• en
  • ru

APPENDİSİT

APPENDİSİT

Appendisit kor bağırsağın soxulcanabənzər çıxıntısı – appendiksin iltihabına deyilir. Bu xəstəliklə bağlı aparılan cərrahi əməliyyatlar öz tezliyinə görə qarın boşluğu üzvləri üzərində icra edilən əməliyyatlar arasında birinci yerdə durur. Appedisitin kəskin və xroniki formaları ayırd edilir. Əhalinin hər 250-300 nəfərindən birində kəskin appendisitə görə əməliyyat aparılır. Kəskin appendisit bütün yaş qruplarında ən çox 20-40 yaşlar arasında rast gəlinir. Qadınlarda bu xəstəlik kişilərə nisbətən daha çox müşahidə olunur.
Soxulcanabənzər çıxıntı, normada diametri 6-10 mm, uzunluğu isə 6-15 mm olan, kor qurtaracaqlı, boruşəkilli törəmədir, qarının sağ qalça çuxurunda yerləşir. Alimlər arasında appendiksin orqanizmdə fizioloji rolu barəsində yekdil fikir yoxdur. Bəziləri onu artıq, lazımsız bir törəmə kimi qiymətləndirir. Digərləri çıxıntının selikli qişasında çoxsaylı limfa düyüncüklərinin mövcudluğunu əsas tutaraq bunun “infeksiyaya qarşı sədd” funksiyası daşıdığını söyləyirlər. Appendiksin orqanizmə gərəkliyi haqqında ziddiyyətli fikirlərdən fərqli olaraq, onun iltihabının həyat üçün təhlükəli olması ilə bağlı mütəxəssislər arasında fikir ayrılığı yoxdur.
Xəstəliyin başvermə səbəblərilə bağlı müxtəlif fikirlər mövcuddur. Bəzi alimlər appendisitin inkişafının səbəbini soxulcanabənzər çıxıntıda nəcis kütləsinin toplanmasında görürlər. Digər qrup alimlər xəstəliyin əmələgəlmə səbəbini bağırsaqdakı yad cisimlərin (çəyirdək, nəcis daşları və s.), bağırsaq qurdlarının soxulcanabənzər çıxıntıya keçib onun mənfəzini tutması ilə izah edirlər. Soxulcanabənzər çıxıntıdakı durğunluq burada olan mikrofloranın – bağırsaq çöplərinin, stafilokokkların, streptokokkların və digər infeksiya törədicilərinin inkişafına səbəb olur.
Soxulcanabənzər çıxıntıdakı iltihabi prosses ilk əvvəl bağırsağın selikli qişasından başlayır, sonra tədricən bütün qatlarına keçir. Nəticədə appendiks şişkinləşir, iltihablaşır, onun mənfəzində irinlik əmələ gəlir. Proses inkişaf etdikcə soxulcanabənzər çıxıntının divarında destruktiv, yəni dağıdıcı prosseslər baş verir ki, bu da son nəticədə onun deşilməsinə gətirib çıxarır. Soxulcanabənzər çıxıntı bağırsaqların patogen mikroflora ilə zəngin olan bölgəsində yerləşir və onun deşilməsi virulent irinli infeksiyanın qarın boşluğuna yayılmasına yol açır. Nəticədə qarın boşluğunun daxili təbəqəsinin iltihabı – peritonit baş verir. Peritonitin müalicəsinin isə nə qədər çətin olduğu cərrahlara yaxşı bəllidir.
Appendisitin “xoş” gedişi zamanı çıxıntıdakı iltihabi proses başlanğıc mərhələdə dayanıb geriyə inkişaf edə bilər. Bəzən isə soxulcanabənzər çıxıntı yaxınlıqdakı bağırsaq ilgəkləri, piyliklə örtülərək, qarın boşluğundan təcrid olunur ki, bu da xəstəliyin qarın boşluğuna yayılmasının qarşısını alır. Appendisitin bu forması “infiltrativ appendisit” adlanır.
