir orqana və ya toxumaya spesefik təsir göstərir. Hormonların bir qismi bilavasitə mübadilə proseslərinə, diqər qismi orqanların inkişafına, funksional aktivliyinə, beləliklə də orqanizmin inkişafına, böyüməsinə təsir göstərir. Hormonların qana az miqdarda keçməsinə baxmayaraq onlar çox güclü təsir göstərirlər.
Daxili sekresiya vəziləri və sinir sistemi bir-biri ilə rabitə olub birlikdə neyro-humoral sistem təşkil edir.
Daxili sekresiya vəzlərinə aiddir:
• qalxanabənzər vəzi,
• qalxanabənzər ətraf vəziləri,
• çəngələbənzər vəzi,
• hipofiz,
• böyrəküstü vəzilər,
• mədəaltı vəzinin daxili sekresiya hissəsi və
• cinsiyyət vəziləri aiddir.
Endokrin vəzilər orqanizmdə mühüm rol oynamalarına baxmayaraq nisbətən kiçik ölçülərdə olurlar. Belə ki, bunlardan ən böyüyü olan qalxanabənzər vəzin çəkisi 30-40qr-dır.
Endokrin vəzilər sinir sistemi (veqetativ sinir sistemi) ilə sıx əlaqədə olub, orqanizmin-neyro-humoral homeostazının tənzimində aktiv iştirak edir.
Qalxanabənzər vəzi: yaşlılarda daxili sekresiya vəzilərindən ən böyüyü olub, boyun nahiyəsində, nəfəs borusunun önündə, qırtlağın yan tərəflərində yerləşir. Qismən qalxanabənzər qəğərdağa söykəndiyi üçün, adı buradan götürülmüşdür. Bu vəzi sağ və sol paylardan, köndələn yerləşmiş boğaz hissədən ibarətdir. 30-35% hallarda üçüncü paya – piramidəbənzər paya rast gəlinir.
Qalxanabənzər vəzin boylama ölçüsü 60,0 mm, eni 40,0 mm, qalınlığı 20,0 mm, çəkisi 30-40 q-dır.
Qalxanabənzər vəzin əsas hormonlarına diyod, triyod, tetrayod-tiroksin, tiroksin və s. aiddir. Bu hormonlar orqanizmdə gedən maddələr mübadiləsini (oksidləşmə, yağların yanması, suyun və kaliumun orqanizmdən çıxarılması) sürətləndirir.
Buna görə qalxanabənzər vəzin bu və ya digər patologiyası, hipo və ya hiper funksiyası zamanı bir sıra ciddi xəstəliklər əmələ gəlir.
Belə ki, vəzin hipofunksiyası zamanı miksedema və ya kretinizm (uşaq yaşlarda) xəstəliyi baş verir. Maddələr mübadiləsi zəifləyir, apatiya, adinamiya halları baş verir, dəri xəmir kimi şişir, ödem (su yığılma) baş verir. Uşaq yaşlarda hipofunksiya boyun uzanmasını tormozlayır (cırtdan boy), əqli inkişafı və cinsi yetginliyi gecikdirir. Əksinə, vəzin hiperfunksiyası (tireotoksikoz, Bazedov xəstəliyi) zamanı mübadilə prosesləri sürətlənir, sinir sistemində (xüsusən ali sinir fəaliyyətində) pozğunluq, yrəkdöyünmənin artması (taxikardiya), göz almalarının göz yuvalarından önə çıxması (ekzoftalm), bədən hərarətinin artması müşahidə olunur.
