• en
  • ru

Qapalı zədələnmələr. Travmatik toksikoz (uzun müddətli sıxılma sindiromu)

Zədələnmələr
Xarici mühitin zərərli amillərinin təsirindən toxuma və üzvlərdə törənən anatomik dəyişikliyə və nəticədə fizoloji fəaliyyətin tam və ya qismən pozulmasına zədələnmə deyilir. Zədələnmərin öyrənilməsi ilə məşğul olan elm travmatalogiya adlanır. Travmatalogiya (trauma yunan sözü olub – zədə, loqos-elm) insan bədəninin zədələnmələri ilə əlaqədar yerli və ümumi dəyişiklikləri, müalicə üsullarını, zədələnmələrin qarşısının alınması yollarını öyrənir.
Zədələnmələr bir neçə qrupda təsnif olunurlar.
I . Törənmə şəraitinə görə zədələnmələr 3 qrupa bölünür.
1. Qeyri istehsalat zədələnmələri-məişət, nəqliyyat, idman, təbii fəlakət
2. İstesalat zədələnmələri
3. Hərbi və terrorizm zədələnmələri
II. Törənmə səbəbinə görə mexaniki, termiki, kimyəvi şüa, elektrik və qarışıq növlərə bölünür. Mexaniki zədələnmələr də özlüyündə açıq və qapalı olaraq 2 növə bölünür.
III. Travmanın xüsusiyyətindən asılı olaraq zədələnmələr sadə, müştərək və qarışıq olur.
Sadə zədlənmə – bir üzv yaxud onun bir hissəsinin zədələnməsidir.
Müştərək bədənin ayrı – ayrı sistem və üzvlərində yaranan çox saylı zədələnmədir.
Qarışıq zədələnmə – mexaniki təsirdən başqa digər bir amil, məsələ şüa, kimyəvi və sair təsirlərdən yaranır.
IV. Zədələr kəskin və xroniki olaraq 2 qrupa bölünür. Kəskin zədələr bir dəfəyə mexaniki təsirdən, xronik zədələr isə zədə amilinin uzun müddətli və ya təkrar təsirindən yaranır (məs: döyənək).
V. Zədələnmələr həm də fəsadlaşmış və fəsadlaşmamış olur. Mexaniki təsirdən bilavasitə sonra təzahür edən fəsadlar (tənəffüs çatmamazlıgı, şok, qanaxma) erkən fəsad, zədələnmədən bir neçə gün sonra törənmiş irinli fəsadlar (yarnın irinləməsi, peritonit, plevrit) yaxın zaman fəsadlar, 6-8 ay keçdikdən sonra törənən xronik irinli proseslər (ostemielit) geçikmiş fəsadlar hesab olunur.
Zədələrin ağırlıgı və nəticəsi xarici amilin növündən, ağırlığından, zərbənin gücündən, toxumaya yönəldilən istiqamətindən, təsir müddətindən, zədələnməyə məruz qalan toxumanın anatomo-fizoloji xüsusiyyətindən, palatoloji vəziyyətidən bədənin reaktivliyindən asılıdır.

Qapalı zədələnmələr
Dəri və selikli qişaların tamlığı pozulmadan ancaq dərin qatlarda və boşluqlarda yerləşən üzvərin zədələnməsi qapalı zədələnmə adlanır. Yumşaq toxumaların qapalı zədələnmələrinə əzilmə, gərilmə, cırılma, silkələnmə, sıxılma aiddir.
Əzilmə – küt zərbə aldıqda və yaxud hündürlükdən yıxıldıqda yumşaq toxumalar əzilir. Belə ki, zərbə nəticəsində zədə nahiyəsinin toxuması sürətlə yığılır və sıxılır. Bu zaman üst təbəqələr elastik olduqları üçün öz tamlıqlarını qoruyur, dərialtı toxumalar isə əzilir. Əzilmələr zamanı yerli olaraq ağrı, ödem, hematoma, qansızma və əzilmiş nahiyənin funksiyasının pozulması baş verir. Ağrı başlıca olaraq sinir uclarının zədələnməsindən və onların qansızma nəticəsində sıxılmasından əmələ gəlir. Ödem isə qanın və limfanın boşluqlara dərialtı hüceyrə təbəqəsinə yığılması nəticəsində əmələ gəlir. Üzdə dərialtı piy təbəqəsi daha yumşaq olduğundan ödem daha qabarıq olur. Qansızmalar 2-3 gündən sonra qançırlara çevrilir, çünki bu müddətdə hemoqlabin zədə nahiyəsində toxumalara çökür. Bunlar əvvəl qara-göyümtül sonra isə açıq-sarı rəngdə olurlar. Əzilmənin ağırlıq dərəcəsi mexaniki təsirin gücündən, sürətindən, istiqamətindən, zərbə alan toxumanın quruluşundan asılı olur.
