Hepatit A
Hepatit A yüksək yoluxuculuğa malik Hepatit A virusu (HAV) tərəfindən törədilən qaraciyər infeksiyasıdır. HAV az patogen olsa da qaraciyərin funksional vəziyyətini pozacaq iltihabi proses yarada bilir. HAV ilə çirklənmiş qida və ya su, hətta virus daşıyıcısı olan insan yoluxma mənbəyi ola bilər. Yoluxmuş bəzi insanlarda virus uzun müddət heç əlamət vermir. Digərlərində isə qripə bənzər şikayətlər ola bilir. Mülayim A hepatiti olan insanların adətən müalicəyə ehtiyacı olmur və xəstəlik qaraciyərdə heç bir qalıcı zədələnmə olmadan tam sağalma ilə yekunlaşır.
Hepatit B və C-dən fərqli olaraq Hepatit A xroniki hepatit və sirroz yaratmır. Gigiyena qaydalarına düzgün əməl etməklə Hepatit A virusu ilə yoluxmadan qaçmaq olar. Yoluxma riski qarşısında olan insanlar üçün effektiv peyvənd mövcuddur.
Hepatit A-nın əlamətləri
Hepatit A virusu yoluxmuş və faktiki olaraq hepatit (qaraciyərin iltihabı) keçirən bəzi insanlarda heç bir əlamət və şikayət olmaya bilər. Adətən uşaqlarda A hepatitinin əlamətləri mülayim keçir, əksinə yeniyetmə və yaşlılarda isə xəstəlik daha kəskin əlamətlərlə keçə bilir. Virusun bədəndə inkubasiya müddəti bir aydır və bu müddətdən sonra xəstəlik qəfldən başlaya bilər. Bəzən Hepatit A qastroenteritə bənzər əlamətlər verir.
Aşağıdakı əlamətlər qeyd edilə bilər:
– ümumi zəiflik
– ürəkbulanma və qusma
– qarında ağrı, xüsusilə sağ qabırqaaltı nahiyədə
– iştahahın azalması
– subfebril hərarət
– sidiyin tünd rəngdə olması
– əzələ ağrıları
– qaşınma
– bəzən dəri və selikli qişaların saralması
Gedişi və yoluxma yolları
Qaraciyər insan orqanları içərisində ən güclü regenerasiya – özünü bərpaqabiliyyətinə malik olan orqandır. Hər bir zədə zamanı qaraciyər toxuması onu tezliklə aradan qaldıra və məhv olmuş hepatositləri tezliklə yeniləri ilə əvəzləyə bilir. Amma virus hepatitləri də daxil olmaqla elə xəstəliklər var ki, onlar elmə tam məlum olmayan mexanizmlə qaraciyərdə birləşdirici toxumanın yaranmasına səbəb olur və sirrotik dəyişiklər yaradırlar.
Hepatit A bu gün müəyyən edilmiş Hepatit (qaraciyərin iltihabi zədələnməsi) törədə bilən altı virusdan biridir. Digərləri Hepatit B, C, D, E və G-dir və qaraciyərdə törətdiyi iltihabi prosesin dərinliyi və yayılma yolları ilə bir-birindən fərqlənir.
Hepatit A virusu adətən fekal-oral yolla keçir. Siz virusla çirklənmiş su içməklə və ya onunla yuyulmuş qidanı qabul etməklə yoluxa bilərsiniz. Hətta daşıyıcı olan insanın tualetdən sonra əlini yumadan hazırladığı qidanı yeməklə və ya onunla yaxın əlaqədə olmaqla yoluxa bilərsiniz. Tez-tez rast gəlinən yoluxma yollarından biri də çirklənmiş suda böyümüş dəniz qidasının bişirilməmiş qəbul edilməsidir.
Hepatit A: risk faktorları
Aşağıdakı hallarda Hepatit A virusu ilə yoluxma riski var:
– Hepatit A infeksiyasının geniş yayıldığı regionlara səfər edənlər. Isveçrədə aparılmış tədqiqatlar göstırir ki, inkişaf etməkdə olan ölkələrə səfər edənlərin hər min nəfərindən 3-6-sı Hepatit A virusu ilə yoluxur.
– Hemoseksuallar
– Qeyri-qanuni narkotiklərin istifadəçisi
– Hepatit A ilə bağlı elmi-tədqiqat işi aparılan mühitlə əlaqəsi olanlar
– Hemofiliya xəstələri, çünki bu xəstələrə tez-tez laxtalanma faktorlarının konsentratları köçürülür
– Bəzi hallarda qan köçürməsi zamanı da Hepatit A ilə yoluxma qeyd olunur
Həkimə nə zaman müraciət etməli?