Appendisitin özünəməxsus, çox səciyyəvi simptomları vardır. Xəstəliyin əsas əlaməti qarında baş verən ağrılardır. Ağrı əvvəlcə mədəüstü nahiyədə və ya göbəkətrafı sahədə olur. Məhz xəstəliyin belə başlanğıcı bəzən xəstəni çaşdırır; ağrılar “qastrit”, “zəhərlənmə” və bu kimi xəstəliklərin əlaməti kimi dəyərləndirilir. Bu da bəzi xəstələri özünümüalicə ilə məşğul olmağa sövq edir: xəstə mədəsini “yudurdur”, imalə etdirir, ağrıkəsici və digər dərman preparatları qəbul edir. Nəticədə əsas xəstəliyin, yəni appendisitin klinik mənzərəsi pozulur, düzgün diaqnozun qoyulması çətinləşir. Xəstəlik inkişaf etdikcə mədəüstü nahiyədə başlanan ağrılar tədrijən qarının sağ aşağı yarısına doğru yerini dəyişir və burada cəmləşir.
Appendisit zamanı ağrılar bəzən birbaşa sağ qalça çuxurunda, yəni soxulcanabənzər çıxıntının yerləşdiyi sahədə baş verir. Mədə-bağırsaq sisteminin digər orqanlarının xəstəliklərindən (qastrit, kolit, xolesistit və s.) fərqli olaraq, kəskin appendisit zamanı ağrılar daimi olur, getdikcə artır, xəstədə qorxu hissi yaradır. Ağrılarla yanaşı ürəkbulanma, arabir baş verən qusma da müşahidə olunur. Appendisit zamanı xəstələrdə çox vaxt qəbizlik, qarının köpməsi baş verir. Bəzi hallarda isə xəstəlik əksinə, ishal şəklində özünü büruzə verir.
Bədən hərarətinin 37,5-38°C-yə gədər artması da appendisitə xas olan əlamətlərdəndir. Belə xəstələrdə qanda leykositlərin sayının çoxalması, eritrositlərin çökmə sürətinin artması müşahidə olunur. Lakin qandakı dəyişiklikləri heç də həmişə appendisitin mütləq əlaməti kimi qəbul etmək olmaz; xəstəliyin ağır formalarında belə leykositlərin sayınin artmadığı hallara rast gəlinə bilər.
Soxulcanabənzər çıxıntıdakı irinli proses inkişaf etdikcə xəstənin vəziyyəti pisləşir, intoksikasiya artır. Ağırılar artıq bütün qarına yayılır, bədən hərarəti 39-40°C-yə qədər yüksəlir, dil quruyur və ərplə örtülür, qusmalar təkrarlanır, qarın köpür, nəbz tezləşir, qanda leykositlərin sayı xeyli artır – peritonit inkişaf edir.
Onu da qeyd etmək lazımdır ki, kəskin appendisitin klinik mənzərəsi həmişə yuxarıda göstərilən qaydada olmur. Soxulcanabənzər çıxıntı heç də hamıda öz anatomik yerində, yəni sağ qalça çuxurunda olmur. O bəzən çanaq boşluğunda, qaraciyəraltı sahədə, böyrək ətrafında, bəzən da qarının sol yarısında yerləşə bilər. Belə hallarda ağrılar da qarının müvafiq sahələrində baş verərək, digər xəstəlikləri (böyrək sancısı, öd sancısı, qadın xəstəliyi və s.) simulyasiya edir, həm xəstəni, həm də onu müayinə edən həkimi çaşdırır. Kəskin appendisitin ədəbiyyatda “buqələmun xəstəlik” adlandırılması da onun bu dəyişkənliyilə əlaqədardır.
