• en
  • ru

TRAVMATİK ŞOK

TRAVMATİK ŞOK
Şok ingilis sözü olub, zərbə, sarsıntı deməkdir. Şok- kəskin agrıya qarşı orqanizmin sinir—reflektor reaksiyasıdır. Şok zamanı əsas həyat fəaliyyəti olan üzvlər: qan hərəkəti, tənəffüs, maddələr mübadiləsi pozulur. Lakin əsas yeri sinir sisteminin fəaliyyətinin pozulması tutur.
Şok əsas etibarılə agır zədələnmələrdə, geniş sahəli yanıqlarda, uyğun olmayan qanı köçürən zaman baş verir. Şok həmçinin uzun sürən operasiyalar zamanı ağrısızladırma yaxşı aparılmadıqda baş verir.
Travmatik şok-faza formasında gedən patoloji prosesdir. Qan dövranının, tənəffüsün, maddələr mübadiləsinin, mərkəzi sinir sisteminin, humoral tənzimin pozulmasının müşayiəti ilə reflektor yolla zədəyə qarşı cavabıdır. Qan itirmə, soyuq, yorulma, aclıq, şüa xəstəliyi, zədələyici amilin uzun vaxt təsiri şokun daha tez və ağır gedişinə mənfi təsir göstərir. Döş qəfəsinin, qarın boşluğunun üzvlərinin, onurğa sütununun, çanağın, kəllənin, zədələnmələri zamanı və yanıqlarda daha tez-tez şok müşahidə edilir.
Şok iki sinir sistemi arasənda bir-birinə zidd olan qıcıqlanma ilə tormozlanma arasında gedən konfliktlər nəticəsində əmələ galir.
Travmaya uğramış sahədə zədə almış periferik sinirlər qıcıqlanır və impulslar mərkəzi sinir sisteminə gedərək beynin qabıqaltı maddəsinə, sonra beyin yarımkürələrinə çatır. Ağır impulslardan beyin yorulur, üzülür, qıcıqlara cavab verə bilmir və tormozlanma gedir ki, bu da şok adlanır. Etioloji əlamətə əsasən şokun təsnifatı aşağıdakı kimi təklif edilir: 1) ağrı nəticəsində törənən şok; 2) humoral şok; 3) psixogen şok.
1.Ağrı nəticəsində törənən şok əlamətinə görə travmatik, yaxud ekzogen və endogen şoka bölünür. Travmatik şoka mexaniki zədələnmələrdən yanıq, elektrik cərəyanından, donmadan sonra əmələ gələn və operasiya şoku aiddir. Endogen şoka “kəskin qarın” iltihabdan sonra, kardiogen, nefrogen və s. şoklar aiddir.
2.Humoral şoka yad zülalların, yaxud uyuşmayan maddələrin vurulmasından əmələ gələn, anafilaktik, hemolitik, adrenalin, insulin, histamin şoku aiddir.
3.Psixogen şok qəflətən ağır faciəli xəbər eşidərkən, qorxu, həyacan, qüssə keçirərkən baş verir.
Travmatik şokun baş verməsinin əsas səbəbi ağır mexaniki travmadır. Travmadan başqa qanaxma, psixikasının pozulması, soyuğun və ya istinin təsiri, aclıq şokun yaranmasına təkan verən səbəblərdir. Dinc dövrdə çox qarışıq və mürəkkəb travmalar, ocümlədən kəllə-beyin travmaları ilə birlikdə, çanaq sümüklərinin mürəkkəb sınıqları, səthi narkoz altında uzun çəkən operasiyalardan sonra travmatik şoka tez-tez rast gəlinir.
Kliniki gedişi:
Şokun gedişində iki: erektil və torpid faza ayırd edilir. Erektil faza hadisə və travmanın baş verdiyi yerdə, operasiya otağında, müharibə zamanı isə döyüş meydanında travma alan anda baş verir. Bu fazanın müddəti çpox qısa və anidir( bəzən 10-15 dəqiqəyə qədər baş verə bilər) .Bu fazada xəstənin huşu özündə olur, danışığı həyacanlı və gərgin, ətrafa laqeyd olub, öz vəziyyətini belə düşünmür. Ağrıya qarşı reaksiyası çox artır. Səsi karlaşır və danışıq qırıq-qırıq olur. Dəri və selikli qişalar avazıyır, tərləmə müşahidə edilir, dəri və vətər refleksləri artır, göz bəbəyi genəlir və işığa qarşı reaksiyası artır. Nəbz bir qədər tezləşir və bəzən azalır, qan təzyiqi artır. Erektil fazanı ancaq hadisə yerində olan şəxs görür, əksər hallarda həkim hadisə yerində olmadığından bu fazanı görə bilmir.
Erektil faza torpid fazaya tez keçir. Xəstə hərəkətsiz, qıcolmuş, i nə şikayətlənir, nə qışqırır, heçnə tələb etmir, bədəni soyuq, sifəti avazımış, meyitə oxşayır, bazışları hərəkətsizdir, nəbzi sapvari, zəifdir. Verilən suallara cavab vermir, sakit səslə öz-özünə nəisə deyir, tənəffüs səthidir, dərisini hiss etmir. Oyandırıcı maddələr verildikdən bir neçə saat sonra belə vəziyyət keçib gedir, bəzən isə ölənə qədər davam edir.
Torpid fazada ürək tonları karləşır, qan təzyiqi enir, qanın damarda axma surəti azalır, qan qatılaşır, eritrositlər çoxalır.
Torpid faza 4 dərəcəyə bölünür:
1. Yüngül dərəcə.
Dərinin rəngi avazımış, nəbz ritmikdik, dəqiqədə 90-100, qan təzyiqi 100-90 mm. c/süt, tənəffüs 22-24 dəqiqədə, huşu özündə olur.