Yuxarıda sadalanan əlamətlər olarsa və hər hansı bir risk faktoru ilə təmasdasınızsa həkimə müraciət etməniz tövsiyyə edilir.
Müalicə
Hepatit A-nın elə bir spesifik müalicəsi yoxdur. Bu hallarda əsas hədəf bədənin ümumi müqavimətinin saxlanması və artırılmasıdır. Xəstəlik dövründə qidalanma vacivdir. Adətən xəstələrin səhərlər iştahası daha yaxşı olur nəinki axşamlar. Odur ki, səhərlər daha zəngin qida xəstənin infuziyalardan daha az asılı olmasına kömək edər.
Hepatit A diaqnozu qoyulmuş insan qəbul etdiyi dərmanlar haqqında həkimin məlumatlandırmalıdır. Çünki elə dərmanlar var ki, Hepatit zamanı qəbul etmək məqsədəuyğun deyil. Xəstəlik zamanı və bir müddət sonra spirtli içki qəbulu tam arzuolunmazdır. Bu qaraciyərdə olan zədələnməni daha da dərinləşdirə bilər və “oda benzin tökmək” effektini verə bilər.
Hepatitin profilaktikası
– Ən yaxşı profilaktika peyvənd hesab edilir. Peyvənd sizi Hepatit A-dan 20 il müddətinə qoruya bilər;
– İmmunoqlobulin qəbulu (immunizasiya) da effektiv profilaktik vasitə hesab edilir. Amma o qısa müddət ərzində təsir edir (maksimum 3 ay). Immunoqlobulin tez təsir göstərməyə başlayır və adətən riskli regionlara qısamüddətli səfərlər zamanı məsləhət görülür;
– Əgər siz Hepatit A keçirmişsinizsə sizin peyvəndləməyə və immunizasiyaya ehtiyacınız yoxdur. Çünki sizin bədəninizdə artıq virusa qarşı formalaşmış anticismlər mövcuddur. Amma onlar sizin digər Hepatit viruslarından xilas etməyəcək;
– Gigiyenik qaydalara ciddi əməl edir. Bununla siz Hepatit A virusu ilə çirklənmiş su və qidadan virusa yoluxma ehtimalınızı azaltmış olarsınız.
Hepatit B.
Hepatit B virusu (HBV) ilə yoluxma qaraciyər iltihabına səbəb ola bilir. Bir çox insanlarda HBV infeksiyası xroniki hal alır və tədricən qaraciyərdə çapıqlaşma (sirroz) və ya qaraciyər xərçənginə gətirib çıxarır. Xəstə insanın qanı və ya daxili mayesi ilə (ağız suyu, sperma, vaginal sekresiya) təmasda olma nəticəsində HBV ilə yoluxma mümkündür. Hepatit B ilə xəstə olan yaşlı insanlarda əlamətlərin kəskinliyinə baxmayaraq tam sağalma mümkündür. Yenidoğulmuşlar və uşaqlar xəstələnərsə infeksiyanın xroniki xarakter alması ehtimalı artmış olur.
Siz intravenoz inyeksiyalar zamanı iynəni paylaşırsınızsa, digərinin şəxsi əşyalarından istifadə edirsinizsə, qorunmadan cinsi əlaqəyə girirsinizsə. Hepatit B-nin geniş yayıldığı yerlərə səyahət edirsinizsə və ya belə yerlərdə dünyaya gəlmişsinizsə Hepatit B virusu ilə yoluxma təhlükəsi qarşısındasınız. Bundan əlavə HBV daşıyıcısı olan ana doğuş zamanı övladını yoluxdura bilər.
Hepatit B ilə xəstə olan yaşlı insanlarda əlamətlərin kəskinliyinə baxmayaraq onlar tam sağalırlar. Yenidoğulmuşlar və uşaqlar xəstələnərsə infeksiyanın xroniki xarakter alması ehtimalı artmış olur. Hepatit B-nin müalicəsinin olmamasına baxmayaraq vaksinasiya onun qarşısını ala bilər. Əgər siz HBV ilə yoluxmusunuzsa çalışın digərlərinə keçirməyin.