Əzilmələrin müalicəsi üç etapda aparılır:
1. ilkin müalicə,
2. ardıcıl müalicə
3. ağırlaşmalarla müalicə.
• İlkin müalicədə zədələnmış nahiyəyə rahatlıq verilməli, ağrını və qansızmanı azaltmaq məqsədilə buz qovuğu yaxud soyuq suda isladılmış kompres qoyulmalı, qansızmanı azaltmaq və hərəkətsizləşdirmə məqsədilə zədələnən yerə sıxıcı sarğı qoyulmalı, ətraflar bir qədər yuxarı qaldırılmalı və yüngül ağrıkəsici verilməlidir.
• Ardıcıl müalicə vasitələrinə isti kompreslər, ilıq vannalar və masaj aiddir. İsti kompres və vannalar toxuma arasına toplanmış qanın sorulmasını sürətləndirmək məqsədilə təyin olunur. Masaj zamanı isə toxumalara sızmış qan və başqa patoloji kütlələr mexaniki sürətdə linfa damarlarına qovulur. Masajı yüngül hallarda zədələnmədən 2-3 gün, ağır hallarda isə 6-7 gün sonra başlamaq lazımdır. Masajın müddəti 5 dəqiqədən 15 dəqiqəyə qədər uzadılır.
• Əgər ağırlaşma müşahidə olunarsa 3-cü etapda ağırlaşmanın növündən aslı olaraq müalicə tədbiq olunur
Gərilmə – zədə nəticəsində toxumalar anatomik qurluşunu saxlamaqla hissəvi dartılır. Əzələ, vətər, bağlar və oynaq kisələri daha çox gərilməyə məruz qalır. Gərilmə nahiyəsində ağrı, şişkinlik, dərialtına qansızmalar, hərəkətin məhdudlaşması müşahidə olunur. Müalicə məqsədi ilə gərilmiş oynağa təsbitedici, sıxıcı sarğı qoyulmalı, hərəkət məhdudlaşdırılmalı, ağrı kəsicilər təyin edilməlidir. Əzilmələrdən fərqli olaraq ətrafların müvəqqəti immobilizasiyası nisbətən uzun müddətli, təxminən 10-14 gün təyin edilir.
Cırılma – zərbənin təsirindən dərinin tamlığı pozulmadan dərin qatlarda yerləşmiş toxuma və üzvlərin dağılmasına cırılma deyilir. Əsasən əzələlər, vətərlər və bağlar cırılır. Güclü zərbənin təsirindən oynaq ətrafı bağlar ya ayrılıqda ya da sümük qəlpələri ilə birlikdə təsbit olunduğu yerdən aralanır. Bağların qopması oynaq nahiyəsində kəskin ağrıların, ödemin, hematomanın əmələ gəlməsi və oynağın fəaliyyətinin tam və ya hissəvi pozulması ilə özünü göstərir. Müalicə məqsədi ilə oynağa sıxıcı sarğı, soyuq qoyulmaqla tam rahatlıq verilməli, oynağın uzun müddətli (ən az 2-3 həftə) immobilizasiyası aparılmalı, 2-3 həftədən sonra oynaqda hərəkət məşğlələrinə başlanmalıdır. Oynaq boşluğuna qan toplanarsa (hemartroz) punksiya olunmalı, göstəriş olarsa cərrahi yolla qopmuş bağlar öz yerinə tikilməlidir.
Əzələlərin cırılması əzələlərə həddən artıq güc verdikdə (ağır yük tez və gərgin yığılma) baş verir. Bu zaman zədə nahiyəsində kəskin ağrı, şişkinlik, hematoma əmələ gəlir. Əsasən budun dörd başlı əzələsi, baldırın və bazunun iki başlı əzələsi cırılmaya məruz qalır. Əzələ cırılması zamanı zədələnmiş nahiyəyə soyuq qoyulmalı, ətraf gips langeti ilə hərkətsizləşdirilməli, tam cırılma olarsa əzələ ucları tikilməli, sağalma dövrü bitdikdən sonra isə bərparedici fiziki müalicə metodları təyin edilməlidir. Vətərlərin cırılma mexanizmidə əzələlərdə olduğu kimidir. Daha çox barmaqları açıcı əzələlərin vətərlərı, axil vətəri, bazunun iki başlı əzələsinin vətəri cırılmaya məruz qalır. Simptomlar əzələ cırlamasında olduğu kimidir. Cərrahi yolla müalicə olunmalı, vətərin tamlığı bərpa edilməli və ətraf gips sarğısı ilə hərəkətsizləşdirilməlidir.