2. Orta ağırlıqda.
Dərinin rəngi kəskin avazımış, süstlük, səsi zəif, bədən temperaturu 35 dər. C, nəbz 120-140, qan təzyiqi 90-80 mm. c/süt., tənəffüs səthi 30-dək.
3. Ağır dərəcə.
Dərinin ağarması, torpaq rəngi, tərlə örtülmüş, nəbz sapvari 140-160 dəqiqədə, qan təzyiqi 70-60 mm. c/süt, tənəffüs səthi 30-35, tormozlanma, reflekslər təyin olunmur, anuriya.
4.Terminal hal.
Aqoniya, kollaps, huşu yoxdur, sfinktorlar pozulmuşdur, nəbz sapvari, bəzən hiss olunmur, qan təzyiqi 50- dən aşağı, tənəffüs sönmuş, bilinmir.
Klinik olaraq şoku çox vaxt ilk saatlarda aydınlaşdırmaq çətin olur. Bəzən adama elə gəlir ki, travma almış xəstə çox ağır şok halından çıxmayıb öləcəkdir, bəzən isə şoka qarşı düzgün, ardıcıl və səmərəli aparılan müalicə xəstəni ölümdən qurtara bilər.
Torpid fazalı şokda ürək tonları karlaşır, proqressiv olaraq qan təzyiqi enir, qanın damarda sürəti azalır, qan qatlaşır və eritrositlər çoxalır. Toxumalarda oksigen aclığı və oliquriya müşahidə edilir.
Travmatik şokun diaqnozu düzgün təyin etmək üçün onu bir çox ağır və ona oxşar xəstəliklərlə (yarada infeksiyadan baş verən intoksikasiya, piy emboliyası, beyin-kəllə travmaları, daxili orqanların qanaxması, travmatik toksikoz və s. ilə) differensiasiya etmək lazımdır.
İlk tibbi yardım: İlk tibbi yardımın göstərilməsi hadisə yerində təcili aparılmalıdır. Çünki bu yardım nə qədər tez və düzgün aparılsa, o qədər sonrakı müalicəsi və nəticəsi müsbət effekt verə bilər.
Travmatik şok zamanı ilk tibbi yardımın göstərilməsinin kompleks təxirəsalınmaz tədbirlərinə daxildir:
1.Ağrı impulslarının ləğv edilməsi üçün aparılan tədbirlər.
Bu məqsədlə əzələ, vena daxilinə ağrıkəsici dərmanların (morfin, pantopon, promedol) yeridilməsi, yerli soyuğun tətbiq edilməsi, fiziki rahatlığın yaratması.
Əgər açıq zədələnmələr müşahidə olunursa yaraya aseptik sarğı qoyulmalıdır ki, əlavə mexaniki təsir, ikincili mikrob çirklənməsi, infeksiyanın düşməsi zədələnmiş toxumalara olmasın. Lakin yad cisimlərin, ölü toxumaları çıxarmaq olmaz, çünki əlavə ağrı travmatik şokun güclənməsinə səbəb ola bilər.
2. Qanın axmasına qarşı aparılan tədbirlər. Sıxıcı sarğı qoymaq, rezin turnadan (əgər varsa), əl altı vasitələrdən istifadə etmək lazımdır.
Zədələnmə ocağında şokaqarşı sadə üsullardan standart şinaların və əl altı vasitələrin köməyi ilə nəqliyyat immobilizasiyanın vacibliyini qeyd etmək lazımdır.
Əgər ilk yardım təcili yardım maşında göstərilərsə. Sınıq və çıxıq olarsa, xüsusi nəqliyyat şinalarından istifadə edərək yaxşı immobilizasiya, travmanın xarakteri və lokalizasiyasından asılı olaraq novokain blokadası etmək (dairəvi, vaqosimpatik, paranefral blokadası) lazımdır. Daxili qanaxmaya və ya mədə-bağırsağın dərialtı partlamasına şübhə varsa, xəstəxanaya gələnə qədər analgetiklərdən istifadə etmək olmaz. Xəstəxanaya aparılarkən xəstəyə oksigen verilməli, müvəqqəti qandayandırma üsulları tətbiq edilməlidir.
Müalicə: Ağrını kəsmək üçün xəstəyə narkotik analgetiklər (pantopon, omnopon, promedol), bromidlər, hedonal və s. vurulmalıdır. Müalicə narkozu kimi 1:1 nisbətində azot 1-oksidi ilə oksigen qarışığı verilir. Qanaxmanın qarşısı tam alınmalıdır. İmpulsların zədələnmiş nahidən mərkəzi sinir sisteminə nəql olunmasının qarşısını almaq üçün novokain blokadaları edilir, sınıq yerinə isə 10-ml. 1-2%-li novokain yeridilir.
Oksigenlə inqalyasiya, ağciyərlərə süni ventilyasiya edilir.
Asidoza qarşı vena daxilinə 400 ml. 4%-li soda məhlulu, karbohidrat mübadiləsini normalaşdırmaq üçün 5%-li qlükoza ilə insulin və C.B vitaminləri inyeksiya edilir.
Kalium və kalsium elektrolit balansı isə vena daxilinə 10 ml. 10%-li kalsium-xlorun vurulması ilə bərabərləşdirilir.
Şokun müalicəsində hormonal preparatların istifadə edilməsi yaxşı nəticə verir. Vena daxilinə 1:1000 nisbətində noradrenalin (500 ml. mayenin üzərinə 2 ml. noradrenalin əlavə edilir) yeridilir.
Böyrək çatışmazlığın qarşısını almaq üçün vena daxilinə novokain qlükoza qarışığı, paranefral blokada, reopoliqlükin köçürülür. Uremik hallarda xəstəyə hemodializ edilir.

33