• en
  • ru

SÜMÜK SINIQLARI

SÜMÜK SINIQLARI

Müəyyən qüvvə, təzyiq nəticəsində sümüyün tamlığının qismən və ya tam pozulmasına sümük sınıqları deyilir. Əmələ gəlməsinə görə sümük sınıqları travmatik və patoloji – yəni müxtəlif xəstəliklər (şiş, vərəm, osteomielit və s.) nəticəsində ola bilər. Bundan başqa 2 cür sınıqlar rast gəlir: anadangəlmə və qazanılma. Yenidoğulmuş uşağın skeletində zədə – qüsur olduqda buna anadangəlmə, travma nəticəsində əmələ gələn sınığa isə qazanılma deyilir. Bütün sınıqlar 2 böyük qrupa bölünür;
1) qapalı və ya dərialtı sınıqlar,
2) açıq, yəni dəri tamlığı pozulur.
Qapalı sınıqların açıq sınıqlardan fərqi odur ki, dəri tamlığı pozulmadığına görə yaraya infeksiya düşə bilmir, aseptik şəraitdə tez sağalır. Açıq sınıqlar zamanı yara ətraf mühitlə təmasda olur. Belə yaralar travmatik şokun inkişaf etməsi, qanaxma, infeksiyalaşma və sepsisin inkişafı ilə xarakterikdir. 1-cili və 2-cili açıq sınıqlar ayırd olunur. 1-cili açıq sınıqlar zamanı dəri və yumşaq toxumaların zədələnməsi sümük sınığı ilə eyni vaxtda baş verir. 2-cili açıq sınıqlar zamanı isə dəri və yumşaq toxumalar sümük qırıntıları ilə zədələnir. Toxumalar nə qədər çox əzilmiş olarsa, o qədər də tez infeksiyalaşır. Yaranın yerləşdiyi nahiyə də böyük rol oynayır. Məs; baldırın önündə sümük sınıqları osteomielitin inkişafı ilə ağırlaşır.
Sınıqlar öz formalarına görə tam və natamam olur. Sümüyün tamlığı pozularsa, eninə 2 yerə ayrılarsa, bu tam sınıq adlanır. Sümüyün tamlığı qismən pozularsa, natamam və ya yarımçıq sınıq adlanır. Bu sıraya sümük çatlaması da aiddir. Sümüyün tam sınığı sınıq səthindən asılı olaraq bir neçə növ olur.
• köndələn (eninə).
• çəp.
• boylama (uzununa).
• spiralvari.
• çoxqırıntılı.
• parçalı və ya qəlpəli sınıqlar.
Sınıqların əlamətləri; sınıq nahiyəsində kəskin ağrı olur,hərəkətin məhdudlaşması, tam sınıqlarda ətrafın qısalması, ətrafların quruluşunun dəyişməsi olur, sınmış sümük parçaları toxumaları və qan damarlarını zədələdiyinə görə dərhal şişginlik əmələ əglir ki, bunula da sınıq yerini müəyyən etmək olur.palpasiya zamanı sümüklər bir-birinə toxunduğuna görə xışıltılı səs eşidilir. Diqnoz qoymaq çətin olarsa, rentgen müayinəsi və açıq sınıqlarda ilk cərrahi işləmə zamanı sınığın olmasını bilmək olar.
Sınıqlar kliniki gedişinə görə 2 cür ağırlaşma verə bilər; yerli və ümumi ağırlaşma. Yerli ağırlaşmalara əzələ və vətərlərin zədələnməsi, qan damarlarının tamlığının pozulması nəticəsində qanaxma, qansızma, nekrozlaşma, sinirlərin zədələnməsi nətğicəsində iflic əmələ gələ bilər.Bəzi sümüklər sındıqda daxili üzvlərin zədələnməsi baş verir.
Ümumi ağırlaşmalara travmatik şok, ağ ciyər arteriyasının emboliyası aiddir.
İlk yardım; yaraya steril sarğı qoyulur, qanaxmanı kəsmək üçün sıxıcı sarğı qoyulur, sümük sınıqlarına əl vurmaq olmaz. Sınıq nahiyəsinə dinclik vermək lazımdır, bu məqsədəl nəqliyyat immobilizasiyasından istifadə edilir. Yaraya cqut qoymaq olmaz( əgər magistral damarlar zədələnməyibsə) – nə qədər yara tez təmizlənərsə infeksiyanın qarşısı o qədər tez alınar. Bu məqsədlə yara kənarları naşatır spirti və ya benzinlə silinir, ətraflardakı tüklər təmizlənir, yodla və ya digər antiseptiklərlə silinir. Sonra cərrah yaradakı həyat qabiliyyətini itirmiş toxumaları, xırda qırıqları təmizləyir, qanaxmanı kəsir, yaraya tikiş qoyur. Əgər irinli ağırlaşma olarsa tikiş qoymaq olmaz. Sonra sümük sınıqlarını repozisiya etmək və fiksaisiya etmək lazımdır. Bu məqsədlə qapalı sümük sınıqlarında olduğu kimi, gips sarğısı, skelkt dartılması, osteosintez tətbiq edilir.
