• en
  • ru

QİÇS (QAZANILMIŞ İMMUN ÇATIŞMAZLIĞI SİNDROMU)

QİÇS
(QAZANILMIŞ İMMUN ÇATIŞMAZLIĞI SİNDROMU)

QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) epidemiyası 20 ildən artıq bir müddət ərzində davam edir. İİV ilə kütləvi yoluxma halları keçən yüzilliyin yetmişinci illərinin sonundan başlamışdır. Həmin vaxtdan İİV-nin yaxşı öyrənilməsinə baxmayaraq, bu xəstəlikdən insanlar vəfat edir və milyonlarla insana İİV-infeksiyası diaqnozu qoyulur. QİÇS planetimizdə ən çox insan ölümünə səbəb olan beş əsas ’’qatil xəstəlik’’ qrupuna aiddir. Bu illər ərzində QİÇS-in öyrənilməsində yeni nailiyyətlər əldə olunsa da, cəmiyyətdə bu xəstəliyə yanaşma dəyişsə də epidemiya artmaqda davam edir və xəstəlik yeni regionları əhatə edir.
QİÇS, İİV nədir?
QİÇS, İİV tədriclə inkişaf edən, immun sistemin funksiyalarının pozulması və özünü bir sıra klinik simptomlarla biruzə verən infeksion xəstəlikdir. İnsanda immunçatışmazlığı sindromunun törədicisi virusdur. Bu virusa İİV-insanın immunçatışmazlığı virusu adı verildi. QİÇS virusunun DNT-si insan genomunda(gen toplusunda) Ən azı üç il müddətində qala bilir. QİÇS virusu qanın plazmasında da öz həyat fəaliyyətini davam etdirə bilir. Xəstəliyin viruslarının şpris vasitəsilə ötürülmə hallarının çox olması məhz bununla izah edilir. QİÇS virusuna yüksək dəyişkənlik səciyyəvidir-qripp virusundan milyon dəfə çox. QİÇS virusları bir dəqiqə qaynadılma nəticəsində məhv olur, lakin günəş şüalarına və donmaya davamlıdırlar.
Yoluxma yolları:
Yoluxma əsas etibarı ilə cinsi yolla baş verir. İnsanın immunçatışmazlığı virusu orqanizmə uşaqlıq yolunun selikli qişası, kişi cinsiyyət üzvü, düz bağırsaq (homoseksualistlərdə), hətta ağız boşluğu vasitəsilə daxil olur. Bu orqanlarda kiçik yaraların, çatların, iltihabi proseslərin olması yoluxma ehtimalını artırır.
Yoluxma, həmçinin sağlam insanın qan dövranına infeksiyalaşmış qanın düşməsi nəticəsində baş verir. Bu cür yoluxma qeyri-steril şprislərdən istifadə, infeksiyalaşmış qanın köçürülməsi nəticəsində yaranır. Bunlarla yanaşı, İİV anadan hamiləlik dövrü cift vasitəsilə dölə və ya südlə əmizdirmə zamanı körpəyə ötürülə bilər.
İnsanın İmmunçatışmazlığı Virusunun Ötürülmə Yolları:
• Cinsi yolla-70-80%
• İnyeksion narkotiklər-5-10%
• Hamilə və ya əmizdirən anadan-5-10%
• Yoluxmuş qanın köçürülməsi-3-5%
• Tibb işçilərinin peşəkar yoluxması-0-0,1%
Onu da qeyd etmək lazımdır ki, dünyanın müxtəlif regioqlarında bu göstəricilərin faizi dəyişə bilər.
Qeyd olunanlardan başqa ötürülmə yolları məlum deyil.
İnsanları narahat edən bəzi məqamlar:
• Zədələnməmiş dəri örtüyü İİV-yə qarşı təbii səthdir və əllə görüşmə, qucaqlaşma zamanı virusun ötürülməsi mümkün deyildir.