Hepatit B əlamətləri
Hepatit B ilə yoluxmuş uşaqların əksəriyyətində heç bir əlamət və şikayətlər qeyd edilmir. Bəzi yaşlılarda da belə olur. Əlamətlər adətən yoluxmadan 12 həftə sonra əmələ gəlir və fərqli olaraq özünü biruzə verir. Bu əlamətlərdən aşağıdakıları sadalamaq olar:
– iştahın itməsi
– ürəkbulanma və qusma
– ümumi zəiflik və yorğunluq
– qarında, xüsusilə da sağ qabərğaaltı nayihədə ağrılar
– sidiyin qara rəngdə olması
– dəri və gözün selikli qişasında saralma
– oynaqlarda ağrı
Heç bir əlamət olmasa belə Hepatit B ilə yoluxmusunuzsa o sizin qaraciyərinizi zədələyə bilər və özünüz də bilmədən sizdən digər insanlara keçə bilər. Odur ki, əgər azacıq da yoluxma təhlükəsini mümkün hesab edirsinizsə mütləq müayinə olunun. Bununla həm özünüzü həm də yaxınlarınızı qorumuş olarsınız.
Hepatit xəstəliyinin gedişi
Qaraciyər regenerasiya qabiliyyətinə malikdir və istənilən zədə zamanı özünü tez bir zamanda bərpa edir. Bərpa dövründə qaraciyərin sağlam hüceyrələri sıradan çıxmış hüceyrələrin də yükünü öz üzərilərinə götürürlər. Qəribədir ki, Hepatit virusları ilə zədələnmə zamanı regenerasiya əvəzinə qaraciyərdə birləşdirici toxuma əmələ gəlir və sirroz inkişaf edir. Bu prosesin səbəbləri elmə hələ də tam məlum deyil.
Hepatit B infeksiyası kəskin və xroniki ola bilər. Kəskin Hepatit B altı aydan az, xroniki isə altı aydan çox davam edir. Kəskin infeksiya zamanı bədənin immun sistemi bir çox hallarda virusu bədəndən xaric edir və xəstə bir neçə ay müddətində tam sağala bilir. Bəzən, bədənin immun sistem virusu tam məhv edə bilmir və virus həyat boyu orqanizmdə qalmış olur. Belə hallarda sirroz və qaraciyər xərçəngi kimi xəstəliklər inkişaf edə bilir.
Hepatit B-yə yoluxma yolları
– Cinsi yolla. Qoruyucu vasitələrdən istifadə etməməklə cinsi əlaqə zamanı yoluxmuş tərəf-müqabilin qanı, ağız suyu, sperması və ya vaginal sekresiyası bədənə daxil olarsa (vaginal, oral və anal boşluq vasitəsilə) HBV-nin ötürülmə ehtimalı yaranır. Virus düşdüyü boşluqda mövcud olan kiçik zədələnmələr və sıyrıntılardan qan dövranına daxil olur.
– Iynənin müştərək istifadəsi. Yoluxmuş qan ilə çirklənmiş iynə və spritslərin təkrari istifadəsi zamanı HBV asanlıqla ötürülə bilir. Həm iynənin müştərək istifadəsi, həm də riskli cinsi əlaqə qrupuna aidolma HBV ilə yoluxma ehtimalını daha da artırır.
– Təsadüfi iynənin batması yolu ilə. Xəstəxanada çalışan insanlar qanla tez-tez təmasda olduqları üçün HBV ilə yoluxma halları mümkündür. Belə təhlükə qarşısında olan insanların HBV-yə qarşı vaksinasiyası daha məqsədəuyğundur.
– Anadan uşağa yoluxma. HBV-yə hamiləlik zamanı yoluxmuş ana virusu övladına ötürə bilər. Əgər anada Hepatit B virusu varsa doğuş zamanı uşaq peyvənd olunarsa onun yoluxması riski azalır.
Hepatitin risk faktorları
Hər bir insanın HBV virusu ilə yoluxma ehtimalı var. Amma bir çoxlarında bu ehtimal daha yüksəkdir. Bunlara aşağıdakıları aid etmək olar:
– Qorunma vasitələrindən istifadə etməməklə təsadüfü cinsi əlaqədə olma;
– Qorunma vasitələrindən istifadə etməməklə yoluxmuş insanla cinsi əlaqədə olma;
– Venadaxili inyeksiyalar zamanı iynənin müştərək istifadəsi;
– Xroniki HBV infeksiyası olan insanın şəxsi əşyalarından istifadə;
– İnsan qanı ilə təmasda olmasını tələb edən iş fəaliyyəti zamanı;
– 1992-ci ildən öncə qan köçürülmüş insanlar;
– Müayinə olunmadan həyati göstərişlə qan köçürülmüş insanlar;
– Böyrək çatışmazlığına görə hemodializ almış insanlar;
– HBV infeksiyasının geniş yayıldığı regionlara səyahət edən insanlar;
– HBV ilə yoluxmuş anadan doğulan yenidoğulmuş körpələr;
– Valideynləri HBV infeksiyasının geniş yayıldığı regionlara səyahət edən körpələr;
Ağırlaşmalar
– Xroniki HBV infeksiyasının ən ciddi ağırlaşması qaraciyərin sirrozu və xərçəngidir. Xüsusilə də uşaq yaşlarında HBV ilə yoluxma bu ağırlaşmaların yaranması ehtimalını daha da artırır.