Kəskin appendisitin gedişi ayrı-ayrı yaş qruplarında da fərqlənə bilər. Uşaqlarda kəskin appendisitin inkişafı daha sürətlə gedir, xəstəliyin əlamətləri daha qabarıq olur: qarında tutmaşəkilli bərk ağrılar, təkrari qusmalar, ishal müşahidə edilir. Bədən temperaturu 39-40°C-yə qədər yüksəlir, intoksikasiya əlamətləri qeyd edilir.
Yaşlı şəxslərdə və ahıllarda appendisit bəzən sönük əlamətlərlə keçir. Qarın nahiyəsindəki ağrılar çox da güclü olmur, bədən temperaturu yüksək həddə çatmır, xəstənin qarnı yumşaq olur, kəskin appendisitə xas yerli əlamətlər qabarıq görünmür. Buna görə də qojalarda xəstəliyin diaqnozu çox zaman vaxtında qoyulmur, əməliyyat gecikdirilir.
Kəskin appendisitin diaqnozunun qoyuluşu qadınlarda da müəyyən çətinlik törədir. Bu onunla əlaqədardır ki, daxili cinsiyyət üzvlərinin bir sıra xəstəliklərinin (uşaqlıq boruları və yumurtalıqların iltihabı, boru hamiləliyi və s.) əlamətləri kəskin appendisitin simptomlarını xatırladır.
Hamiləlik dövrü baş verən kəskin appendisitin də əlamətləri qeyri-müəyyən ola bilər. Kor bağırsaq soxulcanabənzər çıxıntı ilə bir yerdə genişlənmiş uşaqlıq tərəfindən yuxarı doğru sıxıldığından kəskin appendisitdəki ağrılar sağ qalça çuxurunda deyil, qarının sağ yuxarı yarısında müşahidə oluna bilər. Appendisitə aid yerli əlamətlər hamilələrdə qabarıq olmaya bilər. Yaxud əksinə, hamiləliklə bağlı baş verən ağrılar kəskin appendisitin əlamətləri kimi qiymətləndirilib lazımsız əməliyyatın aparılmasına gətirib çıxara bilər.
Kəskin appendisit diaqnozunun qoyulması zamanı bir sıra digər orqanların xəstəliklərinin də onun mənzərəsi ilə keçə bilməsini nəzərə almaq lazımdır. Məsələn, öd kisəsinin iltihabı, mədə və onikibarmaq bağırsaq xorasının deşilməsi, sağtərəfli böyrək sancısı, hətta sağtərəfli plevrit də özünü kəskin appendisit şəklində göstərə bilər.
Göründüyü kimi, kəskin appendisit diaqnozunun qoyuluşu heç də həmişə asan olmur. Hətta təcrübəli həkimlər bəzən atipik gedişli bu xəstəliyin diaqnozunun qoyulmasında çətinlik çəkirlər.
Kəskin appendisit diaqnozu qoyulmuş xəstə üzərində təcili cərrahi əməliyyat aparılmalıdır – soxulcanabənzər çıxıntı operativ yolla çıxarılmalıdır. Appendektomiya nə qədər erkən aparılarsa, onun nəticəsi də xəstə üçün bir o qədər yaxşı olar.
Xronik appendisit zamanı cərrahi əməliyyatın aparılması mütləq deyil və buna fərdi yanaşılır. Xəstəliyin bu formasında sağ qalça çuxurunda arabir baş verən küt ağrılar müşahidə olunur. Bu ağrılar xəstəni tez-tez narahat edərsə, onda planlı şəkildə appendektomiya icra edilə bilər.
Yekunda kəskin appendisitin çox təhlükəli xəstəlik olmasını bir daha vurğulamaq istəyirəm. Qarın boşluğunda ağrılar baş verdikdə və onların getdikcə artması müşahidə olunduqda heç bir müalicə tədbiri aparmadan təcili həkimə müraciət etmək lazımdır. Belə halda gecikmə xəstənin həyatı üçün böyük təhlükə törədə bilər.

14