Yodun bədəndə çatmazlığı ilə əlağədar digər bir xəstəlik, endemik ur meydana çıxır. Bu xəstəlik diyar patologiyası olub, eyni zamanda Azərbaycanın da bir sıra dağlıq rayonlarında (Şəki, Zakatala və s.) çox rast gəlinir. Aparılan tədqiqat işləri göstərmişdir ki, hətta bu rayonlarda anadan olub, orada yaşamayan şəxslərdə və onların övladlarında belə bu xəstəlik müşahidə oluna bilər. Yodun çatmamazlığı ilə əlaqədar ifraz olunan hormonların miqdarı qanda azalır və əksinə adenohipofizin hazırladığı tireotrop hormonun miqdarı isə artır. Nəticədə vəzi hipertrofiya edib böyüyür. Ədəbiyyatda vəzin hətta 2 kiloqrama qədər böyüməsi halı da təsvir olunmuşdur.
Qalxanabənzər ətraf vəzilər: 0,5 qr ağırlıqda 4 ədəd cisimciklər olub qalxanabənzər vəzinin yan paylarının dalında yerləşir. Bunların uzunluğu 4-8 mm, eni 3-4mm, qalınlığı 2-3mm-ə bərabərdir. Vəzin kiçik olmasına baxmayaraq, orqanizmdəki rolu olduqca böyükdür. Belə ki, onun ifraz etdiyi paratireokrin (parathormon) orqanizmdə kalsium və fosfor mübadiləsini tənzim edir. Orqanizmdə bu hormonun çatmazlığı qıcolmalara və xəstənin ölümünə səbəb ola bilir.
Çəngələbənzər vəzi: çəngələbənzər vəzi və ya timus uşaqlıq dövrü vəzilərindən olub həddi büluğ dövrünə qədər inkişaf edir. Timus daxili sekrksiya vəziləri içərisində xüsusi yer tutur. O, əsas endokri n vəzi olub insan orqanizminin birinci limfoid üzvüdür. Timus orqanizmin patogen mikroorqanizmlərdən, yad molekullardan müdafiə sisteminin əsasını təşkil edir. Ona görə də o, immun sistemin mərkəzi üzvü hesab olunur. Timus döş sinirinin yuxarı kənarından 4-5sm qabırğaarasına qədər olan sahədə yerləşir. Yeni doğulanlarda çəkisi 10-15 qrama, 1-5 yaşlarında 23 qrama, 9-15 yaş arasında 38-39 qrama qədər çəkisi artır. Müəyyən olunmuşdur ki, bu vəzin inkişafı ilə cinsi yetkinlik arasında sıx əlaqə vardır. Prenatal və erkən posnatal dövrlərdə çəngələbənzər vəzi yəni timus qanyaradıcı orqan kimi fəaliyyət göstərir. Belə ki, sümük iliyindən gələn limfoblastlar bu vəzidə limfositlərə çevrilir. Timus maddələr mübadiləsinə, metobolizm prosesinə, hemopoezə, boyun inkişafına, ürək dammar, həzm sisteminə təsir edir. O, insanın bütün həyatı dövrü böyrəküstü vəzin aktivliyini tənzimləyir. Vəzin çatışmazlığı ilə doğuln uşaqlar pastoz, tosqun, adenonid quruluşlu olur, dəriləri solğun, dərialtı Piy toxuması nisbətən yaxşı inkişaf edir, tükləri nazik və sıx olur, əzələləri zəif, tonusu az olur, böyları az, boynu qısa, dərisi qırışlı olurlar. Belə uşaqlar daim süst, laqeyd, tez yorulan olur, onlarda nəfəsvermə normal, nəfəsalma çətinləşir, ona görə də səsləri xırıltılı olur. Bunlarda xəstəliklərə meyl daha çoxdur. Çəngələbənzər vəzidə timozin, timopoetin, humoral timus faktoru adlı hormonlar, həmçininkarbohidrat mübadiləsinə təsir göstərən kalsium və fosforun miqdarını azaldaqan, orqani zmin böyüməsini sürətləndirən aktiv bioloji maddələr ifraz olunur.