– HBV infeksiyasının digər ciddi ağırlaşması qaraciyər çatışmazlığının inkişaf etməsidir. Bu zaman qaraciyər öz funksiyalarını tam həyata keçirə bilmir və yeganə alternativ qaraciyər köçürülməsidir.
– Xroniki HBV infeksiyasının olması Hepatit D virusu ilə yoluxmanı da mümkün edir. Hepatit D virusunun hüceyrələri yoluxdurması üçün HBV virusunun xarici örtüyü tələb olunur. Odur ki, Hepatit D virusu HBV olmadan insan orqanizminə yoluxa bilmir. Bu iki virusun birgə olması sirroz və qaraciyər xərçənginin əmələ gəlmə ehtimalını daha da artırır.
Müalicə
Hepatit B virusuna yoluxma baş veribsə dərhal həkimə müraciət edin. Ilkin 24 saat ərzində Hepatit B immunoqlobulinlərinin inyeksiyası sizi Hepatit B-nin inkişafından xilas edə bilər. Bununla yanaşı, ardıcıl olaraq üç dəfə Hepatit B peyvəndini almanız gərəkdir.
Yuxarıda qeyd etdiyimiz kimi, yaşlılarda Hepatit B ilə kəskin xəstəlik dövründən sonra adətən tam sağalma baş verir. Kəskin dövrdə həkiminiz sizə əsasən simtomatik müalicə aparır. Bu zaman hər hansı spesifik müalicənin aparılmasına ehtiyac olmur.
Terapevtik müalicə effekt verməzsə və qaraciyər çatışmazlığı dərinləşərsə qaraciyər köçürülməsi təklif edilə bilər.
Hepatit xəstəliyinin profilaktikası
– Peyvənd. Hepatit B-nin effektiv müalicəsi olmasa da yoluxma ehtimalını kəskin azaldan peyvəndin aparılması məqsədəuyğundur. Peyvənd adətən ardıcıl üç inyeksiya (0.1 və 6-cı ay) ilə aparılır. Bəzi yerlərdə iki və 4 dozalı peyvəndləmə sxemi də mövcuddur. 11-15 yaşlı yeniyetmələrə peyvənd iki doza ilə aparılır. Yenidoğulmuşlar adətən doğulduğu ilk ildə üç inyeksiya olmaqla (2,4 və 9 aylığında) peyvəndlənir. Tədqiqatlar göstərir ki, peyvənd yoluxma ehtimalını 90% azaldır və bir peyvəndləmə 23 il immunitetin qalmasını təmin edir.
– Maariflənmə. Özünüzün və ətraflarınızdakıların yoluxucu xəstəliklər haqqında maariflənməsinə nail olun.
– Cinsi partnyorunuzun HBV statusunu öyrənin. Bununla siz HBV daxil olmaqla digər cinsi yolla keçən infeksiyalardan qorunmuş olarsınız.
– Inyeksiya zamanı steril iynədən istifadə edin.
– Sizə nə zamansa qan köçürülübsə profilaktik müayinədən keçin. Bu gün transfuziya edilən qanların hər biri yoxlanır. Buna baxmayaraq, təkrar müayinədən keçməniz məqsədəuyğundur.
– Xarici səfərlərə çox gedirsinizsə profilaktik həkim müayinəsindən keçin. Xüsusilə də HBV-nin geniş yayıldığı ölkələrdə səfərdə olursunuzsa profilaktik müayinədən keçməniz məqsədəuyğundur.
– Qan materialları ilə işləyən zaman ehtiyatlı olun. Bu daha çox tibb işçilərinə aiddir.
– Hamiləlik zamanı mütləq testdən keçin. Bununla siz özünüzü və dünyaya gətirəcəyiniz övladınızı HBV ilə yoluxma ehtimalından sığorta etmiş olarsınız.
Hepatit B infeksiyası olan insanlara aşağıdakıları tövsiyyə etmək olar:
– Alkoqol qəbulundan çəkinin
– Qaraciyəri zədələyə biləcək dərman maddələrinin istifadəsindən çəkinin. Bu barədə həkiminiz sizə məlumat verəcək.
– Sağlam pəhriz
– Müntəzəm idman