• Nəzəri olaraq virusun ötürülməsi üçün qanın açıq yaraya düşməsi tələb olununr. Buna görə də əlindən qan axan insanala görüşmək olmaz.
• İİV insan orqanizminin dörd mayesində ola bilər-qan, sperma, uşaqlıq yolu möhtəviyatı və ana südündə.
• Paltar, yataq dəyişəyi, dəsmalların üzərində İİV olan maye vasitəsidir.
• Hovuzda insanın immunçatışmazlığı virusuna yoluxmağın yeganə yolu-hovuzda prezervativdən istifadə etmədən cinsi əlaqədə olmaqdır.
• İİV ancaq insan orqanizmində yaşayıb inkişaf etdiyi üçün heyvanlar bu virusu ötürə bilməz.
• Öpüşlə virusun ötürülməsi üçün hər iki öpüşən insanın ağzında qan axan yara, partnyorlardan birini qanında isə virusun yüksək konsentrasiyası olmalıdır.
Simptomlar:
Xəstəliyin simptomlarına aşağıdakılar aiddir:
• etiologiyası aşkar edilməmiş və bir aydan artıq davam edən yüksək hərarət;
• ümumi zəiflik;
• baş ağrıları;
• uzun müddətli diareya (1-2 aydan çox);
• bədən çəkisinin səbəbsiz azalması (10% və daha çox);
• standart müalicəyə ’’davamlı’’, təkrarolunan pnevmaniya;
• bronxial və ağ ciyər kandidozu;
• 1 aydan çox davam edən daimi öskürək;
• 2 və daha çox qrupp limfa düyünlərinin 1 aydan çox müddətdə böyüməsi;
• baş beyinin limfoması və s.
Diaqnostika:
İİV infeksiyası diaqnozunu təsdiq etmək üçün virusları, onlara qarşı anticisimləri və antigenləri aşkar edən müxtəlif laborator üsullar tətbiq edilir. Ən sadə və geniş tətbiq olunan üsul QİÇS virusuna qarşı anticisimləri aşkar edən immunferment analiz (İFA) üsuludur. Bundan başqa, immunblotinq, immunflüoressentasiya, radioimmunopresipitasiya, aqqlüsinasiya üsulları mövcuddur.
Müalicə:
QİÇS xəstəliyinin müalicəsi üzərində hazırda intensiv işlər aparılır. QİÇS-in müalicəsi üsullarının kompleksi xəstənin tam sağalmasının təmin etmir. Bu gün mövcud olan müalicə üsulları klinik əlamətlərin zəifləməsinə, xəstənin həyatını müəyyən qədər uzatmağa kömək edir. Virus əleyhinə preparatların tətbiqi insanı immunçatışmazlıq virusunun reproduksiyasını zəiflətməyə yönəlmişdir. Bu problem üzərində dünyanın bir sıra elmi mərkəzlərinin işləməsinə baxmayaraq, təəssüflə qeyd etmək lazımdır ki, bu gün QİÇS-li xəstələrin sağalması mümkün deyildir.
Profilaktika:
İnsanın immunçatışmazlığı virusuna yaşından, cinsindən, milliyətindən, maddi imkanlarından, sosial statusundan asılı olmayaraq hər bir insan yoluxa bilər. Hər şey insanın özündən asılıdır. ’’Xəstəliyin qarşısını almaq onu müalicə etməkdən asandır’’. Bu danılmaz həqiqət QİÇS xəstəliyinə daha çox aid edilməlidir. QİÇS-dən qorunmağın Ən yaxşı yolu-ona yoluxmamaqdır. QİÇS-in qarşısını almaq üçün profilaktik tədbirlər:
• İİV ilə yoluxmanın qarşısını alan vasitələrin təbliği;
• İnsanların həyat tərzinin dəyişdirilməsi;
• İnsanın immunçatışmazlığı virusuna yoluxma təhlükəsi qrupundan olan şəxslər arasında risk amilləri minimuma endirilməsi;
• QİÇS-in yayılmasına səbəb olan sosial şərtlərin öyrənilməsi.
Konkret tövsiyələr:
• Homoseksual münasibətlər QİÇS-in yayılmasına səbəb olan amillərdən biridir. Bunu unutmaq olmaz.
• Bütün narkotiklərdən, xüsusən infeksiyalardan imtina edin.
• İnyeksion narkotikləri tədbiq edirsinizsə, bir dəfə işlənən şprislərdən istifadə edin.
• Tez-tez qan köçürməyə ehtiyacınız varsa qanın keyfiyyətinə, prosedurun sanitar-gigiyenik normalara uycun aparılmasına nəzarət edin.
• Hamiləlikdən əvvəl tibbi müayinədən keçin və hamiləlik dövrü həkim nəzarətində olun.
İlk baxıüşda sadə görünsə də, bu tədbirlər QİÇS-in profilaktikasının əsas və sınanmış üsullarıdır.

17