Xəsarət ocağında standart şinlər olmadıqda əlaltı vasitələrdən istifadə edilir. Bunlar da olmadıqda yuxarı ətraflar sındıqda qolu gövdəyə, aşağı ətraflar sındıqda isə ayağı ayağa bağlamaq lazımdır.
Sınıqlarda müalicənin ümumi prinsipləri; ilk növbədə travmatik şokun qarşısını alan tədbirlər görülməlidir, qanaxmanın qarşısı alınmalı, ağrısızlaşdırma aparılmalı, qan və qanəvəzedicilər köçürülməlidir. Tetanusa qarşı zərdab və antibiotiklər vurulmalıdır.
Sınmış sümüklərin bir – birilə yaxşı bitişməsi üçün qoyulan gips sarğıları hələ də geniş tətbiq edilir. Gips sarğılarını ilk dəfə 1847-ci ildə N. İ. Piraqov təklif etmişdir. Gips 110-140 dərəcə t-da közərdilmiş ağ və bozumtul rəngdə kalsium tozudur. Quru yerdə saxlanmalıdır, çünki rütubətli yerdə özünə nəm çəkir və nəticədə öz xassəsini itirir. Hal-hazırda gips sarğısı qoymaq üçün hazır gipsli bintlərdən istifadə edilir. Bunun üçün gipsli bint isti su ilə dolu ləyənə qoyulur, tam isladılır, sonra yüngülcə sıxılır və ətrafa spiralvari şəkildə qoyulur, dəriyə sıx yapışdırılır, barmaqlar açıq saxlanılır. Açıq sınıqlarda yara yeri üzərində gips sarğısında pəncərə qoyulur.
Kəllə sümüklərinin sünıqları – qapalı və açıq ola bilər. Bundan başqa tam olmayan sınıq, çat, qəlpəli sınıqlar, sınıqların içəri basılması da rast gələ bilər. Yerli əlamətləri yara və hematomadır.
İlk yardım; əgər huşu aydındırsa, o zaman xərəyə arxası üstə, balışsız uzadırlar, yaraya aseptik sarğı qoyulur. Huşsuz vəziyyətdədirsə, arxası üstə – yarı dönmüş halda uzadırlar, altına valik qoyurlar, hansı tərəfə çönmüş olarsa başı da həmin tərəfə döndərirlər – qusma ehtimalına görə. Sıxıcı paltarlar, eynək, diş protezləri çıxarılır, lazım gələrsə süni tənəffüs verilir.
Kəllə əsasının sınığında – qulaqlardan, burundan qan axır, oçki simptomu yaranır, meningizm əlamətləri olur. Bu zaman qulaqlar və burun tamponada edilir. Travmatik koma kimi müalicə aparılır.
Çənə sümüyü – sındıqda, xəstəni qarnı üzərində, və ya böyrü üstə uzandırır, hərəkətli sümük sınıqlarrına düzgün vəziyyət verilir, müvəqqəti immobilizasiya təpə – çənəaltı sarğı vasitəsilə aparılır. Nəqliyyat immobilizasiyası məqsədilə taxta lövhələrdən istifadə edilir, onları üst çənə üzərinə qoyurlar, sonra da bintlə və ya rezin lentlərlə başın sarğısına bənd edirlər.
Körpücü sümüyü – sınığı ən çox uşuq və yeniyetmə dövründə rast gəlir; sınıq ən çox xarici və daxili 1/3 hissədə və ortada rast gəlir. Sınıq nahiyəsində ağrı olur, aktiv hərəkət etmək olmur, qolu qaldırmaq, kənara açmaq olmur, körpücüküstü çuxur hamarlaşır. Müalicə metodu sınığın xarakterindən asılıdır. Sümüküstlüyüaltı sınıqlarda və yerini dəyişməmiş sınıqlarda fiksəedici sarğılardan istifadə edilir. Uşaqlarda 2-3 həftəyə, yeniyetmələrdə isə 4 həftəyə immobilizasiya edirlər.Bundan qabaq həmin nahiyə ağrısızlaşdırılır.
Qabırğa sınıqları – izolə olunmuş və çoxlu ola bilər. Uşaqlarda döş qəfəsi elastik olduğu üçün, qabırğa sınığı az rast gəlir.Sınıq yerində güclü ağrı olur, xəstə tərəfin hərəkəti azalır, tənəffüs tezləşir – ağrılı olur. Uzanmış vəziyyətdən oturaq vəziyyətə keçmək xeyli çətin və ağrılı olur.
İlk yardım; ağrıkəsicə vermək lazımdəı, fiksəedici sarğı qoymaq olmaz, çünki, döş qəfəsinin hərəkətinə mane olmaq olmaz. Sınıq yerinə novokain blokadası edilir, bu zaman ağ ciyərlərin hərəkəti bərpa edilir, pnevmoniya inkişaf etmir. 4-5 günlük yataq recimi məsləhət görülür. Sınıq 3-4 həftəyə bərpa olur, 5 həftəyə sağalır.
Çoxlu qabırğa sınıqlarında isə parvertebral, yaxud vaqosimpatik blokada edirlər. Yataqda yarıoturaq vəziyyətdə olmalıdır.

67