Silkələnmə – mexaniki zərbənin təsirindən toxumalarda gözlə görünən anatomik dəyşliklər olmur, ancaq funksiyonal pozuntular meydana çıxır. Toxumalarda bu və ya başqa dərəcəli mikromolekulyar dəyişikliklər baş verir.
Çıxıqlar – oynaq başının yerdəyişməsinə çıxıq deyilir. Çıxıqlar daha çox yuxarı ətraf oynaqlarında müşahidə olunur. Belə ki, çıxıqların 55% bazu çıxığı, 25 % dirsək çıxığı təşkil edir. Oynaq başı tam və ya qismən yerini dəyişə bilər. Tam çıxıqlar zamanı oynaq başı oynaq çuxurundan tamamilə çıxaraq daha çox önə, arxaya və aşağıya doğru yerini dəyişir. Natamam və yaxud yarımçıxıq zamanı oynaq başı oynaq çuxurundan hissəvi çıxaraq yerini qismən dəyişir.
Çıxıqlar anadangəlmə və qazanılma olaraq 2 qrupa bölünür. Anadangəlmə çıxıqlar oynaq bağlarının inkişafının pozulması ilə əlaqədar olduqları üçün oynaq başının yerdəyişməsi bətndaxili dövrdə baş verir. Bu əsasən çanaq oynağında törənir. Qazanılma çıxıqlar travmatik və patoloji olurlar. Travmatik mexaniki travma təsirindən patoloji isə oynaq səthlərinin sümük toxumasında yaranmış xəstəliklər (şiş, vərəm, osteomielit) nəticəsində baş verir. Çıxıqların kobud yerinə salınması, kifayət qədər fiksasiya edilməməsi, oynaq kapsulasının anatomik zədələnməsi və bərpa edilməməsi çıxığın yenidən əmələ gəlməsinə, yaxud adəti çıxığa çevrilməsinə səbəb olur. Adəti çıxıqlar daha çox çənə və bazı oynağında olur. Çıxıqlar vaxta görə də 3 qrupa bölünür. Təzə çıxıqlar zədə alınan vaxtdan 3 günədək, vaxtı ötmüş çıxıqlar 4 gündən 2-3 həftəyədək, köhnəlmiş çıxıqlar 2-3 həftədən 1 neçə aya və ilədək müşahidə olunurlar. Çıxıq əmələ gələn vaxtdan ötən müddət uzandıqca zədələnmış oynaq hissəsində və bağlarda dəyişikliklər çoxalır. Çıxıqlar zamanı xəstələr oynaq nahiyəsində kəskin ağrılardan aktiv və passiv hərəkətlərin mümkün olmamasından şikayətlənirlər. Oynaq nahiyəsində deformasiya, ətrafların ölçüsünün qısalması nadir hallarda isə ətrafın uzanması və oxunun dəyişilməsi qeyd olunur. Çıxıqlarla əlaqədar oynağın aldığı məcburi vəziyyəti düzəltməyə cəhd etdikdə yaylı müqavimət hiss edilir və ətraf sərbəst buraxıldıqda yenidən əvvəlki vəziyyətinə qayıdır.
Travmatik çıxıqların müalicəsi üç mərhələdə aparılır:
• Çıxığın yerinə salınması,
• ətrafın fiksasiya olunması,
• oynağın və ətrafın fizioloji fəaliyyətinin bərpası.
Travmatik toksikoz (uzun müddətli sıxılma sindiromu). Bədənin hər hansı bir hissəsinin 4-8 saat və daha çox sıxılması nəticəsində zədələnmiş yerdən aşağı toxumalarda yerli qan dövranın pozulmasına və dağılmasına uzun müddətli sıxılma sindiromu deyilir. Bu sindiromun əsas klinik əlamətləri sıxılmış toxumalar azad olduqdan sonra başlayır. Təbii fəlakətlər, istehsalat nəqliyyat qəzaları və s. zamanı insan bədənin hər hansı bir hissəsi sıxıcı amillərin təsirindən əzilir, sıxılır və yerli qan dövranı pozulur. 4 saatdan çox qalan sıx bağlanmış turna da bu sindromu verə bilər. Sıxılmış toxumalarda arterial və venoz damarlarının sıxılması nəticəsində kapillyar qan dövranı dayanır. Toxumalarda kəskin hipoksiya, işemik nekroz yaranır. Eyni zamanda sıxılmış nahiyədə hüceyrəarası toxumada hüceyrələrin dağılması nəticəsində toksiki məhsullar toplanır. Kapillyarların mənfəzində çox saylı yağ damlaları və kiçik tromplar əmələ gəlir. Toxuma sıxılmadan azad edildikdən sonra qan axını bərpa olunur. İflic vəziyyətinə düşmüş kapilyarlarda isə qan yubanır. Keçiriciliyi pozulmuş kapillyarlardan qanın maye hissəsi hüceyrə arası toxumalara sızır və ödem törədir. Beləliklə ümumi dövr edən qanın həcmi azalır və qan qatılaşır. Uzun müddət əzilməyə məruz qalmış toxumalardan kiçik tromplar, yağ damlaları və toksiki məhsullar ümumi qan dövranına keçir. Bu kiçik tromplar qan axını ilə bütün üzv və toxumalara daxil olurlar. Kəskin böyrək çatışmamazlığı inkişaf edir, sidik ifrazı azalır, sidik cövhərinin, kreatinin, qalıq azotun və s. miqdarı qanda artır. Beləliklə bədənin ümumi zəhərlənməsi nəticəsində həyati vacib orqnların pozulması baş verir. Travmatik taksikozun klinik gedişi 3 dövrə ayrılır:
1. Şok dövrü – Ödemin artması və damar çatmamazlığı 1-3 gün davam edir.