Böyrəküstü vəzilər: böyrəküstü vəzilər cüt orqanlar olur, böyrəklərin yuxarı ucları üzərində yerləşir. Uzunluğu 4-6sm, eni 2-3 sm, qalınlığı 4-6mm, çəkisi 11-18qr-dır. Böyrəküstü vəzi xaricdən daxilə döğru lifli kapsula ilə örtülüdür. Vəz qabıq və beyin maddədən ibarətdir. Beyin maddəsi adrenalin hormonu ifraz edir. Bu da simpatik sinir sistemini oyandıraraq onun vasitəsilə ürək fəaliyyətini qüvvətləndirir, qan dmarlarını daraldır və qan təzyiqini çoxaldır. Böyrəküstü vəzidə mineralokortikoidlər, aldosteron, dezoksikotikosteron hormonları da hasil olur ki, bu hormonlar da mineral mübadiləni tənzim edir. Bu hormonların çatmazlığı insanın ölümünə səbəb olan adisson xəstəliyinə səbəb olur. Bu zaman dəridə piqment mübadiləsi pozulduğundan dəri bürünc rəng alır. Qabıq maddədə həmçinin kartizon, hidrokartizon və s. hormonlar hazırlanır ki, bunlar da karbohidrat mübadliləsini tənzimləyir. Həmçinin böyrəküstü vəzidən cinsiyyət hormonları olan androgenlər və estrogenlər xaric olur.
Hipofiz vəzi: bu vəzi 5-11mm uzunluğunda, 0,35-0,65 qram ağırlığında olan vəzidir. Vəzi əsas sümüyün türk yəhəri üzərindəki çuxurda yerləşir. Vəzin ön və dal payları vardır. Hipofizin ön payının hormonu bədənin inkişaf və böyüməsinə, yəni boyatmaya, skeletin və cinsiyyət vəzilərinin inkişafına təsir edir. Dal payının hormonu olan pitiutrin isə simpatik sinir sistemi vasitəsilə saya əzələlərə təsir edir, qan damarlarını daraldır, qan təzyiqini artırır. Bundan əlavə dal payın hormonu su mübadiləsini tənzimləyir. Hipofizin dal payının vəzifəsi zəiflədikdə uşaqlarda ifrat piylənmə əmələ gəlir. Bəzən şəkərsiz diabet də meydana çıxır. Ön payın vəzifəsi zəiflədikdə isə cırtdan boyluluq və infantilizm əmələ gəlir. Ön payın hormonu çoxaldıqda isə qiqantizm vəakromeqaliya xəstəliyi əmələ gəlir.
Mədəaltı vəzinin daxili sekresiya hissəsi: mədəaltı vəzinin daxili sekresiya hissəsinə langenhans adacıqları aiddir. Bu adacıqların ifraz etdikləri hormon insulin qana keçərək karbo-hidrat mübadiləsini tənzim edir, yəni qaraciyərdə toplanan qlikogenin, yəni ehtiyat şəkərin qlükozaya çearilməsinə manə olur.
Cinsiyyət vəzləri: Cinsiyyət vəzilərinin daxili sekresiya hissəsinə xayaların və yumurtalıqların daxili sekresiyası hissəsi aiddir. Cinsiyyət vəzilərinin hormonları bədəndə ikincili cinsi əlamətlərin meydana çıxmasına səbəb olur. Bu nişanələrə kişilərdə bədənin tüklü olması, bığın və saqqalın çıxması, səsin kobud olması və qadınlarda bədəndə tüklərin zəif inkişaf etməsi, dərialtı piy qatının, süd vəzilərinin inkişaf etməsi və aybaşı prosesinin meydana çıxması aiddir. Yumurtalıqda əmələ gələn sarı cisimdə vəzifə cəhətcə daxili sekresiya vəzilərinə aiddir. Bunun ifraz etdiyi hormon – progesteron mayalanmış yumurtanın uşaqlıgın selikli qişasına bitişməsinə səbəb olur və hamiləliyin normal keçməsi üçün lazım olan bəzi vəzifələri – hamiləlik zamanı aybaşının kəsilməsini və süd vəzilərinin inkişafını tənzim edir.

29