2. Kəskin böyrək çatmamazlığı dövrü 3-9 gün davam edir.
3. Sağalma dövrü
Şok dövrü – sıxılma azad edildikdən dərhal sonra həmin nahiyənin dərisində tünd-göyümtül ləkələr, şəffaf, yaxud hemorragik maye ilə dolu suluqlar müşahidə olunur. Ətraflarda ödem artır, xəstənin huşu ala-qaranlıqlaşır, arterial qan təzyiqi enir, nəbz sürətlənir və hərarət yüksəlir. Bəzən ödem o qədər güclü olur ki, periferik damarlarda nəbz itir. Əl ilə yoxladıqda toxumaların taxta kimi bərkidiyi təyin edilir. Sidiyin miqdarı azalır, sidik qızarmış, bulanıq olur, ağır hallarda isə anuriya inkişaf edir. Şok dövrünün müddəti 1-2 gündür. Bu müddət ərzində xəstələrin bir hissəsi kəskin damar çatmamamzlığının artması nəticəsində tələf olur.
Böyrək çatmamazlığı dövrü – Qan dövranı bərpa olunur. Ancaq böyrək çatmamazlığı əlamətləri başlayır. Ağrı azalır, arterial qan təzyiqi normallaşır, nəbz seyrəlir, hərarət nisbətən azalır (37.3-37.5). Qısa müddətli zahiri yaxşılaşmadam sonra kəskin böyrək çatmamazlığı əlamətlərı ön plana çıxır. Buna səbəb çürüyən əzələ toxumalarının qana sorulması və əzilmiş toxumalardan gələn toksik məhsulların böyrəkləri tutmasıdır. Aparılan müalicə əhəmiyyət vermədikdə böyrək çatmamazlığı uremiyaya, ölümə səbəb olur.
Sağalma dövrü – Xəstənin vəziyyəti tədricən yaxşılaşır, sidik ifrazı artır, toxumalarda ödem, ağrı hissi azalır, hissiyat bərpa olunur, qanda azot qalığının səviyyəsi enir, travmatik nevrik əlamətləri qala bilir.
Müalicə: sıxılma başlandıqdan 3 saatdan gec olmayaraq sıxılmadan qurtarmadan əvvəl ətrafa, əzilmiş nahiyədən gələn maddələrin qana tez keçməsinə mane olmaq məqsədilə çox sıx olmayan turna qoyulmalıdır. Sıxılma ləğv edildikdən sonra ətraf şinalarla hərəkətsizləşdirilməlidir. Ödemin kəskin artmasının qarşısını almaq üçün əzilmiş ətraf bintlə sarınmalı, buz dolu qovuqlar qoyulmalıdır. Xəstəyə ağrıkəsicilər, sakitləşdirici dərmanlar, antibiotiklər, qələvi mayelər verilməlidir. Sutka ərzində venaya 4-5 litr maye vurulmalıdır. (5 %-li bikarbonatnatrium, 5 %-li qlikoza məhlulu, poliqlukinin, 10 %-li albumin və s.) Şok əleyhinə müalicə tədbirləri davam etdirilməli, su-duz, ürək-damar fəaliyyətini və sidik ifrazını tənzimləyən dərmanlar köçürülməlidir. Xəstə şokdan çıxdıqdan sonra böyrək çatmamazlığına qarşı tədbirlər görülməlidir. Belə ki, detoksikasiya üsulları – hemo-plazmosorbsiya, plazmafarez, hemo-dializ icra olunmalıdır. Lazım gələrsə, toksik hadisələri azaltmaq məqsədilə xəsarətə uğramış toxumaları təşrih etməklə yara sekretinin axmasını təmin etmək lazımdır. Ağır və geniş zədələnmələr zamanı hətta amputasiya etmək lazım gəlir.

11